Məhkəmə qərarları › İş №2(067)-2303/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2303/2020

13.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2303/2020 13.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonunun, Hacıqurbanoba kəndində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 063F saylı, 30211038 kodlu şəhadətnamədə göstərilən 0.12 ha həyətyanı torpaq sahəsindən və DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin xx.xx.2008-ci il tarixli **********64 saylı Çıxarışına əsasən Xaçmaz rayonunun Hacıqurbanoba kəndində yerləşən 1.16 ha torpaq sahəsindən payının müəyyən edilərək naturada ayrılması, habelə, onu cavabdehə məxsus yaşayış evinə köçürməklə həmin yaşayış evində istifadə hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, xx.xx.1992-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nihahlarından iki uşaqları olmuşdur və onlar artıq yetkinlik yaşına çatmışlar. 1993-cü il təvəllüdlü qızları Gülcahan ailə qurmuş, 2001-ci il təvəllüdlü oğlanları Mətləb isə hazırda hərbi xidmətdədir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-655/2020 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh ilə xx.xx.1992-ci ildə ailə qurduqdan sonra ona məxsus Xaçmaz rayonunun Hacıqurbanoba kəndində yerləşən yaşayış evinə köçmüş və orada yaşadığı dövrdə iki uşaqları anadan olmuşdur. Son vaxtlar aralarında olan söz-söhbətlərə görə aralarında narazıçılıq yaranmış, cavabdeh onu evə buraxmamışdır. Halbuki, onun həmin evdə yaşamaq və həmin evdə istiifadə hüququ vardır. Onun bütün əmlakları həmin yaşayış evindədir. Cavabdehlə birgə yaşadıqları dövrdə evin yerləşdiyi həyətyanı torpaq sahəsində mişar daşından iki mərtəbəli yaşayış evi tikmişlər və həmin ev yaşayışa tam hazır olmasa da, bir hissəsi yaşayış üçün yararlıdır və cavabdeh həmin evdə yaşayır. Həmin bu yaşayış evi ikisinin mülkiyyəti sayılır və o, köçüb həmin evdə yaşamaq istəyir. Bundan başqa cavabdehin adına verilmiş xx.xx.2018 ci il tarixli **********64 saylı çıxarışa əsasən Xaçmaz rayonunun Hacıqurbanoba kəndində 1.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və həmin kənddə ümumi birgə 0,12 ha həyətyanı torpaq sahəsi vardır. Həyətyanı torpaq sahəsinə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-063F saylı, 30211038 kodlu şəhadətnamə işlənmişdir. Bu da DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********25 saylı məktubu ilə təsdiq olunur. Göstərilən birgə mülkiyyətdən onun payı müəyyən olunaraq naturada ayrılıb istifadəsinə verilməlidir. Ona görə də məhkəməyə iddia ərizəsi müraciət etmiş, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, cavabdehlə birgə nikahda olduqları dövrdə həyətyanı torpaq sahəsini və pay torpaq sahəsini qeyri rəsmi şəkildə başqa şəxslərlə dəyişiblər. O, mülkiyyət sənədlərində göstərilən həyətyanı və pay torpaq sahələrindən payının naturada ayrılmasını tələb etmir, faktiki olaraq dəyişdirdikləri, sənədləri onların adlarına olmayan torpaq sahələrindən payının naturada ayrılmasını xahiş edir. O, dəyişdirdikləri torpaq sahəsində tikilən evə köçüb yaşamaq istəyir. Onun iddia tələbi ilə bağlı məhkəməyə təqdim edəcəyi əlavə sübutu yoxdur. Göstərilənlərə əsasən iddianın faktiki dəyişdirdikləri torpaq sahəsinə və evə münasibətdə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, xx.xx.1992-ci ildə iddiaçı ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-655/2020 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçı ilə birgə nikahda olduqları dövrdə həyətyanı torpaq sahəsini və pay torpaq sahəsini qeyri rəsmi şəkildə başqa şəxslərlə dəyişmişlər və hazırda həmin torpaq sahələrindən istifadə edirlər. Dəyişdikləri torpaq sahəsində o, ev də tikmişdir, amma həmin evin sənədi yoxdur. İddiaçı onun ata evinə köçmüşdür. Həmin evi atası onun övladına bağışlamışdır. Amma evin mülkiyyət sənədi yoxdur. İddiaçı istəyirsə gəlin köçdüyü evə köçüb yaşaya bilər. İddiaçı ilə birgə nikahda olduqları dövrdə mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsini və pay torpaq sahəsini qeyri rəsmi şəkildə başqa şəxslərlə dəyişmiş, amma yeni mülkiyyət sənədləri almamışlar. Dövlət Aktı ilə paylı mülkiyyətinə verilmiş torpaq sahəsindən iddiaçının payının naturada ayrılaraq ona verilməsinə etirazı yoxdur, amma dəyişdirdiyikləri torpaq sahələrində iddiaçının payı yoxdur. İddia tələbi ilə bağlı məhkəməyə təqdim edəcəyi əlavə sübutu yoxdur. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Xaçmaz rayonu, Xaspolad-Oba kəndində xx.xx.1968-ci ildə anadan olmuşdur. Hazırda ünvan 1i ünvanında yaşayır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)- 655/2020 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasındakı rəsmi nikah qeydi pozulmuşdur. İş materiallarında olan DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********25 saylı məktubundan müəyyən olunur ki, Cavabdeh adına verilmiş xx.xx.2018 ci il tarixli **********64 saylı çıxarışa əsasən Xaçmaz rayonunun Hacıqurbanoba kəndində 1.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və həmin kənddə ümumi birgə mülkiyyətdə 0,12 ha həyətyanı torpaq sahəsi vardır. Həyətyanı torpaq sahəsinə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-063F saylı, 30211038 kodlu şəhadətnamə işlənmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 20 manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2.-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Qanunvericiliyin tələbinə görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyin tələblərinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. X5 Məhkəməsi "X1rşı” xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçının iddia ərizəsində göstərdiyi Torpağın mülkiyyətə verilməsinə dair” JN-063F saylı, 30211038 kodlu şəhadətnamədə göstərilən 0.12 ha həyətyanı torpaq sahəsi və DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin xx.xx.2008-ci il tarixli **********64 saylı Çıxarışına əsasən Xaçmaz rayonunun Hacıqurbanoba kəndində yerləşən 1.16 ha torpaq sahəsi başqa şəxslərin torpaq sahələri ilə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında məhz həmin dəyişdirilmiş torpaq sahələrindən torpaq payının naturada ayrılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı dəqiq hansı torpaq sahəsindən payının naturada ayrılmalı olduğunu göstərmədiyindən və sözügedən torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etmədiyindən iddia tələbi torpaq sahələrindən payın naturada ayrılmasına dair hissədə əsaslı hesab edilə bilməz. Məhkəmə, həmçinin, iddia tələbinin evə köçürmə və istifadə hüququnun tanınması tələbinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı konkret olaraq hansı evə köçürülməklə, həmin evdən istifadə hüququnun tanınmasını tələb etdiyini iddia ərizəsində dəqiq göstərmədiyindən məhkəmə iddia tələbinin həmin hissədə də təmin edilməməli olduğunu hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması tələbi təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar