Məhkəmə qərarları › İş №2(067)-2187/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2187/2020

26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2187/2020 26.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğlu, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, “X6 Kaukasus" MMC-yə məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Opel Vivaro" markalı ** JT *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 176,52 (bir yüz yetmiş altı manat 52 qəpik) manat sığorta ödənişi məbləği borcun və 20,40 (iyirmi manat 40 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 196,92 (bir yüz doxsan altı manat 92 qəpik) manat məbləğində pulun Cavabdeh tutularaq ”İddiaçı” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə idarə etdiyi “VAZ 21074” markalı ,** SB *** dövlət qeydiyyat nişanlı avtomobilə Bakı şəhəri Z. Bünyadov prospekti ərazisində yol hrəkəti qaydasını pozaraq “X6 Kaukasus” MMC-yə məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Opel Vivaro” markalı ** JT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “X6 Kaukasus” MMC-yə maddi ziyan vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması DYPİ-nin KYP 544971 saylı X3 Protokolunda öz əksini tapmışdır. “Cahan Motors” şirkətinin təqdim etdiyi xx.xx.2016-cı il tarixli Aktına uyğun olaraq “Opel Vivaro" markalı ** JT *** dövlət qeydiyyat nişanlı avtomobilə 5180 manat zərər təyin edilmişdir. **********8 saylı sığorta müqaviləsinin 031163 saylı sığorta aktına əsasən ”İddiaçı” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti sığortalıya 100 manat azadolma məbləği çıxmaqla 5080 manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdehin İcbari sığorta şirkəti “xxxxxxxxxxxxxxxxx” ASC subroqasiya qaydasında dəymiş ziyanın 4903.48 manat ”İddiaçı” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödəniş etmişdir. Ona görə də qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində ”İddiaçı” Sığorta Şirkətinə qalan 176,52 manat zərər məbləği cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2020-ci il tarixdə məhkəmə cavabdehin qeydiyyatda olduğu ünvana prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə ilk növbədə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsiri müəyyən olunduğundan, onun vurulmuş zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmışdır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə isə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsiri müəyyən olunmuş X2 və X1 zərərin əvəzinin ödənilməsi ilə əlaqədar mülki hüquqi məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrində isə müəyyən edilmişdir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» haqqında Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən üçüncü şəxs ona vurulan zərərin ödənilməsini nəqliyyat vasitəsi sahibindən, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçısından tələb edə bilər. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, “X6 Kaukasus" MMC-yə məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Opel Vivaro" markalı ** JT *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyana görə 176,52 (yüz yetmiş altı manat əlli iki qəpik) manat sığorta ödənişi məbləğində borc və 20,40 (iyirmi manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 196,92 (yüz doxsan altı manat doxsan iki qəpik) manat məbləğində pul Cavabdeh tutularaq ”İddiaçı” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. X6 Kaukasus" MMC-yə məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Opel Vivaro" markalı ** JT *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyana görə 176,52 (yüz yetmiş altı manat əlli iki qəpik) manat sığorta ödənişi məbləğində borc və 20,40 (iyirmi manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 196,92 (yüz doxsan altı manat doxsan iki qəpik) manat məbləğində pul Cavabdeh tutularaq ”İddiaçı” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar