Məhkəmə qərarları › İş №2(067)-2147/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2147/2021

10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2147/2021 10.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi ilə, İddiaçı "İcbari Sığorta Bürosu" X4 Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "İCBARİ SİĞORTA BÜROSU" X4 Cavabdeh 5000 manat kompensasiya ödənişi və 30 manat dövlət rüsumu olmaqla, cəmi 5030 manat məbləğin Büronun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 24 iyun 2011-ci il tarixli Qanunu (Qanun) əsasında "İCBARİ SİĞORTA BÜROSU" X4 (Büro) zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq X4 kimi təsis edilərək fəaliyyət göstərir. Cavabdeh 14.12.2013-ci il tarixində saat 14:00 radələrində VAZ 21074 markalı, 90GP997 dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəndab-Yalama yolu, ünvan 1 ünvanında hərəkətdə olarkən onun təqsiri üzündən yol nəqliyyat hadisəsi baş vermişdir. Xaçmaz rayon məhkəməsinin 1(067)-63/2014 nömrəli, 29.05.2014-ci il tarixli hökmü ilə cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci bəndində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Ərizəçinin müraciəti əsasında baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq araşdırmalar aparıldıqdan sonra aşağıdakı “kompensasiya ödənişi üzrə məlumat cədvəli”ndə (cədvəl) qeyd olunanlara əsasən zərəçəkənə sağlamlığa dəyən zərərin dərəcəsinə uyğun olaraq kompensasiya ödənişi həyata keçirilmişdir. Araşdırmalarımız nəticəsində Büronun avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə informasiya sistemində VAZ 21074 markalı, 90GP997 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 14.12.2013-ci il tarixində, saat 14:00 radələrində icbari sığorta şəhadətnaməsinin olmadığı müəyyən edilmiş və müvafiq sənədlər toplanaraq, qanunvericiliyə uyğun 5000 manat məbləğində kompensasiya ödənişinin həyata keçirilməsi təmin edilmişdir. Qanunvericiliyə əsasən kompensasiya ödənişləri hesablanarkən zərərə görə məsuliyyət daşıyan şəxs və (və ya) onun məsuliyyətini sığortalamış sığortaçı tərəfindən müvafiq zərərin əvəzinin ödənilməsi üçün zərərçəkənə verilmiş məbləğ çıxılır. Zərərvuran tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən kompensasiya ödənişi subroqasiya qaydasında zərərvuran şəxs olan cavabdehdən tələb edilir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh əvvəlki məhkəmə proseslərində izahat verərək bildirmişdir ki, iddia ərizəsini qəbul etmir və rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Ödəniş Tapşırığından görünür ki, İCBARİ SİĞORTA BÜROSU" X4 tərəfindən Südabə Məhəmməd qızına 5000 manat ödənilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 14.12.2013-cü ildə tarixdə vəfat etmişdir. İşdə olan 34 saylı ekspertiza rəyindən görünür ki, 1952-ci il təvəllüdlü, mərhum X1 meyitinin məhkəmə-tibb- müayinəsinə əsasən- meyitin müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olunmuşdur, təpə, sol çanaq seyvanı alın, burun, alt çənə nahiyələrinin sıyrıqları, sol bud və sol baldır sümüklərinin qapalı sınıqları, baş-beyin toxumasına, onun mədəciklərinə və qışaları altına qansızma nəticəsində-güclü küt əşya (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd unan şəraitdə və müddətdə yəni 14 dekabr 2013-cü ildə törənməsi mümkündür. İşdə olan Xaçmaz rayon məhkəməsinin 1(067)-63/2014 29 may 2014-cü il tarixli hökmündən görünür ki, Cavabdeh AR CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 2 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşdə olan kompensasiya ödənişinə dair işə baxılması haqqında 12 iyul 2018-ci il tarixli №1-110/2018 saylı qərardan görünür ki, X1 ölümü ilə əlaqədar 5000 manat məbləğində kompensasiya poçt vasitəsi ilə X2 ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia ərizəsini, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-cı maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzini daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxs (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmində ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.i Qeyd olunan Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin olduğu müddət ərzində baş verən hadisə və yaranan haldır. Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-25.3-cü maddələrinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh təqsirli, qanunazidd əməli nəticəsində vəfat etmiş X1 ailəsinə iddiaçı tərəfindən 5000 manat sığorta ödənişi edilmişdir. Cavabdehdən iddiaçının sığorta ödənişini subroqasiya qaydasında ondan tələb etmək hüququ yaranmışdır. Ona görə də iddia ərizəsi təmin edilməli, cavabdehdən 5000 manat və 30 manat dövlət rüsumu, cəmi, 5030 manat alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh Cavabdeh 5000 manat sığorta ödənişi və 30 manat dövlət rüsumu, cəmi 5030 manat alınaraq, iddiaçı "İCBARİ SİĞORTA BÜROSU" X4-na verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar