Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2034/2024 27.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi X5 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Xaçmaz şəhərində məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh Xaçmaz şəhəri Qələbə küçəsi ev 4, 1 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, ünvan 1 bağışlama müqavilə əsasında ******* nömrəli çıxarışla onun adına qeydiyyata alınmışdır, onun mülkiyyətindədir. Cavabdehlərdən Cavabdeh qardaşıdır. O əvvəllər X6 yatmış, daha sonra isə Buzovnada qocalar evinə yerləşdirilmişdir. Artıq 3 ildir qardaşı ona məxsus evdə qeydiyyatda olsa da yaşamır, mənzilinə aidiyyatı yoxdur. Necə qeydiyyata düşmələrini bilmir. Cavabdehin onun evində qeydiyyatda olması mülkiyyətçi olaraq hüquqlarını pozur, o, cavabdehə görə adambaşına hesaba alınan kommunal xidmət haqları ödəməli olur. Cavabdehin qeydiyyatı formal xarakter daşıyır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qanunun tələbindən də göründüyü kimi yaşayış sahəsindən mülkiyyətçinin onunla birgə yaşayan ailə üzvlərinin istifadə etmək hüququ var. Cavabdeh onunla birlikdə yaşamır və uzun illər öncə evini daimi olaraq tərk etmişdir. Hal-hazırda mülkyyətində başqa yaşayış sahəsi var və faktiki olaraq orada yaşayır. Bu səbəbdən onun mülkiyyətində olan evdən istifadə etmək hüququ itirilmiş hesab edilməlidir. İş üzrə iddiaçı tərəf məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxıb iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin gəlməməsinin səbəbini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əvvəlki məhkəmə iclaslarında iddiaçının vəkili-nümayəndəsi Nümayəndə göstərmişdir ki, mübahisəli ev cavabdehin razılığı ilə iddiaçının adına qeydə alınıb, cavabdeh həmin evdə qeydiyyatdır, lakin hazırda qocalar evində psixi durumu ilə əlaqədar qapalı vəziyyətdə saxlanılır. Cavabdeh qocalar evinin ruhi əsəb şöbəsində yaşayır. Onun özünün 2 evi olub, o, həmin mənzillərini satıb. Məhkəmə, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -********** qeydiyyat nömrəli, **********38-05101-093005 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. -20 iyun 2012-ci il tarixli bağışlanma müqaviləsindən müəyyən olunur ki, X2 Azərbaycan Respublikası Xaçmaz rayon DTİ və MHQ İdarəsi tərəfindən xx.xx.2006-eı il tarixdə verilmiş, 5857 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanındakı, 35.45 kv.m. yaşayış sahəsi, 27.05 kv.m. yardımçı sahəsi olan 1-ci mərtəbədə yerləşən 2 otaqlı, 1 nömrəli mənzili Abdulkərim Əmirsultan oğluna bağışlamışdır. -Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2005-ci il tarixdən ünvan 1 ünvanında pasport qeydiyyatındadır. -Sosial Xidmətlər Agentliyinin 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh xx.xx.2019-cu il tarixində 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində təminata salınmışdır.xx.xx.2021-ci il tarixinədək 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində yaşamışdır. xx.xx.2021-ci il tarixli 17 №-li əmrə əsasən 1 saylı psixonevroloji sosial xidmət müəssisəsindən 4 saylı psixonevroloji sosial xidmət müəssisəsinə köçürülmüşdür. -Sorğuya əsasən alınmış Sosial Xidmətlər Agentliyinin 4 saylı psixonevroloji sosial xidmət müəssisəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh xx.xx.2021-ci il tarixində 1 saylı psixonevroloji sosial xidmət müəssisəsindən 4 saylı psixonevroloji sosial xidmət müəssisəsinə “Şizofreniya paranoid forma" diaqnozu ilə daxil olmuşdur. Əlillik pensiyasının bərpası üçün Cavabdeh xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək Gəncə şəhər Psixiatriya xəstəxanasında stasionar müayinə və müalicə olmuşdur. Həmin müayinə və müalicənin nəticəsi olaraq Cavabdeh “Şizöfreniya paranoid forma. Depressiv-paranoid sindromu" diaqnozu qoyulmuş və İİ qrup əlillik təsdiq olunmuşdur. Cavabdeh müəssisədə qalma müddəti daimidir. -Ərizədən görünür ki, iddiaçının vəkili-nümayəndəsi Nümayəndə cavabdehin daimi yaşayış yeri olduğuna görə onun istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsini xahiş etmişdir. -AN-İ № seriyalı ******* nömrəli xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh mülkiyyətində olan Xaçmaz rayonu Yataqoba kəndində yerləşən 0,24 ha torpaq sahəsini X1. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 3 bağışlama müqavilə əsasında iddiaçının adına qeydiyyata alınmışdır və onun mülkiyyətindədir. Cavabdehdən Cavabdeh iddiaçının qardaşıdır. O, xx.xx.2005-ci il tarixdə mübahisəli mənzilə qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixində 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində təminata salınmışdır. xx.xx.2021-ci il tarixinədək 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində yaşamışdır. xx.xx.2021-ci il tarixli 17 №-li əmrə əsasən 1 saylı psixonevroloji sosial xidmət müəssisəsindən 4 saylı psixonevroloji sosial xidmət müəssisəsinə köçürülmüşdür. Ona “Şizöfreniya paranoid forma. Depressiv-paranoid sindromu" diaqnozu qoyulmuş və İİ qrup əlillik təsdiq olunmuşdur. Cavabdeh müəssisədə qalma müddəti daimidir. Cavabdehin mübahisəli mənzildə qeydiyyatı formal xarakter daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının : 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, mövcud münasibətlərə 2005-ci ildə, yəni cavabdeh mübahisəli mənzilə qeydiyyatda düşən zaman qüvvədə olan maddi hüquq normaları tətbiq edilərsə, yaranmış mübahisə hüquq münasibətinin yarandığı zaman, yəni, hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarına malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqların həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan başqa, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Bundan başqa, 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 23-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda—müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə—həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə—onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə— bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; 7) həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə; 8) cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsini daha uzun müddətə saxlamanın digər şərtləri və halları SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən olunur. Bu maddənin 1—7-ci və 8-ci bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Məcəllənin 60-cı maddəsinin 10-cu bəndinin sonuncu abzasında göstərilmişdir ki, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli Qərarına əsasən Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində (İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir) və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, tərəflər arasında mübahisəli mənzillə bağlı hüquq münasibətləri yaranan zaman cavabdehin əmlak üzərində istifadə hüququ mövcud olduğunundan hazırda da onun mübahisəli yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi (istifadə hüququnun itirilməsi) barədə tərəflər arasında razılaşma əldə edilməmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, cavabdeh iddiaçının ailə üzvü deyildir həmçinin, iddiaçı ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparmadığından digər şəxs qismində də ailə üzvü hesab edilmir həmçinin, cavabdeh iddiaçının himayəsində deyildir. Cavabdeh iddiaçının qardaşıdır və mübahisəli mənzil iddiaçının adına özgəninkiləşdirilməmişdən əvvəl həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmışdır. İddiaçı tərəfin vermiş olduğu izahatdan və iş materiallarından görünür ki, Xaçmaz şəhəri, Qələbə küçəsi ev 4, 1 saylı mənzil iddiaçının mülkiyyətindədir, cavabdeh yaşayış yeri üzrə həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq, 2019-cu ildən etibarən faktiki olaraq orada yaşamır. Eyni zamanda, 4 saylı psixonevroloji sosial xidmət müəssisənin verdiyi məktuba əsasən Cavabdeh “Şizöfreniya paranoid forma. Depressiv-paranoid sindromu" diaqnozu qoyulmuş və İİ qrup əlillik təsdiq olunmuşdur, onun müəssisədə qalma müddəti daimidir. Belə olan halda cavabdehin həmin ünvanda qeydiyyatı formal xarakter daşımaqla mülkiyyətçinin mülkiyyət hüquqlarını məhdudlaşdırılmasına gətirib çıxarır. Bundan başqa, kompensasiya məsələsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Qərarına əsasən yaşayış sahəsinə ehtiyac aradan qalxdıqda yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi mümkündür. Bu halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının ailə üzvü olmaması, o cümlədən cavabdehin sağlamlıq vəziyyət ilə əlaqədar daimi olaraq psixonevroloji sosial xidmət müəssisəsində qalmasının nəzərdə tutulması səbəbindən cavabdehin kompensasiya ödənilmədən həmin ünvanda yaşayış hüququna xitam verilməsi (yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi) məqsədəmüvafiqdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin, əvvəlki və hazırki Mənzil Məcəlləsinin tələblərinə əsasən də hesab edir ki, cavabdehlərin həmin evdə istifadə hüququna xitam verilməlidir (itirilmiş hesab edilməlidir). Həmçinin məhkəmə onu da qeyd edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, şəxsin yaşayış sahəsində istifadə hüququnun olmadığının müəyyən edilməsi həmin maddənin göstərişinin mənasına uyğundur, şəxsin qeydiyyatdan çıxarılmasına əsas verir. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə xərclərini tələb etmədiyindən məhkəmə xərci iddiaçıya aid edilməlidir. Beləliklə məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə qanuni qüvvəyə mindikdən sonra “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh ünvan 3 ünvanında yerləşən mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-2034/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2034/2024
27.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver