Məhkəmə qərarları › İş №2(068)-168/2022

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-168/2022

12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-168/2022 12.10.2022 XIZI RAYON MƏHKƏMƏSİ X3 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 400 manat sığorta ödənişinin əvəzinin və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 15:45 radələrində Bakı-Quba yolunun 28 km ərazisində iddiaçı tərəfindən icbari sığorta növü ilə sığortalanmış, etibarnamə olmadan cavabdeh tərəfindən idarə olunan “VAZ 21061 minik” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobil “Chevrolet Cruze” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobilə maddi zərər dəymişdir. Sumqayıt şəhər DYPŞ-nin xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən baş vermiş yol nəqliyyat hadisəsində cavabdeh qanunvericiliyin tələblərini pozaraq İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci (nəqliyyat vasitəsini etibarnamə olmadan idarə olunması) maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qiymətləndirmə aktında göstərilmişdir ki, “Chevrolet Cruze” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 400 manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, CML-1781 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra iddiaçı tərəfindən faydalanan şəxs PSG Finans BOKT MMC-yə 400 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 400 manat məbləğində sığorta ödənişi iddiaçı tərəfindən zərərçəkənə ödənildiyindən, iddiaçının “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin tələbinə görə, cavabdehdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi 06 sentyabr 2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etiraz ərizəsi məhkəməyə daxil olmamışdır. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1999-cu il tarixində Sumqayıt şəhərində anadan olmuş, hazırda Xızı rayonunun Giləzi qəsəbəsində qeydiyyatdadır. BA seriyalı, 157968 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21061 minik” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1r. AE seriyalı, 016026 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Chevrolet Cruze” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi PSG Finans BOKT MMC-dir. Sumqayıt ŞPİ DYPŞ əməkdaşı tərəfindən cavabdeh barəsində xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin tarixli inzibati tənbeh vermə haqqında qərarla cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. xx.xx.2022-ci il tarixli avtonəqliyyat vasitələrinin texniki ekspertizasının 5598 nömrəli ekspert rəyinə (qüsur aktına) əsasən “Chevrolet Cruze” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi miqdarı 400 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli sığorta aktına və xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən “Chevrolet Cruze” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə iddiaçı tərəfindən PSG Finans BOKT MMC-yə 400 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (883.1.). Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir (886.1.). Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir (888.1.). İşdən göründüyü kimi iddiaçı tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası qaydasında sığortalanmış avtomobil cavabdeh tərəfindən etibarnamə olmadan idarə olunarkən sığorta hadisəsinə uğramışdır. Həmin sığorta hadisəsi nəticəsində “Chevrolet Cruze” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə ziyan dəymişdir. İddiaçı bununla bağlı həmin avtomobilə dəymiş ziyanla bağlı sığorta ödənişi həyata keçirmişdir. Hal-hazırda iddiaçı həmin məbləği cavabdehdən tələb edir. Mülki Məcəlləyə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (936.1.). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (936.2.). Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (936.5.). Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir (936.6.). Hazırkı işdə iddiaçının cavabdehə qarşı subroqasiya hüququnun yaranması üçün ilk öncə ziyanın cavabdeh tərəfindən vurulması müəyyən edilməlidir. Eyni zamanda Mülki Məcəllədə göstərilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (1108.1.). İşdən göründüyü kimi cavabdeh iddiaçı tərəfindən sığortalanmış avtomobilin sürücüsü olmaqla baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanuna əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır (25.1.3). İşdən göründüyü kimi cavabdeh etibarnamə olmadan avtomobil idarə edərkən yolnəqliyyat hadisəsi törətmiş və buna görə onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, iddiaçı tərəfindən “Chevrolet Cruze” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə ödənilmiş məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-580 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 400 (dörd yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar