Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-342/2025 28.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə olan gediş-gəliş yolunun zəbt edilmiş hissəsinin açılması və yolun bərpa edilməsi tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh öz evinin qarşısında çəkdiyi daş hasarın qarşısında küçənin gediş-gəliş yolunun içərisində yığdığı peyini və zibillərin öz hesabına yığışdıraraq yolun təmizlənməsi, cavabdeh tərəfindən suyun təbii axımı dəyişdirilən hissədə arxın əvvəlki vəziyyətinin bərpa edilməsi və məhkəmə üçün ödənilmiş dövlət rüsumu 100 manatın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh, həyətyanı torpaq sahələri bitişik olmaqla qonşusudur. Hər ikisi evlərinə bir küçə ilə gedib-gəlirlər. Kəndin sakinləri də küçənin həmin yolundan, lazım gələndə keçirlər. Cavabdeh həyətinin qarşısından çəkdiyi daş hasarın küçə tərəfində, yolun kənarına tövlədən çığartdığı peyini yığıb saxlamaqla küçə yolunnun bir hissəsini zəbt etmişdir. Bununla da gediş-gəlişi çətinləşdirmişdir. Peyinin üstündən addımlamış olurlar. Xüsusilə də ilin isti yay aylarında peyinin üfunətindən öz həyətində ailəsi ilə oturub rahat nəfəs ala bilmir. Milçək və həşəratlar həyətinə, eləcə də evinə doluşurlar. Daş hasarının kənarı (yanı) ilə çəkilən arxın bir hissəsini qazıb yola tərəf çıxartaraq küçə yolunu daraltmışdır. Bununla da gediş-gəlişə maneçilik törətmişdir. Cavabdehin bu kimi hərəkətləri evində rahat yaşamağa mane olur. Dəfələrlə cəhd göstərmişdir ki, qanunsuz əməllərindən əl çəksin, lakin buna əməl etmir. Cavabdehi qanunsuz əməllərindən əl çəkdirmək üçün bələdiyyəyə məktubla müraciət etmiş, həmçinin icra nümayəndəliyinə, sahə polis müvəkkilinə məlumat verməklə onun bu kimi hərəkətlərindən çəkindirmələrini xahiş etmişdir. Onlar tərəfindən edilmiş şifahi xəbərdarlıqlara baxmayaraq, cavabdeh öz qanunsuz hərəkətlərini davam edir. O da məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmiş və izahatında göstərmişdir ki, məhkəmədən bildiriş gəldikdən sonra cavabdeh təkrar bir maşın peyin tökmüş, gediş-gəliş yolunu tam bağlamışdır. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim etmişdir. Cavabdehin peyini tökdüyü ərazi cavabdehin ərazisidir. Lakin yol isə onun deyil, ümumi yoldur. Cavabdeh onun gedişgəliş yoluna mane olur, peyini həm həyətində, mətbəxinin divarına, həm də küçədə tökmüşdür. Məhkəməyə təqdim etdiyi foto-şəkillərdə göründüyü kimi cavabdeh hazırda peyinin ərazisni daha da genişləndirmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, peyini öz torpaq sahəsinə yığmışdır. Belə ki, həyətinin hasarını içəri tərəfə çəkərək peyini hasarın kənarına yığmışdır. Peyini yığımaq üçün başqa yeri yoxdur. 27 sot torpaq sahəsi var. Onun peyini hasarın kənarına tökməyi heç kimə maneçilik etmir. Hər dörd tərəf də qonşudur. İddiaçı ondan şikayət verdiyinə görə peyini həyətdən küçəyə çıxarmışdır. Peyini yığıb, bir həftədən sonra pay torpaq sahəsinə aparıb tökür. Həyətdə və küçədə yığılan peyini təmizləyəcəyinə dair söz verir. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X1 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin hallarını araşdıraraq, tərəflərin izahatları və iddiaçı tərəfindən təqdim olunmuş fotoşəkillərlə müəyyən etmişdir ki, cavabdeh Xaçmaz rayonunun Qımılqışlaq kəndində yerləşən evinin qarşısındakı daş hasarın qarşısında, küçənin gediş-gəliş yolu hissəsində peyin və zibil yığmış, həmçinin daş hasarın kənarından keçən arxı qazıyaraq yol hissəsinə tərəf çıxarmaqla suyun təbii axımını dəyişdirmiş, bununla da iddiaçının öz evinə maneəsiz gediş-gəlişinə məhdudiyyət yaratmışdır. Məhkəmə iclasında qeyd olunan fakt cavabdeh tərəfindən etiraf edilsə də, o, peyini və zibilləri yığmağa başqa yeri olmadığı üçün onları təmizləməyəcəyini bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdehin evinin qarşısındakı daş hasarın qarşısında, küçənin gediş-gəliş yolu hissəsində peyin və zibil yığmaqla, həmçinin daş hasarın kənarından keçən arxı qazıyıb yol hissəsinə tərəf çıxarmaqla suyun təbii axımını dəyişdirərək, iddiaçının öz evinə gediş-gəlişinə məhdudiyyət yaratması onun mülkiyyətindən maneəsiz şəkildə istifadəsinə törədilən maneələr kimi qiymətləndirilməli və bu maneələr cavabdehin vəsaiti hesabına aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4.-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən iş üzrə ödənilmiş dövlət rüsumunu tələb etdiyindən və iddia tələbi tam təmin olunduğundan dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə məhkəmə iş materiallarını, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli və Cavabdeh Xaçmaz rayonunun Qımılqışlaq kəndində yerləşən evinin qarşısındakı daş hasarın qarşısında, küçənin gediş-gəliş yolu hissəsində yığdığı peyin və zibil onun öz vəsaiti hesabına yığışdırılmaqla, həmçinin daş hasarın kənarından keçən arx əvvəlki vəziyyətinə bərpa edilməklə, İddiaçı evinə gediş-gəliş yolu bərpa edilməli, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. Cavabdeh Xaçmaz rayonunun Qımılqışlaq kəndində yerləşən evinin qarşısındakı daş hasarın qarşısında, küçənin gediş-gəliş yolu hissəsində yığdığı peyin və zibil onun öz vəsaiti hesabına yığışdırılmaqla, həmçinin daş hasarın kənarından keçən arx əvvəlki vəziyyətinə bərpa edilməklə, İddiaçı evinə gediş-gəliş yolu bərpa edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-342/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-342/2025
28.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver