Məhkəmə qərarları › İş №2(067)-291/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-291/2022

21.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-291/2022 21.02.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə İddiaçı vəkili Nümayəndə3, Cavabdeh Əli qızının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı (Əjdər oğlunun) Cavabdeh Əli qızına qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə 21 fevral 2022-ci il tarixdə Xaçmaz rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (Əjdər oğlu) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon Yalama kəndində yerləşən 0,07 ha torpaq sahəsi və orada tikilmiş 124,8 kv.metr ümumi sahəsi olan yaşayış evinin X10 tərəfindən Cavabdeh Əli qızına vəsiyyət edilməsinə dair 26.10.2019-cu il tarixdə Xaçmaz rayon Yalama İƏD (nümayəndəliyində) tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Yalama kəndində yerləşən 0,07 ha torpaq sahəsində tikilmiş 124,8 kv.metr ümumi sahəsi olan mərhum nənəsi X6 mülkiyyətində olan yaşayış evi 11 iyun 2015-ci il tarixli vəsiyyətnramə ilə ona vəsiyyət edilmişdir. Vəsiyyətnamə Xaçmaz rayon notariat ofisi tərəfindən təsdiq edilmişdir. Həmin evdə 5-6 il o mərhum babası və nənəsi ilə yaşamışdır. Odur ki, babası da həmişə evi ona vəsiyyət edəcəyini şifahi bildirmişdir. Belə ki, həmin həyətdə 2 yaşayış evi vardır. Həmin evlərdən biri mərhum nənəsi ilə birlikdə cavabdehin mülkiyyətindədir. Ona vəsiyyət edilmiş ev yalnız mərhum nənəsinin mülkiyyətində olmaqla ona verilmişdir. Ona görə də həmin evin saxlanması və təmir işlərini onlar görmüşlər. X13 25 aprel 2021-ci ildə vəfat etmişdir. Nənəsi 88 yaşlı ağır xəstə qadın idi. Ona görə də cavabdeh və onun havadarı nənəsinin bu ağır vəziyyətindən istifadə edərək 2015-ci ildə ona vəsiyyət edilmiş evin cavabdehə vəsiyyət edilməsinə dair Yalama İƏV-də 26.10.2019-cu il tarixdə yeni vəsiyyətnamə tərtib edilməsinə nail olmuşdur. Hesab edir ki, 2015-ci ildə Xaçmaz rayon notariat ofisinin təsdiqi ilə ona vəsiyyət edilmiş evin 2019-cu ildə yenidən cavabdehə vəsiyyət edilməsinə dair tərtib edilmiş vəsiyyətnamə nənəsi Memuranın iradəsindən asılı olmamışdır. 88 yaşında ağır xəstə olan və heç nə görməyən nənəsi öz hərəkətlərini sərbəst idarə edə bilməzdi. Həm də kor şəxsin vəsiyyətdən 3 şahidin iştirakı ilə vəsiyyət sərəncamını notariusda tərtib edilməli idi. Xəbəri olmadan cavabdehin nənəsindən notariat ofisində yox, Yalama kənd İƏV-də vəsiyyətnamə tərtib edilməsi bir daha təsdiq edir ki, sonradan cavabdehin adına yazılmış vəsiyyətnamə etibarsızdır və nənəsinin iradəsinin ifadəsi deyildir. Hesab edir ki, 26.10.2019-cu il tarixdə tərtib edilmiş vəsiyyətnramə tamamilə qanunsuz tərtib edilmişdir. Qanuna əsasən kor şəxsin vəsiyyətənaməsi 3 şahidin iştirakı ilə notariat ofisində tərtib edilməli olduğu halda Yalama kənd İƏD-də 2 şahidin iştirakı ilə tərtib edilmişdir. Həmin şahidlərin şəxsiyyətinə, yaşayış yerinə dair məlumatlar tam yazılmamış və şəxsiyyət vəsiqəsi məlumatları yazılmamışdır. Hətta yoxlanılsa vəsiyyətnamə imza etmiş şəxslər nə üçün imza etdiyini belə bilmirlər. Bundan əlavə nənəsinin əsmə (parkinson) xəstəliyi olmuşdur. Məhkəmə iclasında iddiaçı tərəf iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh tərəf iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddia ərizəsi iddia müddəti ötürülməklə məhkəməyə təqdim edilmişdir. Belə ki, iddiaçının iddia tələbi əqdin (vəsiyyətnamənin) etibarsızlığı ilə bağlıdır. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər və maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Hazırki iddia ərizəsindən göründüyü kimi iddiaçı ərizəni məhkəməyə 18.11.2021-ci il tarixdə təqdim etmiş, iddiaçının etibarsız hesab etdiyi vəsiyyətnamə isə 26.10.2019-cu ildə tərtib olunmuşdur və həmin müddətdən 2 ildən artıq müddət keçmişdir. Belə olan halda iddiaçı tərəfindən qanunda nəzərdə tutulan iddia müddəti ötürülməklə hazırki iddia ərizəsi məhkəməyə təqdim olunmuşdur. Ona görə də hesab edir ki, iddia əsassızdır, təmin olunmamalıdır. Bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X16 ifadəsində göstərmişdir ki, iddiaçı oğludur, Zemfira isə bacısıdır. Anası Memuranın son 10 ildə əlləri, başı əsirdi, gözləri isə təxminən 2017-2018-ci ildən görmürdü. Oftalmoloq həkimi evə anasının yanına aparmışlar, həkim müayinə etdikdən sonra bildirmişdir ki, anasının gözlərinin müalicəsi myümkün deyil. Bacısı Zemfiranın da ruhi xəstəliyi var, həmişə ona qulluq etmişlər. Bacısı Quba nevroloji xəstəxanasında da müalicə alıb. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 ifadəsində göstərmişdir ki, iddiaçı onunla uzaq qonşudur. Memuranın qızı Elmira anasına baxılması ilə əlaqədar ondan xahiş etmiş, o da Memuraya qulluq etmişdir. Memura xəstə olmuş, əli-ayağı əsmiş, gözləri görməmişdir. Elmira hərdən ona hörmət etmişdir. Memuranın həkim müayinəsində olub olmamasını bilmir. Məhkəmə iclasında şahid qismində ifadə verən X11 ifadəsində göstərmişdir ki, Zauru və Zemfiranı tanıyır. Memura ilə xəstəxanada bir yerdə işləmişlər. Memura vəfat edənə kimi onun yanına gedib gəlmişdir. Münasibətləri çox yaxşı olmuşdur. Memura ilə qızı Zemfira yaşayırdı və anasına qulluq edirdi. Memuranın vəfat edənə kimi səhhəti yaxşı olub, gözləri yaxşı görürdü, heç vaxt eynəkdən istifadə etməyib. Son illərdə Memuranın əlləri əsirdi. Lakin Memurada parkinson xəstəliyi olmayıb. Məhkəmə iclasında şahid qismində ifadə verən X12 ifadəsində göstərmişdir ki, iddiaçı və cavabdehlə qohumluğu, ədavəti yoxdur. Mərhum Memura ilə qonşu olmuşdur. Memuranın gözlərinin görməməsi yalandır. Memura ölən günə kimi sağlam olub. Memura qızı Zemfira ilə yaşayırdı. Qızı Zərifə də ona qulluq edirdi, yeməyini hazırlayırdı, evini yığışdırırdı. Lakin Memuranın ölümündən 2-3 il əvvəl toya məclisə getməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 ifadəsində göstərmişdir ki, təxminən 2015-ci ildə Memura gözünün görməməsi ilə əlaqədar müraciət etmişdi. Həmin vaxt onda el arası «qara su» xəstəliyi müəyyən olunmuşdur. Sonra 2017-2018-ci illərdə Memuranın yeznəsi Əcdər təkrar Memuraya baxması ilə bağlı müraciət etmiş, Memuranı evində müayinə etmiş və müəyyən etmişdir ki, Memuranın gözləri görmə qabiliyyətini tam itirmişdi, hətta əməliyyat etməyin də heç bir nəticəsi olmayacaqdı. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 25.04.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 11 iyun 2015-ci ildə tərtib edilmiş vəsiyyətnamənin surətindən müəyyən olunur ki, X1 rayonu Yalama kəndində yerləşən 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini nəvəsi İddiaçı vəsiyyət etmişdir. Qalan vərəsələri vərəsəlik hüququndan məhrum etmişdir. İş materiallarında olan 26 oktyabr 2019-cu ildə notarial qaydada təsdiq edilmiş vəsiyyətnamənin surətindən müəyyən olunur ki, X10 ölən günədək ona məxsus olan Xaçmaz rayonu Yalama kəndində yerləşən 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini (0010838 reyestr nömrəli, MA seriyalı ********** qeydiyyat nömrəli, 23.01.2010 qeydiyyat tarixli çıxarış və texniki pasport, reyestr nömrəsi **********449-103401, inventar nömrəsi 25 olan) qızı Cavabdeh Əli qızına vəsiyyət etmişdir. Qalan vərəsələri vərəsəlik hüququndan məhrum etmişdir. İş materiallarında olan 07.01.2022-ci il tarixdə İlqar Hacımuradovun, Fəxrəddin İbrahimovun, Əjdər İfayevin, Məhəmməd Əlimovun və Rəsəddin Mürsəlovun iştirakı ilə tərtib edilmiş aktda qeyd olunmuşdur ki, Xaçmaz rayon Yalama kəndində yerləşən X7 məxsus 0,07 ha torpaq sahəsində yerləşən 124,8 kv.metr sahəsi olan həyət evində 2021ci ilin may-sentyabr aylarında yuxarıda qeyd olunan ustalar tərəfindən təmir tikinti işləri aparılmışdır. İş materiallarında olan İddiaçı Əjdər oğlunun Xaçmaz Notariat ofisinə ünvanladığı ərizəsindən müəyyən olunur ki, Xaçmaz rayonu Yalama kəndində yaşamış nənəsi X10 25.04.2021-ci il tarixdə vəfat etmişdir. Nənəsinin vəfatından sonra miras qalmış bütün əmlakdan ibarətdir. Göstərilən əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsin 15.02.2022-ci il tarixli 142 nömrəli məktubundan müəyyən olunur ki, X3 01.08.1990-cı il tarixdən hal-hazıra kimi «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsin poliklinika şöbəsində həkim-oftalmoloq vəzifəsində çalışır. İş materiallarında olan AH 022701 nömrəli sertifikasiya şəhadətnaməsindən görünür ki, X2 15 noyabr 2016-cı il tarixində Həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində Oftalmologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. İş materiallarında olan diplomdan müəyyən olunur ki, X2 1983-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutuna daxil olmuş və 1989-cu ildə müalicə işi ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan ambulator xəstənin tibbi kitabçasından çıxarışda qeyd olunmuşdur: 19.10.2018-ci il. Diaqnoz: Hipertoniya xəstəliyi İİ dərəcə, yüksək riskli, ÜİX. Ateroskleratik kardioskleroz. Serebral ateroskleroz. Parkinson xəstəliyi, Xroniki pielonefrit QDÇ İİ dərəcə. 19.10.2018-ci il. X5 evdə müayinəsi. Diaqnoz: OU terminal qlankoma. Fəsadlı kataratka. Hər iki gözün görməsi=0 (sıfır) 20.08.2019-cu il. Diaqnoz: Hipertoniya xəstəliyi İİ dərəcə, yüksək riskli, ÜİX. Ateroskleratik kardioskleroz. Serebral ateroskleroz. Parkinson xəstəliyi, Xroniki pielonefrit. İş materiallarında olan «ŞƏFA-MMS» MMJ-nin 05 fevral 2022-ci il tarixli 02 nömrəli məktubundan müəyyən olunur ki, xəstə Sadullayeva Memurada hipertoniya xəstəliyi İİ dərəcə yüksək riskli, beyin damarlarının sklerozu, parkinsonizm xəstəliyi, yəni beyin mənşəli bütün bədənin, ətraflarının əsmə xəstəliyi, qan dövranı çatışmamazlığı İİ dərəcə böyrəklərin iltihabı xəstəliyi terapevt tərəfindən aşkarlanmış, ovtalmoloq tərəfindən terminal qlaukoma, fəsadlı kataratka, yəni göz təzyiqi fonunda fəsadlaşma verib. Hər iki gözün görməsi sıfıra bərabərdir. Xəstə özünü sərbəst idarə edə bilmir. İşin faktiki hallarından da göründüyü kimi Memura Sadullayevanın hər iki gözünün görmə qabiliyyətini tam itirdiyi 2018-ci ilin oktyabr ayında həkim oftalmoloq tərəfindən müəyyən edilmişdir. Bununla yanaşı məhkəmə iş üzrə digər şahid ifadələri ilə bağlı qeyd edir ki, şəxsin görmə qabiliyyətinin tam itirilməsi tibbi meyar olduğundan, iş üzrə əldə olunmuş tibbi göstəricilər (sənədlər) daha ağılabatan və mötəbər sübut kimi qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1183.1-ci maddəsinə görə əgər vəsiyyət edən lal-kardırsa və ya lal-kar və savadsızdırsa, vəsiyyət sərəncamını o, notariusda iki şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir. 1183.2. Kor və ya savadsız olan vəsiyyət edən vəsiyyət sərəncamını notariusda üç şahidin yanında tərtib etməlidir. Bu barədə müvafiq qeyd yazılıb ona oxunmalıdır. 1183.3. Əgər vəsiyyət edən lal-kar-kordursa və ya lal-kar-kor və savadsızdırsa, vəsiyyət sərəncamını notariusda dörd şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir. 1183.4. Vəsiyyətnaməni şahidlər yaza və oxuya bilərlər, lakin vəsiyyətnaməni onu yazan oxumamalıdır. 1183.5. Qeyddə onu kimin yazdığı və vəsiyyət edənə oxuduğu göstərilməlidir. Qeyd şahidlər tərəfindən imzalanmalı və notarius tərəfindən təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1184-cü maddəsinə görə yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər. Xaçmaz rayon Yalama kəndində yerləşən 0,07 ha torpaq sahəsində tikilmiş 124,8 kv.metr ümumi sahəsi olan yaşayış evinin X10 tərəfindən Cavabdeh Əli qızına vəsiyyət edilməsinə dair 26.10.2019-cu il tarixdə Xaçmaz rayon Yalama İƏD (nümayəndəliyində) tərtib edilmiş vəsiyyətnamədən isə görünür ki, vəsiyyətnamə 2 şahidin iştirakı ilə tərtib edilmiş, həmçinin vəsiyyətnamədə vəsiyyətnamənin kim tərəfindən də oxunması da qeyd olunmamışdır. Bundan başqa vəsiyyətnaməni təsdiq edən şəxs isə yalnız şahidlərdən bir şəxsin imzasının həqiqiliyini təsdiq etmişdir. Göründüyü kimi qeyd olunan vəsiyyətnamə tərtib olunarkən Mülki Məcəllənin 1183cü maddəsinin tələblərinə riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225.1-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.2. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya birbirinə zidd olan şərtlər etibarsızdır. 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1230-cu maddəsinə əsasən qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. 1231.1. Vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər. 1231.2. Vəsiyyət edən özgəsinin əmlakını yanlış olaraq öz əmlakı kimi vərəsəyə vəsiyyət etdikdə, bu Məcəllənin 1231.1-ci maddəsində nəzərdə tutulan iddia müddəti mülkiyyətçinin iddiasına şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslər onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Bundan əlavə məhkəmə iddia müddətinin tətbiqinə dair cavabdeh tərəfin verilmiş ərizəsi ilə bağlı isə aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 334.2. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 337.1-ci maddəcinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 1231.1-ci maddəsinə əsasən vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər. 1231.2. Vəsiyyət edən özgəsinin əmlakını yanlış olaraq öz əmlakı kimi vərəsəyə vəsiyyət etdikdə, bu Məcəllənin 1231.1-ci maddəsində nəzərdə tutulan iddia müddəti mülkiyyətçinin iddiasına şamil edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə iddia müddəti ötürülməmişdir. İşin yuxarıda sadalanan hallarına əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsində sadalanan əsaslar məhkəmə iclasında öz təsdiqini tapdığından və iddia müddəti ötürülmədiyindən iddia təmin edilməlidir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Xaçmaz rayon Yalama kəndində yerləşən 0,07 ha torpaq sahəsi və orada tikilmiş 124,8 kv.metr ümumi sahəsi olan yaşayış evinin X10 tərəfindən Cavabdeh Əli qızına vəsiyyət edilməsinə dair 26.10.2019-cu il tarixdə Xaçmaz rayon Yalama İƏD (nümayəndəliyində) tərtib edilmiş vəsiyyətnamə etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar