Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-245/2023 23.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilənlərin geri qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 manat pulun və ödənilmiş 60 manat dövlət rüsumunun, cəmi 4060 manat pulun alınaraq ona ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, özünə məxsus VAZ 21011 markalı minik avtomobili ilə Xudat şəhərinə sərnişin daşımaqla qazanc əldə edir, adətən taksi kimi dayandığı yer Xudat şəhərində yerləşən kolxoz bazarının qarşısıdır. 2022-ci ilin iyul ayının 1-də həmişə olduğu kimi dayandığı Xudat şəhəri kolxoz bazarının qarşısında dayanmış, əvvəllər tanımadığı bir şəxs ona yaxınlaşaraq Kənd Xudat kəndində satdıq ev və onun yerləşdiyi 0.04 ha torpaq sahəsi olduğunu demişdir. Həmin Əli adlı şəxslə evə baxmağa getmiş, sərfəli qiymətə olduğu halda o, evi almağı fikirləşmişdir. Həmin evə və torpaq sahəsinə baxmış, evin sahimi Sayalı adlı qadın olduğunu Əli ona bildirmişdir. Həmin qadın isə Xudat şəhərində Əlinin evində müvəqqəti olaraq məskunlaşmışdır. Onlar Sayalı xanımın yanına gedərək onunla görüşmüş həmin evi və 0.04 ha həyətyanı torpaq sahəsini ümumilikdə 13000 manata satdığını öyrənmişdir. O, həmin qiymətə razılaşmış, bir neçə gündən sonra Əli adlı şəxs ona zəng vuraraq razılaşdırılan məbləğin ən azı yarı hissəsini ödəməsini bildirmişdir. O, xx.xx.2022-ci il tarixində Əlinin evinə getmiş, orada Əlinin qonşusunun yanında Sayalıya 7000 manat pul vermişdir. Qalan 6000 manat pulu isə ona evə dair alqı-satqı müqaviləsi bağlandıqdan sonra ödəyəcəyi barədə razılığa gəlmişlər. Sayalı ondan aldığı 7000 manat pula dair yazılı qəbz vermişdir. Bir neçə gündən sonra o, sayalı ilə Xudat şəhər bazarının yaxınlığında rastlaşmış, o, evi artıq satmadığını onun verdiyi 7000 manat pulu isə Əlidə olduğunu və həmin pulu Əlidən götürməyini bildirmişdir. O, pulu Əliyə deyil Sayalının özünə verdiyinə bildirmiş, Sayalı isə pulların Əlidə olduğunu demişdir. Sonradan ona məlum olmuşdur ki, Sayalıya verdiyi 7000 manat pul Əlinin evindən yoxa çıxmışdır. Sayalı bu barədə Xudat Poliş bölməsinə ərizə ilə müraciət etmişdir. Həmin ərizəyə baxılarkən Xudat Polis bölməsində Əli ona 3000 manat pul qaytarmışdır. Bundan sonra Sayalı Xaçmaz RPŞ-nə ərizə ilə müraciət etmişdir. Xaçmaz RPŞ-nin tədqiqatçısı E.Mehdiyevin xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş və ərizədə göstərilən hallar mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Beləliklə Cavabdeh evin alınması üçün verdiyi 7000 manat puldan cəmi 3000 manat pulu qaytarmış qalan 4000 manatı qaytarmaqdan yayınır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını və şahidin ifadəsini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı Ehtibar Mehtiyevin 11 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Xudat şəhəri, Kənd Xudat sakini Cavabdeh 01 avqust 2022-ci il tarixdə Xaçmaz RPŞ-yə müraciət edərək, 4 sot torpaq sahəsini 13 min manata satmaq istədiyini, Nəriman adlı şəxslə şifahi surətdə müqavilə bağladığını, bunun üçün Nəriman adlı şəxsin ona 7 min manat pul verdiyini, lakin kirayə yaşadığı Əli adlı şəxsin evində həmin pulun oğurlandığını bildirmişdir. Cavabdeh sözügedən Qərarın təsviri-əsaslandırıcı hissəsində olan izahatından görünür ki, Cavabdeh İddiaçı 7000 manat pulun almasını etiraf etmişdir. Qərardan həmçinin görünür ki, material üzrə araşdırma aparılsa da, nəticədə Cavabdeh şikayəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid bildirmişdir ki, iddiaçı ilə uzun müddətdir tanışdır. İddiaçı ona, bir nəfərin evini almaq istədiyini, həmin adam da pulun yarısını əvvəldən istədiyini demişdir. O, iddiaçı ilə birlikdə cavabdehin evinə getmiş və orada iddiaçı onun yanında cavabdehə 7000 manat pul vermişdir. Cavabdeh də pulu əlində olan paketin içərisinə qoymuşdur. Belə ki, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh məhkəmənin bütün iclasları barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, yalnız məhkəmənin hazırlıq iclasına gəlmiş və iddia tələbinə dair hər hansı təkzibedici sübutlarını təqdim etməmişdir. Onun məhkəmənin baxış iclasında iştirak etməməsi barədə məhkəməyə hər hansı bir üzürlü səbəbin olması barədə məlumat verməmişdir, iddia ərizəsinə dair etirazını məhkəməyə göndərməmişdir, iddia tələbinin əsassız olmasına dair hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar onun iddia tələbinin əsaslı olmasına dəlalət edir. Cavabdeh yuxarıda göstərildiyi kimi məhkəmə iclaslarına gəlmədiyindən və məhkəməyə öz sübutlarını təqdim etmədiyindən, məhkəmə iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda əks olunan izahatını araşdıraraq, belə nəticəyə gəlmişdir ki, cavabdeh törətdiyi əməli səmimi etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin təqsiri sübuta yetirilmiş qəbul olunur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlarla əlaqədar, məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehin ona borclu olmasını və cavabdehin həmin pulu ona qaytarmadığını sübut etmə yükü iddiaçının üzərinə, bunun əksini sübut etmə yükü isə cavabdehin üzərinə düşür. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 491.3-cü maddəsinə görə müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Məhkəmə hesab edir ki, iş materiallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında olan şifahi razılaşmaya əsasən, iddiaçı cavabdehdən ev almaq məqsədilə sonuncuya 7000 manat pul ödəmişdir. Lakin bu pul daşınmaz əmlaka sərəncam veriləməsi ilə bağlı olan müqaviləyə aid olsa belə, Mülki Məcəllənin 491.2-ci maddəsinə uyğun olaraq notarial qaydada verilməmişdir. Belə olan halda, bu münasibətlərə Mülki Məcəllənin 491.3-cü maddəsi tətbiq olunmalı və verilmiş pul avans kimi qəbul edilməlidir. Tərəflər arasında olan müqavilə icra edilmədiyindən, cavabdeh iddiaçıdan aldığı avans məbləği geri qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli dövlət rüsumunun ödənilməsi barədə qəbzdən müəyyən olunur ki, İddiaçı 60 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Dövlət Rüsumu haqqında Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi ödənilməlidir. Hazırki iddia tələbi üzrə dövlət rüsumu 60 manat təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia tələbi təmin edilsin. Cavabdeh 4000 manat pul və ödənilmiş 60 manat dövlət rüsumu, cəmi 4060 manat pul tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-245/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-245/2023
23.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver