Məhkəmə qərarları › İş №2(067)-716/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-716/2024

05.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-716/2024 05.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X9, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1999-cu il tarixdə vəfat etmiş atam X2 miras qalmış Xaçmaz rayonu, Sabir-Oba kəndində yerləşən 0.28 ha həyətyanı torpaq sahəsində məxsus olmuş 0.0560 ha və 0.3493 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində məxsus olmuş 0.07 ha torpaq sahəsindən ibarət mirasın tərəfimdən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Sabir-Oba kəndində mərhum X1ndan miras qalmış evdə yaşayır. Torpaq islahatı zamanı Xaçmaz rayon X5 27 noyabr 1998-ci il tarixli, 12 saylı qərarı ilə beş nəfərdən ibarət ailəyə Xaçmaz rayonunun Sabir-Oba kəndi ərazisində 0.3493 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.28 ha həyətyanı torpaq sahəsi mülkiyyətə verilmişdir. 0.3493 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququ hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ilə təsdiq olunur. 0.28.ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququ JN-044F KOD 30217058 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə təsdiq olunur. Həmin sənədlərdə 0.3493 ha və 0.28 ha torpaq sahələrinin birgə mülkiyyətçiləri kimi aşağıdakı şəxslər göstərilmişdir: İddiaçı, X3, X6, X4, X7. 0.3493 ha torpaq sahəsi beş nəfərin birgə mülkiyyəti olduğundan hər bir mülkiyyətçinin payı 0.07 ha təşkil edir. 0.28 ha torpaq sahəsidə beş nəfərin birgə mülkiyyəti olduğundan hər bir mülkiyyətçinin payı 0.0560 ha təşkil edir. X1 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. O, vəfat etməzdən əvvəl notariat qaydada təsdiq edilmiş 22 dekabr 1986-cı il tarixli vəsiyyətnamə ilə özünə məxsus bütün əmlakını, o cümlədən Xaçmaz rayonunun Sabir-Oba kəndində yerləşən yaşayış evini ona vəsiyyət etmişdir. Atasının ölümündən sonra o həm vəsiyyət üzrə, həm də qanun üzrə birinci növbədə vərəsə kimi atasından miras qalmış əmlakı faktiki olaraq qəbul etmişdir. Ailəsi ilə birlikdə atasından miras qalmış evdə yaşayır, həm atasının sağlığında, həm də onun ölümündən sonra ailənin birgə mülkiyyəti olan 0.3493 ha və 0.28 ha torpaq sahələrini əkib becərir və torpağın vergisini həmişə özü ödəmişdir. Atasından miras qalmış Xaçmaz rayonu, Sabir- Oba kəndində yerləşən 0.28 ha həyətyanı torpaq sahəsindən və birgə mülkiyyəti olan 0.3493 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mərhum atası Qazı Bədəlova məxsus olmuş 0.0560 ha və 0.07 ha torpaq sahəsindən ibarət miras əmlaka dair adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Xaçmaz rayon 1 saylı notariat ofisinə müraciət etmişdir. Həmin notariat ofisinin notariusu D.A.Tağıyev 30 may 2023-cü il tarixli məktubla cavab vermişdir ki, X2 miras qalmış əmlakı qəbul etmiş digər birinci növbə varisləri mövcuddur. Mövcud olan digər varislər pay bölgüsünə dair münasibətlərini bildirmədikləri üçün pay bölgüsünün aparılması mümkün deyildir. Cavabdeh mərhum atasından miras qalmış əmlakı qanunla müəyyən edilmiş müddətdə və qaydada qəbul etməsə də, o, notariat ofisinə gəlib hər hansı ərizə yazmaqdan imtina edir. Ona görə də cavabdehlə aralarında miras əmlakla bağlı mübahisə mövcuddur. Atasının vəfat etdiyi tarixdən cavabdeh miras əmlakla bağlı heç bir iddia qaldırmamışdır. O, birinci növbədə qanun üzrə, həmçinin vəsiyyət üzrə vərəsə olaraq mirası faktiki qəbul etmişdir. Məhkəmə iclasında iddiaçı mirasın bölüşdürülməsi ilə bağlı notariat ofisinə müraciət etməsinə dair etiraz etməmişdir. Məhkəmə iclasında cavabdeh mirasın bölüşdürülməsi ilə bağlı notariat ofisinə müraciət etməsinə dair etiraz etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə hazırlıq icraatına xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı miras əmlakın qəbulu ilə bağlı müvafiq notariat kontoruna müraciət etmədən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1.-261.0.3 və 261.0.6.-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti əsasında ərizə qaytarıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, hazırki iddia ərizəsi üzrə hazırlıq icraatına xitam verilməlidir. Həmçinin iddiaçıya müvafiq notariat kontoruna müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə hazırlıq icraatına xitam verilsin. İddiaçıya müvafiq notariat kontoruna müraciət etmək hüququnun olması izah olunsun. İddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 100 manat dövlət rüsumu (Qəbz№**********) iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar