Məhkəmə qərarları › İş №2(068)-104/2022

Xızı Rayon Məhkəməsi Qərardad — İş №2(068)-104/2022

18.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 2(068)-104/2022 18.05.2022 XIZI RAYON MƏHKƏMƏSİ X4 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı təbiətə dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə birinci tələb üzrə 275000 manat, ikinci tələb üzrə isə 118000 manat məbləğində təbiətə dəymiş ziyanın tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, iddianın əsası ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15.12.2020-ci il tarixli, 93 saylı sərəncamına əsasən Xızı rayonu, Şorabad kəndi, Xəzər dənizi istiqamətinə gedən yolun sol hissəsində xidməti ərazidə yerin təkindən istifadə edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılmışdır. Araşdırma zamanı Xızı rayonu, Şorabad kəndi, Xəzər dənizi istiqamətinə gedən yolun sol hissəsində Şorabad qəsəbə sakini Cavabdeh rəhbərliyi ilə açıq üsulla istismar olunmaqla qumun daşınması faktı aşkar edilmişdir. Təqdim olunmuş sənədlərə əsasən torpağa mülkiyyət hüququna dair 10 dekabr 2004-cü il tarixli, SN-0396, kod 30604005 saylı dövlət aktı ilə 120 ha torpaq sahəsinin X2 təsərrüfatı məhsulları istehsalı üçün verildiyi məlum olmuşdur. Torpaq sahəsinin idarə olunması və hüquqi hərəkətlər aparılması üçün Cavabdeh 30 dekabr 2016-cı il tarixli, AR-1, №510841 saylı etibarnamə verilmişdir. Fiziki şəxs Cavabdeh Xızı rayonu, Şorabad qəsəbəsi ərazisində dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması üçün Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi tərəfindən 15N/İ-323/2016 qeydiyyat nömrəli 11 fevral 2016-cı il tarixli, №088319 saylı lisenziya verilsə də, hal-hazırda ərazidən dağ-mədən işlərinin aparılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Dağ- mədən ayırmaları aktı, dağ mədən işlərinin inkişaf planı və ekoloji ekspertiza rəyi alınmamışdır. Yalnız 2005-ci il üçün dağ-mədən işlərinin inkişaf planının razılaşdırımasına dair Dövlət Ekspertiza İdarəsinin 730 saylı, 13.07.2005-ci il tarixli ekspertiza rəyi alınmışdır. Rəydən məlum olur ki, Xızı rayonu, Şorabad Bələdiyyəsinin 03.11.2003-cü il tarixli, 08 saylı qərarı ilə Şorabad qum yatağından fiziki şəxs Vaqif Əliyevə 5 ha torpaq sahəsi ayrılmışdır. Ötən illər üçün dağ-mədən işlərinin inkişaf planı hazırlanmamış, Ekologiya və Təbii Sərvətlər Nazirliyini ilə razılaşdırılmamışdır. Bundan əlavə 01-02 sentyabr 2021-ci il tarixləri ərzində aparılan növbəti monitorinq zamanı qeyd olunan ərazidə yenidən açıq üsulla istismar edilməklə yerin təkindən istifadə olunması faktı aşkar edilmişdir. Əraziyə baxış keçirilərkən iki sahədə faydalı qazıntının ağır texnika və yük maşınları ilə daşındığını sübut edən yeni izlərin, qumu daşlardan təmizlənmək üçün bir ədəd metaldan kustar üsulla hazırlanmış ələyin olduğu müəyyən edilmişdir. “Yerin təki haqqında” Qanunun 46-cı maddəsinə əsasən Qanunun tələblərinin pozulmasına görə hüquqi və fiziki şəxslər məsuliyyət daşıyırlar. Bu Qanunun Vİİ fəsli isə qanunun pozulmasına görə məsuliyyət, mübahisələrin həll edilməsi və vurulmuş ziyanın ödənilməsi ilə bağlı ümumi müddəaları özündə əks etdirir. Göründüyü kimi, iş üzrə iddia tələbi yer təkindən düzgün istifadə edilməmə (yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi) nəticəsində təbiətə dəymiş ziyanın ödənilməsi, eləcə də, “Yerin təki haqqında” Qanunun tələblərinin pozulmasına görə şəxslər tərəfindən təbiətə ziyan dəydiyi hallarda belə ziyanın hansı qaydada həmin şəxslərdən tutulması ilə bağlıdır. Bununla yanaşı, X6 X1 Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Agentlik digər fəaliyyətlə yanaşı, yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.2.1 və 2.2.2-ci bəndlərinə əsasən yerin təkinin geoloji öyrənilməsinə, istifadəsi və mühafizəsinə nəzarət, mineral xammal ehtiyatlarından səmərəli istifadə edilməsi sahəsində dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək, o cümlədən yerin təkindən istifadə sahəsində tənzimlənməni və qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərinə aiddir. Həmçinin, Nizamnamənin 3.1.25-ci bəndinə əsasən yerin təkindən istifadə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görmək, Agentliyin vəzifələrinə aiddir. Nizamnamənin 3.2.10-cu bəndinə əsasən isə yer təkindən istifadə və onun mühafizəsi sahəsində qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə yoxlamalar aparmaq, icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn digər tədbirlər görmək Agentliyin hüquqlarına aid edilmişdir. Qanunvericiliyin istinad edilən tələblərindən məlum olur ki, yer təkindən qanunauyğun şəkildə istifadə sahəsində nəzarətin həyata keçirilməsi və yerin təkindən istifadə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması üzrə yaranan hüquq münasibətləri, həmin münasibətlərin tərəfləri və xarakterinə görə, sərbəst mülki dövriyyə və sahibkarlıq münasibətləri kimi deyil, bir tərəfin (Agentliyin) digər tərəf (yer təkinin istifadəçiləri) üzərində hakimiyyət və inzibati-idarəçilik səlahiyyətlərinin həyata keçirilməsi ilə xarakterizə olunan münasibətləridir. Başqa sözlə, yer təkindən istifadəyə nəzarət və dəymiş zərərin əvəzinin müəyyən edilməsi ilə bağlı yararan hüquq münasibətlərində Agentlik “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 2.0.2-ci maddələrinə, həmçinin öz Nizamnaməsinin 3.1.25 və 3.2.10-cu bəndlərinə uyğun olaraq, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan inzibati akt qəbul etmək səlahiyyəti verilmiş inzibati orqan kimi çıxış edir. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunun 82-ci maddəsinə və “İcra haqqında” Qanunun 6.1.8-ci maddəsinə görə, inzibati orqanlar pul tələblərinin ödənilməsi ilə bağlı məcburi qaydada icra olunmalı inzibati aktlar qəbul etmək (icra sənədi vermək) səlahiyyətinin həvalə olunması deyilənləri bir daha təsdiq edir. İnzibati akt isə inzibati orqan tərəfindən aparılan inzibati icraatın nəticəsində qəbul edilir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “Yerin təki haqqında” Qanunun 47-ci maddəsinə əsasən yerin təkindən istifadə ilə əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Yerin təkindən istifadə ilə əlaqədar mübahisələrin məhkəmə qaydasında həllinin mümkünlüyünün, o cümlədən vurulmuş ziyanın miqdarının və ödənilməsi qaydasının məhkəmə tərəfindən müəyyənləşdirilməsini nəzərdə tutan normalar dəymiş ziyanla bağlı müvafiq inzibati orqan tərəfindən aparılan inzibati icraat nəticəsində inzibati aktın qəbulunu istisna etmir. Belə ki, həmin normalar qəbul edilmiş inzibati aktın nəticəsi ilə razılaşmayan şəxslərin həmin aktı və həmin aktdan inzibati qaydada verilmiş şikayətin nəticəsində qəbul edilmiş aktın məhkəmə qaydasında mübahisələndirməsini və məhz bu halda məhkəmənin vurulmuş ziyanın miqdarını və ödənilməsi qaydasını müəyyənləşdirmək imkanını nəzərdə tutur. Beləliklə, “Yerin təki haqqında” Qanunun müddəalarına uyğun olaraq şəxslər tərəfindən riayət edilməsinə nəzarət müvafiq inzibati orqan tərəfindən inzibati icraat çərçivəsində aparılmalı və nəticədə pozuntu aşkar edildiyi hallarda isə bu barədə inzibati akt qəbul edilməlidir. Həmin inzibati akt isə “Yerin təki haqqında” Qanunun 47-ci maddəsinə əsasən inzibati və ya məhkəmə qaydasında mübahisələndirilə bilər. İnzibati orqanların aktlarına, hərəkətlərinə və ya hərəkətsizliklərinə qiymət verilməsi isə mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmənin səlahiyyətinə aid deyil. MPM-in 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya yer təkindən düzgün istifadə edilməməsi nəticəsində təbiətə dəymiş ziyanın ödənilməsi ilə bağlı məcburi qaydada icra olunmalı inzibati akt qəbul etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı təbiətə dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina olunsun. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xızı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar