Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2053/2021 18.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi məhkəmə iclas katibi Rövşən Xudat oğlu Həsənlinin katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində 18 avqust 2021-ci ildə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1500 manat kompensasiya ödənişinin və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, «“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 24 iyun 2011-ci il tarixli Qanunu (Qanun) əsasında "İCBARİ SİĞORTA BÜROSU" X3 (Büro) zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq X3 kimi təsis edilərək fəaliyyət göstərir. Cavabdeh 03.09.2013-ci il tarixində saat 17:00 radələrində VAZ 2106 markalı, 10LN067 dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəndab-Yalama yolu, ünvan 1 ünvanında hərəkətdə olarkən onun təqsiri üzündən yol nəqliyyat hadisəsi baş vermişdir. Xaçmaz rayon məhkəməsinin 1(067)-28/2014 nömrəli, 13.01.2014-ci il tarixli hökmü ilə cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci bəndində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq araşdırmalar aparıldıqdan sonra “kompensasiya ödənişi üzrə məlumat cədvəli”ndə (cədvəl) qeyd olunanlara əsasən zərəçəkənə sağlamlığa dəyən zərərin dərəcəsinə uyğun olaraq kompensasiya ödənişi həyata keçirilmişdir. Araşdırmaları nəticəsində Büronun avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə informasiya sistemində VAZ 2106 markalı, 10LN067 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 03.09.2013-ci il tarixində saat 17:00 radələrində icbari sığorta şəhadətnaməsinin olmadığı müəyyən edilmiş və müvafiq sənədlər toplanaraq, qanunvericiliyə uyğun 1500 manat məbləğində kompensasiya ödənişinin həyata keçirilməsi təmin edilmişdir. Qanunvericiliyə əsasən kompensasiya ödənişləri hesablanarkən zərərə görə məsuliyyət daşıyan şəxs və (və ya) onun məsuliyyətini sığortalamış sığortaçı tərəfindən müvafiq zərərin əvəzinin ödənilməsi üçün zərərçəkənə verilmiş məbləğ çıxılır. Zərərvuran tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul edərək ondan tələb olunan məbləği iddiaçıya ödəməyə etiraz etməmişdir. Əlavə olaraq bildirmişdir ki, hazırda cəzaçəkmə müəssisəsindən yeni çıxmışdır, maddi vəziyyəti çox pisdir. Ona görə də 1500 manat məblətində pulu tam şəkildə birdəfəyə ödəyə bilməyəcəkdir. Həmin pulu hissə-hissə ödəyəcəkdir. Bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq etməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 13 yanvar 2014-cü il tarixli 1(067)-28/2014 nömrəli hökmünün surətindən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci bəndində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan kompensasiya ödənişinin verilməsi haqqında 25 iyun 2018-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, X2 03.09.2013-ci il tarixində saat 17:00 radələrində Gəndab- Yalama yolunun Xaçmaz rayonu, Çinartala kəndi ərazisindən keçən 38,8 km-də baş vermiş yolnəqliyyat hadisəsində az ağır dərəcəli xəsarətlər alması ilə əlaqədar 1500 manat məbləğində kompensasiya ödənişinin poçt vasitəsilə köçürülməsi qərara alınmışdır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxs (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-cı maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzini daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmində ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrinin, mexanizmlərin, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən, və i.a istifadə edilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə bocludurlar, bu şərtlə ki, zərərin qarşıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin olduğu müddət ərzində baş verən hadisə və yaranan haldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istsmar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia təmin edilsin. Cavabdeh 1500 manat kompensasiya ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı X1 bank hesabıına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-2053/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2053/2021
18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver