Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2330/2021 15.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı öhdəliyin icrası tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq, Xaçmaz şəhəri, H.Əliyev küçəsi 17-də yerləşən yaşayış evi və evin yerləşdiyi 0,0336 ha həyətyanı torpaq sahəsinin alqı-satqısına dair Cavabdeh ilə aralarında 10 may 2005-ci il tarixdə bağlanmış əqdin etibarlı hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 10 may 2005-ci il tarixdə cavabdehin özünə məxsus Xaçmaz şəhəri, H.Əliyev küçəsi 17-də yerləşən evi və evin yerləşdiyi 0,0336 ha həyətyanı torpaq sahəsini satdığını eşidib onun yanına getmişdir. Həmin vaxt evə və həyətyanı torpaq sahəsinə dair cavabdehin adına ilkin sənədlər mövcud olmuş, lakin evə dair mülkiyyət sənədi olmamışdır. O, evi və torpaq sahəsini satın almaq istəmişdir. Cavabdehlə onların qiymətini 5000 ABŞ dollarına razılaşmış, 10 may 2005-ci ildə razılaşdıqları 5000 ABŞ dolları məbləğində pulu cavabdehə ödəyərək, cavabdehin evini və torpaq sahəsini satın almışdır. Cavabdehin mülkiyyət sənədi olmadığına görə, onunla alqı-satqını dərhal rəsmiləşdirmək mümkün olmamışdır. Cavabdeh tez bir zamanda satın aldığı evi və torpağı onun adına rəsmiləşdirəcəyinə söz vermişdi. O, cavabdehə inandığı üçün satın aldığı evi və torpağı adına rəsmiləşdirməsi üçün cavabdehə vaxt vermişdi. Cavabdeh də ona evə və torpağa birlikdə sənəd alıb notariat kontorunda onunla alqı-satqı edəcəyinə söz vermişdir. Uzun müddətdən sonra cavabdeh onun təkidi ilə evə və torpaq sahəsinə dair 2008-ci ildə mülkiyyət sənədi almış, lakin buna baxmayaraq, o, həmin əmlakları alqı-satqı ilə adına keçirməkdən yayınmışdır. O, cavabdehə evin və torpağın pulunu ödəyib oradan öz əmlakı kimi hazırkı vaxtadək istifadə edir. Lakin cavabdeh bu günədək evi və torpağı onun adına rəsmiləşdirməkdən yayınır. Onun cavabdehin hazırda harada olduğu haqqında məlumatı yoxdur. Belə ki, hazırkı vaxtadək cavabdehin təqsiri üzündən alqı-satqını rəsmiləşdirə bilməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, evin və torpaq sahəsinin pulunu cavabdehə cavabdehin evində onun qohumları cavabdehin isə qonşuları olan X1 və X3 yanında vermişdir. Həmçinin, evə və torpağa dair heç kimin iddiası, tələbi olmadığını, iddiası ilə bağlı məhkəməyə şahidlərini təqdim etdiyini, başqa təqdim edəcəyi sübutun olmadığını bildirmişdir. Göstərilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 ifadəsində göstərmişdir ki, iddiaçının qohumu, cavabdehin də qonşusudur. Tərəflərlə ədavəti və düşmənçiliyi yoxdur. İddiaçı ilə bir-birinin evinə mütəmadi gediş-gəlişləri olmuşdur. Cavabdeh 10 may 2005-ci ildə özünə məxsus Xaçmaz şəhəri, H.Əliyev küçəsi 17-də yerləşən evi və evin yerləşdiyi 0,0336 ha həyətyanı torpaq sahəsini 5000 ABŞ dollarına İddiaçı satmış, iddiaçı cavabdehə evə və torpaq sahəsinə görə 5000 ABŞ dollarını 10 may 2005-ci il tarixdə onun və X3 yanında vermiş və həmin əmlakları satın almışdır. Cavabdeh həmin vaxt tez bir zamanda satdığı əmlakların mülkiyyət sənədlərini qaydasına salıb iddiaçının adına rəsmiləşdirəcəyini söz vermiş, iddiaçı da cavabdehə vaxt vermişdir. Lakin cavabdeh bu günədək evi və torpağı iddiaçının adına keçirməkdən yayınır. 2005-ci ilin may ayının 10dan mübahisəli evdən və torpaq sahəsindən iddiaçı öz əmlakı kimi istifadə edir. İddiaçının cavabdehdən Xaçmaz şəhəri, H.Əliyev küçəsi 17-də yerləşən evi və evin yerləşdiyi 0,0336 ha həyətyanı torpaq sahəsini 20.03.2005-ci ildə 5000 ABŞ dollarına satın aldığını təsdiq edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 ifadəsində göstərmişdir ki, iddiaçının qohumu, cavabdehin də qonşusudur. Tərəflərlə ədavəti və düşmənçiliyi yoxdur. İddiaçı ilə bir-birinin evinə mütəmadi gediş-gəlişləri olduğunu, Cavabdeh 10 may 2005-ci ildə özünə məxsus Xaçmaz şəhəri, H.Əliyev küçəsi 17-də yerləşən evi və evin yerləşdiyi 0,0336 ha həyətyanı torpaq sahəsini 5000 ABŞ dollarına İddiaçı satmış, iddiaçı cavabdehə evə və torpaq sahəsinə görə 5000 ABŞ dollarını 10 may 2005-ci il tarixdə onun və X3 yanında verrmiş və həmin əmlakları satın almışdır. Cavabdeh həmin vaxt tez bir zamanda satdığı əmlakların mülkiyyət sənədlərini qaydasına salıb iddiaçının adına rəsmiləşdirəcəyinə söz vermişdir. İddiaçı da cavabdehə vaxt vermişdir. Lakin cavabdeh bu günədək evi və torpağı iddiaçının adına keçirməkdən yayınır. 2005-ci ilin may ayının 10dan mübahisəli evdən və torpaq sahəsindən iddiaçı öz əmlakı kimi istifadə edir. İddiaçının cavabdehdən Xaçmaz şəhəri, H.Əliyev küçəsi 17-də yerləşən evi və evin yerləşdiyi 0,0336 ha həyətyanı torpaq sahəsini 20.03.2005-ci ildə 5000 ABŞ dollarına satın aldığını təsdiq edir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə mübahisələndirilən pay torpaq sahəsinin alqı-satqısına dair cavabdehlə aralarında əqdin bağlandığını və həmin əqdin etibarlı hesab edilməsi üçün qanunvericilikdə müəyyən olunmuş əsasların mövcud olduğunu sübutetmə yükü iddiaçının üzərinə düşür. İş materiallarında olan DƏDRX-nin MH seriyalı ******* saylı çıxarışından müəyyən olunur ki, Xaçmaz şəhəri, H.Əliyev küçəsi 17-də yerləşən yaşayış evi və evin yerləşdiyi 0,0336 ha həyətyanı torpaq sahəsi İsayeva Zarura Qubat qızının mülkiyyətinə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın 27.05.2008 -ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsindən müəyyən olunur ki, İsayeva Zarura Qubat qızı Xaçmaz şəhəri, H.Əliyev küçəsi 17-də yerləşən yaşayış evi və evin yerləşdiyi 0,0336 ha həyətyanı torpaq sahəsini 4800 manata Cavabdeh satmışdır. İş materiallarında olan DƏDRX-nin MH seriyalı ******* saylı çıxarışından və Reyestr nömrəsi **********05-10301 olan Daşınmaz Əmlakın Texniki pasportundan müəyyən olunur ki, Xaçmaz şəhəri, H.Əliyev küçəsi 17-də yerləşən yaşayış evi və evin yerləşdiyi 0,0336 ha həyətyanı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan 04.08.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 20 (iyirmi) manat dövlət rüsumu köçürülmüşdür. A.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2004-cü il tarixli qərarında izah edilir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsepsual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna blər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Məhkəmə şərh olunanlara əsasən və konkret işin hallarını tədqiq edərək hesab edir ki, tərəflər arasındakı alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması mübahisəli torpaq sahələrinə alqısatqı müqaviləsinin etibarlı hesab edilməməsi üçün əsas ola bilməz. Belə olan halda iddiaçının qeyd olunan torpaq sahəsinə münasibətdə pozulmuş hüquqları bərpa edilə bilər. İddiaçının izahatından və şahidlərin ifadələrindən müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında Xaçmaz şəhəri, H.Əliyev küçəsi 17-də yerləşən yaşayış evi və evin yerləşdiyi 0,0336 ha həyətyanı torpaq sahəsinin alqı-satqısına dair əqd bağlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmə əqdi etibarlı saya bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib, əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendum ilə qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə müvafiq olaraq bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına qoşulması milli məhkəmələr tərəfindən İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Konvensiyanın 46-cı maddəsi İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəyə malik olmasını təsbit edirsə, Konvensiyanın 32-ci maddəsi onların presedent əhəmiyyətinə malik olmasına zəmin yaradır. Həmin maddəyə müvafiq olaraq Avropa Məhkəməsinin Konvensiyanın hər hansı maddəsi ilə bağlı verdiyi şərh həmin maddənin tərkib hissəsinə çevrilir və ona görə də məcburi hüquqi qüvvə kəsb edir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Avropa Məhkəməsinin presedentini Konvensiya müddəalarının şərhi kimi qəbul etsək, göstərilən şərhlərə Konvensiyanın tərkib hissəsi kimi baxılmalıdır. Belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan Respublikasında bütün məhkəmələr Konstitusiyasının 12-ci maddəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarını Konvensiyanın mətni ilə yanaşı, həmçinin Avropa Məhkəməsinin qərarlarında ona verilən şərhə uyğun tətbiq etməlidir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi özünün “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Məhkəmə işdə olan sübutların məcmusuna hüquqi qiymət verərkən, yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməli və İddiaçı ilə Cavabdeh arasında Xaçmaz şəhəri, H.Əliyev küçəsi 17-də yerləşən yaşayış evi və evin yerləşdiyi 0,0336 ha həyətyanı torpaq sahəsinin alqı-satqısına dair 10 may 2005-ci il tarixdə bağlanmış əqd etibarlı hesab edilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-cı, 241- 242-ci, 244-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Xaçmaz şəhəri, H.Əliyev küçəsi 17-də yerləşən yaşayış evi və evin yerləşdiyi 0,0336 ha həyətyanı torpaq sahəsinin alqı-satqısına dair 10 may 2005-ci il tarixdə bağlanmış əqd etibarlı hesab edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-2330/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2330/2021
15.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver