Məhkəmə qərarları › İş №2(067)-980/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-980/2021

17.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-980/2021 17.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlə onun arasında Xaçmaz rayon 1 saylı Notariat Kontorunda tərtib edilərək təsdiqlənmiş xx.xx.2006-cı il tarixli Daşınmaz Əmlakın alqı-satqısına dair AN-1 ******* saylı müqaviləyə əsasən cavabdehə Torpağa Mülkiyyət Hüququna dair JN 228 saylı 30212068 kodlu Dövlət Aktına əsasən Xaçmaz rayonu Fərzəli-oba kəndində yerləşən 1.44 ha torpaq sahəsini satın aldığı 1.0 ha hissəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssisinin tərtib etdiyi bölgü planına və faktik sahibliyində olan hissəsinə uyğun olaraq sərhədlərinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, notarial qaydada təsdiqlənmiş xx.xx.22006-cı il tarixli Daşınmaz Əmlakın alqı-satqısına dair AN-1 ******* saylı müqaviləyə əsasən cavabdehdən Torpağa Mülkiyyət Hüququna dair JN 228 saylı 30212068 kodlu Dövlət Aktına əsasən Xaçmaz rayonu Fərzəli-oba kəndində yerləşən 1.44 ha torpaq sahəsinin 1.0 ha hissəsini satın almışdır. Cavabdehlə həmkəndli olduqlarına görə aldığı torpaq sahəsinin sərhədlərini öz aralarında razılaşdırmışlar və aldığı 1.0 ha torpaq sahəsi cavabdeh tərəfindən yerində ona göstərilmişdir. Həmin torpaq sahəsində öz vəsaiti hesabına fındıq bağı salmış, 2006-cı ildən etibarən təyinatına uyğun olaraq istifadə edir. Cavabdehin istifadəsində qalan 0.44 ha torpaq sahəsi hazırda da onun istifadəsindədir və eşitdiyinə görə həmin torpağı da başqa şəxsə satır. Aldığı torpaq sahəsinə mülkiyyət sənədi-çıxarış almaq üçün müraciət etdikdə cavabdehlə razılaşdırılmış qaydada ərazinin bölgü planı çəkilmiş və tərəflərə, yəni ona və cavabdehə ərazinin bölgü planı təqdim edilərək imzalamaq təklif olunmuşdur. Lakin ona məlum olmayan səbəbdən cavabdeh bölgü planını imzalamaqdan imtina etmişdir. Bu səbəbdən aralarında narazılıqlar yaranmış. Qeyd etmişdir ki, 2006-cı ildə aldığı və fındıq bağı saldığı torpaq sahəsini bu vaxrta qədər hər hansı bir irad olmadan istifadə etmişdir. Cavabdehlə aralarında heç vaxt narazılıqlar olmamışdır. Buna görə də, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh nümayəndəsi Nümayəndə iddianın dəlillərinə etiraz edərək bildirmişdir ki, iddiaçı ilə 2006-cı ildə alqı satqı müqaviləsi bağlansa da, onlara pul tam şəkildə ödənilməmişdir. İddiaçının onlara borcu qaldığından və sonuncu borcu uzun müddət ödəmədiyi üçün, torpağa dair mülkiyyət hüququnu əldə etməsinə etiraz edir. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan AN-İ №0083726 saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcılar Cavabdeh, Nümayəndə və X2 Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsi Xaçmaz rayon torpaq şöbəsi tərəfindən xx.xx.2005-ci ildə verilmiş JN 228 saylı 30212068 kodu olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Xaçmaz rayon, Fərzəli oba kəndində yerləşən 1.0 ha torpaq sahəsini alıcı İddiaçı mülkiyyətinə verir. İş materiallarında olan DƏDRX-nin əməkdaşı tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş bölgü planından görünür ki, alqı-satqı müqaviləsinə əsasən Xaçmaz rayonu, Fərzəli-oba kəndi ərazisində yerləşən 1.44 ha torpaq sahəsinin 1.0 ha hissəsi İddiaçı qalan 0.44 ha hissəsi isə Cavabdeh istifadəsinə göstərilmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlarla əlaqədar hazırki mübahisə üzrə torpağa mülkiyyət hüququna dair mülkiyyətində olan torpaq sahəsinin hər hansı bir hissəsindən cavabdehin qanunsuz və əsassız olaraq istifadə etməsini sübutetmə yükü iddiaçının üzərinə, bunun əksinə sübutetmə yükü isə cavabdehin üzərinə düşür.. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti 11 aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydata daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli 2 №-li Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Həmin Qərarın 6-cı bəndinə əsasən torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadtnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddiaçı ilə cavabdeh arasında 2006cı ildə bağlanmış daşınmaz əmlakın alqı satqı müqaviləsi bağlansa da, müqavilədə satın alınmış 1,44 ha torpaq sahəsinin 1,0 ha hissəsinin koordinatları göstərilməmiş, həmin torpağın hansı hissədə yerləşməsi barədə məlumat qeyd olunmamışdır. İddiaçının qeyd etdiyinə görə, o, müqavilə bağlandıqdan sonra torpağın sərhədləri barədə cavabdehlə şifahi olaraq razılaşmışdır, hal-hazırda isə cavabdeh həmin razılaşmanı inkar edir. DƏDRX-nin əməkdaşı tərəfindən isə tərtib olunmuş Bölgü Planında göstərilən sərhədlər isə heç bir fakta və sənədə istinad etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi tələbinə dair iddiası təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar