Məhkəmə qərarları › İş №2(067)-2677/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2677/2022

20.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2677/2022 20.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızınun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı icra qeydinin ləğvi tələbinə dair mülki işə Xaçmaz Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon 1 saylı Notariat Ofisinin xüsusi Notariusunun 10 fevral 2022-ci il tarixli reyestrdə 8İ-1527 nömrə ilə qeyd edilmiş icra qeydinin ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusunun 10 fevral 2022-ci il tarixli icra qeydinə əsasən ünvan 1 ünvanında yerləşən Cavabdeh ASC-nin xeyrinə ondan DP/20768/50/19 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 3099 ABŞ dolları 63 sent pulun tutulması, bundan əlavə 25 manat məbləğində dövlət rüsumu pulun tutulması qərara alınmışdır. İcra qeydinin mövcud olmasını Xaçmaz Rayon İcra və Probasiya Şöbəsindən ona çağırış olduqdan sonra bilmiş və xx.xx.2022-ci il tarixdə icra qeydinin surətini elə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən əldə etmişdir. Aşağıda göstərilənlərə əsasən icra qeydi ləğv edilməlidir. “Notariat haqqında” Azərbaycan Respubllikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Cavabdeh ASC məhkəməyə ərizə ilə müraciət edərək X2 və ondan 5258,54 ABŞ dolları əsas, 1743,45 ABŞ dolları faiz cəmi 7001,99 ABŞ dolları məbləğində pulun "xxxx" ASCnin xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Xaçmaz rayon məhkəməsinin 12 fevral 2019-cu il tarixli 2(067)-172/2019 saylı qərardadı ilə Cavabdeh ASC-nin X4 və ona qarşı borc tələbinə dair iş üzrə icraat dayandırılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli 2(105 )- 2065/2019 saylı qərardadı ilə iddiaçı Cavabdeh ASC-nin şikayəti təmin edilməmiş, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-172/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə icraatın dayandırılmasına səbəb əsas borclu X3 vəfat etməsi və ondan miras qalmış əmlaka vərəsələrindən heç birinin qərardad çıxarılan günə notariat orqanına müraciət etməmələri səbəb olmuşdur. İş üzrə icraatın dayandırılması barədə qanuni qüvvəyə malik qərardadlar mövcud olduğundan iş üzrə notarius tərəfindən icra qeydinin verilməsi qanuni və əsaslı hesab edilə bilməz. xx.xx.2014-cü ildə Xanbala Babayev ona zəng edərək oğluna ev tikmək üçün ona pul lazım olduğunu dedi. Onunla iş yoldaşı olmuşdur. Kredit götürməsi üçün zamin durmuşdur. O, 3000 manat zaminlik müqaviləsinə imza etmişdir.2017-ci ildə ona məlum oldu ki, Xanbala Babayev vəfat etmişdir. O, vəfat edəndən sonra ona dedilər ki, banka olan borcu qalmışdır. O, ondan maraqlananda o, borcu ödədiyini demişdi. Onun ailəsi övladları var onun borcunu o, yox onlar ödəməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, restrukturizasiya düşdükdən sonra 1 dəfə noyabr ayında ödəniş etmiş, lakin ödəniş etməsi barədə qəbzləri olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Xaçmaz rayon 1 saylı Notariat ofisi lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh ASC ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-172/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadına əsasən Cavabdeh ASC-nin X4 və qeyrisinə qarşı borc tələbi üzrə icraat X5 11 may 2017-ci il tarixdə vəfat etdiyin görə dayandırılmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli 2(105 )-2065/2019 saylı qərardadına əsasən Cavabdeh ASC-nin şikayəti təmin edilməmiş, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)- 172/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi mübahisələndirilən icra qeydi üzrə tələb mülki iş olaraq bir müddət əvvəl məhkəmə icraatına verilib və hazırda məhkəmə baxışının predmetidir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədi sayılır. “Notariat Haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Xaçmaz rayon 1 saylı Notaruat Ofisinin xüsusi Notariusunun 10 fevral 2022-ci il tarixli reyestrdə 8İ-1527 nömrə ilə qeyd edilmiş icra qeydi ləğv edilsin. İddiaçı Cavabdeh ASC-yə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar