Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2404/2020 27.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması və başqa yaşayış sahəsinə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* saylı, **********78-10301 reyestr saylı çıxarışa əsasən Xaçmaz rayonunun, Çarxı kəndində 0,32 ha torpaq sahəsindən Cavabdeh1 payının müəyyən edilərək naturada ayrılması, habelə, cavabdehlərin ona məxsus yaşayış evindən torpaq sahəsindəki 2-ci yaşayış sahəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 onun oğlu, Cavabdeh2 isə onun həyat yoldaşıdır. Onlar hazırda ailəvi qaydada ona məxsus Xaçmaz rayonunun, Çarxı kəndində yerləşən evdə yaşayırlar. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* saylı, **********78-10301 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonunun, Çarxı kəndində 0,32 ha torpaq sahəsində yerləşən yaşayış evi tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Evin yerləşdiyi 0,32 ha torpaq sahəsi isə onun və ailə üzvlərinin paylı mülkiyyətindədir. Həyətyanı torpaq sahəsində hazırda yaşadıqları evdən başqa ikinci yaşayış evi var. Cavabdehlər həmin evdə yaşayıblar və evdə kiçik təmir işləri aparmaları ilə əlaqədar o, cavabdehləri evinə yaşamağa buraxmışdır. O, hesab edir ki, cavabdehləri evə buraxmaqla səhv etmişdir. Cavabdehlər ona və arvadına evdə yaşamağa imkan vermirlər, dəfələrlə Polis şöbəsinə işləri düşüb, cavabdehlər onları söyüb təhqir edirlər. Ona görə onlarla bir evdə yaşamaq mümkün deyildir. Bu səbəbdən cavabdeh olan oğlunun torpaqdan payının naturada ayrılmasını və cavabdehlərin ona məxsus evdən çıxarılaraq həyətyanı torpaq sahəsindəki ikinci evə köçürülmələrini xahiş etmişdir. Qeyd olunanlarla əlaqədar məhkəməyə iddia ərizəsi müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, həyətyanı torpaq sahəsindəki ikinci ev onun atasının evi olub, ora köhnə olduğu üçün o, həyətdə yeni ev tikmişdir və həmin ev onun adına qeydə alınmışdır. Köhnə evin sənədi yoxdur. 2003-cü ildə oğlu Cavabdeh1 Cavabdeh2 ilə ailə qurub və həyətdəki ikinci köhnə evə gəlin köçüb, 2013-cü ildə onlar yeni evə köçüblər. 1 il onun evində yaşadıqdan sonra onlar yenidən köhnə evə qayıdıblar və orada yaşayıblar, son 6 aydır ki, o, cavabdehləri yeni tikilmiş evinə yaşamağa buraxmışdır, hazırda da çıxarmaq istəyir. Həyətyanı torpaq sahəsindən payları müəyyən olunmamışdır, hamının payları bərabər olduğu üçün hesab edir ki, paylarının müəyyən edilməsinə ehtiyac yoxdur. İddiası ilə bağlı məhkəməyə təqdim edəcəyi əlavə sübutu yoxdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı onun atasıdır. Atası onunla və arvadı ilə yola getmir. Nə o, nə də onun arvadı iddiaçının evində yaşamasına heç vaxt heç bir maneəçilik törətməmişlər. Atası əsassız olaraq onları evdən çıxarmaq istəyir. O, ailəsi ilə birlikdə mübahisəli evdə yaşamışdır və bundan sonra da yaşamaq istəyir. Xaçmaz rayonunun Çarxı kəndində 0,32 ha torpaq sahəsində yerləşən yeni yaşayış evi atası İddiaçı məxsusdur. Həyətyanı torpaq sahəsindəki ikinci ev babasının evi olub, ora köhnə olduğu üçün həyətdə yeni ev tikmişlər. Həmin ev atasının adına qeydə alınmışdır. Köhnə evin isə sənədi yoxdur. O, 2003-cü ildə Cavabdeh2 ilə ailə qurmuş və həyat yoldaşı həyətdəki köhnə evə gəlin köçmüşdür, 2013cü ildə onlar yeni evə köçmüşlər və 1 il orada yaşayandan sonra yenidən köhnə evə qayıdıb orada yaşamışlar, son 6 aydır ki, iddiaçı onları yeni evə yaşamağa buraxmışdır. Onların həyətyanı torpaq sahəsindən payları müəyyən olunmamışdır. Hesab edir ki, əvvəlcə onların payları müəyyən edilməlidir. İddiaya qarşı məhkəməyə təqdim edəcəyi sübutu yoxdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı onun qaynatasıdır. İddaçı onunla və onun əri ilə yola getmir. Nə o, nə də onun əri iddiaçının evində yaşamasına heç vaxt heç bir maneəçilik törətməmişlər. İddiaçı əsassız olaraq onları evdən çıxarmaq istəyir. 2003-cü ildə Cavabdeh1 ilə ailə qurduqdan sonra həyətyanı torpaq sahəsindəki köhnə evə gəlin köçmüşdür. 2013-cü ildə əri ilə yeni evə köçmüşlər və 1 il orada yaşayandan sonra yenidən köhnə evə qayıdıb orada yaşamışlar, son 6 aydır ki, iddiaçı onları yeni evə yaşamağa buraxıb. Onlar mübahisəli evdə yaşamışlar və bundan sonra da yaşamaq istəyirlər, ona görə ki, başqa yaşayış yerləri də yoxdur. İddiaya qarşı məhkəməyə təqdim edəcəyi sübutu yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Xaçmaz rayonunun, Çarxı kəndində kəndində xx.xx.1952-ci ildə anadan olmuşdur. Hazırda Xaçmaz rayonu, Çarxı kəndində yaşayır. İş materiallarında olan AZE seriyalı 15592889 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh1 hazırda Xaçmaz rayonunun, Çarxı kəndində yaşayır. İş materiallarında olan AZE seriyalı 17046122 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh2 hazırda Xaçmaz rayonunun, Çarxı kəndində yaşayır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya RX ******* saylı, **********78-10301 reyestr saylı çıxarışa əsasən Xaçmaz rayonunun, Çarxı kəndində 0,32 ha torpaq sahəsində yerləşən yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan **********78-10301 reyestr saylı Texniki Pasportdan müəyyən olunur ki, Xaçmaz rayonunun, Çarxı kəndində 0,32 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı adına texniki pasport işlənib hazırlanmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, seriya RX ******* saylı Çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonunun, Çarxı kəndində 0,32 ha torpaq sahəsində yerləşən torpaq sahəsi İddiaçı və ailə üzvlərinin paylı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 20 (iyirmi) manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2.-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Qanunvericiliyin tələbinə görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarının məzmunundan (Azərbaycan Respublikası MPM-in 220-ci maddəsi) müəyyən olunur ki, paylı mülkiyyətçilərin paylarının naturada ayrılması üçün ilk növbədə mülkiyyətçilərin paylarının müəyyən edilməsi zəruridir. Başqa sözlə əmlakda mülkiyyətçilərin payları müəyyən edilmədiyi halda, həmin payların naturada ayrılmasından söhbət gedə bilməz. Lakin, işdən müəyyən olunur ki, mübahisə predmeti olan Xaçmaz rayonunun, Çarxı kəndində 0,32 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin, o cümlədən Cavabdeh1 ümumi birgə mülkiyyətindədir və həmin əmlakda mülkiyyətçilərin payları müəyyən edilməmişdir. Əmlakda paylar müəyyən edilmədiyindən iddia tələbi həmin torpaq sahəsindən payların naturada ayrılmasında dair hissədə əsaslı hesab edilə bilməz. Eyni zamanda Cavabdeh1 payının naturada yerinin müəyyən edilməsi mümkün olmadığından, iddia tələbi cavabdehlərin torpaq sahəsindəki 2-ci yaşayış sahəsinə köçürülməsi tələbinə dair hissədə də əsaslı sayıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyin tələblərinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. X5 Məhkəməsi "X1rşı” xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması və başqa yaşayış sahəsinə köçürülmə tələbinə dair iddia tələbi təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-2404/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2404/2020
27.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver