Məhkəmə qərarları › İş №2(068)-160/2021

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-160/2021

11.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-160/2021 11.11.2021 XIZI RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, iddiaçı X1 iştirakı ilə, iddiaçı X1 Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 20720 manat məbləğində borcun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, İddiaçı 12 oktyabr 2021-ci il tarixdə öldüyünə görə, Azərbaycan Respublikasının MPM-nin 58.1-ci maddəsinə əsasən o, hüquqi varisi X2 ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı X2 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, mərhum ərinin dostu Mirabbas Əhmədovun vasitəsi ilə tanış olduqları Cavabdeh özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hospitalında işləyən həkim, DTX-nın kapitanı və yüksək vəzifədə işləyən adamlarla tanışlıq əlaqələri olan şəxs kimi təqdim edərək, mərhum ərinin vaxtı ilə X3 və Ədliyyə Nazirliyində xidmətdə olaraq, sonradan işdən çıxması ilə əlaqədar olaraq ala bilmədiyi təqaüdün ödənilməsi məsələsini həll etmək gücündə olmasını və tez bir zamanda yoluna qoya biləcəyinə onları inandırmışdır. Hətta, Cavabdeh and-aman edərək ən azı 700-800 manat civarında təqaüdü alacağına onları inandırmışdır. Cavabdehin yalan vədlərinə etibar edərək, 27 yanvar 2019-cu il tarixdən 10 iyun 2019-cu il tarixədək olan müddətdə hissə-hissə olmaqla, cəmi 21220 manat pulu Cavabdeh vermişlər. Bir müddət sonra Cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməyəndə, müxtəlif bəhanələrlə vaxt - möhlət qazananda onlar da şübhələr yaranmağa başlamış, cavabdehə olan inam və etibarları azalmağa başlamışdır. Mərhum əri dəfələrlə cavabdehin atasının iş yerinə gedərək ya işinin həll edilməsi, ya da pulunun qaytarılması üçün kömək istəməsinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Digər tərəfdən isə Cavabdeh telefon zənglərinə cavab verməməyə, onlarla görüşməkdən yayınmağa başlamışdır. Bundan sonra, onlar hüquq-mühafizə orqanlarına müraciət etmiş və onlarla birlikdə bir çox şəxslərə qarşı dələduzluq əməli törətdiyinə görə cavabdeh barəsində cinayət işi başlanılmışdır. Həmin müddət ərzində Cavabdeh iş düzəltmək adı ilə aldığı pulun 500 manatını qaytarsa da, qalan 20720 manat pulu bu günə kimi qaytarmamış və bu hərəkətləri ilə onlara xeyli miqdarda zərər vurmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli hökmünə əsasən onun mərhum əri zərərçəkmiş şəxs kimi tanınmış və Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin cinayət işi üzrə təqsirləndirilən şəxs qisməndə dindirilərkən Cavabdeh onlara qarşı dələduzluq əməli törətməsini səmimi etiraf etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı istintaq təcridxanasında cəza çəkdiyindən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iclasın Cavabdeh iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 1(004)-112/2021 saylı hökmünün surətindən görünür ki, Cavabdeh təkrarən tamah niyyətilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə, tanışı İddiaçı özünü Dövlət Təhlükəsizlik Xidmətinin hospitalında işləyən həkim kimi, yüksək vəzifədə işləyən adamlarla tanışlıq əlaqələri olan şəxs kimi təqdim edərək, İddiaçı vaxtilə X4 və Ədliyyə Nazirliyində xidmətdə olub, sonradan işdən çıxmağı ilə bağlı olaraq, ala bilmədiyi təqaüdün ayrılması məsələsini təşkil edəcəyi və aylıq 600-700 manat təqaüd alacağı barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib sonuncunun inam və etibarını qazanıb bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan vəd verib aldadaraq, bu məqsədlə vahid niyyətlə əhatə olunan qəsdlə 27 yanvar 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Maliyyə Nazirliyinin inzibati binasının yaxınlığında 1000 manat pulu, dələduzluq hərəkətlərinin davamı olaraq qeyd edilən təqaüdün ayrılması üçün əlavə pul lazım olması adı ilə 2019-cu ilin fevral ayının əvvəlində Bakı Metropoliteninin “Nizami” stansiyasının yaxınlığında 1500 manat pulu, daha sonra təqaüdün artımlarla hesablanması adı ilə 2019cu ilin fevral ayının ortalarında Daxili İşlər Nazirliyinin inzibati binasının yaxınlığında 1000 manat pulu, sonuncu dəfə təqaüd pulunun karta tez vurulması adı ilə 10 iyun 2019-cu il tarixdə Yasamal rayonu ərazisində Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasının yaxınlığında yerləşən "xxxx" ASC-nin yanında 350 manat olmaqla, eyni məqsədlə vahid niyyətlə əhatə olunan qəsdlə 27 yanvar 2019-cu il tarixdən 10 iyun 2019cu il tarixədək olan müddətdə hissə-hissə olmaqla, ümumilikdə 21220 manat pulu alıb, ələ keçirərək, zərərçəkmiş İddiaçı ümumilikdə 21220 manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş və hökmə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmçinin, həmin hökmdən görünür ki, Cavabdeh məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən İddiaçı aldadaraq ümumilikdə 20000 -21000 manat pul almasını etiraf etmişdir. İşdə olan 02 avqust 2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh tamah niyyətilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə, tanışı İddiaçı özünü Dövlət Təhlükəsizlik Xidmətinin hospitalında işləyən həkim kimi, yüksək vəzifədə işləyən adamlarla tanışlıq əlaqələri olan şəxs kimi təqdim edərək, İddiaçı vaxtilə X4 və Ədliyyə Nazirliyində xidmətdə olub, sonradan işdən çıxmağı ilə bağlı olaraq, ala bilmədiyi təqaüdün ayrılması məsələsini təşkil edəcəyi və aylıq 600-700 manat təqaüd alacağı barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib sonuncunun inam və etibarını qazanıb bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan vəd verib aldadaraq, 27 yanvar 2019-cu il tarixdən 10 iyun 2019-cu il tarixədək olan müddətdə hissə-hissə olmaqla, ümumilikdə 21220 manat pulunu almış, lakin qaytarmamışdır. Cavabdeh borcu qaytarmadığı üçün iddiaçı hüquqlarının müdafiə olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə həm iddiaçının, həm də cavabdehin üzərinə düşür. Belə ki, sübutların tədqiqatı zamanı iddiaçı Həqiqət Abasova Cavabdeh ona iddia tələbində qeyd etdiyi kimi 20720 manat borclu olmasını sübut edə bilmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı tərəfdən aldığı 20720 manat məbləğində pulu qaytarmadığından, iddiaçı X1 mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Bununla da, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçı X1 xeyrinə 20720 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1, 234, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı X1 xeyrinə 20720 (iyirmi min yeddi yüz iyirmi) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar