Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2479/2021 28.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə etdiklərinin geri qaytarılmasına dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh cəmi 4800 (dörd min səkkiz yüz) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 4830 (dörd min səkkiz yüz otuz) manat pulun alınaraq mənə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi mülkiyyət hüququ ilə ona məxsusdur, həmin evdə 1999-cu il təvəllüdlü oğlu X1 ilə billikdə yaşayır. Cari ilin əvvəllərindən oğlu Ehtiramın evləndirilməsi üçün hazırlıq işlərinə başlamışdır. Oğlu Ehtiramın konkret olaraq sevdiyi qız yox idi. Aprel ayının əvvəllərində tanış adamlardan ona bildirmişlər ki, ünvan 2 ünvanda yaşayan cavabdeh Yaşarın subay qızı vardır, adı da Aygündür, Xaçmaz şəhərində marketlərin birində satıcı işləyir. Bundan sonra oğlu Ehtiram gedib iş yerində Aygünə baxmış və xoşu gəlmişdir. Bir neçə gündən sonra o və 2-3 nəfər yaxın qohumları cavabdehin evinə elçi getmişlər. Cavabdeh və arvadı Əminə onlarla qohum olmağa razılıq vermişlər. Cavabdeh kiçik sayda nişan məclisinin keçirilməsini istəmiş, bunun üçün də öz evində məclis keçirmək üçün ondan 200 manat pul istəmişdir. Səhərsi gün o, həmin məbləğdə pulu aparıb cavabdehə vermişdir. Üstündən təxminən 20 gün keçəndən sonra onlar cavabdehin evinə nişan məclisinə getmişlər. Cavabdehin evinə apardığı xonçalara və gələcək gəlini üçün aldığı paş-paltara ümumilikdə 850 (səkkiz yüz əlli) manat pulu çıxmışdır. Elə həmin məclisdə cavabdeh ondan 2000 (iki min) manat xərclik istəmiş, həmin xərclik pulu gətirəndə başqa adamın olmamasını, yalnız yaxın qohumlardan bir neçə nəfərin olmasını tapşırmışdır. O, da çarəsiz qalaraq cavabdehin istəyi ilə razılaşmışdır. 25.06.2021-ci il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 2000 manat pul alıb bacısı Balacaxanım, onun əri Elxan və oğlu Ehtiramın iştirakı ilə cavabdehə həmin pulu öz evlərində vermişdir. Həmin vaxt cavabdehlərlə qız toyu 13 iyul 2021-ci il tarixdə, oğlan loyu isə 20 iyul 2021-ci il tarixdə keçiriləcəkdir. 10 iyul 2021-ci il tarixdə oğlu Ehtiram və nişanlısı olan cavabdehin qızı Aygün günortadan sonra gəzintiyə çıxmışlar, Xaçmaz şəhərində yerləşən “Sevimli Soba” adlı kafedə otrub çay içərkən Aygünün telefonuna mesaj gəlmişdir, oğlu Ehtiram Aygündən mesajın kimin tərəfindən göndərildiyini soruşduqda, Aygün əvvəl telefonu Ehtirama göstərmək istəməmiş, Ehtiramın təkidlərindən sonra telefonu ona verdikdə oğlu Ehtiram Aygünün telefonuna gələn mesajın biyabırçı olduğunu görmüşdür. Həmin mesajın kim tərəfindən göndərildiyini soruşduqda Aygiin ilk əvvəl həmin şəxsin dayısı oğlu olduğunu bildirmişdir. Ehtiram Aygündən həmin şəxsin telefon nömrəsini istəmişdir ki, zəng edib onu bir daha belə mesajları göndərməmək üçün xəbərdarlıq etsin. Bu vaxt Aygün bildirmişdir ki, mesaj göndərən dayısı oğlu deyil başqasıdır, onu da sonraki vaxtda deyəcəkdir. Aygünün toy günündə oğlu Ehtiram onun yanında oturmaq istəmirdi. Çünki Aygün ona mesaj göndərən adamın kimliyini ona bildirməmişdir. Aygün toy günü Ehtirama zəng edib toyda iştirak etməsini xahiş etmiş, toydan sonra doğrusunu deyəcəyini bildirmişdir. Ehtiram gedib toyda iştirak etmiş, toydan sonra Aygündən həmin şəxsi soruşsa da, o, bildirməmiş, telefon özümündür və özüm bilərəm cavabını vermişdir. Bundan sonra oğlu Ehtiramla Aygünün münasibətləri tam pozulmuşdur. Ehtiram Aygünün valideynləri tərəfindən ona hədiyyə edilmiş qızıl nişan üzüyünü Aygünə qaytarmışdır. Oğlu Ehtiramın toyuna 5 gün qalmış onlar cavabdehin evinə gedərək, cavanları barışdırmaq istəmişlər. Lakin cavabdeh onları evindən qovmuş və nişanda apardıqları qızılları və kosmetikanı onlara qaytarmışdır. Vəziyyətin bu cür aldığını görüb o, cavabdehdən ona verdiyi 2000 manat xərclik pulunu və qızı Aygün üçün nişanda gətirdiyi xonçaların pulunu və paltarlarıda qaytarmasını xahiş etmişdir. Aralarında xırda mübahisə düşdüyü üçün cavabdeh evində sahə müvəkkili İlham müəllimi çağırmış, 5-10 dəyqədən sonra sahə müvəkkili İlham və başqa bir nəfər gəlmiş, o, İlham müəllimdən cavabdehlə onları barışdırmasını xahiş etmişdir. Çünki o, oğlunun toy məclisini keçirmək istəyirdi. Lakin cavabdeh sakitləşmək istəməmiş, başqa ağır hadisənin baş verməməsi üçün sahə müvəkkili ondan çıxıb getməsini xahiş etmişdir. O, 2 gündən sonra gəlib cavabdehdən 2000 manat xərclik pulunu alıb ona verəcəyini bildirmişdir. O, da sahə müvəkkilinin sözünə qulaq asıb cavabdehin evidnən çıxıb getmişdir. 20 iyulda Ehtiramın toy məclisini gəlinsiz keçirmişlər. Çünki artıq toy dəvətnamələri paylanmış və heç cür toyu saxlatdıra bilməzdilər. Beləliklə cavabdehlə qohumluqları baş tutmamış, cavabdehin qızı Aygün ilə onun oğlu Ehtiram ailə həyatı qurmamışlar. Cavabdeh ondan aldığı 2000 manat xərclik pulunu və nişan vaxtı onun evinə apardığı şirniyyat xonçalarının dəyəri olan 1000 manat pulu və cavabdehin qızı Aygün üçün apardığı paş-paltarın dəyəri olan 1500 manat pulu ona könüllü olaraq ödəməkdən imtina edir. Bundan da əlavə o, cavabdehin qızının toyuna 300 manat pul saldığını bildirmişdir. Cavabdeh həmin pulu da ona qaytarmalıdır. Qeyd olunanlarla əlaqədar iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq tələb etdiyi 4800 manat pul ilə bağlı çəkilişin olmamasını, 2000 manat məbləğində xərci də özünün cavabdehə verdiyini və həmin pulu cavabdehə verəndə onların yanlarında heç kimin olmdığını, toyun baş tutmaması onun oğlu ilə cavabdehin qızının birgə qərarının nəticəsində oldğunu göstərmişdir. Həmçinin, iddiaçı iddia tələbilə bağlı məhkəməyə təqdim edəcəyi əlavə sübutların olmamasını qeyd etmiş və iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh iddianı qəbul etməyərək izahatında iddiaçının ona böhtan atdığını, ona 2000 manat xərc vermədiyini, polis əməkdaşını iddiaçı ilə aralarındakı münaqişənin həll edilməsi üçün onun çağırdğını və polis əməkdaşının da gəlib iddiaçını sakitləşdirib getdiyini, ancaq onlardan heç bir izahat alınmadığını, araşdırma aparılmadığını bildirmişdir. İddiaçı qızı üçün xonçalar və paltarlar gətirmiş, ancaq sonradan xonçalar və paltarlar ona qaytarılmışdır. İddiaçı qız toyuna 300 manat pul salmış, ancaq əvəzində toya onun tərəfindən 30 nəfər adam gəlmiş, yeyib-içib getmişdir. Onun restorana 2700 manat xərci çıxmışdır. O, 2000 manat ət almağa, 1000 manatdan artıq da ərzaq almağa pul xərcləmişdir. İddianın heç bir əsası olmadığını hesab edir və təmin edilməməsini xahiş edir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan 23.08.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, idda ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu köçürülmüşdür. AR MM-nin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Göründüyü kimi mülki-prosessual qanunvericilikdə işdə iştirak edən şəxslərin izahatları da sübut növü kimi qəbul olunur. Lakin bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır. İşin araşdırılmış hallarından müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə verildiyini iddia etdiyi pul məbləğləri onların övladlarının toy məclisinin təşkili ilə bağlı könüllü olaraq verilmiş və məhz onların övladlarının razılaşmaları əsasında toy məclisi baş tutmamışdır. Həmçinin, iddiaçı tərəfindən həmin pul məbləğlərinin cavabdehə verildiyini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də, məhkəmə iddianın təmin edilməməli olduğunu hesab edir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə etdiklərinin geri qaytarılmasına dair iddia ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-2479/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2479/2021
28.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver