Məhkəmə qərarları › İş №2(067)-2965/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2965/2022

14.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2965/2022 14.12.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Xaçmaz rayon 1 saylı Notariat Ofisinə qarşı notariat hərəkətlərinin aparılmasından imtinaya dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh Xaçmaz rayon 1 saylı Notariat Ofisinin notariusu F.Məmmədovun, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X1 miras qalmış Xaçmaz rayonunun, Keymərəz kəndində Torpağın mülkiyyətə verilməsinə dair JN 027A saylı, 30210038 kodlu şəhadətnaməyə əsasən 0.07 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə və Torpağa mülkiyyət hüququna dair JN-0030 saylı, 30210038 kodlu pay torpaq sahəsinə münasibətdə adına vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtinasını əsassız hesab edərək, göstərilən əmlaklara dair vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi vəzifəsini cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2005-ci il tarixdə Xaçmaz rayon Qalağan İƏV nümayəndəliyində tərtib edilmiş vəsiyyətnamə ilə Xaçmaz rayonunun, Keymərəz kənd sakini olan xalası X2 rayonunun, Keymərəz kəndində olan evini və həyətyanı torpaq sahəsini, pay torpaq sahəsini həmçinin mal-qarası və qoyunlarını və digər bütün əmlaklarını ona vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə hazırda qüvvədədir. Miras qoyan X6 xx.xx.2006-cı ildə vəfat etmişdir. Onun vəfatından sonra ondan miras qalmış bütün əmlaklar tərəfindən qəbul edilmiş və hazırda da istifadəsindədir. X1 miras qalmış evi və təsərrüfatı, habelə pay və həyətyanı torpaq sahələrini xalasının vəfatından sonra o, idarə edir. Hazırda faktiki olaraq qəbul etdiyi miras əmlakları adına rəsmiləşdirilməsi üçün Xaçmaz rayonu Notariat ofisinə müraciət etmişdir. Lakin notarius F.Məmmədov tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli, 76 saylı məktubundan görünür ki, vəsiyyətnamə qanuna uyğun tərtib edilmədiyindən vərəsəlik işinin aparılması qeyrimümkündür. Ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Cavabdeh vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən faktiki olaraq imtina etmişdir. Ona görə də hesab edir ki, vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinası əsassız hesab edilməlidir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onların nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizəsini təqdim edərək, işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh Xaçmaz rayon 1 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon Qalağan İƏV nümayəndəliyi tərəfindən xx.xx.2005-ci il tarixdə tərtib edilmiş vəsiyyətnamədən müəyyən olunur ki, X6 xəstəliyi ilə əlaqədar şahidlərin iştirakı ilə, Xaçmaz rayon Keymərəz kəndində olan evini, həyətyanı torpaq sahəsini və pay torpaq sahəsini, həmçinin özünə məxsus mal-qarasını, qoyunlarını bacısı oğlu İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan Xaçmaz rayon Qalağan İƏV nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X6 1936-cı il tarixdən xx.xx.2006-cı il tarixinə qədər Xaçmaz rayonu, Keymərəz kəndində yaşamış və orada da xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Vəfatından sonra evi və təsərrüfatı İddiaçı idarə edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, mərhum X6 xx.xx.2006-cı ildə Xaçmaz rayon Keymərəz kəndində vəfat etmişdir. İş materiallarında olan JN-0030 seriyalı 30210038 kodlu Torpağın Mülkiyyət hüququna dair Dövlət aktından və JN-027A seriyalı 30210038 kodlu Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1997ci il tarixli 16 saylı qərarı ilə X5 Xaçmaz rayonunun Keymərəz kəndində 1.80 ha pay torpaq sahəsi və 0.07 ha həyətyanı torpaq sahəsi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Xaçmaz rayon 1 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, mərhum X3 miras qalmış Xaçmaz rayonu Keymərəz kəndində yerləşən torpaq sahəsinə və evə dair vəsiyyətnamə qanuna uyğun tərtib edilməmişdir. Bu halda vərəsəlik işinin aparılması qeyri-mümkündür. Məhkəmə Xaçmaz rayonu 1 saylı notartiat ofisinin notariusu Firdovsi Məmmədovun 76 nömrəli 14 fevral 2022-ci il tarixli vətəndaş İddiaçı ünvanlandığı vərəsəlik işinin aparılmasından imtina məktubunu nəzərdən keçirib hesab edir ki, notariusun gəldiyi nəticə səhvdir. Belə ki, məktubda qeyd olunur ki, vəsiyyətnamə qanuna uyğun tərtib edilmədiyindən, vərəsəlik işinin aparılması qeyri-mümkündür. Lakin vəsaiyyətnamənin konkret olaraq qanuna uyğun olmaması nədə ifadə olunması, hansı normalara zidd tərtib olunması barədə heç bir məlumat göstərilməyib. Cavabdeh notariusu Firdovsi Məmmədov vətəndaş İddiaçı formal cavab verməklə, məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, vəsiyyətnamə 2005-ci ildə 2 nəfər hal-şahidinin iştirakı ilə Qalağan kəndi İƏD-də təsdiq olunub. Notariusun şifahi dediyinə görə, vəsiyyətnamənin qanuna uyğun tərtib olunmamasının səbəbi 2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin normalarına istinad olunmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci tarixli 4 №li Qərarında göstərilir ki, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1179.2-ci maddəsinə görə, notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürülənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbəli vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 1188-ci maddəsinə görə, vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər. Eyni zamanda məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Mülki Məcəllənin 1176.1.-ci maddəsinə əsasən vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Həmin Məcəllənin 1176.2.-ci maddəsinə əsasən vəsiyyətnamədə birbaşa göstərilməklə mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsini, vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da, qanun üzrə vərəsə ola bilməz. Beləliklə də, məhkəmə hesab edir ki, X4 Xaçmaz rayonu, Keymərəz kəndində yerləşən evində, Xaçmaz rayonu Qalağan İƏV nümayəndəsinin və 2 nəfər şahidlərin iştirakı ilə texniki vasitənin köməyi ilə tərtib olunmuş vəsiyyətnamə mülki qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir. Vəsiyyətnamədə mülki qanunvericiliyinin “köhnə” normaların qeyd olunması vəsiyyətnamənin qanunsuz olmasına gətirib çıxarmır. Beləliklə də, məhkəmə belə qənaətə gəlir ki, Xaçmaz rayon 1 saylı Notariat Ofisinin notariusu F.Məmmədovun, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X3 miras qalmış Xaçmaz rayonunun, Keymərəz kəndində Torpağın mülkiyyətə verilməsinə dair JN 027A saylı, 30210038 kodlu şəhadətnaməyə əsasən 0.07 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə və Torpağa mülkiyyət hüququna dair JN-0030 saylı, 30210038 kodlu pay torpaq sahəsinə münasibətdə İddiaçı adına vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtinası (14 fevral 2022-ci il tarixli 76 nömrəli məktub) əsassız (qanunauyğun olmayan) hesab edilməlidir. Əlavə olaraq məhkəmə onu da qeyd edir ki, ümumi məhkəmənin notariat orqanının üzərinə hər hansı bir vəzifə qoymaq səlahiyyəti olmadığından, iddia ərizəsi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə görə, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. İddia tələbindən görünür ki, iddiaçı ödənilmiş dövlət rüsumunu cavabdehdən tələb etməmişdir. Belə olan halda, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Xaçmaz rayon 1 saylı Notariat Ofisinin notariusu F.Məmmədovun, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X3 miras qalmış Xaçmaz rayonunun, Keymərəz kəndində Torpağın mülkiyyətə verilməsinə dair JN 027A saylı, 30210038 kodlu şəhadətnaməyə əsasən 0.07 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə və Torpağa mülkiyyət hüququna dair JN-0030 saylı, 30210038 kodlu pay torpaq sahəsinə münasibətdə İddiaçı adına vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtinası (14 fevral 2022ci il tarixli 76 nömrəli məktub) əsassız (qanunauyğun olmayan) hesab edilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar