Məhkəmə qərarları › İş №2(067)-425/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-425/2020

23.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-425/2020 23.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Torpağa Mülkiyyət Hüququna dair JN-116 seriyalı 30219088 kodlu Dövlət Aktı ilə mülkiyyətlərində olan Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndi ərazisində yerləşən 1,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyət sənədlərində göstərilən cizgilər daxilində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən alınaraq ona qaytarılması və zərərin əvəzi olaraq 5000 (beş min) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Aqrar islahat Komssiyasının xx xxxxxx 1998-ci il tarixli 12 saylı qərarı ilə ona və ailə üzvlərinə Xaçmaz rayonu Köhnə-Xaçmaz kənd ərazisindən 1,60 ha pay torpaq sahəsi verilmiş, hüquqları “Torpağa mülkiyyət hüququna dair” JN-116 saylı, 30219088 kodlu Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Cavabdehlər Cavabdeh1 qonşu 115 saylı torpaq sahəsinin, Cavabdeh2 isə digər tərəfdəki qonşu olmaqla 119 saylı torpağın sahibləridir. Onlar onun torpaq sahəsini faktiki olaraq öz aralarında bölüşdürərək özbaşına istifadə edirlər. Dəfələrlə onlara təklif etsə də ki, xüsusi mülkiyyətində olan torpaq sahəsindən istifadəni dayandırsınlar və torpaq sahəsini onu öz istifadəsinə qaytarsınlar. Lakin cavabdehlər torpaq sahəsini qaytarmaqdan imtina edərək, müxtəlif bəhanələr gətirirlər. Ona görə də xüsusi mülkiyyətlərində olan 1,60 ha torpaq sahəsi mülkiyyət sənədlərində göstərilən cizgilər daxilində cavabdehlərin qanunsuz istifadəsindən alınaraq ona verilməlidir. Torpaq sahəsinin koordinatlarının yerində müəyyən olunması üçün X4 İdarəsinə müraciət etmişdir, xx xxxxxxx 2019-cu il tarixdə həmin İdarənin mütəxəssisi torpaq sahəsinin ölçülərini naturada təyin edərək ona tanıtsa da, cavabdehlər inadlarından əl çəkməmiş və torpaq sahəsindən çıxmamışlar. Ötən müddət ərzində qeyd olunan torpaq sahəsindən hər il orta hesabla 1000 (bir min) manat gəlir götürə bilərdi. Cavabdehlərin özbaşınalıqları nəticəsində həmin gəlirdən məhrum ediliblər. Son 5 il ərzində 5000 (beş min) manat qazancdan məhrum ediliblər. Cavabdehlər həmin məbləği onlara qaytarmalıdırlar. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair JN-116 seriyalı 30219088 kodlu Dövlət Aktı ilə mülkiyyətlərində olan Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndi ərazisində yerləşən 1,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyət sənədlərində göstərilən cizgilər daxilində Cavabdeh2 qanunsuz sahibliyindən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişini alsa da, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında dindirilən iş üzrə Cavabdeh2 izahatında ğöstərmişdir ki, iddiaçının dedikləri ilə razı deyil. Ona görə ki, o özünə məxsus torpaq sahəsini başqa bir şəxsdən satın almış və həmin ərazi ona DƏDRXnin 5 saylı X3 əməkdaşları tərəfindən yerində ölçülərək təhvil verilmişdir. Ötən müddət ərzində öz torpağından istifadə edir və iddiaçıya məxsus torpaq sahəsindən istifadə etmir. Ona görə iddianı əsassız hesab edir və təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN-116 seriyalı 30219088 kodlu Dövlət Aktından müəyyən olunur ki, İddiaçı və onun ailə üzvlərinə Xaçmaz rayonu Aqrar islahat Komssiyasının xx xxxxxx 1998-ci il tarixli 12 saylı qərarı ilə Xaçmaz rayonu Köhnə-Xaçmaz kənd ərazisindən 1,60 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan X4 İdarəsinin xx xxxxxxx 2019-cu il tarixli Torpaq sahəsinin koordinatlarının yerində müəyyən olunması barədə aktdan müəyyən olunur ki, torpaq sahəsinin ölçüləri naturada təyin edilərək mülkiyyətçi İddiaçı tanıdılmışdır və icra olunmuşdur. İş materiallarında olan Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 01/15850 saylı arayışından müəyyən olunur ki, obyektin xx xxxxxxx 2019-cu il tarixinə bazar dəyəri 1000 (bir min) manat təşkil edir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli, **********99 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən 0.13 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 10/2792 saylı ekspert rəyindən müəyyən olunur ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-116 seriyalı 30219088 kodlu Dövlət Aktının mübahisə predmeti olan 116 hissəsinə əsasən 0.26 ha torpaq sahəsinin şimal-qərb tərəfdən 0.02 ha hissəsini Cavabdeh2 istifadə edir. JN-116 seriyalı 30219088 kodlu Dövlət Aktının mübahisə predmeti olan 116 hissəsinə əsasən 0.26 ha torpaq sahəsinin hər hansı bir hissəsində Cavabdeh2 tərəfindən heç bir tikili inşa edilməmişdir. İddiaçı və ailə üzvilərinin mülkiyyətinə verilmiş JN-116 seriyalı 30219088 kodlu Dövlət Aktının mübahisə predmeti olan 116 hissəsinə əsasən 0.26 ha torpaq sahəsinin koordinatları ilə Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli, **********99 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən və tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan 0.13 ha torpaq sahəsinin 0.12 ha hissəsi üst-üstə düşür. Cavabdeh2 faktiki istifadə etdiyi torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlarla kəskin uyğunsuzluq vardır. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilmədiyindən ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli Ekspertiza xərclərinə dair bildirişdən müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat pul Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK JTREAZ.22 hesabına köşürülmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi ilə əlaqdar iddiaçı tərəfindən 30 manat dövlət rüsumu köçürülmüşdür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X1 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti 11 aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydata daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşları mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torppaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən həyata keçirilir. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli 2 №-li Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Həmin Qərarın 6-cı bəndinə əsasən torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadtnamə) rəsmiləşdirilir.Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, Torpağa Mülkiyyət Hüququna dair JN-116 seriyalı 30219088 kodlu Dövlət Aktı ilə İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndi ərazisində yerləşən 1,60 ha kənd kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət sənədlərində göstərilən cizgilər daxilində Cavabdeh2 qanunsuz sahibliyindən alınaraq iddiaçıya verilməli və həmin torpaq sahəsinin şimal-qərb tərəfdən 0.02 ha hissəsindən Cavabdeh2 çıxarılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eyni zamanda iddia tələbi qismən təmin edildiyindən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh2 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SFİFT BİK CTREAZ22 Hesab № AZ34CTRE******************** hesabına köçürülməli, həmçinin, iddiaçı tərəfindən ödənilmiş 30 (on) manat dövlət rüsumundan 20 (iyirmi) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, rüsumun qalan hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Torpağa Mülkiyyət Hüququna dair JN-116 seriyalı 30219088 kodlu Dövlət Aktı ilə İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndi ərazisində yerləşən 1,60 ha kənd kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət sənədlərində göstərilən cizgilər daxilində Cavabdeh2 qanunsuz sahibliyindən alınaraq iddiaçıya verilsin və həmin torpaq sahəsinin şimal-qərb tərəfdən 0.02 ha hissəsindən Cavabdeh2 çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh2 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SFİFT BİK CTREAZ22 Hesab № AZ34CTRE******************** hesabına köçürülsün. İddiaçl tərəfindən ödənilmiş 30 (on) manat dövlət rüsumundan 20 (iyirmi) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulsun, rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar