Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-70/2024 15.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, birgə nikah dövründə əldə etdikləri əmlakın Xaçmaz rayonu Krasnı Xutor (Xaçmaz rayon Uzun-oba İƏV) Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cil tarixli 05 saylı qərarı ilə verilmiş 0.34 ha və Xaçmaz rayonu Krasnı Xutor (Xaçmaz rayon Uzun-oba İƏV) Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cil tarixli 05 saylı qərarı ilə verilmiş 2.27 ha torpaq sahəsinin cavabdehlə aralarında bölünməsinə, torpaq sahələrinin ikidə bir hissəsinə onun mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə o, xx.xx.1972-ci ildə rəsmi nikaha daxil olub evlənmişlər. Birgə nikahdan 7 uşaqları olmuşdır. Onların xasiyyətləri uyğun gəlmədiyinə görə ayrılmışlar. Onun cavabdehlə nikahı xx.xx.2009-cu il tarixdə Xaçmaz Rayon Məhkəməsinin qətnaməsi ilə ləğv edilmişdir. Birgə yaşadıqları dövrdə əldə etdikləri Xaçmaz rayonu, Krasnı xutor (Xaçmaz rayon Uzun-oba İƏD) yerləşən yaşayış evi Xaçmaz Rayon Məhkəməsinin 2(067)-897 saylı xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən bölünmüşdür. Lakin Xaçmaz rayonu Krasnı Xutor (Xaçmaz rayon Uzun-oba İƏV) Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cil tarixli 05 saylı qərarı ilə verilmiş 0.34 ha və Xaçmaz rayonu Krasnı Xutor (Xaçmaz rayon Uzun-oba İƏV) Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cil tarixli 05 saylı qərarı ilə verilmiş 2.27 ha torpaq əldə etmişlər. Həmin torpaq sahələrinin nüsxəsi Xaçmaz rayon torpaq şöbəsində saxlanılıb dövlət aktı qeydiyyat kitabında 39 və 36 nömrə qeydiyyata alınıb. Hal-hazırda həmin torpaq sahələri dövlət aktı ilə onun adındadır. O, həmin torpaq sahələrindən istifadə edə bilmir. Həmin torpaq sahələri ər-arvad arasında naturada bölünməlidir. Onun birgə nikah dövründə əldə etdikləri torpaq sahələrindən başqa torpaq sahəsi yoxdur. Buna görə də həmin torpaq sahələrinin birgə əmlak kimi aralarında bölünməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, birgə mülkiyyətlərinə 2.27 ha torpaq sahəsi və 0.34 ha olmaqla həyətyanı torpaq sahələri mövcuddur. Çıxarışları də təsdiq olunub. Torpaq sahəsinin ½ şəkildə bölünməsini istəyir. Torpaq sahəsinin 4 mülkiyyətçisi olduğunu bilir. Lakin torpağın ½ şəkildə bölünməsini istəyir. Çünki o, torpaq sahəsindən istifadə edə bilmir. İddianın təmin olunmasını xahiş edir. İş üzrə Cavabdeh, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6 və X7 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflərin nikahı xx.xx.2009-cu ildə ləğv edilmişdir. İş materiallarında olan JN-0036 saylı ******* kodlu Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Xaçmaz rayonu, Qırmızı Xutor kəndi ərazisində Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cil tarixli 05 saylı qərarına əsasən İddiaçı, Cavabdeh, X2 və X3 birgə mülkiyyətlərinə 2.27 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-035A saylı, 30223048 Kodlu Şəhadətnamənin surətindən görünür ki, Xaçmaz rayonu, Qırmızı Xutor kəndində Aqrar İslahat Komissiyasının xx.xx.1998-cil tarixli 05 saylı qərarına əsasən İddiaçı, Cavabdeh, X2 və X5 0.34 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Mütəxəssis rəyindən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının (JN-035A, kod ********) xx.xx.1998-ci il tarixli 05 saylı qərarı ilə verilmiş 0.34 ha və Xaçmaz rayon Aqrar İslahat komissiyasının (JN-0036. kod ********) xx.xx.1998-ci il tarixli 05 saylı qərarı ilə verilmiş 2.27 ha torpaq sahələrindən İddiaçı 1/2; 1/3 və ya 1/4 hissədə payının naturada ayrılması mümkün deyildir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh xüsusi mülkiyyətində Xaçmaz rayon Qırmızı Xutor kəndində 1.703 ha torpaq sahəsində xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən torpaq sahəsi vardır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 19 yanvar 2024-cü il tarixli, 10/9791 saylı ekspert rəyindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının (JN-035A, kod ********) xx.xx.1998-ci il 05 saylı qərarı ilə verilmiş 0.34 ha və Xaçmaz rayon Aqrar İslahat Komissiyasının (JN-0036, Kod 3********) xx.xx.1998-ci il tarixli 05 saylı qərarı ilə verilmiş 2.27 ha torpaq sahələrindən İddiaçı ½, 1/3 və ¼ hissədə payının naturada ayrılması mümkün deyildir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh nikahlarını xx.xx.1972-ci il tarixində rəsmi qaydada qeyd etməklə evlənmiş, birgə nikahdan 7 uşaqları doğulmuş, iddiaçı ilə cavabdeh arasında olan nikah pozulmuşdur. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cil tarixli 05 saylı qərarına əsasən İddiaçı, Cavabdeh, X2 və X3 birgə mülkiyyətlərinə 2.27 ha torpaq sahəsi, eyni zamanda Xaçmaz rayonu, Qırmızı Xutor kəndində Aqrar İslahat Komissiyasının xx.xx.1998-cil tarixli 05 saylı qərarına əsasən İddiaçı, Cavabdeh verilmişdir. İddiaçı hazırda qeyd olunan torpaq sahələrinin cavabdeh ilə arasında bərabər şəkildə bölünməsini xahiş edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın ümumi mülkiyyətinə dair hüquq normalarını müəyyən edir. Həmin normalara əsasən - Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində göstərilir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 36.1-ci maddəsinin tələbinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Bu Məcəllənin 36.3-cü maddəsinin tələbinə görə mübahisə olduqda, ər-arvadın əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: 1) əmlakın ər-arvadın nikah müddətində əldə olunması; 2) əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Aqrar islahatın əsasları haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən İslahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə ə vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, Xaçmaz rayonu, Krasnı Xutor (Xaçmaz rayon Uzun-oba İƏV) Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cil tarixli 05 saylı qərarı ilə verilmiş 0.34 ha və Xaçmaz rayonu Krasni Xutor (Xaçmaz rayon Uzun-oba İƏV) Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cil tarixli 05 saylı qərarı ilə verilmiş 2.27 ha torpaq sahəsinin birgə nikah dövründə birgə vəsait hesabına əldə etdikləri barədə iddiaçı tərəfindən mötəbər sübutlar təqdim edilmədiyinə, eləcə də işin faktiki halları ilə təsdiqlənmədiyinə görə iddia tələbi əsassızdır və təmin edilə bilməz. Əksinə iş materialları ilə müəyyən edilir ki, iddiaçının birgə nikah dövründə əldə etdiklərini iddia etdiyi torpaq sahələri onların mülkiyyətinə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının qərarları ilə əvəzsiz olaraq verilmiş, torpaq sahələrinə nəinki iddiaçı və cavabdehin payı, eyni zamanda digər ailə üzvləri X6 və X3 da payı olmaqla 4 nəfər mülkiyyətçi arasında bərabər paylarla bölünmüşdür. Məhkəmənin qənaətinə görə bu əmlaklar tərəflərin birgə nikahı dövründə ər-arvadın birgə vəsaiti hesabına əldə edilməmişdir. Yuxarıda sadalananları və işin məhkəmə tədqiqatı zamanı araşdırılan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisə olunan torpaq sahələri Aqrar islahat Komissiyasının qərarı əsasında 4 nəfərin mülkiyyətinə əvəzsiz verilmişdir. Şəhadətnamələrdən göründüyü kimi paylar bərabərdir, ideal şəkildə tərəflərin payına mütənasib şəkildə bölünüb. Qeyd olunan torpaq sahələrinin yenidən bölünməsinə ehtiyac yoxdur. Əks halda torpaq sahələrinin iddiaçının iddia etdiyi şəkildə bölünməsi digər mülkiyyətçilərin mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər. Bu səbəbdən hazırki iddianın təmin olunması üçün heç bir əsas yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-70/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-70/2024
15.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver