Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2531/2021 30.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mixaylovnaya qarşı əqdin etibarlı sayılması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mixaylovna ilə Xaçmaz rayonunun Çaykənarı kəndində yerləşən JN-219A seriyalı 30204018 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,29 ha torpaq sahəsinə dair aralarında 17.07.2003-cü il tarixdə bağlanmış alqı-satqının etibarlı hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 17 iyul 2003-cü ildə ər-arvad olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mixaylovnadan Xaçmaz rayonunun Çaykənarı kəndində yerləşən 0,29 ha torpaq sahəsində yerləşən evi torpaq sahəsi ilə birlikdə notarial qaydada təsdiq edilmiş 17.07.2003-cü il tarixli 4Ə/3-386 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə satın almışdır. Alqı-satqı müqaviləsində ev alqı-satqı predmeti kimi göstərilsə də, həmin vaxt torpaq sahəsinin mülkiyyət sənədi olmadığından torpaq sahəsi alqı-satqı predmeti kimi göstərilməmişdir. Lakin müqavilədə 0,29 ha torpaq sahəsində yerləşən evi satın aldığı qeyd edilmişdir. O, fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə satın almışdır. Satın aldığı evə dair adına 21.07.2003-cü il tarixli 232 reyestr nömrəli qeydiyyat vəsiqəsi verimişdir. Cavabdehlər evi və torpaq sahəsini ona satandan bir müddət sonra Rusiya Federasiyasına köçmüşlər və həmin vaxtdan onların harada yaşamaları barədə məlumatı yoxdur. Keçmiş müddət ərzində Azərbaycan Respublikasına gəlməmişlər və onların burada heç kimi qalmamışdır. Bu yaxınlarda o, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə satın aldığı evə dair reyestrdən çıxarış sənədi almaq üçün müraciət edəndə ona məlum olmuşdur ki, evin yerləşdiyi 0,29 ha torpaq sahəsinə dair cavabdehlərin adına sonradan JN-219A seriyalı 30204018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənilmişdir. Bu səbəbdən o, reyestrdən çıxarış sənədi ala bilməmişdir. Onun cavabdehlərin hazırda harada olduqları haqqında məlumatı yoxdur, ona görə də torpaq sahəsinə dair alqı-satqını rəsmiləşdirə bilməmişdir. Bunun nəticəsində onun hüquqları pozulmuşdur. Lakin o, 17.07.2003-cü il tarixdə qeyd olunan torpaq sahəsini faktiki olaraq satn almış və həmin ildən satın aldığı fərdi ev və torpaq sahəsi onun istifadəsi və sahibliyindədir. O, satın aldığı evin və torpaq sahəsinin pulunu ödəmiş, cavabdehlər torpağı ona təhvil verərək pulunu almışlar. O, bu vaxta qədər torpaqdan təyinatına görə istifadə edir və bununla əlaqədar heç bir problemi olmamışdır. İddiaçı qeyd olunanlarla əlaqədar hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq mübahisəli evi torpaq sahəsi ilə birlikdə 30000000 manata satın aldığını, cavabdehlərdən evi və torpaq sahəsini birlikdə satın aldığını məhkəmə iclasına gətirdiyi şahidlərinin də təsdiq edə biləcəklərini, həmçinin, evə və torpağa dair heç kimin iddiası, tələbi olmadığını göstərmişdir. Göstərilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mixaylovnaya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mixaylovnanın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 ifadəsində göstərmişdir ki, iddiaçının həyat yoldaşıdır, cavabdehləri də onlardan ev və torpaq sahəsi satın almaqları ilə əlaqədar tanıyır, tərəflərlə ədavəti və düşmənçiliyi yoxdur. Qeyd etmişdir ki, həyat yoldaşı İddiaçı 17 iyul 2003-cü ildə cavabdehlərdən Xaçmaz rayonunun Çaykənarı kəndində yerləşən 0,29 ha torpaq sahəsində yerləşən evi torpaq sahəsi ilə birlikdə notarial qaydada təsdiq edilmiş 17.07.2003-cü il tarixli 4Ə/3-386 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə 30000000 manata satın almışdır. Alqı-satqı müqaviləsində ev alqı-satqı predmeti kimi göstərilsə də, həmin vaxt torpaq sahəsinin mülkiyyət sənədi olmadığından torpaq sahəsi alqı-satqı predmeti kimi göstərilməmişdir. Həyat yoldaşı satın aldığı evə dair adına 21.07.203-cü il tarixli 232 reyestr nömrəli qeydiyyat vəsiqəsi almışdır. Cavabdehlər evi və torpaq sahəsini satandan bir müddət sonra Rusiya Federasiyasına köçmüşlər və həmin vaxtdan onların harada yaşamaları barədə məlumatları yoxdur. Bu yaxınlarda həyat yoldaşı DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə satın aldığı evə dair reyestrdən çıxarış sənədi almaq üçün müraciət edəndə məlum olmuşdur ki, evin yerləşdiyi 0,29 ha torpaq sahəsinə dair cavabdehlərin adına sonradan JN-219A seriyalı 30204018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənilmişdir. Bu səbəbdən onlara reyestrdən çıxarış sənədi verilməmişdir. Onlar 2003-ci ildən cavabdehlərdən satın aldıqları torpaq sahəsindən və evdən öz əmlakları kimi istifadə edirlər. Evə və torpaq sahəsinə dair heç kimin iddiası və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 iddiaçının qohumu olduğunu, cavabdehləri də iddiaçıya ev və torpaq sahəsi satmaları ilə əlaqədar tanıdığını, tərəflərlə ədavəti və düşmənçiliyi olmadığını bildirmişdir. İddiaçı 17 iyul 2003-cü ildə cavabdehlərdən Xaçmaz rayonunun Çaykənarı kəndində yerləşən 0,29 ha torpaq sahəsində yerləşən evi torpaq sahəsi ilə birlikdə notarial qaydada təsdiq edilmiş 17.07.2003-cü il tarixli 4Ə/3-386 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə satın almışdır. Tərəflərin razılaşması onun yanında olmuşdur. İddiaçı cavabdehlərdən evi və torpaq sahəsini birlikdə satın almışdır. Lakin alqısatqı müqaviləsində ev alqı-satqı predmeti kimi göstərilsə də, həmin vaxt torpaq sahəsinin mülkiyyət sənədi olmadığından torpaq sahəsi alqı-satqı predmeti kimi göstərilməmişdir. Cavabdehlər evi və torpaq sahəsini satandan bir müddət sonra Rusiya Federasiyasına köçmüşlər və hazırda onların harada yaşamaları barədə məlumat yoxdur. İddiaçı 2003-ci ildən cavabdehlərdən satın aldığı torpaq sahəsindən və evdən öz əmlakı kimi istifadə edir, evə və torpaq sahəsinə dair heç kimin iddiası və tələbi yoxdur. İddiaçının cavabdehlərdən evi və torpaq sahəsini birlikdə satın aldığını təsdiq edir. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərkən hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə mübahisələndirilən pay torpaq sahəsinin alqı-satqısına dair cavabdehlə aralarında əqdin bağlandığını və həmin əqdin etibarlı hesab edilməsi üçün qanunvericilikdə müəyyən olunmuş əsasların mövcud olduğunu sübutetmə yükü iddiaçının üzərinə düşür. İş materiallarında olan JN-219A seriyalı 30204018 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən müəyyən olunur ki, AİK-nin 24.07.1998-ci il tarixli 08 saylı qərarı ilə Cavabdeh1 və Cavabdeh2 Mixaylovnanın mülkiyyətinə Xaçmaz rayonunun Çaykənarı kəndindən 0,29 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan 17.07.2003-cü il tarixli alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1 Xaçmaz rayonunun Çaykənarı kəndindəki 0,29 ha torpaq sahəsində yerləşən evi 30000000 manata İddiaçı satmışdır. İş materiallarından müəyyən olunur ki, İddiaçı alqı-satqı müqaviləsinə əsasən aldığı Xaçmaz rayonunun Çaykənarı kəndində yerləşən evə dair öz adına 21.07.2003-cü il tarixli 232 reyestr nömrəli qeydiyyat vəsiqəsi almışdır. İş materiallarında olan 30.08.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 20 (iyirmi) manat dövlət rüsumu köçürülmüşdür. A.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2004-cü il tarixli qərarında izah edilir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsepsual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna blər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Məhkəmə şərh olunanlara əsasən və konkret işin hallarını tədqiq edərək hesab edir ki, tərəflər arasındakı alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması mübahisəli torpaq sahələrinə alqısatqı müqaviləsinin etibarlı hesab edilməməsi üçün əsas ola bilməz. Belə olan halda iddiaçının qeyd olunan torpaq sahəsinə münasibətdə pozulmuş hüquqları bərpa edilə bilər. İddiaçının izahatından və şahidlərin ifadələrindən müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında Xaçmaz şəhəri, H.Əliyev küçəsi 17-də yerləşən yaşayış evi və evin yerləşdiyi 0,0336 ha həyətyanı torpaq sahəsinin alqı-satqısına dair əqd bağlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmə əqdi etibarlı saya bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib, əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendum ilə qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə müvafiq olaraq bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına qoşulması milli məhkəmələr tərəfindən İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Konvensiyanın 46-cı maddəsi İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəyə malik olmasını təsbit edirsə, Konvensiyanın 32-ci maddəsi onların presedent əhəmiyyətinə malik olmasına zəmin yaradır. Həmin maddəyə müvafiq olaraq Avropa Məhkəməsinin Konvensiyanın hər hansı maddəsi ilə bağlı verdiyi şərh həmin maddənin tərkib hissəsinə çevrilir və ona görə də məcburi hüquqi qüvvə kəsb edir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Avropa Məhkəməsinin presedentini Konvensiya müddəalarının şərhi kimi qəbul etsək, göstərilən şərhlərə Konvensiyanın tərkib hissəsi kimi baxılmalıdır. Belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan Respublikasında bütün məhkəmələr Konstitusiyasının 12-ci maddəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarını Konvensiyanın mətni ilə yanaşı, həmçinin Avropa Məhkəməsinin qərarlarında ona verilən şərhə uyğun tətbiq etməlidir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi özünün “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Məhkəmə işdə olan sübutların məcmusuna hüquqi qiymət verərkən, yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməli və İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mixaylovna arasında Xaçmaz rayonunun Çaykənarı kəndində yerləşən JN-219A seriyalı 30204018 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,29 ha torpaq sahəsinə dair 17.07.2003-cü il tarixdə bağlanmış əqd etibarlı hesab edilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-cı, 241- 242-ci, 244-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mixaylovna arasında Xaçmaz rayonunun Çaykənarı kəndində yerləşən JN-219A seriyalı 30204018 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,29 ha torpaq sahəsinə dair 17.07.2003-cü il tarixdə bağlanmış əqd etibarlı hesab edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-2531/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2531/2021
30.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver