Məhkəmə qərarları › İş №2(067)-626/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-626/2022

25.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-626/2022 25.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı əmlakın evdən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində 25 iyul 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlərə məxsus olan əmlaklar – 10 ədəd plastik işlənmiş qapının, 1 ədəd qara rəngli «Niva» markalı avtomaşın kuzasının, 1 ədəd işlənmiş dəmir qapının, 1 ədəd yararsız yaşıl rəngli şkaf dəstinin, 1 ədəd yararsız tumbanın, 1 ədəd yararsız şüşəli bir ayağı olmayan curnal stolunun, 2 ədəd xalçanın, 1 ədəd köhnə divanın, 1 ədəd boz rəngli yararsız qab yığmaq üçün şkafın, 1 ədəd yaşıl rəngli kompyuter masasının, 2 ədəd stenka mebelin, 2 ədəd stulun, 1 ədəd pərdənin, stenkanın içində olan qabların, 1 ədəd karobkanın içində 6 dənəli armudu stəkanın, çay servizlərinin, mürəbbə qablarının, aş servizinin ona məxsus Xaçmaz rayonu X4 kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması və ödənilmiş 200 manat mediasiya xərcinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, yaşadığı ev ona məxsusdur. Onun evində cavabdehlərə məxsus əmlaklar var. Cavabdehlər yaxın qohumudur. Dəfələrlə cavabdehlərə bildirmişdir ki, gəlib əmlaklarını aparsın. Cavabdehlər ona qərəzli olaraq aparmayacaqlarını, yən onlara məxsus olan əmlaklarını onun evindən çıxarmayacaqlarını bildirmişlər. O özünə məxsus əmlaklarını öz evinə yığa bilmir, cavabdehlərin köhnə yararsız əmlaklarına görə onun əmlaklarına yer yoxdur. Cavabdehlərə məxsus əmlaklar ona evdə maneçilik törədir. Cavabdehlərə məxsus əmlaklar onun evində olduğu üçün öz əmlaklarını evinə yığıb rahat yaşaya bilmir. Məhkəmə iclasında iddiacı iddia tələbini müdafiə etməklə iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, qeyd olunan əmlaklar anasına məxsusdur. Mübahisəli ev onlara məxsus olmuş, həmin evi atası tikdirmişdir. İddiaçı olan əmisi evsiz olduğundan atası ona mübahisəli evdə müvəqqəti yaşamağa icazə vermişdir. Lakin sonradan iddiaçı onların xəbəri olmadan evi öz adına rəsmiləşdirmişdir. Əvvəlki məhkəmə iclaslarında digər cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının evi vərəsəliklə əldə olunub və hazırda hər iki cavabdehin bu evdə istifadə hüququ var. Buna görə də iddia təmin oluna bilməz. Belə ki, hər iki cavabdeh bu evdə anadan olublar və yaşayıblar. Hazırda da həmin evə gedib gəlirlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində digər Cavabdeh2 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ********** qeydiyyat nömrəli, **********56-10301 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu X4 kəndində 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 138,9 kv.metr olan fərdi yaşayış evi tam İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 100 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-992/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, mərhum X1 miras qalmış Xaçmaz rayonunun İlxıçı kəndi ərazisində yerləşən, JN-049B seriyalı 30210068 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,16 ha torpaq sahəsinə münasibətdə mirasın İddiaçı tərəfindən qəbul edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Münasibətlər yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarına malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqların həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsinə uyğun olaraq yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırki, mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının istifadəsində olan fərdi yaşayış evində qanuni əsas olmadan əmlaklarının saxlanılması iddiaçının öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olunmasına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının qeyd etdiyi əmlakların bir hissəsi Cavabdeh1 anasına məxsus əmlakdır, digər hissəsi isə Cavabdeh1 məxsus əmlakdır. Göründüyü kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının istifadəsində olan fərdi yaşayış evində istifadə hüquqları olduğundan və həmin evdən istifadə hüquqlarına xitam verilmədiyindən iddia tələbi təmin oluna bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 241-242, 252-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın evdən çıxarılması tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar