Məhkəmə qərarları › İş №2(067)-973/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-973/2024

27.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-973/2024 27.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı işəgötürən tərəfindən əmək təhlükəsizliyi qaydalarının pozulması nəticəsində işçiyə dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı işəgötürən tərəfindən əmək təhlükəsizliyi qaydalarının pozulması nəticəsində işçiyə dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ona dəymiş zərərin əvəzi olaraq 20000 manat mənəvi ziyanın və 10000 manat fiziki zərərin, cəmi 30000 manat pulun alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh MMC üzrə verilmiş xx.xx.2013cü il tarixli, 28 k əmrinə əsasən o, həmin müəssisəyə logistika bölməsində fəhlə vəzifəsinə işə qəbul edilmiş və 11 oktyabr 2019-cu il tarixədək həmin işdə çalışmışdır. 14 iyul 2015-ci il tarixdə o, cavabdeh müəssisədə paketləmə sexində işlədiyi zaman iş yerinə kimsə yeşikdə yığılan və əvvəlcədən qapaq bağlama hissəsindən sınmış və zibil kisəsinə atılmamış şüşə bankalarını göndərmə makina xəttində vasitəçi ilə göndərmək üçün gətirib onun qabağına qoymuş, o, həmin yeşikdən bankanı götürmək istədikdə sol əlinin 3, 4, 5-ci barmaqlarımın iç səthi dərindən kəsilmiş, yaralardan güclü qanaxma başlamış və onu müəssisənin maşınında sürücü Vahid, X5 müşayiəti ilə Xaçmaz şəhəri, Nərimanov prospektində yerləşən “X17 Klinikası”na gətirmişlər. Burada həkim Əhməd Əhmədov tərəfindən kəsilən yaralara tikişlər qoyulmuş və bundan sonra onu müəssisənin işçiləri gətirdikləri avtomaşınla evinə aparmışlar. Qeyd edir ki, iş vaxtı 8 saat ərzində o, 28000- 30000 1 lt-lik kompotla dolu şüşə bankaları paketləmə sexin transportyorun üzərinə yığırdı. Əslində paketləmə xəttində 7-8 nəfər işləməli olduğu halda faktiki olaraq briqadirlə birlikdə beş nəfər işləyirdi. Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Tofiq Paşayevin qəbulunda olarkən o, bildirmişdir ki, məhz bu hal onun xəsarət almasına səbəb olmuşdur. Hadisədən sonra o, iki gün ev şəraitində müalicə olunurdu. Üçüncü günün axşamı müəssisədə anbar müdiri işləyən Mətləb Əliyev telefonla ona zəng edərək bildirmişdir ki, səhər işə çıxmalıdır, əks halda atasını işdən qovduqları kimi onu da işdən qovarlar. Həmin vaxt o, ərindən boşanmış və himayəsində azyaşlı uşağı var idi. Sabiq əri ona aliment ödəmirdi və maddi vəziyyəti çox ağır olduğundan hadisənin 4-cü günü işə çıxmalı olmuşdur. Əvvəllər iki əli ilə gördüyü işi o, məcburiyyət qarşısında qalaraq bir əli ilə görməyə başlamışdır. Çünki sol əlinin 3, 4 və 5-ci barmaqları ağrımaqla qatlanmırdı. Hadisə ilə bağlı o, dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etmiş və sonuncu dəfə Xaçmaz rayon prokurorluğunun müstəntiqi İİİ-cü dərəcəli hüquqşünas X9 18 yanvar 2024cü il tarixli qərarı ilə şikayəti üzrə icraatında olan 27C-22 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda qeyd olunur ki, məhkəmə əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 31 may 2023-cü il tarixli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “İşçilərin əməyin mühafizəsi üzrə təlimatın təşkili. Ümumi tələblər 12.0.004-90 dövlət standartı’nın 4.4 bəndinin və “Qoruyucu vasitələrin, xüsusi ayaqqabının, xüsusi geyimin verilməsi, saxlanılması və istifadə qaydaları haqda Təlimatı’ın 3-cü bəndinin tələbləri pozulmuşdur ki, bu da hadisənin baş verməsinin səbəbi olmuşdur. İş sahəsində işə cəlb olunmuş işçinin (konkret olaraq Suzanna Beridzenin) bilik səviyyəsi yoxlamalarının aparılması təşkil edilmədiyinə, həmçinin iş zamanı qoruyucu vasitələr (konkret olaraq xüsusi əlcək) ilə təmin edilmədiyinə görə işçilərin əməyin mühafizəsi üzrə təlimatın təşkili. Ümumi tələblər 12.0.004-90 saylı DÜSR-nin 4.4 bəndinin və “Qoruyucu vasitələrin, xüsusi ayaqqabının, xüsusi geyimin verilməsi, saxlanılması və istifadə qaydaları haqda Təlimat’ın 3-cü bəndinin tələbləri pozulmuşdur. X1 iş zamanı qoruyucu vasitələr (xüsusi əlcək və s.) ilə təmin edilmədən işə buraxıldığını nəzərə aldıqda baş vermiş hadisə ilə əlaqədar onun tərəfindən qayda və təlimatın tələblərinin pozulması halı müəyyən edilmir. Komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, T633/2023 nömrəli rəyindən görünür ki, X2 əlin ovuc səthinin İİİ-İV-V barmaqlarının kəsilmiş yaraları olmuşdur. Qeyd olunan xəsarət kəsici kənara malik əşyanın təsirindən törənmiş, qərarda göstərilən vaxtda, yəni 14.07.205-ci ildə yarana bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. X2 əl barmaqlarında xx.xx.2015-ci ildə müayinə zamanı cərrah tərəfindən hər hansı vətərin zədələnməsi qeyd edilmədiyindən hal-hazırda onun sol əl pəncəsində yaranmış dəyişikliyi həmin travma ilə əlaqələndirmək mümkün olmadı. Bundan da əlavə Xaçmaz rayon prokuroru, baş ədliyyə müşaviri X4 18 yanvar 2024-cü il tarixli qərardadı ilə inzibati xəta haqqında iş üzrə icraat rədd edilmişdir. Həmin qərardadda yuxarıda göstərilən ekspertiza rəylərinə istinad edilərək cavabdeh tərəfindən əmək təhlükəsizliyi qaydalarının pozulması bir daha təsdiq olunmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən müddətin keçməsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraatı rədd etmişdir. Hadisədən 09 ilə yaxın müddət keçmiş olsa da, onun sol əlinin 3, 4 və 5-ci barmaqları demək olar ki, işləmir, qatlanmır və xüsusi ilə payız-qış fəsillərində kəskin ağrılar olur. Evdə demək olar ki, sol əli ilə bir iş görə bilmir. Mətbəxdə heç bir iş görə bilmir. Hesab edir ki, cavabdeh müəssisə yuxarıda göstərilən ekspertiza rəylərində qeyd olunduğu kimi əmək təhlükəsizliyi qaydalarını pozaraq onu işdə qoruyucu əlcəklə təmin etmədiyi üçün həmin hadisə baş vermiş, nəticə etibarı ilə onun sol əlinin 3, 4 və 5-ci barmaqlarının vətərləri kəsilmiş və iş qabiliyyətini itirmişdir. Baş prokurorluğun prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini, baş ədliyyə müşaviri Elşən Albəndovun imzası ilə xx.xx.2023-cü il tarixli, 04,11159 nömrəli məktubunda qeyd olunur ki, istehsalatda aldığı xəsarətlərlə bağlı təzminatın tələbi üçün Xaçmaz rayon məhkəməsinə müraciət etməlidir. Hesab edir ki, cavabdeh müəssisənin təqsirindən aldığı xəsarətlər nəticəsində ona 20000 (iyirmi min) manat mənəvi və 10000 (on min) manat fiziki ziyan dəymişdir. Belə ki, həmin hadisədən sonra o, çoxlu iztirablar keçirir, sol əlinin barmaqları tam işləmədiyi üçün sıxıntılar keçirir. Bu da onun tez-tez əsəbləşməsinə səbəb olur. Bundan da əlavə o, hadisədən sonra sol əli ilə heç bir iş görə bilmir. Bütün bunlara görə ona dəymiş zərəri ümumilikdə 30000 (otuz min) manat hesablayır. Hesab edir ki, şikayətləri üzrə müstəntiq X9 və Xaçmaz rayon prokuroru X4 qəbul etdikləri qərarlar preyudisial əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfındən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunanlara əsasən Cavabdeh MMC-dən ona dəymiş zərərin əvəzi olaraq 20000 manat mənəvi ziyanın və 10000 manat fiziki zərərin, cəmi 30000 manat pulun alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında ilkin dinləmələr zamanı İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-2581/2021 saylı qətnaməsinə əsasən X6 "xxxx" ASC-nə qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən apelyasiya şikayəti verməmişlər, bunun əvəzinə Xaçmaz rayon Prokurorluğuna şikayətlər etmişlər, yuxarı orqanların rəhbərlərinin qəbulunda olmuşlar. Prokurorluğun onun şikayət məktubuna cavabında qeyd olunmuşdur ki, istehsalatda aldığı xəsarətlərlə bağlı təzminatın tələbi üçün Xaçmaz rayon məhkəməsinə müraciət etməlidir. Həmin vaxt Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-2581/2021 saylı qətnaməsinin mövcudluğunu bildirmişdir. Hazırkı iddianı da Baş prokurorluğun onun şikayət məktubuna cavabına əsasən qaldırmışdır. İş üzrə xüsusi qərar çıxarılaraq, cinayət işinin başlanılmasını xahiş edir. Məhkəmənin hazırlıq iclasında ilkin dinləmələr zamanı Cavabdeh MMC-nin nümayəndəsi X7 iddianı qəbul etməyərək, bildirmişdir ki, İddiaçı əvvəllər də "xxxx" ASC-nə qarşı eyni tələblə müraciət etmiş və Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-2581/2021 saylı qətnaməsinə əsasən X6 "xxxx" ASC-nə qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən apelyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Ona görə də hesab edir ki, iddiaçının hazırkı iddiasına yenidən baxıla bilməz. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-2581/2021 saylı qətnaməsindən müəyyən olunur ki, eyni tərəflər arasında, eyni predmet barədə və eyni əsaslarla qətnamə qəbul edilmişdir. Belə ki, həmin iş üzrə X10 "xxxx" ASC-nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X15” MMC-dən maddi ziyana görə 5000 manat və mənəvi ziyana görə 3000 manat, cəmi 8000 manat və ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin və 30 manat dövlət rüsumu pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sözügedən iddia tələbinin adını iddiaçı pul tələbi kimi qeyd etsə də, faktiki olaraq, Cavabdeh MMC-dən işəgötürən tərəfindən əmək təhlükəsizliyi qaydalarının pozulması nəticəsində işçiyə dəymiş zərərin əvəzinin ödənilməsi tələb etmişdir. Belə ki, iddiaçı X10 həmin iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh MMC-i üzrə verilmiş xx.xx.2013-cü il tarixli 28 k əmrinə əsasən həmin müəssisəyə logistika bölməsində fəhlə vəzifəsində işə qəbul edilmiş və 11 oktyabr 2019-cu il tarixədək həmin işdə çalışmışdır. 14 iyul 2015-ci il tarixdə o, cavabdeh müəssisədə paketləmə sexində işlədiyi zaman iş yerinə kimsə yeşikdə yığılan və əvvəlcədən qapaq bağlama hissəsindən sınmış və zibil kisəsinə atılmamış şüşə bankalarını göndərmə makina xəttində vasitəçi ilə gətirib onun qabagına qoymuş, o, həmin yeşikdən bankanı götürmək istədikdə sol əlinin 3, 4, 5-ci barmaqlarının iç səthini dərindən kəsilmiş, yaralardan güclü qanaxma başlamış və onu müəssisənin maşınında sürücü Vahid, X5 müşayiəti ilə Xaçmaz şəhəri, Nərimanov prospektində yerləşən “X17 Klinikasına” gətirmişlər. Burada həkim Əhməd Əhmədov tərəfindən kəsilən yaralara tikişlər qoyulmuş və bundan sonra onu müəssisənin işçiləri gətirdikləri avtomaşını ilə evinə aparmışlar. Qanunvericiliyə əsasən müəssisədə hər hansı bədbəxt hadisə baş verərsə bu barədə istehsalatda bədbəxt hadisə barədə rəsmi akt tərtib edilməlidir. Lakin cavabdeh müəssisənin rəhbərliyi onunla bağlı baş vermiş istehsalatda bədbəxt hadisəni ört-basdır etmək məqsədi ilə bunu rəmiləşdirməmiş, hadisənin izinitozunu itirmək üçün onu Dövlət Xəstəxanasına aparmayıb, X19 aparmışlar. 2005-ci ildən 2014-cü ilə kimi cavabdeh müəssisəsində həkim ştatı mövcud olmuş və bu vəzifədə həmin dövrdə müəssisənin müdiri olmuş Əmir Zeynalzadənin həyat yoldaşı işləyirdi. Əmir Zeynalzadə Bakı şəhərində “Azərsun” şirkətində daha yüksək vəzifəyə təyin olunduqdan sonra onun yerinə Rüstəm Rüstəmov təyin edildi və müəssisədə həkim ştatı ləğv olundu. Bədəxt hadisədən sonra o, 3 gün ev şəraitində müalicə almış və hər gün “X8” gedərək yaraların sarğısını dəyişmişdir. Hadisənin 4-cü günü işə çıxmışdır. Sözsüz ki, yaralarında sarğılar qalırdı və o, əvvəlki işində, yəni paketləmə sexində işini davam etdirmişdir. Hadisədən 6 il müddət keçmiş olsa da, sol əlinin yara yerləri tam sağalmamış, bu gün də sol əli ilə sərbəst iş görə bilmir. Payız-qış aylarında isə ağrılar onu daha da narahat edir. Cavabdeh müəssisəsi onunla bağlı baş vermiş istehsalatda bədbəxt hadisəni ört-bastır etməklə bərabər ona heç bir kompensasiya ödəməmişdir. Cavabdeh müəssisədə onunla bağlı istehsalatda bədbəxt hadisə baş verdiyi tarixdən bir gün əvvəl, yəni 13 iyul 2015-ci il tarixdə Xaçmaz rayon məhkəməsində atası Nümayəndə cavabdeh “X15" ASC-nə işə bərpa işinə baxılırdı. Hesab edir ki, onunla baş vermiş istehsalatda bədbəxt hadisə ilə atası Nümayəndə cavabdehə qarşı məhkəmədə araşdırılan mülki işlə səbəbli əlaqə vardır, yəni kimlərinsə sifarişi ilə hadisə vaxtı qabağın əvvəlcədən ağızları sındırılmış şüşə bankaları qoymuşlar ki, o, həmin bankaları götürəndə əli kəsilsin. Çünki paketləmə sexinə bankalar yoxlanışdan keçib gəlir və hər hansı qüsuru olan banka buraxılmamalıdır. Nə qədər ki, paketləmə sexinə agızı sınmış şüşə bankası buraxılıb və nəticədə sol əlinin barmaqları kəsilmişdir, bu cavabdeh müəssisəsinin rəhbərliyinin atası Nümayəndə görə ona qarşı quraşdırılmış planıdır. Yuxarıda göstərilən istehsalatda bədbəxt hadisə nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Dəymiş maddi ziyanı o, 5000 manat, mənəvi ziyanı 3000 manat qiymətləndirir. O, cavabdehlə aralarında olan mübahisəni məhkəmədən kənar həll edilməsi üçün mediasiyaya müraciət etmiş, lakin mübahisə həmin təsisatda öz həllini tapmamış və mediator Şahin Mütəllimov tərəfindən ona 16 avqust 2021-ci il tarixli 2021- 000286 saylı arayış verilmişdir. Odur ki, cavabdeh onu məhkəməyə müraciət etməyə vadar etmişdir. Məhkəmə hesab edir ki, X6 Cavabdeh MMC-nə qarşı iddia tələbinin adını formal olaraq 2(067)-2581/2021 saylı mülki iş üzrə pul tələbi kimi, hazırkı iş üzrə isə işəgötürən tərəfindən əmək təhlükəsizliyi qaydalarının pozulması nəticəsində işçiyə dəymiş zərərin əvəzinin ödənilməsi kimi qeyd etməsi, həmçinin iddiaçının cavabdehdən eyni əsaslarla 2(067)-2581/2021 saylı mülki iş üzrə maddi ziyana görə 5000 manat və mənəvi ziyana görə 3000 manat, cəmi 8000 manat, hazırkı iş üzrə isə dəymiş zərərin əvəzi olaraq 20000 manat mənəvi ziyanın və 10000 manat fiziki zərərin, cəmi 30000 manat pul tələb etməsi, qeyd olunan tələblərin formal əsaslarla fərqli iddia tələbləri olmasına dəlalət etmir. Bu səbəbdən məhkəmə iddiaçının hər iki tələbini eyni tərəflər arasında, eyni predmet barədə və eyni əsaslarla qaldırılmış iddia tələbləri kimi qiymətləndirir. Bu zaman məhkəmə nəzərə alır ki, iddiaçının nümayəndəsi özü də məhkəmə iclasında qeyd etmişdir ki, iddiaçı Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-2581/2021 saylı qətnaməsinin mövcudluğunu anlayır və Baş prokurorluğun onun şikayət məktubuna cavabında istehsalatda aldığı xəsarətlərlə bağlı təzminatın tələbi üçün Xaçmaz rayon məhkəməsinə müraciət etməli olmasını qeyd etdiyinə görə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə müvafiq olaraq, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilir. Belə olan halda İddiaçı Cavabdeh MMC-nə qarşı işə götürən tərəfindən əmək təhlükəsizliyi qaydalarının pozulması nəticəsində işçiyə dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 180 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170, 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh MMC-nə qarşı işə götürən tərəfindən əmək təhlükəsizliyi qaydalarının pozulması nəticəsində işçiyə dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə İddiaçı tərəfindən ödənilmiş 180 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar