Məhkəmə qərarları › İş №2(067)-2037/2024

Xaçmaz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(067)-2037/2024

05.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2037/2024 05.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh X1 ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında 0.0509 ha toıpaq sahəsi və üzərində yerləşən bir mərtəbəli, 67,3 kv.m ümumi sahəsi olan yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin evə mülkiyyət hüququ Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********47-10301 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Yaşayış evində ailə üzvlərilə birlikdə yaşayır. Cavabdeh X3 1970-ci il təvəllüdlü olmaqla oğludur. O, uzun müddət Rusiyada yaşamışdır. Bir neçə il bundan qabaq gələrək öz həyətyanı torpaq sahəsindən təxminən iki sot torpaq sahəsini kəsərək ona ev tikmək üçün verdiyi torpaq sahəsində özünün inşa etdiyi evdə yaşamağa başlamışdır. Həmin vaxt evi tam hazır olmadığına görə xahiş etdi ki, müvəqqəti olaraq onu evinə qeydiyyata salsın, evi hazır olandan sonra sənədləşdirib öz evinə qeydiyyata düşəcək. Rusiyadan qayıdandan sonra bir gündə olsun onun evində yaşamamışdır. Artıq inşa etdiyi yaşayış evi tam hazırdır və ailəsi ilə birlikdə həmin evdə yaşayır. Onun evində hər hansı bir əmlakı yoxdur. Nəzərə alınmalıdır ki, həyətyanı torpaq sahəsində ticarət obyekti də tikərək satmışdır. Başqa sözlə onun payını tam şəkildə vermişdir. Dəfələrlə ona təklif etmişdir ki, evindən pasport qeydiyyatından çıxsın ki, əmlakı üzərində sərəncam hüququnu reallaşdıra bilsin. Lakin o, nəinki qeydiyyatdan çıxmır, hətta onu və həyat yoldaşını nalayiq söyüşlərlə söyüb təhqir edir. Cavabdeh X3 20 ildən çoxdur ki, onun evində yaşamır. Bu səbəbdən də onun evindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh oğludur. O, hazırda RF-nın Saratov şəhərində yaşayır. Həm RF-nın, həm Azərbaycanın vətəndaşıdır. O, burada evli idi, uşaqları var, sonra gedib RF-da evlənmiş və uşağı da olmuşdur. Cavabdeh uzun illərdir evində olmur, arabir gəlib tez də gedir. Onun xəstə qızı və imkansız oğlu var. İstəyir ki, evini satıb onlara şərait qursun. Cavabdeh də evində qeydiyyatdadır. Notariat kontoruna gedəndə ona demişlər ki, cavabdeh evində qeydiyyatda olduğuna görə alqı-satqının edilməsi mümkün deyil. Bir dəfə də ərizə vermiş, cavabdeh evdən qeydiyyatdan çıxacağına söz verdiyinə görə ərizəsini geri götürmüşdür. İş üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə çağırış vərəqəsi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə tərəfin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 göstərmişdir ki, cavabdeh oğludur. O, neçə illərdir onları incidib, onlara köməklik etməyib. Onun evi ayrıdır, həyətin çox hissəsini alıb. Qeydiyyatdan çıxarılmasını xahiş edir. Cavabdeh hazırda da RF-dadır. Orada onun arvadı, uşağı var. Buradakı birinci arvadı ilə boşanıb, 2 uşağı da var. Cavabdeh 20 ildən çoxdur burada daimi yaşamır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 göstərmişdir ki, iddiaçının gəlini olmuşdur. Cavabdehlə evli olmuş və boşanmışlar. 2 oğlu var. Cavabdeh həmişə RFda olub, ildə 1-2 dəfə gəlib getmişdir. Cavabdehlə 1993-cü ildə evlənmişlər. 15 il olar ki, boşanmışlar. Cavabdehlə boşanma səbəbi onun rus qadınla münasibətinin olması və uşağının olması olmuşdur. O, uşağı ilə gəlmiş, bir müddət dözmüş, sonra boşanmışdır. O, evlənəndə qayınatasının evinə gəlin köçmüş, boşanandan snra 1 il ərzində orada qalmış, sonra çıxmışdır. Onların 2 aylıq körpə uşaqları olanda rus qadınla münasibəti yaranmış, uşağı olmuşdur. Hazırda cavabdeh RF-nın Saratov şəhərindədir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 göstərmişdir ki, iddiaçı iş yoldaşıdır, dərzidirlər, cavabdehi də onun oğlu kimi tanıyır. Son 20 ildə cavabdeh evə gəlib getməyib. O, burada yaşamır, RF-da yaşayır. Hər dəfə 1 ay, 15 gün qalıb gedib. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid4 göstərmişdir ki, iddiaçı ilə qonşudur. cavabdehi uşaq vaxtı görmüş, onun evə gəlib getdiyini görməmişdir. O, uzun illərdir RF-da yaşayır. Cavabdehi iddiaçının evində yaşadığını görməmişdir. İş materiallarında olan hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********47-10301 reyestr nömrəli çıxarışdan müəyyən olunur ki, Xaçmaz şəhəri N.Nərimanov küçəsində mülkiyyətdə olan 0,0509 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 67.3 kv.metrdən ibarət 58 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır. Göründüyü kimi, yaşayış evi hazırda iddiaçının xüsusi mülkiyyətindədir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli 1263 nömrəli arayışından görünür ki, İddiaçı aşağıdakı ailə üzvləri vardır. Şahid1, X3, X6, X4. İş materiallarından görünür ki, cavabdeh hazırda ünvan 2 ünvanında pasport qeydiyyatındadır. Elektron Məhkəmə İnformasiya sistemindən əldə olunmuş olunmuş müəlumatlardan görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının sərhəd hüdudlarını tərk edərək, Rusiya Federasiyasının Saratov şəhərinə uçmuşdur. İşin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı ilə 2000-ci ilin sentyabr ayının 1-dək yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun həll edilir. Məhkəmə hesab edir ki, tərəflər arasında mənzil münasibətləri 2000-ci ilədək yarandığından, o zaman qüvvədə olan, hazırda qüvvəsini itirmiş Mənzil Məcəlləsinin hüquq normaları tətbiq edilməlidir. 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda—müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə—həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə—onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə— bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; 7) həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə; 8) cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsini daha uzun müddətə saxlamanın digər şərtləri və halları SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən olunur. Bu maddənin 1—7-ci və 8-ci bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarına malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqların həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Bundan başqa, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Qeyd olunan hüquq normalarından göründüyü kimi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Beləliklə də, məhkəmə hesab edir ki, cavabdeh X1 ünvan 2 ünvanında yerləşən mənzili uzun müddət əvvəl tərk etməsi və hazırda həmin mənzildə yaşaması, habelə onun hazırda Rusiya Federasiyasında yaşaması ona dəlalət edir ki, cavabdehin digər yaşayış yeri mövcuddur və ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X1 ünvan 2 ünvanında yerləşən yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilsin (istifadə hüququna xitam verilsin). Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Xaçmaz rayon məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar