Məhkəmə qərarları › İş №2(067)-574/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-574/2022

09.03.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-574/2022 09.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı birgə mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair mülki işə 09 mart 2022-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı məhkəmədə iddia qaldıraraq torpağın mülkiyyətə verilməsinə dair JN 136 A saylı və JN 136 B saylı 30211028 kodlu şəhadətnamələrdə göstərilən cəmi 0,08 ha həyətyanı torpaq sahəsindən cavabdehin 0,01 ha və ona məxsus 0,07 ha həyətyanı torpaq sahəsinin real vəziyyətə uyğun naturada bölgüsünün aparılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli 2 nömrəli qərarı Xaçmaz rayonu Qaraqurtlu kəndi ərazisindən onun, mərhum anası Nazlı Nuriyevanın, mərhum qardaşı X2 və bacısı X3 birgə mülkiyyətlərinə hər biri 0,04 ha olmaqla cəmi 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Ayrılmış torpaq sahələrinə dair hhüquqları rəsmiləşdirilmişdir. Şəhadətnamələrdə hər birinin payı ayrı ayrılıqda göstərilməsə də, hər birinin payı hər torpaq sahəsində 0,01 ha təşkil edir. Xaçmaz rayon məhkəməsinin 11.03.2021-ci il tarixli qətnaməsi ilə qeyd olunan şəhadətnamələrdə göstərilmiş cəmi 0,08 ha torpaq sahəsindən 29.07.2004-cü il tarixdə vəfat etmiş anası Nazlı Nuriyevanın payına düşən və ondan miras qalmış cəmi 0,02 ha hissədə həyətyanı torpaq sahəsinə münasibətdə mirasın cavabdeh tərəfindən qəbul edildiyi müəyyən edilmiş, mərhum anasının payına düşən cəmi 0,02 ha həyətyanı torpaq sahəsindən Cavabdeh ½ hissədə payı müəyyən edilmişdir. Cavabdeh torpaq sahəsində özünə yaşayış evi tikərək ailəsi ilə birlikdə orada yaşayır. O, qalan 0,07 ha torpaq sahəsini naturada ayırmaq və həmin əmlaka mülkiyyət sənədi əldə etmək üçün DƏDRX-nə müraciət etmiş, lakin cavabdeh ərazidə ölçmə işləri aparılmasına imkan verməmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan JN 136A saylı 30211028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayonu Aqrar İslahat komissiyasının 25 fevral 1998-ci il tarixli 02 nömrəli qərarı ilə X2, X4, X1 və X3 mülkiyyətinə 0,04 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN 136B saylı 30211028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayonu Aqrar İslahat komissiyasının 25 fevral 1998-ci il tarixli 02 nömrəli qərarı ilə X2, X4, X1 və X3 mülkiyyətinə 0,04 ha torpaq sahəsi verilmişdir İş materiallarında olan 11.10.2021-ci il tarixli DƏDRX-nin 5 saylı ərazi idarəsinin məktubundan müəyyən olunur ki, vərəsəlik hüququ haqqında şəhadətnamlər əsasında əldə olunmuş torpaq sahələri üzərində mübahisə mövcud olduğundan nəticədə daşınmaə əmlakın müayinəsi baş tutmamışdır. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında 27.09.2021-ci il tarixli şəhadətnamənin surətindən müəyyən olunur ki, 29.07.2004-cü ildə vəfat etmiş X5 vərəsələri İddiaçı və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Xaçmaz rayonu Qaraqurtlu kəndində yerləşən ümumi sahəsi 0,005 ha olan torpaq sahəsidir. İddiaçı iddia tələbi üzrə torpaq sahələrinin naturada bölgüsünün aparılmasını tələb etsə də, qeyd olunan torpaq sahələrinin ona məxsus olmasına dair heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, iddiaçı mübahisə predmeti olan əmlakda payının müəyyən edilməsinə dair də iddia irəli sürməmişdir. Qeyd olunan sənədlərdən göründüyü kimi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə hüquq sahiblərindən birinin adı X6 qeyd olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.2.-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 157.1.-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1.-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsəsən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümümi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı birgə mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar