Məhkəmə qərarları › İş №2(067)-193/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-193/2022

07.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-193/2022 07.01.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nisyə satılmış malın dəyərinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 876 manat borcun, 1000 manat maddi və mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 1906 manat pulun alınaraq ona qaytarılması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X1 10 ildən çoxdur ki, tanıyır. O, avtomaşınların təmiri ilə məşğuldur. Onun özünə məxsus QAZ-24 markalı avtomaşını olub. Son vaxtlar sürülmürdü. Cavabdeh dəfələrlə onun yanına gələrək avtomaşının müxtəlif hissələrini alıb aparmışdır. Sonuncu dəfə gələndə bildirmişdir ki, o, avtomaşının tam almaq istəyir. Cavabdehin özünün iştirakı ilə avtomaşının hissələrini ən aşağı qiymətlərlə hesablamış və aralarındakı razılığa əsasən 976 manata razılaşmışlar. İsa adlı şəxsin evakuatoruna yüklənib cavabdeh tərəfindən avtomaşın aparılmışdır. Cavabdeh söz vermişdir ki, nisyə aldığı QAZ-24 markalı avtomaşının hissələrinin pulunu 15 gün müddətinə ödəyəcək. Ona borclu olduğu həmin məbləğin 100 manatını təxminən bir ildən sonra ona ödəmişdir. Hal-hazlrda cavabdehin ona 876 manat ödəmədiyi borcu qalmışdır. Cavabdehə satdığ “QAZ-24” markalı avtomaşının və digər avtomaşın hissələrinin siyahısını ərizəsinə əlavə etmişdir. Həmin vaxtdan bu günə kimi cavabdeh müxtəlif bəhanələr getirərək 876 manat borcumu qaytarmır. Borcla bağlı o dəfələrlə cavabdehə zəng edərək borcunu tələb etsə də pulunu verməkdən boyun qaçırır, son vaxtlar isə telefonuna da cavab vermir. Məcburiyyət qarşısında ərizə ilə Xaçmaz Rayon Polis şöbəsinə müraciət etmiş. Polis şöbəsində cavabdeh özü də etiraf edərək borclu olduğunu bildirmiş və borcunu tez bir müddətdə ödəyəcəyini demişdir. Xaçmaz RPŞ-dən ona cavab verilmişdir ki, mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququ vardır. Bundan başqa o bu müddət ərzində borcla bağlı müxtəlif instansiyalara müraciətlər etmişdir, dəfələrlə Xaçmaz şəhərinə, Polis Şöbəsinə, cavabdehin özünün yanına gedibgəlmiş, zənglər etmiş, əsəb gərginliyi keçirmiş, eləcə də ona maddi-mənəvi ziyan vurulmuşdur. Ona dəyən ziyanı 1000 manat qiymətləndirir. Cavabdehə borcun ödənilməsi ilə bağlı dəfələrlə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh ona ödəməli olduğu 876 manat məbləği ödəməkdən bu günə kimi boyun qaçırır. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, onun “QAZ-24” markalı avtomaşını yarasız halda olmuşdur. Cavabdeh ona müraciət edib avtomaşını almaq istədiyini bildirmişdir. Onu əvvəldən tanıdığına görə avtomaşının qiymətini 976 manata razılaşmış və o, cavabdehə həmin avtomaşını nisyə satmışdır. Cavabdeh pulunu 15 gün ərzində ödəyəcəyini bildirmişdir. Lakin sonradan cavabdeh ona cəmi 100 manat pul ödəmişdir. Ondan dəfələrlə borcunu geri qaytarmasını tələb etsə də, o, borcunu qaytarmaqdan yayınır. O bununla bağlı polis orqanlarına da müraciət etmişdir. Hazırda cavabdehdən ona ödəməli olduğu 876 manat pulu və ona vurduğu ziyana görə 1000 manat pul tələb edir. Ona görə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında göstərmişdir ki, iddiaçının “QAZ-24” markalı avtomaşının yararsız halda ehtiyat hissəsi kimi nisyə satın almışdır. Avtomaşının qiymətini 500 manat razılaşmışlar və o iddiaçıya avtomaşının dəyərindən 100 manatı qaytarmış, 400 manat da qaytarmalıdır. İddianı bu hissədə qəbul edir. İddiaçı ilə aralarındakı nisyə alqı-satqı şifahi qaydada olmuşdur. İddiaçı ilə avtomaşının qiymətini 500 manata razılaşmışlar, 976 manat qiymətlə bağlı aralarında razılaşma olmayıb. Hazırda 400 manat pulu iddiaçıya qaytarmağa etiraz etmir. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış 08.08.2021-ci il tarixli izahatdan müəyyən olunur ki, o, İddiaçı 280 manat borclu qaldığını bildirmiş və həmin pulu qısa müddətdə ödəyəcəyinə söz vermişdir İş materiallarında olan Xaçmaz Rayon Polis şöbəsinin 15.08.2021-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı 28.07.2021-ci il tarixdə Xaçmaz Rayon Polis Şöbəsinə müraciət edərək Cavabdeh ondan avtomobil ehtiyat hissələri alaraq 876 manat borclu qaldığını bildirmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh İddiaçı 280 manat borclu qaldığını və həmin pulu qısa müddətdə ödəyəcəyinə söz vermişdir. Əks təqdirdə tələbi ilə bağlı məhkəməyə müraciət etməsi İddiaçı izah olunmuşdur. İş materiallarında olan 03.09.2021-ci il tarixli qəbzdən müəyyən olunur ki, iddiaçı cavabdehə qarşı iddia tələbi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan və cavabdeh tərəfindən qismən etiraf olunduğundan qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatlarından və iş materiallarından müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıdan “QAZ-24” markalı avtomaşın almışdır, həmin alqı-satqı nəticəsində cavabdeh iddiaçıya 680 manat borclu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567.-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.-cü maddəsinə əsasən alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutuldugu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uygun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1.-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia qismən təmin edilməli Cavabdeh 680 manat məbləğində nisyə alınmış malın dəyəri və 30 manat dövlət rüsumu məbləğində pul alınıb İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 680 manat məbləğində nisyə alınmış malın dəyəri və 30 manat dövlət rüsumu məbləğində pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar