Məhkəmə qərarları › İş №2(068)-3/2022

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-3/2022

09.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-3/2022 09.03.2022 XIZI RAYON MƏHKƏMƏSİ X2 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakların açıq hərracda satılaraq satış pulunun paylara mütənasib surətdə bölünməsi tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin, Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən əmlak kompleksinin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib surətdə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Siyəzən Rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı rəsmi nikah dövründə əldə olunmuş daşınmaz əmlakların bölünməsinə dair iddiası qismən təmin olunmuşdur. Həmin qətnaməyə əsasən Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən əmlak kompleksi və ünvan 3də fərdi yaşayış evi üzərində ½ hissədə iddiaçının, ½ hissədə cavabdehin payı müəyyən edilmişdir. İddiaçı göstərilən əmlaklardan istifadə edə bilmədiyindən Xızı Rayon Məhkəməsinə müraciət edərək mübahisəli əmlakların naturada bölünməsini xahiş etmiş, lakin ekspert rəyinə əsasən əmlakların naturada bölünməsi mümkün olmadığından iddia tələbi həmin hissədə təmin edilməmişdir. Ona görə də birgə paylı mülkiyyətlərində olan fərdi yaşayış evinin və əmlak kompleksinin naturada bölünməsinin mümkünsüzlüyü məhkəmə qətnaməsi əsasında müəyyən edilərək payların naturada bölünməsi iddiası rədd edildiyi üçün iddiaçı öz payının dəyərinin ödənilməsini digər mülkiyyətçi olan cavabdehdən tələb etmək barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Xızı Rayon Məhkəməsinin 19.12.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçının həmin iddiasıda rədd edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh onun keçmiş əridir. Onların münasibətləri gərgindir, aralarında mübahisələr var və nikahları məhkəmə qaydasında pozulmuşdur. Bu səbəbdən onlar birgə yaşaya bilməzlər. Qeyd edilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirdi ki, iddiaçı ilə 2016-cı ilin fevral ayında boşandıqdan sonra Siyəzən Rayon Məhkəməsi onlara məxsus olan mülklərin bölünməsinə və həmin mülklərin 1/2 hissəsi ona, 1/2 hissəsi qarşı tərəfə verilməsi barədə qətnamə çıxarmışdır. Hazırda fərdi yaşayış evinin və əmlak kompleksinin açıq hərracda satılaraq, satışdan əldə edilmiş pulun bərabər hissələrə bölünməsi ilə razı deyildir. Belə ki, birgə yaşadıqları dövrdə ailənin “Elmir” kəndli fermer təsərrüfatı mövcud olmuş və həmin təsərrüfatın fəaliyyəti 27 iyun 2014-cü il tarixdə dayandırılmışdır. 2012-ci ildə fermer kimi "xxxx" QSC Bank olmayan Kredit Təşkilatından 29000 manat kredit götürülmüş və götürülən kreditdən qızı Elvira üçün Xızı şəhərində 18000 manata torpaq sahəsinin alınmasına və 12000 manata yaxın məbləğ isə daş hasar, armatur bünövrə, drenaj şəbəkəsi, evin bünövrəsi, manalit beton tökülməsinə və 20 tonluq hovuzun tikilməsinə xərclənmişdir. Onun tərəfindən "xxxx" QSC-yə 12780 manat və sonradan isə 15000 manata yaxın əvvəlkİ dövrün borcları ödənilmişdir. Bundan əlavə, boşandıqdan sonra Xızı şəhəri, Əliabbas Qədirov 12 ünvanında yerləşən həyətdə eni 5 metr, uzunluğu 10 metr olan 4820 manat dəyərində tövlə tikmiş, həmçinin 2730 manat həyətdə aqlay daş döşəməsinə, 3200 manat besedkanın yenidən təmirinə, 1400 manat həyətdə kanalizasiya xəttinin çəkilməsinə, 1930 manat 48 metr uzunluğunda eni 5 metr olan üzüm bağinin quraşdırılmasına xərclənmişdir. Qeyd olunan bütün xərclər ümumilikdə 60280 manat təşkil edir. Məhkəmənin qətnaməsinə əsasən yaşayış dövründə əldə olunan mülklər qarşı tərəflə 1/2 hissəsiyə bölünürsə, həmin mülklərin əldə olunması üçün yaranan borclar da 1/2 hissəyə bölünməlidir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, iddiaçı xx.xx.1964-cü ildə, Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuşdur. O, hazırda Xızı rayonu, Şorabad qəsəbəsində qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1962-ci ildə, Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuş, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. Daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışa və 01 nömrəli reyestr kitabında 18-ci səhifədə 71 reyestr nömrəsi ilə qeydə alınmış qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən əmlak kompleksi cavabdehin mülkiyyətindədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 mart 2018-ci il tarixli, 2(102)-1912/2018 saylı qərarından görünür ki, mübahisə predmeti olan əmlaklar - Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən əmlak kompleksi və ünvan 3-də fərdi yaşayış evi üzərində ½ hissədə iddiaçının, ½ hissədə cavabdehin payının müəyyənləşdirilməsi qət edilmişdir. Xızı Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli, 2(068)-12/2019 saylı qətnaməsi ilə iddiaçının cavabdehə qarşı paylı mülkiyyətdə payın dəyərinin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. "xxxx" MMC-nin 29.01.2021-ci il tarixli qiymətləndirmə barədə hesabatında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 72500 manat, Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən əmlak kompleksinin bazar dəyəri 13000 manat müəyyən edilmişdir. "X1" MMC-nin 24.01.2022-ci il tarixli qiymətləndirmə barədə hesabatında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 79400 manat müəyyən edilmiş, baxış zamanı Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən əmlak kompleksinin ərazisində müxtəlif təyinatlı tikililərin olduğu və həmin tikililərə dair hər hansı bir sənəd olmadığı üçün qiymətləndirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (220). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. İşdən göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qatnaməsinə əsasən mübahisə predmeti olan əmlaklar - Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən əmlak kompleksi və ünvan 3-də fərdi yaşayış evi üzərində iddiaçının ½ hissədə, cavabdehin ½ hissədə payının müəyyənləşdirilməsi qət edilmişdir. İddiaçı əvvəlcə həmin əmlakların naturada bölgüsü barədə, daha sonra isə payların dəyərinin ona ödənilməsi barədə iddia tələbləri ilə məhkəməyə müraciət etmiş və iddiaları məhkəmə tərəfindən təmin edilməmişdir. Yəni, iddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında göstərilmiş ardıcıllığa riayət etmiş və bundan sonra həmin əmlakların satılaraq satış pulunun tərəflər arasında bölünməsi barədə iddia qaldırmışdır. Bu səbəbdən məhkəmə iddia tələbini əsaslı hesab edir. Eyni zamanda, işdən göründüyü kimi "xxxx" MMC-nin 29.01.2021-ci il tarixli qiymətləndirmə barədə hesabatında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 72500 manat, Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən əmlak kompleksinin bazar dəyəri 13000 manat müəyyən edilmişdir. "X1" MMC-nin 24.01.2022-ci il tarixli qiymətləndirmə barədə hesabatında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 79400 manat müəyyən edilmiş, baxış zamanı Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən əmlak kompleksinin ərazisində müxtəlif təyinatlı tikililərin olduğu və həmin tikililərə dair hər hansı bir sənəd olmadığı üçün qiymətləndirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən əmlak kompleksi açıq hərracda satılmalı, fərdi yaşayış evinin ilkin satış qiyməti 79400 manat, əmlak kompleksinin isə ilkin satış qiyməti 13000 manat müəyyən edilməli, həmin əmlakların satışından əldə edilmiş vəsaitin 1/2 hissəsi iddiaçıya, 1/2 hissəsi isə cavabdehə verilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən əmlak kompleksi açıq hərracda satılsın. Satışdan əldə edilmiş pulun 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi isə Cavabdeh verilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 79400 (yetmiş doqquz min dörd yüz) manat, Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən əmlak kompleksinin ilkin satış qiyməti isə 13000 (on üç min) manat məbləğində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar