Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2291/2020 17.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ HakimXəlilov İlkin Ələkbər oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 95.000(doxsan beş min) manat maddi və mənəvi ziyanın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 10.02. 2017-ci il tarixdə qardaşı olan Cavabdeh qanunsuz hərəkətləri səbəbindən Xaçmaz Rayon Məhkəməsinə mirasın qəbul edilməsi faktının və mirasdan payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmədə onun həmin iddia tələbi təmin edilmiş, miras-əmlak ata malı kimi tən yarıya bölünmüş, ona 50 kv.m yaşayış sahəsi olan ev, 15 sot həyətyanı torpaq sahəsi və 25 sot pay torpaq sahəsi verilməsi üçün qətnamə çıxarılmışdır. Lakin Cavabdeh həmin qətnamədən Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsi Xaçmaz Rayon Məhkəməsinin onun xeyrinə olan qətnaməsini ləğv etmişdir.Həmin qətnamədən o, kassaiya şikayəti vermiş, lakin Ali Məhkəmə Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Sonradan o, müəyyən etmişdir ki, qardaşı olan cavabdeh məhkəmələrə saxta sənədlər təqdim edib məhkəmələri aldatmaqla, öz xeyrinə qərarlar qəbul edilməsinə nail olmuşdur. Qardaşı onu qəsdən qanunsuz yollarla vərəsəlikdən məhrum etmişdir. Belə ki, o, ləyaqətsiz vərəsə olmamışdır ki, mirasdan məhrum olsun. Əgər qardaşı miras əmlaka tək sahib olmaq istəyirsə, onda ona kompensasiya ödəməlidir. Beləliklə, cavabdehin qanunsuz əməlləri nəticəsində o, 50 kv.metr yaşayış sahəsindən, həyətyanı torpaq sahəsindən və pay torpaq sahəsindən məhrum edilmişdir və ona 47500 manat maddi zərər dəymişdir. Ona dəymiş mənəvi ziyan da 47500 manat təşkil edir. Cavabdeh ona dəymiş cəmi 95000 manat ziyanı ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, cavabdehin onun iddiasına qarşı etiraz ərizəsi ilə tanış olduğunu, cavabdehin iddiaya qarşı etirazını tamamilə əsassız saydığını, onun etiraz ərizəsində guya məhkəmə qətnamələrinin olduğunu göstərməsinə baxmayaq, cavabdehin onun hüquqlarını pozduğunu, maddi və mənəvi ziyanla bağlı məhkəməyə təqdim edəcəyi əlavə sübutlarının olmadığını göstərmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X2 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki,o, iddianı tamamilə əsassız sayır. Ona görə ki, tərəflərin arasında mübahisə ilə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri mövcuddur və həmin qətnamələrə əsasən miras əmlak yalnız Cavabdeh tərəfindən qəbul edilmişdir. Məhkəmə qətnamələrini şübhə altına alması bir daha iddiaçının psixi durumunu şübhə altına alır. Ona görə də zərurət olarsa iddiaçının psixi durumunun müəyyən olunması məqsədi ilə ekspertiza təyin edilməsini, nəticə etibari ilə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Xaçmaz rayonunun Həsənqala kəndində anadan olmaqla həmin kənddə yaşayır. İş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh Xaçmaz rayonunun Həsənqala kəndində anadan olmaqla həmin kənddə yaşayır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1556/2017 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı miras əmlakın qəbul edilməsi faktının və həmin əmlakda payın ½ hissədə müəyyən edilməsi tələbinə dair iddiası təmin edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(105)-3526/2017 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(067)-1556/2017 saylı qətnaməsi ləğv edilmiş və iddia təmin edilməmişdir. İş materiallarında olan Ali Məhkəmənin xx xxxx 2018-ci il tarixli, 2(102)-3564/2018 saylı qərarı ilə İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(105)-3526/2017 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(105)-3526/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu köçürülmüşdür. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1.-ci madəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1.-ci madəsinə əsasən qanunvericiliyə müvafiq qaydada qaldırılmış iddialara görə çəkilmiş xərclərin tutulmasının tələb edilməsi əsaslı hesab edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın əsaslı olması üçün cavabdehlərin təqsirli hərəkəti nəticəsində iddiaçıya ziyan vurulmasını, cavabdehin iddiaçı qarşısında öhdəliklərinin yaranmasını şərtləndirən hüquqi faktların olması müəyyən edilməlidir. Məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, işin hallarından cavabdehin iddiaçıya qarşı təqsirli hərəkəti nəticəsində ona ziyan vurması müəyyən edilmədiyindən iddia tələbi əsaslı hesab edilə bilməz. Həmçinin, iddia tələbi maddi ziyanın ödənilməsinə dair hissədə əsaslı hesab edilmədiyi üçün, mənəvi ziyanın ödənilməsinə dair hissədə də əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətinə Xacmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-2291/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2291/2020
17.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver