Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-274/2025 12.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona vurulmuş maddi zərərin əvəzi olan 3900 (üç min doqquz yüz) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 59 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Qusar rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmişdir. Hökmlə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən onun etibarından sui istifadə etməklə pul vəsaiti olan 3900 manat ələ keçirilmişdir. Cavabdeh bu günədək həmin məbləği qaytarmamış və tərəfindən ona dəfələrlə yazılı xəbərdarlıq göndərilməsinə baxmayaraq vurduğu ziyanı geri ödəməmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh bankdan onun adına 18 faizlə 3 illik müddətinə 2800 manat kredit götürmüşdür. Cavabdeh krediti ödəmədiyi üçün ona 4400 manat məbləğində borc hesablanıb. Həmin məbləğdən 1130 manat pulu cavabdeh ona qaytarmışdır. Cavabdeh bundan əlavə olaraq anasının xəstəliyi ilə əlaqədar ondan pul götürüb. Əvvəl 830 manat pul almışdı, 150 manat pulu qaytarıb. O kreditə görə 4493 manat məbləğində pul ödəmiş, həmin məbləğ kartdan çıxılıb. Cavabdeh isə ona 1130 manat pul qaytarıb. Qusar rayon məhkəməsinin hökmü ilə cavabdehdən ona ödənilməli pul təyin olunub. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Qusar rayon məhkəməsinin 30 may 2017-ci il tarixli, 1(029)-29/2017 nömrəli hökmündən müəyyən olunur ki, Cavabdeh 2015-ci ilin may ayının axırlarında Qusar rayonu Xurel kəndində yaşayan İddiaçı özünün xəstə anasını müalicəyə aparacağını və pulunu növbəti ay qaytaracağı adı ilə aldadıb bu məqsədlə İddiaçı 200 manat pulu ələ keçirmiş və öz ehtiyaclarına xərcləyib qaytarmamaqla, təkrarən, 2015-ci ilin iyul ayının ortalarında, Qusar rayonu Xiirel kəndində özünün vəfat etmiş anasının yas mərasimini keçirməyə maddi ehtiyacı olması adı ilə İddiaçı aldadıb sonradan 150 manat pulunu alaraq öz ehtiyaclarına xərcləyib qaytarmamaqla, təkrarən 2015-ci ilin iyul ayının sonlarında Qusar rayonu Xürel kəndində İddiaçı ata evinin öz adına keçirmək üçün sənədləşmənin aparılması məqsədi ilə maddi ehtiyacı olması adı ilə aldadıb sonuncunun adına olan kartları götürüb həmin kartların hesabından 315 manat çıxarıb ələ keçirərək pulu öz ehtiyaclarına xərcləyib qaytarmamaqla, təkrarən, 2015-ci ilin avqust ayının sonlarında İddiaçınm adına olan kartın birinin hesabından 165 manat pul çıxarıb ələ keçirərək pulu öz ehtiyaclarına xərcləyib qaytarmamaqla, təkrarən 01 sentyabr 2015-ci il tarixdə Qusar şəhərində özünün işə düzəlməsi üçün pula ehtiyacı olması adı ilə İddiaçı aldadaraq sonuncunun adına X5 rayon filialından 2800 manat pulu kreditə sənədiəşdirməklə həmin pulu tam şəkildə ələ keçirib qaytarmamaqla dələduzluq etmişdir. Qeyd olunan hökmdə cavabdeh özünü təqsirli bilmişdir. -Ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 60 manat rüsum ödənilmişdir. -ödəniş kartı üzrə çıxarışlardan görünür ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Qusar rayon filialından aldığı 2800 manat məbləğində krediti ödəniş cədvəlinə əsasən müxtəlif vaxtlarda ödənişlər etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyanın 68-ci maddəsinin İİ hissəsi cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının qanunla qorunmasını bəyan edir və zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Beləlliklə məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı aldadaraq pulunu ələ keçirməklə dələduzluq etməsi ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 178.2.2 maddəsi ilə təqsirli bilinərək cinayət işi açılmış və cavabdeh Qusar rayon məhkəməsinin hökmü ilə təqsirli bilinmiş və cinayət məsuliyyətinə cəlb edilmişdir. Həmin hökmdə cavabdeh özünü təqsirli bilmişdir. İddiaçı İddia tələbində cavabdehin ona 3900 manat pul ödəməli olduğu bildirsə də, Qusar rayon məhkməsinin 30 may 2017-ci il tarixli, 1(029)-29/2017 nömrəli hökmü ilə müəyyən edilir ki, cavabdeh iddiaçıya ümumilikdə 3630 manat maddi ziyan vurmuş, daha sonra isə iddiaçının bildirməsinə görə ona həmin puldan 1130 manat məbləğində pul qaytarmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi ödəniş kartı üzrə çıxarışdan müəyyən edilmişdir ki, iddiaçının bank kartından xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək kredit borcu üzrə ümumilikdə 3061,61 manat məbləğdə pul silinmişdir. Belə olan halda məhkəmə Qusar rayon məhkəməsinin hökmü ilə müəyyən edilmiş maddi ziyanın və ödənilmiş kredit borcunun məbləğinə əsaslanaraq belə qənaətə gəlir ki, iddiaçıya ümumilikdə 3891.61 manat məbləğində maddi ziyan dəymiş, cavabdeh həmin pulun 1130 manat məbləğini qaytarmışdır, hazırda vurulmuş maddi ziyanın geri qalan hissəsi 2761.61 manat məbləğdə pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.1-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçının irəli sürdüyü tələb qismən əsaslıdır, buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi qismən, yəni 2561.74 manat hissədə təmin olunduğundan, MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Elektron məhkəmə portalında yaradılmış kalkulyator vasitəsilə aparılmış hesablama nəticəsində müəyyən olunur ki, 2561.74 manat hissəsinə uyğun olaraq 45.61 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Belə olan halda, cavabdehdən 45.61 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2761.74 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 47.61 manat hissəsi alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-274/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-274/2025
12.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver