Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-277/2021 19.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun, İddiaçılar İddiaçı1 və Abdullayeva (Məmmədova) Maisə Sadıq qızının iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və qeyrisinə qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması və sair tələbinə dair mülki işə Xaçmaz şəhərində xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 və İddiaçı2 məhkəmədə iddia qaldıraraq Xaçmaz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş qaydada ailənin mülkiyyətinə verilmiş Xaçmaz rayonu Qaracik zeyid kəndi ərazisində yerləşən 2,23 ha torpaq sahəsinin hər birinin paylarına düşən 3/12 hissəsi nəzərə alınmaqla, nraturada paylara ayrılmaqla onların paylarının müəyyən edilməsi və cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinin qanunsuz sahibliklərindən alınaraq onlara qaytarılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon X6 xx xxxxxx 1998-ci il tarixli 12 nömrəli qərarı ilə onlara, cavabdehlərə və vəfat etmiş valideynlərinə Qaracikzeyid kəndindən 2,23 ha torpaq sahəsi verilmişdir. Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən JN 0069 saylı 30206058 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X4 və X1 miras qalmış 2,23 ha pay torpaq sahəsinin 2/6 hissəsinin X9, Cavabdeh2, Cavabdeh1 və İddiaçı1 tərəfindən qəbul edilməklə hər birinin payı 1/12 hissə olduğu faktı müəyyən edilmiş, Xaçmaz rayonu Aşağı-Zeyid kəndi ərazisində yerləşən 2,23 ha torpaq sahəsindən X5, Cavabdeh2, Cavabdeh1 və İddiaçı1 hər birinin öz payları ilə vərəsəlik qaydasında qəbul edilmiş payları ilə birlikdə payı 3/12 hissədə mülkiyyətlərində olması müəyyən edilmişdir. Lakin cavabdehlər özləri istədikləri yerdən torpaq sahəsini zəbt edərək onların razılığı olmadan istifadə edirlər. Həmçinin qətnamə ilə onların payına düşəndən artıq sahələrdən istifadə edilirdə. Bundan əlavə sahələrinə gediş-gəliş yolu bağlanmışdır. Odur ki, bütün bu maneələrin aradan qaldırılması və ümumi mülkiyyətlərində olan torpaq sahəsinin ədalətli bölünməsi və aralarında olan mübahisələrə son qoyulması məqsədilə həmin torpaq sahəsinin məhkəmə tərəfindən naturada paylara bölünməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçılar iddia ərizəsini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehlər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə cavabdehdərin məhkəmə iclasına gəlməmələrinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan JN-00xx xxx 30206058 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx xxxxxx 1998-ci il tarixli 12 saylı qərarı ilə X7, X2, Cavabdeh1, X5, X3, Cavabdeh2 mülkiyyətinə 2,23 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli2(067)-3129 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, JN 0069 saylı 30206058 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X4 və X1 miras qalmış 2,23 ha pay torpaq sahəsinin 2/6 hissəsinin X9, Cavabdeh2, Cavabdeh1 və İddiaçı1 tərəfindən qəbul edilməklə hər birinin payı 1/12 hissə olduğu faktı müəyyən edilmiş, Xaçmaz rayonu Aşağı-Zeyid kəndi ərazisində yerləşən 2,23 ha torpaq sahəsindən X5, Cavabdeh2, Cavabdeh1 və İddiaçı1 hər birinin öz payları ilə vərəsəlik qaydasında qəbul edilmiş payları ilə birlikdə payı 3/12 hissədə mülkiyyətlərində olması müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, iddiaçılar mübahisə predmeti olan torpaq sahəsindən 3\12 hissədə paylarının olmasını bildirsələr də, həmin torpaq sahəsi üzrə hər birinin 3/12 hissədə paylarının olmasını təsdiq edən hüquqmüəyyənedici sənədi (çıxarış, dövlət aktı və sair) məhkəməyə təqdim etməyərək belə bir sənəd almadıqlarını bildirmişlər. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X8 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və Abdullayeva (Məmmədova) Maisə Sadıq qızının Cavabdeh1 və qeyrisinə qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması və sair tələbinə dair iddia tələbi təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-277/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-277/2021
19.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver