Məhkəmə qərarları › İş №2(067)-972/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-972/2024

27.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-972/2024 27.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı yaşayış evinin qanunsuz sahiblikdən geri verilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh1 tərəfindən qanunsuz zəbt olunmuş ünvan 1 ünvanında yerləşən evinin onun qanunsuz sahibliyindən alınıb, həmin evin tam boşaldılaraq ona təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, şəhid ailəsi olduğu üçün Xaçmaz rayon icra hakimiyyəti tərəfindən hazırda cavabdehin yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tikilərək istifadəsinə verilmişdir. Həmin vaxtdan ev sahibliyində olmuşdur. Cavabdehlə heç bir qohumluq əlaqəsi yoxdur. xx.xx.2016-cı il tarixdə Xaçmaz rayonu, Qaraqurtlu kənd sakini cavabdehin anası X1 Xaçmaz notariat kontorunda rəsmi olaraq müqavilə ilə 20000 (iyirmi min) manat borc pul almışdır. Həmin borc müqaviləsinə əsasən pulu xx.xx.2018-ci il tarixədək qaytarmalı idi. 2017-ci il tarixədək göstərilən məbləğin bir qismini qaytarsa da, borcun böyük əksəriyyətini ödəyə bilməmişdir. Zülfiyyə Qurbanovaya bildirmişdir ki, H.Aslanov 8 ünvanında yerləşən fərdi yaşayış evini 50000 manata satıb qalıq borcunu ona ödəyəcəkdir. O, ərinin Qələbə küçəsində olan evinə köçmüşdür ki, ev satılana qədər həmin evi kirayə verərək Zülfiyyənin borcunu qaytarsın. Bunu eşidən Zülfiyyə ona demişdir ki, həmin evdə özü qalsın, kirayə haqqlarını ona olan borcundan çıxsın. Onunla razılaşmışdır. Bundan sonra Zülfiyyə Qurbanova ailəsi ilə birlikdə həmin evdə yaşamağa başlamışlar. Sonradan Zülfiyyə rəhmətə getmişdir. O, bundan sonra onun oğlu və digər ailə üzvlərinə evini tərk etməsini bildirdikdə o evin ona anasından qaldığını və buna görə də həmin evi tərk etməyəcəyini bildirmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddiaya uyğun izahat vermiş, iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Raufun qaynanası ona əlavə 18000 manat pul verməli idi, amma verməyib. Pulun 20000 manatını notarial qaydada vermişdir. Raufun arvadı Günay demişdir ki, Vüqar pul göndərəcək, borcu ödəyəcəklər. Cavabdeh1 evi bacısının əri Raufa satıb Rusiyaya getmişdir. Ona 20000 manat puldan əlavə pul verilməmişdir. 20000 manatı da cavabdehin qaynanası borc kimi vermişdir. O hazırda evini geri istəyir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək göstərmişdir ki, mübahisəli evi qaynanası almışdır. Qaynanası 2017-ci ildə vəfat etmişdir. Pul məsələsi ilə bağlı polis şöbəsinə şikayət olunmuş və araşdırma aparılmışdır. Orderin qaynanasının adına yazılmasına dair iddiaçının ərizəsi də var. Qaynı Cavabdeh1 bildirmişdir ki, iddiaçıya borcu qalmamışdır. Evə mülkiyyət hüququna dair başqa sənəd yoxdur, order verilmişdir. Cavabdeh1 evi bacısına, yəni onun arvadı Günay Abbasovaya bağışlamışdır. Vüqar ona bildirmişdir ki, evin pulu iddiaçıya tam ödənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Şahid qismində ifadə verən X9 ifadəsində göstərmişdir ki, tərəflərlə qohumluğu və ədavəti yoxdur, Cavabdeh1 tanıyır. O, Cavabdeh1la danışanda demişdir ki, evin alqısatqısından 18000 manat borc qalıb, məhkəməyə iddia veriləcək. Vüqar cavabında ona demişdir ki, məhkəməyə verməsinlər, hissə-hissə 2 dəfəyə 18000 manatı ödəyəcək. Şəxsiyyət vəsiqələrinin surətlərini də ona göndərmişdir. Cavabdeh Raufla da bu barədə görüşüb söhbət etmişdir. İddiaçı o özü də ev almışdır. Mübahisəli evin alqı-satqısında iştirak etməmişdir. İddiaçı evi Zülfiyyə Qurbanovaya satmışdır. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli Xaçmaz İH-nin MKTİ-nin arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanda yaşayır. ünvan 4 -xx.xx.2021-ci il tarixli arxiv arayışından müəyyən olunur ki, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 29 №-li sərəncamından çıxarışa əsasən aşağıdakı şəxslərə order verilməsi qərara alınmışdır: İddiaçı - Xaçmaz şəhəri, H.Aslanov küçəsindəki 8N°li evin 2-ci mərtəbəsindəki 3 otaqlı, yaşayış sahəsi 49.5 kv/m olan 6 nömrəli mənzil. -xx.xx.2021-ci il tarixli arxiv arayışından müəyyən olunur ki, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 60 №-li sərəncamından çıxarışa əsasən Xaçmaz şəhəri, H.Aslanov küçəsindəki 8N°li evin, 3 otaqlı, yaşayış sahəsi 49.5kv/m olan 6 nömrəli mənzilin kirayəçisi S.Ə.Fətullayevanın xahişi ilə X2 mənzilin kirayəçisi hesab edilməsi və order onun adına yazılması qərara alınmışdır. -xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, «Borc verən» X3 «Borc alan» İddiaçı 20000 manat məbləğində pul borc verir. «Borc alan» krediti xx.xx.2018-ci il tarixədək «Borc verən»ə qaytarmağı öhdəsinə götürür. -25 fevral 2011-ci il tarixli 493 nömrəli orderin surətindən görünür ki, Xaçmaz şəhəri, H.Aslanov küçəsindəki 8N°li evin 2-ci mərtəbəsindəki 3 otaqlı, yaşayış sahəsi 49.5 kv/m olan 6 nömrəli mənzilə dair X2 adına order yazılmışdır. Ailə tərkibi X3 və Cavabdeh2 ibarətdir. -xx.xx.2021-ci il tarixli Xaçmaz İH-nin MKTİ-nin arayışından (Forma 2) müəyyən olunur ki, X3 2011-ci il tarixdən 2017-ci ilədək Xaçmaz şəhəri, H.Aslanov küçəsindəki 8N°li evin 6 nömrəli mənzilində yaşamış və orada xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra aşağıdakı ailə tərkibi qalmışdır. Cavabdeh2. Ölümündən sonra evi və təsərrüfatı Cavabdeh2 idarə edir. -25 fevral 2011-ci il tarixli Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 60 №-li sərəncamından müəyyən olunur ki, Xaçmaz şəhəri, H.Aslanov küçəsindəki 8 N°li evin, 3 otaqlı, yaşayış sahəsi 49.5 kv/m olan 6 nömrəli mənzilin kirayəçisi S.Ə.Fətullayevanın xahişi ilə X2 mənzilin kirayəçisi hesab edilməsi və order onun adına yazılması qərara alınmışdır. - İddiaçı Xaçmaz Mİİ-nin rəisinə ünvanladığı xx.xx.2011-ci il tarixli ərizəsində göstərmişdir ki, qəza vəziyyətinə düşmüş binada o qardaşı Telman Məcidov və qohumu Zülfiyyə Qurbanova bir ailə kimi yaşamış və birgə təsərrüfat aparmışlar. Həmin mənzilin əvəzinə tikilmiş mənzil onun adına yazılmışdır. Lakin hazırda mənzilin kirayəçisinin Zülfiyyə Qurbanova olması və orderin onun adına yazılmasına razılığa gəlmişlər. Buna görə də yaşadıqları mənzilin kirayəçisi Zülfiyyə Qurbanovanın hesab edilməsi və orderin onun adına dəyişdirilməsini xahiş etmişdir. X6 və X3 da eyniməzmunlu ərizə ilə Xaçmaz Mİİ-nin rəisinə müraciət ünvanlamışlar - Xaçmaz Mİİ-nin rəisiXaçmaz rayon İcra Hakimiyyətinin başçısı ünvanlanladığı xx.xx.2011-ci il tarixli ərizəsində göstərmişdir ki, mənzilin sakinləri S.Fətəliyev, T.Məcidov və Z.Qurbanova həmin mənzilin kirayəçisinin Zülfiyyə Qurbanova olmasına və orderin onun adına yazılmasına razılığa gəlmişlər. Buna görə də həmin mənzilin kirayəçisi Zülfiyyə Qurbanovanın hesab edilməsi və orderin onun adına dəyişdirilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 60 nömrəli sərəncamından görünür ki, Xaçmaz şəhəri, H.Aslanov küçəsindəki 8N°li evin, 3 otaqlı, yaşayış sahəsi 49.5kv/m olan 6 nömrəli mənzilin kirayəçisi S.Ə.Fətullayevanın xahişi ilə X2 mənzilin kirayəçisi hesab edilməsi və orderin onun adına yazılması qərara alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı məhkəmədə iddia qaldıraraq ünvan 1 ünvanında yerləşən evinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanunsuz sahibliyindən alınıb, həmin evin tam boşaldılaraq ona təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini tələb edir. Cavabdeh3 isə həmin mənzilə digər cavabdeh olan arvadı Cavabdeh2 ilə birlikdə qanuni şəkildə sahiblik etdiklərini bildirərək iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X5 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehlərə qarşı iddia tələbinin hüquqi əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsidir. Mülkiyyətçinin öz əmlakını qanunsuz sahiblikdən geri tələb etməsi (vindikasiya tələbi) üçün ilk olaraq iddiaçı həmin əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak özgənin sahibliyində olmalı və bu sahiblik qanunsuz olmalıldır. Lakin hazırki vəziyyətdə müəyyən olunur ki, əmlak cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 sahibliyində olsa da, iddiaçı həmin əmlakın mülkiyyətçisi deyil və cavabdehlərin sahibliyi qanunidir. Belə ki, məhkəmə araşdırması müəyyən edildi ki, iddiaçı mübahisələndirilən mənzili öz razılığı ilə başqa şəxsin (Zülfiyyə Qurbanovanın) sahibliyinə və istifadəsinə vermiş, həmin şəxs vəfat etdiyidən onun qızı Cavabdeh2 faktiki olaraq həmin əmlaka digər cavabdeh olan əri ilə birlikdə sahiblik edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı ünvan 1 ünvanında yerləşən evin İddiaçı mülkiyyətində olması halı öz təsdiqini tapmamışdır. Həmçinin, iddiaçı mübahisələndirilən əmlakın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən qanunsuz zəbt olunmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə Cavabdeh3 mübahisəli mənzilin iddiaçının özü tərəfindən onun qaynanası, yəni digər cavabdeh olan Cavabdeh2 anasına verilməsi barədə sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, tərəflərin izahatlarını və işdə olan materialları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış evinin qanunsuz sahiblikdən geri tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar