Məhkəmə qərarları › İş №2(067)-1860/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1860/2020

05.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1860/2020 05.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə İddiaçı1, Cavabdeh X2 və vəkili X1 iştirakı ilə İddiaçı1 və İddiaçı2 X3 qarşı mirasdan məcburi pay tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Xaçmaz rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən əmlakdan məcburi pay hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbini onunla əsaslandırılmışlar ki, onlar ünvan 1 ünvanında yerləşən valideynlərinə məxsus evdə yaşamışlar və orada pasport qeydiyyatında olmuşlar. Hazırda da həmin ev atası X3 məxsusdur. Cavabdeh onlara qarşı məhkəmədə iddia qaldıraraq onları pasport qeydiyyatından çıxarmış və həmin əmlakda istifadə hüququndan məhrum etmişdir. Cavabdeh hazırda həmin əmlakı satmaq niyyətindədir. Bu hal onları vərəsəlik hüququndan məhrum etməyə gətirib çıxardığından, öz vərəsəlik hüquqlarının qorunması üçün mirasdan məcburi pay tələb edirlər. Məhkəmə iclasında İddiaçı1 iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh və onun vəkili iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişlər. İş üzrə digər İddiaçı2 məhkəmənin ünvanına teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarıını və vəkilin çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 5090 reyestr nömrəli, 6362 inventar nömrəli xx xxxxxx 2001-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Xaçmaz şəhəri M.Müşviq küçəsində yerləşən 2/1 mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 25,2 kv.metr, faydalı sahəsi 36,8 kv.metr, divarları mişar daşından tikilmiş, damı şifer ilə örtülmüş olan 134/9 nömrəli yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Xaçmaz rayon icra hakimiyyəti başçısının xx xxxx 2001-ci il tarixli 472 nömrəli orderi və Xaçmaz MİS-nin xx xxxx 2001-ci il tarixli 741 nömrəli forma 2 arayışı əsasında X2 adına özəlləşdirilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 xx.xx.1994-cü il tarixdə ölmüşdür. Məhkəmə iclasında tərəflərin izahatlarından və iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçı miras əmlakın qəbulu ilə bağlı müvafiq notariat orqanına müraciət etməmiş, həmçinin miras əmlakın qəbulu ilə bağlı müddətin uzadılmasına dair məhkəməyə və ya DNK-na müraciət etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qeyd olunan hüquq normalarından da göründüyü kimi miras əmlakdan məcburi payı tələb etmək hüququ miras qoyanın ölümündən sonra ilk olaraq müvafiq DNK-ya müraciət etməklə reallaşdırılmalıdır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı1 və İddiaçı2 X3 qarşı mirasdan məcburi pay tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar