Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-31/2022 02.03.2022 XIZI RAYON MƏHKƏMƏSİ X4 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən göstərdiyi taksi xidmətinə görə 70 manat, mənəvi ziyan olaraq 300 manat, əlavə xərclərə görə 10 manat olmaqla, cəmi 380 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 29 yanvar 2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyindən ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə fiziki şəxs olaraq qeydiyyatdan keçərək **-BZ-*** dövlət qeydiyyat nişanlı “Opel Meriva minik” markalı nəqliyyat vasitəsi ilə Baki şəhəri və Abşeron rayonu ərazisində taksi ilə sərnişin daşıma fəaliyyəti göstərir. İddiaçı cavabdehə 16 mart 2020-ci il tarixdə istifadəsində olan nəqliyyat vasitəsi ilə 25 manat məbləğində taksi xidməti göstərmiş, qeyd olunan xidmət haqqı üçün cavabdeh üstündə bütöv 50 manatlıq pul əskinazı olduğunu bildirərək, iddiaçıdan əlavə 25 manat da alaraq "gözdə pulunu gətirirəm deyərək" avtomobildən düşüb uzaqlaşmışdır. Qeyd olunan hadisədən təxminən 30 dəqiqə sonra iddiaçı ərazidəki sakinlərdən sorğu etməklə cavabdehin yaşadığı ünvanı müəyyən etmiş və evinə gedərək borclu olduğu 50 manat pulu istəmişdir. Həmin vaxt cavabdeh pulu kimdənsə alması üçün əlavə xidmət haqqını da ödəmək şərti ilə bir neçə ünvana avtomobilini sürdürmüşdür. Lakin, bu dəfədə 20 manat məbləğində taksi xidməti göstərdikdən sonra qaçıb getmişdir. Hadisənin növbəti günü müvafiq tədbirlər görülməsi üçün iddiaçı aidiyyəti üzrə Abşeron Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş və müvafiq araşdırma aparıldıqdan sonra 27 mart 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati tədbir görülməlidir. İddiaçı hesab etmişdir ki, qeyd olunan hadisəyə inzibati qaydada qiymət verilməsi cavabdeh tərəfindən ona vurulmuş 70 manat məbləğində maddi ziyanın, həmçinin iş üzrə əlavə çəkdiyi xərcləri mülki qaydada geri tələb etməyini istisna etmir. Bundan əlavə cavabdeh tərəfindən iddiaçıya qarşı törədilən qanunsuz hərəkətlər mənəvi sarsıntı keçirtməyinə və iş vaxtının itirilməsinə səbəb olmuşdur. Buna görə də, iddiaçı hesab edir ki, mənəvi sarsıntının əvəzi 200 manat məbləğində və iş vaxtının itirilməsinin əvəzi 100 manat məbləğində pul ödənilməsi ilə həyata keçirilə bilər. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh izahatında bildirmişdir ki, verilmiş iddia ilə qismən razıdır. Belə ki, iddiaçı onunla qonşuluqda yaşadığından onu taksi sürücüsü kimi tanımışdır. 16 mart 2020-ci il tarixdə Xırdalan şəhərindən Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinə getmək üçün iddiaçıya yaxınlaşmış və onu aparıb geri qaytarması müqabilində 25 manata razılaşmışlar. Lakin, Tağıyev qəsəbəsinə getdikdən sonra görüşəcəyi adamı tapa bilmədiyi üçün iddiaçıya həmin vaxt 25 manat məbləği ödəyə bilməmişdir. Bundan sonra, pul tapmaq məqsədi ilə iddiaçını xalasıgilə və bir neçə başqa ünvanlara aparmışdır. Lakin, pul tapmadığı üçün mobil telefon nömrəsini və yaşadığı ünvanı iddiaçıya deyərək, səhəri gün günortaya qədər ona vaxt verməsini və gediş haqqı olaraq 50 manat verəcəyini bildirmiş, sonuncu da onunla razılaşmışdır. İddiaçı isə onun xəbəri olmadan polis şöbəsinə şikayət etmiş, bundan 3 sonra isə o, digər cinayət işi ilə əlaqədar olaraq tutulmuş və iddiaçı ilə görüşüb pulunu qaytara bilməmişdir. Hal-hazırda 1 ay olar azadlığa buraxılmış və yaxın vaxtlarda iddiaçıya olan 70 manat borcunu qaytaracaqdır. Qeyd edilənlərə əsasən cavabdeh iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, Abşeron RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı X1 27 mart 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh yerinin müəyyən edilərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. Göründüyü kimi məhkəmə iclasında iştirak etmiş cavabdeh izahatında iddiaçı ona taksi xidməti göstərdiyinə görə 70 manat məbləğində borclu qaldığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Mülki Məcəlləsində göstərilmişdir ki, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur (135). Bununla da, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya borclu olduğu 70 manat məbləğində pulu qaytarmaması nəticəsində, cavabdehin mülkiyyət hüququnu kobud şəkildə pozduğuna görə, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Bundan başqa, məhkəmə iddianın mənəvi zərərə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə məhkəmə münasibət bildirərək qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. İddiaçı mənəvi zərərin əsas elementləri olan mənəvi sarsıntı çəkməsi və fiziki iztirablara məruz qalması barədə hər hansı bir sənədi və ya digər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı cavabdehin öz öhdəliyinin icrasını gecikdirməsi səbəbindən mənəvi sarsıntı və iztirablara məruz qalması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən iddia mənəvi ziyanın tutulması hissəsində təmin edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 70 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1, 234, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 70 (yetmiş) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(068)-31/2022
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-31/2022
02.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver