Məhkəmə qərarları › İş №2(068)-4/2025

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-4/2025

04.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-4/2025 04.03.2025 XIZI RAYON MƏHKƏMƏSİ X13 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, (İddiaçı4 hüquqi varisləri), Aslanova (Şəfiyeva) Pərvanə Şəfi qızı və İddiaçı3 cavabdeh "xxxx" MMC-yə qarşı "maddi - mənəvi zərərin, əldən çıxmış faydanın ödənilməsi" tələbinə dair iddiaları üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, Aslanova (Şəfiyeva) Pərvanə Şəfi qızı, İddiaçı3 və İddiaçı4 cavabdeh "xxxx" MMC-yə qarşı "maddi - mənəvi zərərin, əldən çıxmış faydanın ödənilməsi"xxxx"xxxx" MMC-dən 100000 (yüz min) manat məbləğində mənəvi ziyan, 100000 (yüz min) manat məbləğində isə maddi ziyanın əvəzi olaraq alınıb, onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarılmış məlumatdan görünür ki, İddiaçı4 xx.xx.2024-cü il tarixdə ölmüşdür və bu səbəbdən Azərbaycan Respublikasının MPM-nin 58.1-ci maddəsinə əsasən o, hüquqi varisləri, valideynləri - İddiaçı1 və İddiaçı2 ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xızı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə Xızı rayonu Sitalçay kəndi ərazisində yerləşən Dövlət aktı JN-190 nömrəli 3,50 ha torpaq sahəsi ona və ailə üzvlərinə, yəni X8, X1, İddiaçı1, İddiaçı2, X3, İddiaçı3 və İddiaçı4 verilmişdir. Hal-hazırda X10 06 iyul 2000-ci ildə və Şərifova (Şəfiyeva) Səbirəxanım Əlmədəd qızı isə 27 iyun 2009-cu ildə vəfat etmişdir. Torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olub ailə üzvləri tərəfindən təyinatına uyğun olaraq istifadə olunmuşdur. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib olunmuş 10 may 2018-ci il tarixli akta əsasən JN-190 nömrəli Dövlət aktı ilə verilmiş 3,50 ha torpaq sahəsinə baxış keçirilmişdir. Məlum olmuşdur ki, torpaq sahəsi üzərində mülkiyyətçilərə aid olmayan tikililər mövcuddur. Araşdırma aparmış və müəyyən olunmuşdur ki, mülkiyyətçisi olduqları torpaq sahəsini zəbt edən və orada binalar tikən "xxxx" MMC-dir. Cəmiyyətin işçiləri onları torpaq sahəsinə buraxmırlar. Məsələ ilə əlaqədar olaraq Xızı rayon Polis şöbəsinin rəisinə məktubla müraciət etmişlər. Xızı rayon PŞ-nin 27 iyun 2018-ci il tarixli, 165-3346/1218 saylı məktubu ilə onlara bildiriblər ki, mübahisə mülki xarakterli olduğuna görə məhkəməyə müraciət edilsin. Bildirir ki, cavabdeh tərəfindən zəbt edilən torpaq sahəsi onlara məxsusdur. Cavabdeh qeyri - qanuni olaraq onların torpaq sahəsindən istifadə etməklə torpaq üzərində mülkiyyət hüquqlarını kobud surətdə pozur. Bütün bunlara baxmayaraq cavabdeh təşkilat iddiaçıların torpaq sahəsini qaytarmamış, qanunsuz və əsassız olaraq istifadə etmiş, əsassız varlanmış, gəlir və fayda əldə etmişdir. Cavabdeh təşkilatın qanunsuz əməlləri nəticəsində iddiaçılar ailəliklə mənəvi iztirab keçirmiş, məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və nəhayət məhkəmə onların qanuni mənafeyini qoruyaraq iddialarını təmin etmişdir. Belə ki, Xızı Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2(068)-03/2019 saylı qərardadına əsasən iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Dasmmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 26 iyul 2019-cu il tarixli **********92 saylı mütəxəssis rəyinə əsasən aparılmış araşdırma nəticəsində, mübahisələndirilən ərazidə mülkiyyətçilərə aid olan pay torpaq sahələrinin əvvəllər istifadə edilən "Pulkova 1942" koordinat sistemində işlənməsi səbəbindən, yerquruluşu layihəsində gostərilmış pay torpaq sahələri ilə, ümumi olaraq naturada olan faktiki istifadə vəziyyətləri arasında uyğunsuzluqlar mövcud olduğu müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən naturada yerli baxış keçirilən zaman iddiaçıların faktiki istifadə etdikləri torpaq sahəsini göstərməməsi səbəbindən sözügedən torpaq sahəsinin koordinatlarını müəyyən etmək və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən 20 fevral 1999-cu ıl tarixdə verilmiş JN-190 (kod ********) nömrəli “Torpağa mülkiyyət huququna dair Dövlət aktına əsasən ümumi mülkiyyətlərinə verilmiş 3,50 hektar torpaq sahəsi ilə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis tərəfindən aparılmış araşdırmalar nəticəsində elektron baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (reyestr nömrəsi **********37) Giləzi Quşçuluq Şirkəti" MMC-nin xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 3,0 hektar torpaq sahəsinin koordinatlarının natura ilə uyğun olduğu müəyyən edilmişdir. Sözügedən torpaq sahəsi mütəxəssis rəyinə əlavə edilmiş sxemdə 1 (bir) kimi qeyd olunmuşdur. Mütəxəssis rəyinin məlumatlarını nəzərə alaraq elektron baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (reyestr nömrəsi **********96) "xxxx" MMC-nin xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 3,0 hektar torpaq sahəsinin koordinatlarının naturada "xxxx" MMC-nin mülkiyyətində olan torpaq sahəsi ilə 0,067 hektar hissədə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Mütəxəssis rəyinin məlumatlarını nəzərə alaraq, elektron bazada mövcud olan Xızı rayonunun ümumi “dwg” fayl məlumatlarına əsasən X5 və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 3,5 hektar torpaq sahəsinin koordinatlarının əvvəllər istifadə edilən “Pulkova 1942” koordinat sistemində işlənməsi səbəbindən natura ilə uyğunsuzluq təşkil etdiyi və bu səbəbdən, "xxxx" MMC-nin mülkiyyətində olan torpaq sahəsi ilə 0,747 hektar hissədə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı2, X6, İddiaçı3 və İddiaçı4 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xızı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli, 17 saylı qərarı əsasında iddiaçılara verilmiş, Xızı rayonu, Sitalçay kəndi ərazisində yerləşən (Dövlət aktı JN-190 nömrəli) 3,50 ha torpaq sahəsinin boşaldılması və orada olan tikililərin sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Xızı Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2(068)-3/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-nin Xızı rayonu, Sitalçay kəndi ərazisində yerləşən, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və X2 mülkiyyətində olan 0,067 ha və 0,747 ha torpaq sahəsindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Bundan sonra iddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə, cavabdeh isə apellyasiya şikayəti verərək, qətnamənin qismən - iddia tələbinin təmin edilməsi hissəsində ləğv olunması və iddia tələbinin bütünlüklə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 avqust 2020-ci il tarixli 2(105)-441/2020 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, cavabdeh "xxxx" MMCnin Xızı rayonu, Sitalçay kəndi ərazisində yerləşən, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və X2 mülkiyyətində olan 0,067 ha və 0,747 ha torpaq sahəsindən çıxarılması hissəsində ləğv edilmiş, iddia tələbinin həmin hissədə də təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iddiaçıların apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. İddiaçı4 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1063/2021 nömrəli, 15 aprel 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-141/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, cavabdeh "xxxx" MMC-nin Xızı rayonu, Sitalçay kəndi ərazisində yerləşən, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və X2 mülkiyyətində olan 0,067 ha və 0,747 ha torpaq sahəsindən çıxarılması hissəsində iddia tələbinin rədd edilməsi, iddiaçıların apellyasiya şikayətinin mübahisələndirilən hissədə təmin edilməməsi, mübahisələndirilən qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-558/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-141/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-91/2024 saylı, 15 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilmiş, Xızı Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli qətnaməsi qismən - cavabdeh "xxxx" MMC-nin Xızı rayonu, Sitalçay kəndi ərazisində yerləşən, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və X2 mülkiyyətində olan 0,067 ha və 0,747 ha torpaq sahəsindən çıxarılması hissəsində ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddia tələbi həmin hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı4 nümayəndəsi və vəkili X7 03 oktyabr 2024-cü il tarixdə ərizə ilə müraciət edərək, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-91/2024 saylı, 14 oktyabr 2024-cü il tarixli qərardadı ilə İddiaçı4 kassasiya şikayəti verməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizəsi təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2024-cü il tarixli, 2(102)-4023/2024 nömrəli qərarına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 oktyabr 2024-cü il tarixli 2(105)-91/2024 nömrəli qərardadından İddiaçı4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 oktyabr 2024-cü il tarixli 2(105)-91/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış və qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələri). İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından və mötəbər sübutlardan da göründüyü kimi iddiaçılar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xızı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli, 17 saylı qərarı əsasında iddiaçılara verilmiş, Xızı rayonu, Sitalçay kəndi ərazisində yerləşən (Dövlət aktı JN-190 nömrəli) 3,50 ha torpaq sahəsinin boşaldılması və orada olan tikililərin sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Xızı Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2(068)-3/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMCnin Xızı rayonu, Sitalçay kəndi ərazisində yerləşən, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və X2 mülkiyyətində olan 0,067 ha və 0,747 ha torpaq sahəsindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Belə olan halda, sözügedən 2(068)-3/2019 nömrəli işdə olan mübahisənin obyekti hazırkı mülki işdə mübahisənin predmeti ilə birbaşa bağlıdır. Hazırda qanuni qüvvəsini almış Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-91/2024 saylı, 15 aprel 2024-cü il tarixli qətnaməsi ilə Xızı Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2(068)-3/2019 nömrəli qətnaməsi qismən cavabdeh "xxxx" MMC-nin Xızı rayonu, Sitalçay kəndi ərazisində yerləşən, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və X2 mülkiyyətində olan 0,067 ha və 0,747 ha torpaq sahəsindən çıxarılması hissəsində ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi həmin hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçılara məxsus torpaq sahəsinin zəbt olunmaması yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunur və iddiaçıların hazırki iddiası hüquqi əsasa malik deyildir. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, sadalanan digər dəlilləri də araşdıraraq, hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, (İddiaçı4 hüquqi varisləri), Aslanova (Şəfiyeva) Pərvanə Şəfi qızı və İddiaçı3 cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbi "maddi zərərin və əldən çıxmış faydanın ödənilməsi" hissədə əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa, məhkəmə iddianın mənəvi zərərə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia həmin hissədə də rədd edilməlidir. Belə ki, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə məhkəmə münasibət bildirərək qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. İddiaçılar mənəvi zərərin əsas elementləri olan mənəvi sarsıntı çəkməsi və fiziki iztirablara məruz qalması barədə hər hansı bir sənədi və ya digər sübutu məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərci iddiaçıların özünə aid edilməlidir Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, (İddiaçı4 hüquqi varisləri), Aslanova (Şəfiyeva) Pərvanə Şəfi qızı və İddiaçı3 cavabdeh "xxxx" MMC-yə qarşı "maddi - mənəvi zərərin, əldən çıxmış faydanın ödənilməsi" tələbinə dair iddiaları təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar