Məhkəmə qərarları › İş №2(067)-639/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-639/2023

10.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-639/2023 10.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh MMC-nin vəkili (nümayəndəsi) X1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqının verilməsi və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə 10 mart 2023-cü il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə deyil, öz ərizəsi əsasında öz xahişi ilə işdən azad olunması barədə əmr vermək və bu barədə "xxxx" MMC tərəfindən elektron informasiya sistemində müvafiq düzəliş aparılması, əmək müqaviləsinə uyğun olaraq, "xxxx" MMC-də işlədiyi müddətdə maaş kartına vurulan və özləri tərəfindən mənimsənilən cəmi 680 manat maaş kartına vurulan əmək haqqını ona qaytarılması, guya MMC-yə vurduğu ziyana görə ona qanunsuz olaraq hesablanmış 2540 manat məbləğində pulun silinməsi, MMC tərəfindən haqsız olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bandi ilr işdən çıxarılmağı haqda elektron informasiya sistemində yerləşdirilən məlumata görə 5 ay ərzində heç bir işə qəbul edilmədiyinə görə ona dəyən 1500 manat pulun ona ödənilməsi, haqsız olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin "C" bəndi ilə işdən çıxarılmağı haqda elektron informasiya sistemində məlumat yerləşdirməklə onun ünvanına nalayiq ifadələr işlətməklə guya MMC-yə 2540 manat maddi ziyan vurması barədə böhtan atmaqla kollektiv arasında yalan məlumatlar yaymaqla ona dəyən mənəvi ziyana görə 3000 manat pulun "xxxx" MMC tərəfindən ona ödənilməsi, əmək kitabçasını və adına olan özlərində saxladıqları maaş kartını ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, 11 aprel 2022-ci ildə "xxxx" MMC-yə əmək müqaviləsi əsasında avtobus sürücüsü vəzifəsinə işə götürülmüşdür. 25 iyun 2022-ci ildə işdən çıxmaq barədə qabaqcadan MMC-nin rəhbərliyi ilə razılaşmaya əsasən yazılı ərizə yazaraq MMC-yə təqdim etməklə daha işə çıxmamış və avtobusu da MMC-nin Qımıl kəndinin yolu üstündə yerləşən qarajında 26 iyun 2022-ci ildə nəzarətçi Bəhrama təhvil vermişdir. Sonradan ona zəng edib bildiriblər ki, avtomaşını nasaz hala salmış, cəmiyyətə güya 1400 manat ziyan vurmuş, avtobusu təmir etdirməlidir. Bununla, və ona əməkhaqqı verməməklə bağlı o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Quba Regional Ərazi şöbəsinə şikayət ərizəsi ilə müraciət edərkən onda bilmişdir ki, hələ üstəlik onunla MMC arasındakı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin, "Ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. Yuxarıda qeyd etdiyim kimi 11 aprel 2022-ci ildə mən „Uğurlu yol" MMC-yə HUNDAİ COUNTY markalı 27 AC-621 dövlət qeydiyyat nişanlı avtobusa Xaçmaz-Quba avtobus marşrutu üzrə sürücü kimi işə qəbul olunmuşdur. İşə qəbul zamanı o, MMC-nin idarəsinə (ofisinə) getməmişdir. Onu işə MMC-nin Xaçmaz-Quba marşrutu üzrə nəzarətçisi Bəhram adlı şəxs Quba şəhərində„ Qafqaz oyl" yanacaqdoldurma məntəqəsində yerləşən ofisində işə qabul edib. Lazımi sənədləri ona həmin ofisdə təqdim etmişdir. MMC ilə əmək müqaviləsini Bəhram ofisdə tərtib edib. 6-7 vərəqdən ibarət çap üsulu ilə kompüterdə yazılmış Əmək müqaviləsinin vərəqələrinə onu oxumadan və Bəhram ona müqavilənin şərtlərini izah etmədən imza atmışdır. Bundan sonra Bəhram ona MMC-nin işlə bağlı şərtlərini bildirmişdir. O, bildirmişdir ki, həmin avtobus onun tərəfindən idarə edilən zaman avtobusun xarici hissəsində baş verən nasazlıqlara, qəza vaxtı alınan zədələrə o cavabdehdir, daxili nasazlıqlara isə, yəni- avtobusun motoru, motorun yağının dəyişdirilməsi, mostun və s. təmiri, nasazlığı MMC tərəfindən həyata keçiriləcəkdir. O, avtobusun yanacağını öz hesabına yənı sərnişin daşımadan əldə etdiyi yığılan pulun hesabına yanacaq doldurmalı, həmin yanacağı ancaq MMC-yə məxsus, Quba və Xaçmaz şəhərlərində yerləşən yanacaqdoldurma məntəqələrindən doldurmalıdır. Həftənin 5 günü 80 manat plan verməlidir və 80 manat „plandan" əlavə 14 manat pul da verməlidir ki, bu yığılan pulları 14 manatları ona ayın axırında maaş-əməkhaqqı kimi verəcəklər. Bundan əlavə şənbə günləri 70 manat, bazar günləri isə 60 manat plan verməlidir. Avtobusu işlətməyə başlayanda hiss etmişdir ki, avtobusun nasazlıqları çoxdur. Belə ki, mostu, motoru səs salır, əyləc (tormoz) yaxşı tutmur, motor yağ yeyir, soyutma sistemi nasazdır, (hər gün motora yağ, radiatora isə 2-3 litr antifriz əlavə etmişdir). 2-3 gün avtobusu işlədəndən sonra bu nasazlıqlar barədə Xaçmazda avtobazanın İlham adlı çilingərinə və axşamçağı hər gün Qubada gündəlik planı Bəhrama verəndə ona bildirmişdir. Sonra məlum oldu ki, avtobusun arxa təkərlərinin tormoz sistemi ümumiyyətlə yoxdur. Tormoz barabanlarını tamam çıxarıblar (zaqluşka qoyublar) ona görə tormoz verəndə qabaq təkərlərə güc düşdüyü üçün onlar qızır, avtobusun əyləci (tormozu) saxlamır, əyləci (tormozu) basanda 10-15 metrədən sonra avtobus dayanır. Bu barədə dəfələrlə Bəhrama və çilingər İlhama bildirmişdir, lakin onlar deyirdilər ki, avtobus üçün tormoz silindri sifariş veriblər o gələn kimi avtobusun üzərinə qoyacaqlar. Təxminən 1 ay işlədikdən sonra hiss etmişdir ki, avtobus tamam nasaz, qəza vəziyyətindədir. Hətta öz hesabına Quba avtobazasında xırda təmirləri də etdirmişdir, (antifriz şlanqlarını dəyişdirmiş, qluşiteli (səsboğucunu) 2 dəfə təmir etdirmiş və s.). Hər dəfə də Bəhrama nasazlıqlar barədə, motordan, mostdan səs gəlməsi barədə şikayət edəndə demişdir ki, sür, heç nə olmaz və hətta deyirdi ki, əsl sürücü gərək avtomaşını tormozsuz sürməyi bacarsın. Bir ay işlədikdən sonra avtobusdakı nasazlıqlar barədə-onları aradan qaldırmadıqlarına görə Bəhramla aralarında mübahisə olmuş və avtobusun açarlarını ona vermişdir ki, o sabahdan işə gəlməyəcək, qəza vəziyyətində olan avtobusu sürə bilməz. Lakin o, həmin axşam başqa sürücü ilə ona zəng etdirmişdir ki, sabah işə çıxsın. O da naəlac qalıb təzədən işə qayıtmışdır. İşə qəbul edəndə Bəhram demişdir ki, ona maaş kartı veriləcək. Sonradan Bəhram bildirdi ki, ona pulu-maaşı nağd verəcəklər. Bir gün də ona demişdir ki, maaş kartı gəlib, gəl imza et. Lakin maaş kartını ona verməmişlər. MMC-də işlədiyi dövrdə 2 dəfə kağız vərəqə imza etdirməklə Bəhram ona (gündə ona plandan əlavə verdikləri ilə yığılan 14 manatlar hesabına bir dəfə 190 manat, bir dəfə də 240 manat pul vermişdir. Sonradan bank hesabını yoxlayanda bilmişdir ki, onun adına olan lakin özlərində saxladıqları maaş kartına 1 ay 300 manat, o biri ay isə 297 manat pul vurub, özləri də pulu aparatdan çıxarıblar. Nəhayət avtobusdakı nasazlıqlar barədə dəfələrlə Bəhramı xəbərdar edib, bunları aradan qaldırmadıqlarını görüb, bu qənaətə gəlmişdir ki, bu avtobusla qəza törətməmiş (çünki tormoz sistemi tamam işləmirdi, əyləcə basanda avtobus 10-15 metrədən sonra dayanırdı) işdən çıxmalıdır. Amma MMC-nin keçmiş işçilərindən öyrənmişdir ki, onu öz xahişi ilə işdən azad et-məyəcəklər, həm maddə ilə işdən qovacaqlar, həm də avtobusu ona təmir etdirəcəklər və böyük məbləğdə ona ziyan yazacaqlar. Çunkı onlarla işçinin başına bu oyunları açıblar. Ona görə də Bəhrama demişdir ki, onun uşaqları ağır xəstədir, onları Bakıya müalicəyə aparmalıdır, işdən çıxmaq istəyir. O da demişdir ki, Xaçmaz avtovağzalında MMC-nin əməkdaşları oturur, get ora, işdən çıxmaq barədə ərizəni orada yazmalıdır və onlara verməlidır. O, da 25 iyun 2022-ci ildə Xaçmaz avtovağzalına gedib işdən çıxmaq barədə ərizə yazmış və onlar bildirmişlər ki, ərizəni MMC-nin rəhbərliyinə çatdıracaqlar. 26 iyun 2022-ci ildə MMC-nin qarajına getmişdir ki, avtobusu təhvil versin. Ona demişlər ki, avtobusu kimdən alıbsa ona da təhvil verməlidir, yəni Bəhrama təhvil verməlidir. O, avtobusu Xaçmazdan sürüb Qubaya Bəhramın yanına gəlmiş, Bəhram bildirmişdir ki, avtobusu ondan Xaçmazda təhvil alacaq. Özü də sükan arxasında oturmuş və avtobusu Xaçmaza sürmüşdür. Bir az sürəndən sonra avtobusun sürətlər qutusunu 5-ci sürətə keçirə bilməmiş və ona demişdir ki, avtobusun sürətlər qutusundan səs gəlir. Onda o bildirmişdir ki, “bəs mən dəfələrlə sizə deyirdim ki, sürətlər qutusundan səs gəlir, siz isə deyirdiniz ki, yox mostdan səs gəlir, elə-elə sür avtobusu”. Bundan sonra o bir daha MMC-yə getməmiş, çünki işdən çıxmaq barədə ərizə yazmışdır və həm də nasaz əyləcləri tutmayan avtobusu sürsəydi, bu hökmən qəza ilə nəticələnəcəkdi. Sonralar özləri güya cəmiyyətə 1400 manat maddi ziyan vurmağı barədə xx.xx.2022-ci il tarixində bir saxta akt, daha sonra isə rayon Prokurorluğuna onlardan şikayət etdiyini bildikdən sonra isə ziyan barədə tərtib etdiyi saxta aktı bir də saxtalaşdırıb güya MMC-yə 2540 manat maddi ziyan vurmağı barədə yeni saxta akt xx.xx.2022-ci il tarixdə isə işə çıxmamağı haqqında bir akt tərtib etmişlər. Onu da bildirir ki, o nasaz avtobusu MMC-yə təhvil verəndən bir neçə gün sonra avtobusun sürətlər qutusunu açıb, cəmi 10-15 manat qiyməti olan diyircəkli yastığı ( podşivniki) dəyişdirərək avtobusu saz hala gətirib və səhəri günü avtobus Quba-Xudat marşurutu üzrə xəttə işə çıxarılıb. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılması tam qanunsuz və əsassızdır. Belə ki, əmək müqaviləsi ilə tanış olmuş, amma müqaviləni tam oxumamışdır. xx.xx.2022-ci il tarixdə ərizə vermiş, xx.xx.2022-ci il tarixdə isə avtobusu təhvil verib işdən çıxmışdır. 3 aya yaxın işləmiş, əmək haqqısı 380 manat olmuşdur, bu müddətdə ona pul verilməmişdir. Eyni zamanda bildirmişdir ki, iddia müddətini ötürməmişdir. Çünki iddia ilə əlaqədar mediasiyaya sənəd təqdim etmişdir, sənədləri mediasiyada olduğundan məhkəməyə bundan sonra müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, işçilərdən borc pul almamışdır. İşdən çıxarılma əmri ilə əlaqədar onu heç yerdə işə götürmürlər, maddi və mənəvi ziyan çəkmişdir. Məhkəmə iclasında cavabdeh tərəf iddia tələbini qəbul etməyərək iddiaçının iddia ərizəsinə iddia müddətini tətbiq edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, Cavabdeh MMC-də xətt nəzarətçisi işləyir. İddiaçı ona yaxınlaşıb sürücü kimi işə düzəlmək istədiyini bildirmişdir. İddiaçı 3 aya yaxın MMC-də işləmişdir. İddiaçının sürdüyü maşını iddiaçıdan geri təhvil alanda isə özü şəxsən sükan arxasında oturub maşını sürüb yoxlamışdır. 5-ci sürətə keçəndə sürət qutusunda səs olduğu müəyyən olmuşdur. Usta baxıb bildirmişdir ki, sürət qutusu xarab olub, 1500-2000 manat xərc tələb olunur. Bundan sonra isə iddiaçı çıxıb getmişdir. Sonra da telefonlara cavab verməmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 209 saylı əmrindən (çıxarışdan) müəyyən olunur ki, Cavabdeh MMC bölməsində “Sürücü avtobus” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin, "ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin icraçı direktoru Əziz Əzizovun, xətt nəzarətçiləri Bəhram Məmmədovun, Sadıq Mehdiyevin, çilingər İlham Səlimovun iştirakı ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixlı aktdan müəyyən olunur ki, Cavabdeh MMC-nin sürücüsü İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-nin balansında olan, ona təhkim edilmiş HUNDAİ COUNTY markalı 27 AC-621 dövlət qeydiyyat nişanlı avtobusu idarə edərkən məsuliyyətsizlik etmiş, avtobusu düzgün idarə etmədiyi üçün texniki cəhətdən nasaz vəziyyətə salmışdır. (sürətlər qutusu dağılmışdır). Həmin gündən sonra sürücü İddiaçı işə gəlməmiş və avtobusun təmir olunması üçün üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin icraçı direktoru Əziz Əzizovun, xətt nəzarətçiləri Bəhram Məmmədovun, çilingər İlham Səlimovun, Vidadi Əzizovun iştirakı ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixlı aktdan müəyyən olunur ki, Cavabdeh MMC-nin sürücüsü İddiaçı Cavabdeh MMC-nin balansında olan, ona təhkim edilmiş HUNDAİ COUNTY markalı 27 AC-621 dövlət qeydiyyat nişanlı avtobusun sürətlər qutusunu yararsız hala salmışdır. İş materiallarında olan Cavabdeh MMC-nin 06 iyul 2022-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, İddiaçı əmək müqaviləsinin şərtləri pozulduğuna görə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Quba rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)- 2303/2022 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh MMC-nin İddiaçı qarşı maddi ziyan tələbinə dair iddiası təmin olunmamışdır. İş materiallarında olan müraciətdən müəyyən olunur ki, İddiaçı 2022-ci ilin oktyabr ayında mediasiyaya müraciət etmiş, yəni işdən çıxma əmri verildikdən 3 aydan sonra, oktyabr ayında isə mediasiyada imtina olmuş və bundan 3 ay sonra da məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh MMC bölməsində “Sürücü avtobuc” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə “AR Əmək Məcəlləsinin 70-ci maddəsinin, "ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin a - bəndinə görə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç - bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Bundan başqa Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır Həmin Məcəllənin 288-ci maddəsinin «a» bəndinə əsasən əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli bu Məcəllə ilə nizama salınır. Əmək Məcəlləsinin 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Bununla yanaşı məhkəmə baxışı iclasında cavabdeh iddiaya etiraz və iddiaçının iddia ərizəsinə iddia müddətinin tətbiq edilməsinə dair məhkəməyə ərizə təqdim etmişdir. Belə ki, məhkəmə baxışı iclasında cavabdeh tərəf iddianı qəbul etməyərək iddiaya etiraz və iddia müddətinin tətbiq edilməsinə dair ərizə verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh tərəf bu mövqeyini onuna əsaslandırmışdır ki, iddiaçı məhkəməyə iddia müddəti ötürüldükdən sonra müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı isə bildirmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılması tam qanunsuz və əsassızdır. Eyni zamanda bildirmişdir ki, məhkəməyəqədər müraciət etmək üçün iddia müddətini ötürməmişdir. Əsas vaxtı mediasiyaya getmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə görə 1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Yuxarıda sadalananlarla yanaşı məhkəmə onu da qeyd edir ki, iddiaçı barəsində verilmiş işdən çıxma barədə əmrin ləğv olunmasına dair tələb irəli sürmədən hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, iddiaçı digər hissədə iddia tələbini təsdiq edən mötəbər sübutları da məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia müddəti ötürüldüyündən və iddia əsassız olduğundan iddia təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitutsiyasının 36-cı maddəsinin 3-ci hissəsinə əsasən fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir Azərbaycan Respublikası Konstitutsiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, məhkəmə vasitəsi ilə, işinin ədalətli, araşdırılması hüququna malikdir. İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq Paktın 6-cı maddəsinin 1ci bəndinə əsasən bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin azad seçdiyi və ya könüllü razılaşdığı işlə həyatını təmin etmək hüququnu əhatə edən əmək hüququnu tanıyırlar və bu hüququn təmin olunması üçün müvafiq addımla atacaqlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə,

q ə t e t d i:

İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqının verilməsi və sair tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar