Məhkəmə qərarları › İş №2(067)-25/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-25/2021

02.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-25/2021 02.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X7, İddiaçı1 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu Bostançı kəndi ərazisində mülkiyyətlərində olan torpaq sahəsinə münasibətdə Cavabdeh tərəfindən qəsd edilən hərəkətlərə son qoyulmaqla tərəfindən istifadə olunan hissəsinin boşaldılaraq yolun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddianı onunla əsaslandırmışlar ki, Xaçmaz rayonun Bostançı ərazisində iddiaçılardan İddiaçı1 və ailə üzvlərinə X4 xx.xx.1998-ci il tarixli 03 nömrəli qərarı ilə Xaçmaz rayonunun Bostançı kəndi ərazisindən 1,93 ha torpaq sahəsi verilmiş, hüquqları “Torpağa mülkiyyət hüququna dair” JN-229 saylı, 30208028 kodlu Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. X1 hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya RX, nömrə ******* saylı, **********29 reyestr nömrəli çıxarışa əsasən Bostançı kəndi ərazisində 0,7298 ha torpaq sahəsi məxsusdur. Qeyd olunan hər iki torpaq sahəsinə gedən yol cavabdehə məxsus 2,114 ha torpaq sahəsinin yanından keçir. Cavabdeh yol üçün nəzərdə tutulmuş ərazini də öz torpaq sahəsinə qataraq istifadə edir. Halbuki, X5 məxsus pay torpaq sahəsinin cavabdeh istiqamətində olan hissəsindən yuxarı başdan enliliyi 10 metr, aşağı başdan isə enliyi 4 metr olmaqla yol saxlamışlar ki, ərazidən sərbəst surətdə keçmək mümkün olsun. Çünki, əks halda iddiaçılardan İddiaçı1 məxsus pay torpaq sahəsinə getmək üçün əlavə 3 km yol qətt etmək tələb olunur. Elə bu məqsədlə də yəni, yolun qısaldılması üçün Hacıxanın torpaq sahəsində yol saxlamışlar. Cavabdeh həmin yolu zəbt edərək istifadə edir. Cavabdehə dəfələrlə təklif etmişdir ki, yol üçün saxladıqları ərazini boşaltsın. Lakin o, inadkarlıq edərək torpaqdan istifadə etməyə davam edir. Onun istifadəsində normadan artıq torpaq sahəsinin olduğunu ölçmə işləri aparmaqla da yerində müəyyən etmək mümkündür. Ünvan reyestri xidmətinin Xaçmaz şöbəsinə müraciət etmişlər mütəxəssis əraziyə baxış keçirərək, həqiqətən də onların yol üçün saxladıqları ərazinin cavabdeh tərəfindən istifadə edilməsini müşahidə etmiş və onlara məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Hətta bundan sonra da cavabdeh inadından əl çəkməmişdir. Cavabdehin torpaq sahəsini buraxmadığına görə dövlətin verdiyi torpaq sahəsindən təyinatına görə istifadə edə, əkib-becərə bilmirlər. Halbuki, dövlət səviyyəsində kənd təsərrüfatının inkişafına, kənd təsərrüfatı məhsulların yetişdirilməsinə xüsusi önəm verilir. Cavabdeh öz inadkarlığı ilə hətta dövlətin siyasətinin də həyata keçirilməsinə qarşı çıxır. Bu səbəbdən də məhkəmə müdafiəsindən yararlanmaq qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, əlavə olaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 10/3716 saylı ekspert rəyi ilə razı olmadığını bildirmişdir. xx.xx.2019-cu il tarixli məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixli məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, özünə məxsus torpaq sahəsindən istifadə edir, iddiaçıların torpaq sahəsinə gedən yoldan istifadə etmir. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmənin xx xxxxxx 2021-ci il tarixli 2(067)-25/2021 saylı qərardadı ilə İddiaçı2 Cavabdeh qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı1 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, onun iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-229 seriyalı 30208028 saylı Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 03 saylı qərarı ilə Xaçmaz rayonu, Bostançı kəndi ərazisindən 1.93 ha torpaq sahəsi İddiaçı1, X2 və X8 paylı mülkiyyətinə verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışdan və A№ 367008 saylı Torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, Xaçmaz rayonunun Bostançı kəndi ərazisində yerləşən 0.7298 ha torpaq sahəsi İddiaçı2 mülkiyyətindədir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışdan və A№ 203144 saylı Torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, Xaçmaz rayonu Bostançı kəndi ərazisində yerləşən 2.114 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 3714 saylı rəyindən müəyyən olunur ki, torpağa mülkiyyət hüququna dair JN-229 seriyalı 30208028 saylı Dövlət Aktında göstərilmiş Xaçmaz rayonu, Bostançı kəndi ərazisindən 1.93 ha torpaq sahəsinə və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışda göstərilmiş Xaçmaz rayonu, Bostançı kəndi ərazisində yerləşən 0.7898 ha torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 10/3716 saylı ekspert rəyindən müəyyən olunur ki, Torpağa mülkiyyət hüququna dair JN-229 seriyalı 30208028 saylı Dövlət Aktı ilə İddiaçı1 və ailə üzvlərinə verilmiş torpaq sahəsi cavabdeh tərəfindən istifadə edilmir. DƏDRX tərəfindən İddiaçı2 verilmiş **********29 reyestr saylı Torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən 0,7298 ha torpaq sahəsinin 0,5195 ha hissəsi cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Qeyd etmək lazımdır ki, DƏDRX tərəfindən İddiaçı2 verilmiş **********29 reyestr saylı torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlarla onun faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları arasında kəskin fərq vardır. Torpağa mülkiyyət hüququna dair JN-229 seriyalı 30208028 Torpağa mülkiyyət hüququna dair JN-229 seriyalı 30208028 saylı Dövlət Aktında göstərilmiş Xaçmaz rayonunun Bostançı kəndi ərazisində yerləşən 1,93 ha torpaq sahəsi Cavabdeh torpaq sahəsi ilə üst-üstə düşmür. Torpağa mülkiyyət hüququna dair JN-229 seriyalı 30208028 Dövlət Aktında göstərilmiş Xaçmaz rayonu Bostançı kəndi ərazisində yerləşən 1,93 ha torpaq sahəsinin və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışda göstərilmiş Xaçmaz rayonu Bostançı kəndi ərazisində yerləşən 0,7298 ha torpaq sahəsi Cavabdeh verilmiş **********80 reyestr saylı çıxarışa əsasən 2,114 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair elektron baza məlumatları olmadığından və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məılumatıları əlavə edilmədiyindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə mübahisəli təhqiqatının aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 10 (on) manat dövlət rüsumu köçürülmüşdür Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X6 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti 11 aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydata daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşları mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torppaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən həyata keçirilir. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli 2 №-li Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Həmin Qərarın 6-cı bəndinə əsasən torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir.Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla torpağa mülkiyyət hüququna dair JN-229 seriyalı 30208028 saylı Dövlət Aktında göstərilmiş Xaçmaz rayonu, Bostançı kəndi ərazisindən 1.93 ha torpaq sahəsinə və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışda göstərilmiş Xaçmaz rayonu, Bostançı kəndi ərazisində yerləşən 0.7898 ha torpaq sahəsinə gediş-gəliş yolunun nəzərdə tutulmadığı və cavabdeh tərəfindən iddiaçının torpağından istifadə etməsinə maneələr olmadığı müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə İddiaçı1 iddiasının təmin edilməməli olduğunu hesab edir. İddia tələbi təmin edilmədiyindən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul İddiaçı1 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK JTREAZ.22 hesabına köçürülməli, həmçinin, iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı1 Cavabdeh qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair iddiası təmin olunmasın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul İddiaçı1 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK JTREAZ.22 hesabına köçürülsün. İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar