Məhkəmə qərarları › İş №2(067)-916/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-916/2020

25.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-916/2020 25.06.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun, İddiaçı, Cavabdeh X2 və Cavabdeh2 iştirakları ilə, İddiaçı X4 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə xx xxxx 2020-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər X1 və Cavabdeh2 24000 manat məbləğində pulun, 5000 manat maddi ziyanın, 10000 manat mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 2007-ci ildə oğlu Zaidov Xanlar ona bildirmişdir ki, Yalama kəndində torpaqların alqı-satqısı ilə məşğul olan Nəsrulla Şeydayev ilə görüşmüş və sonuncu ona bildirmişdir ki, qaynı Cavabdeh2 özünə məxsus 3,0 ha torpaq sahəsini satır və qiyməti 6400 manatdır. Həmin ərəfədə o yenicə pensiyaya çıxmış və təsərrüfatla məşğul olmaq arzusunda olmuşdur. Ona görə də oğluna razılıq vermişdir ki, həmin torpaq sahəsini alsın. Bundan sonra oğlu Nəsrullah ilə görüşmüş, ona razılaşdıqları kimi 6400 manat pul ödəmiş və Nəsrulla söz vermişdir ki, torpağa dair sənədləri onun adına keçirib təhvil verəcəkdir. Həqiqətən də aralarında şifahi alqı-satqının baş tutduqdan müəyyən müddət sonra Cavabdeh1 torpağa dair sənədləri oğlu Xanlara təhvil vermiş və o vaxtdan başlayaraq o, həmin 3,0 ha torpaq sahəsindən əkin əkməklə istifadə etməyə başlamışdır. Cavabdeh1 təqdim etdiyi sənədlər əsasında o həmin 3,0 ha torpaq sahəsinə dair DƏDRX-nin Xaçmaz ərazi idarəsindən öz adına çıxarış da almışdır. Oğlu Xanlar 2015-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra Cavabdeh2 2017-ci ildə Qusar rayon məhkəməsində ona qarşı çıxarışın etibarsız hesab edilməsinə dair iddia qaldırmışdır. İddia təmin olunmuş, son olaraq Ali Məhkəmənin xx xxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya məhkəməinin qətnaməsi qüvvədə saxlanılmış, adına olan çıxarışın etibarsız hesab edilməsi qərara alınmışdır. xx xxxxxx 2017-ci iltarixdə o, həmin 3,0 ha torpaq sahəsini digər oğlu X10 bağışlamış və onun adına çıxarış da alınmışdır. Bundan sonra Cavabdeh2 yenidən ona və oğlu Zahidə qarşı bağışlanma müqaviləsinin, həmin müqavilə əsasında oğlunun adına alınmış çıxarışın etibarsız hesab edilməsi və 3,0 ha torpaq sahəsinin istifadələrindən alınması barədə iddia qaldırmış və iddia təmin edilmişdir. Həmin qətnamədən tərəflərindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya məhkəməsinin qətnaməsində göstərilmişdir ki, mərhum Xanlar Zaidov tərəfindən 6400 manat pulun X4 ödənilməsi sübut olunmuşdur. Bu hal alqı-satqının etibarlılığı üçün əsas olmasa da cavabdehin Cavabdeh1 qarşı pul tələbinə dair iddiasını istisna etmir. Beləliklə 3,0 ha torpaq sahəsinə görə tərəfindən cavabdehlərə 2007-ci ildə 6400 manat pulun verilməsi öz təsdiqini tapmışdır. Cavabdehlər 2007-ci ildə ondan oğlu Xanlar vasitəsi ilə 6400 manat pul alaraq ona satdıqları 3,0 ha torpaq sahəsinə aid özlərinin hazırladıqları sənədləri guya saxta olması barədə oğlu Xanların 2015-ci ildə vəfat etdikdən sonra mübahisəli 3,0 ha torpaq sahəsinin ondan geri alınmasına nail olmuşlar. Ortada onun torpağa görə ödədiyi 6400 manat pul batmış və öz adına, oğlu Zahidin adına çıxarışların alınmasına, notariatda bağışlama müqaviləsinin təsdiqinə xərclərə məruz qalmışdır. Hesab edir ki, cavabdehlər ondan aldıqları 6400 manat pulu devalvasiya nəzərə alınmaqla, həm də ona dəymiş maddi ziyanı və mənəvi ziyanı ödəməlidirlər. Cavabdehlərə ödədiyi 6400 manat pul 2007-ci ildə dolların manata nisbətdə kursu 0,78 olmuşdur. 6400 manat həmin dövrdə 8205 ABŞ dolları təşkil etmişdir. Hazırda 1 ABŞ dolları 1,7 manat təşkil edir, bu hesabla 8205 manat ABŞ dolları 13948 manat təşkil edir. 2007-ci ildə 1,0 ha torpaq sahəsinin bazar qiyməti 2000-2500 manat civarında idisə hazırda 1,0 ha torpaq sahəsinin bazar qiyməti 8000-10000 manat civarındadır. Cavabdehlərin ona qarşı etdikləri qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi ziyanı (çıxarışların alınmasına, müqavilənin təsdiqinə, üç il ərzində məhkəmələrə gedib gəlməsinə və s.) 5000 manat və mənəvi zərərə görə dəymiş ziyanın 10000 manat qiymətləndirir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişlər. Məhkəmə tərəflərin izahatılarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, iddiaçının oğlu Xanlar ilə dostluq münasibətləri olmuşdur. Xanlar ona 3 hektar torpaq sahəsi aldığını bildirmişdir. Həmin torpağın pulunun ödənilməsində şəxsən iştirak etmişdir. Belə ki, Xanlar onun yanında 6400 manat pulu saymış və onlar maşınla birlikdə getmişlər. Xanlar maşından düşüb Nəsrullaya və Raminə yaxınlaşmış və pulu Nəsrulla Şeydayevə vermişdir. Bu hadisə 2007-ci ilin sonlarında olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə verən X11 ifadəsində göstərmişdir ki, təxminən 10 il bundan əvvəl Nəsrulla ilə kafedə oturub çörək yedikləri zaman Xanlar kafeyə gəlmiş, onun yanında 6000 manatdan bir qədər artıq pulu Nəsrullaya vermişdir. Bu hadisə 2007-ci ilin sonlarında olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 xx xxxx 1961-ci ildə anadan olmuşdur. X6, anası X15 qeyd edilmişdir. İş materiallarında olan Xaçmaz RİHB-nın Yalama İƏD üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli 225 nömrəli arayışdan müəyyən olunur ki, mərhum X13 Xaçmaz rayonu Yalama kəndində vəfat edən günədək atası İddiaçı ilə eyni ünvanda birgə yaşamışdır. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş notariat ofisində yazılmış ərizədə İddiaçı göstərmişdir ki, X5 şəhərində yaşamış oğlu X13 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra miras qalmış əmlak: Xaçmaz rayonu ərazisində yerləşən daşınmaz əmlaklardan ibarətdir. Göstərilən əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(029)- 216/2019 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, cavabdehlər İddiaçı ilə X16 arasında Qusar rayon notariat kontorunda bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 4Ə-1418 reyestr nömrəli bağışlama müqaviləsi, həmin müqavilə əsasında cavabdeh X8 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz ərazi idarəsi tərəfindən verilmiş çıxarış etibarsız hesab edilmişdir. Qusar rayonu Gilah oba kəndində yerləşən 3,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər X8 və İddiaçı sahibliklərindən və istifadələrindən alınaraq Cavabdeh2 və onun ailə üzvlərinin sahibliyinə və istifadələrinə qaytarılması qət edilmişdir. Həmin qətnamədən həmçinin müəyyən olunur ki, Qusar rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(029)-1397/2017 nömrəli qətnaməsinə əsasən cavabdeh İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi idarəsi tərəfindən verilmiş xx xxx 2009-cu il tarixli MH seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(105)- 1370/2018 saylı qətnaməsinə əsasən Qusar rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(029)-1397/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli 2(102)- 5057/18 saylı qərarına əsasən isə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırki iş üzrə xx xxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(105)-2755/2019 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, Qusar rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(029)-216/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən müəyyən edilmişdir ki, ilk iddia üzrə cavabdeh İddiaçı mübahisəli torpaq sahəsini 2007-ci ildə oğlu Xanlar Zaidov vasitəsi ilə Cavabdeh2 6400 manat pul ödəyərək aldığını bildirmişdir. İşin tədqiq olunan faktiki hallarına və şahid ifadələrinə əsasən məhkəmə kollegiyası müyyən etmişdir ki, mübahisəli torpaq sahəsinin alınması üçün göstərilən pul məbləği mərhum Xanlar Zaidov tərəfindən torpağın mülkiyyətçisi Cavabdeh2 yox, onun qohumu X4 ödənilmişdir. Həmin pulun sonradan ilk iddiaçı Cavabdeh2 ödənilməsinə dair isə məhkəməyə heç bir mötəbər və legitim sübut təqdim edilməmişdir. Eyni zamanda həmin qətnamədən müəyyən olunur ki, mərhum Xanlar Zaidov tərəfindən 6400 manat pulun X4 ödənilməsi sübut olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 2007-ci ilin sonlarında iddiaçının oğlu Xanlar Zaidov tərəfindən cavabdeh Nəsrulla Şeydayevə 6400 manat pulun verilməsi iş materialları ilə tam təsdiq olunmuşdur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(102)-8265/2019 saylı qərarının surətindən müəyyən olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin yuxarıda qeyd olunan hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi ilə bağlı 6400 manat pulun iddiaçıya qaytarılması ilə bağlı iddia ərizəsi verilən günədək keçən 12 il ərzində cavabdeh tərəfindən iddiaçıya qaytarılmaması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasənbir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Həmin Məcəllənin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı ona əlavə maddi və mənəvi ziyanın dəyməsi barədə hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi qismən təmin olunsun. X1 6400 manat məbləğində pul və pulun ödənilməsi ilə bağlı gecikdirilmiş 12 il müddət üçün illik 5% olmaqla 3840 manat pul, cəmi 10240 manat məbləğində pul tutularaq İddiaçı verilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı iddiaçıya aid edilsin, 15 manat isə cavabdeh X1 tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar