Məhkəmə qərarları › İş №2(067)-25/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-25/2022

04.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-25/2022 04.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Rafik oğlunun iştirakı ilə İddiaçı Cavabdeh3 Buba oğluna, Cavabdeh1 və Cavabdeh2 Rafik oğluna qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə 04 aprel 2022-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh3 Buba oğlundan, Cavabdeh1, Cavabdeh2 Rafik oğlundan Quba rayonu İdrisi kəndində yerləşən ona məxsus bağ evinə vurduqları 6000 manat maddi, 2000 manat mənəvi və 2000 manat əldən çıxmış gəlirin, ümumilikdə 10000 manat zərərin əvəzinin müştərək qaydada tutularaq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Quba rayonu İdrisi kəndində yerləşən ona məxsus bağ evinin 3 ədəd qapısını, 2 ədəd plastik pəncərəsini, 1 ədəd işlək Panasonic markalı televizoru, 1 ədəd DVD aparatını, 1 ədəd taxta materialı şabalıdı rəngli çarpayı, 1 ədəd şabalıdı rəngli paltar rəfi, 1 ədəd odun sobası, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd curnal stolu, 1 ədəd ofis oturacağı, 1 ədəd qəhvəyi rəngli taxta materiallı masa və 6 ədəd oturacaqlar, eyvanda yerləşən tavan və otaqların ümumilikdə 60 kv.metrlik ağ rəngli lambiri, 50 kv.metrlik taxta polu, 15 kv.metrlik hamam otağının kafel və avadanlıqlarını, həmçinin mətbəx otağının kafel və avadanlıqları, evin dam örtüyünün yarısını (andulin materialından) onun xəbəri və razılığı olmadan söküb aparmışlar və evini yararsız hala salaraq ona 6000 manat məbləğində maddi və 2000 manat məbləğində mənəvi zərər vurmuşlar. Javabdehlər Quba rayon polis şöbəsində verdikləri izahatları ilə də təsdq edirlər ki, ona məxsus bağ evindən 3 ədəd qapı, 2 ədəd pəncərə, 1 masa, 1 odun sobası, 1 divan, 2 ədəd kreslo, 1 ədəd çarpayı, 1 ədəd paltar rəfini 28 avqust 2019-cu il tarixdə öz avtomaşını ilə aparmışlar. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, bağ evlərində olan bütün əşyaları da cavabdehlər aparmışlar. Belə ki, cavabdehlər özləri də etiraf edirlər ki, bağ evini söküb əşyaları aparıblar. Həmin evdə cavabdehlərin heç bir əmlakı olmayıb. Evin ona məxsus olması tam sübut olunur. Məhkəmə iclasında Cavabdeh1 və Cavabdeh2 Rafik oğlu iddianı qəbul etməyərək göstərmişlər ki, 3 ədəd qapı, 2 ədəd pəncərə, 1 ədəd masa, 1 ədəd odun sobası, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd çarpayı, 1 ədəd paltar rəfi onlara məxsus əşyalardır və qeyd olunan əşyaları onlar 28 avqust 2019-cu il tarixdə Cavabdeh3 ilə birlikdə «Ford-Tranzit» markalı avtomaşınla təmir etmək üçün mebel təmiri sexinə aparmışlar. Məhkəmə iclasının vaxtı və yeri barəsində difər cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarıını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyindən müəyyən olunur ki, Quba rayonu İsnov bələdiyyəsinin qərarı ilə 2006-cı ildə Qasımqışlaq kənd ərazisində İddiaçı ayrılmış 2,0 ha torpaq sahəsi ilə qonşu olan torpaq sahəsində tikilmiş mübahisə predmeti olan evin torpaq sahəsi vahid elektron baza məlumatlarında olan yerquruluşu xəritələrinə əsasən bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı kollu örüş ərazisidir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 16.06.2021-ci il tarixli 10/2464 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Quba rayonu İsnov bələdiyyəsinin qərarı ilə 2006-cı ildə Qasımqışlaq kənd ərazisində İddiaçı ayrılmış 2,0 ha torpaq sahəsi ilə qonşu olan torpaq sahəsində tikilmiş mübahisə predmeti olan evin torpaq sahəsi vahid elektron baza məlumatlarında olan yerquruluşu xəritələrinə əsasən bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı kollu örüş ərazisidir. İş materiallarında olan Quba rayon Zərqava bələdiyyəsinin 14.10.2020-ci il tarixli 28 nömrəli arayışından müəyyən olunur ki, Quba rayonu Zərqava bələdiyyəsinə aid torpaq sahəsində İddiaçı tərəfindən 2006-cı ildə bağ evi tikilmişdir. Həmin ildən tikili onun istifadəsindədir və İddiaçı aiddir. Quba rayon İsnov bələdiyyəsinin 03 saylı qərarı ilə Qasımqışlaq kənd ərazisində İddiaçı 2,0 hektar torpaq sahəsi satılmışdır. Sözügedən tikili 2,0 hektar sahəyə bitişik olan bələdiyyə torpağında tikilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 16.01.2022-ci il tarixli 9/8423 nömrəli ekspert rəyindən müəyyən olunur ki, iddia ərizəsində göstərilən əşyaların nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3870,0 manat müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh3 Buba oğlundan, Cavabdeh1 və Cavabdeh2 Rafik oğlundan müştərək qaydada 3870 manat məbləğində pul və mənəvi zərərin dəyəri olan 100 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Ödənilmiş 30,40 manat dövlət rüsumunun 15 manatı cavabdehlərdən alınaraq iddiaçıya verilsin. 15,40 manat isə iddiaçıya aid edilsin. Mütəxəssis rəyinin dəyəri olan 190 manat məbləğində pulun 95 manatı cavabdehlər Cavabdeh3 Buba oğlundan, Cavabdeh1 və Cavabdeh2 Rafik oğlundan müştərək qaydada, 95 manatı isə iddiaçıdan alınaraq Kapitalbank ASC Xətai filialı, kod 200071, VÖEN **********, SWİFT: AİİBAZ2X, Mühbir hesab AZ37NABZ********************, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VOEN **********, AZ23AİİB******************** nömrəli hesaba keçirilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat məbləğində pulun 75 manatı cavabdehlər Cavabdeh3 Buba oğlundan, Cavabdeh1 və Cavabdeh2 Rafik oğlundan müştərək qaydada, 75 manatı isəiddiaçıdan alınaraq X2, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar