Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-73/2020 29.10.2020 XIZI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti ASC Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 880 manat məbləğində sığorta ödənişinin və iddia ərizəsi üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Cavabdeh xx xxxxxx 2016-cı il tarixdə, saat 21:00 radələrində Bakı-Quba yolunun 30-cu km-də idarə etdiyi “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti ASC-də icbari sığorta növü ilə sığortalanmış “KAMAZ-55111” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə yanlış manevr etmiş, nəticədə yolun kənarında dayanmış vəziyyətdə olan X1 məxsus “Mercedes Benz E 220” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncu avtomobilə maddi zərər vurmuş və hadisə yerindən yayınmışdır. İcbari sığortalar haqqında Qanunun 63-cü maddəsinə əsasən Cavabdeh hadisə yerindən yayındığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Bundan əlavə, baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Sumqayıt ŞPİ DYPŞ-nin xx xxxxxx 2016-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır. «xxxxxxxxxxxxxxxxx» MMC tərəfindən xx xxxxxxxx 2016-cı il tarixdə tərtib edilmiş sığorta hadisəsinə dair qiymətləndirmə aktına əsasən “Mercedes Benz E 220” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1300 manat məbləğində maddi ziyan dəymişdir. Bununla əlaqədar olaraq, 3805/16 saylı sığorta aktına əsasən “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti ASC həmin avtomobilin təmiri üçün X1 1300 manat sığorta ödənişi həyata keçirmişdir. Beləliklə, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna sahib olmuşdur. Bundan sonra, Cavabdeh tərəfindən vurulmuş zərərin əvəzi olaraq 1300 manat məbləğdən 420 manat iddiaçıya ödənilmişdir. Buna görə də, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinə dəymiş 880 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, iddianın qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumu da, cavabdehdən tutulmalıdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək və iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək izahatında göstərdi ki, iddia ərizəsində də qeyd olunduğu kimi, yol nəqliyyat hadisəsi xx xxxxxx 2016cı il tarixdə baş vermiş, sığorta müqaviləsinə əsasən nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin avtomaşına vurulmuş ziyan sığorta şirkəti tərəfindən avtomaşının sahibinə ödənilmişdir. Hadisə baş verən vaxtdan artıq 4 il keçmiş və iddiaçı ASC məhkəmədə iddia tələbi qaldırmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxması üçün əsasdır. Beləliklə, iddia müddəti keçdiyindən iş üzrə iddia müddətini tətbiq edərək iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası DİN-in Sumqayıt ŞPİ-nin DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2016-cı il tarixli arayışın, xx xxxxxx 2016-cı il tarixli, KYP seriyalı, 387643 nömrəli inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında qərarının surətlərindən görünür ki, Cavabdeh xx xxxxxx 2016-cı il tarixdə, saat 21:00 radələrində “KAMAZ-55111” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunun 30-cu km-də, Sumqayıt şəhəri ərazisində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İİ bəndinin tələblərini, yəni manevr etmə qaydalarını pozaraq yolun kənarında dayanmış, X1 məxsus “Mercedes Benz E 220” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə həmin avtomobilə maddi zərər dəyməklə yanaşı, Cavabdeh yol nəqliyyat hadisəsi yerindən yayınmışdır. Bununla da, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 100 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan «xxxxxxxxxxxxxxxxx» MMC tərəfindən xx xxxxxxxx 2016-cı il tarixdə tərtib edilmiş sığorta hadisəsinə dair qiymətləndirmə aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E 220” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin 7 adda ehtiyat hissələrinə zərər dəyməklə, bu zərər zəhmət haqqı ilə birlikdə cəmi 1300 manat məbləğində müəyyən edilmişdir. İşdə olan sənədlərdən, o cümlədən icbari sığorta şəhadətnaməsinin, sığorta aktının və məxaric xəzinə orderinin surətlərindən görünür ki, “KAMAZ-55111” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti ASC-də xx xxxxx 2016-cı il tarixdən xx xxxxx 2017-ci il tarixədək 5000 manat dəyərində sığortalanmışdır. Habelə, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E 220” markalı, **- HK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin qarşılığında zərərçəkmiş Elçin Salmanova 1300 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İşdə olan maliyyə, eləcə də digər sənədlərdən görünür ki, cavabdeh tərəfindən iddiaçı Sığorta Şirkətinə dəymiş zərərə görə xx xxxxxxx 2016-cı il tarixdə 300 manat, xx xxxxxx 2016-cı il tarixdə 100 manat və xx xxxxxx 2017-ci il tarixdə 20 manat olmaqla, cəmi 420 manat məbləğində pul ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/2415 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, «xxxxxxxxxxxxxxxxx» MMC tərəfindən təqdim edilmiş xx xxxxxxxx 2016-cı il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Mercedes Benz E 220” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1080 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 120 manat təşkil edir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, iddia tələbi üzrə 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə Cavabdeh hazırkı mülki iş üzrə iddia müddətinin tətbiq edilməsi fikrinə münasibətdə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi, iddiaçı hazırkı iddia tələbi ilə mülki qanunvericiliyin tələblərinə tam əməl etməklə müqavilədən irəli gələn öhdəliklər üzrə deyil, cavabdehin mülki hüquq pozuntularından (deliktlərdən) yaranmış öhdəlikləri üzrə məhkəməyə müraciət etmiş və müraciət edərkən iddia müddətini ötürməmişdir. Belə ki, iddiaçı sığorta şirkəti xx xxxxxxxx 2016-cı il tarixdə cavabdehin mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn öhdəliyinə görə zərərçəkmiş tərəfə müvafiq sığorta ödənişini həyata keçirmiş və elə həmin tarixdən subroqasiya qaydasında tələb etmək hüququ yaranmış və bu hüququndan 10 il təşkil edən ümumi iddia müddətini ötürmədən, yəni xx xxx 2020-ci il tarixdə məhkəməyə müraciət etməklə istifadə etmişdir. Beləliklə məhkəmə, işin faktiki hallarını nəzərə alaraq belə hesab edir ki, mövcud mübahisəyə, yəni iddiaçı ilə cavabdehlər arasında olan mülki mübahisəyə mülki qanunvericilikdə (Mülki Məcəllənin 373.2-ci maddəsi) nəzərdə tutulmuş iddia müddətinin tətbiq edilməsi məqsədəmüvafiq hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, "ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur". Adı çəkilən Məcəllənin 1108.2-ci maddəsinə görə isə, "yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər". “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İş materiallarından və cavabdehin izahatından aydın olur ki, hadisə vaxtı, yəni xx xxxxxx 2016-cı il tarixdə “KAMAZ-55111” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən xx xxxxx 1998-ci il tarixdən Cavabdeh mülkiyyətində olmaqla, sahibliyində və istifadəsində olmuşdur. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti ASC-də sığortalanmış “KAMAZ-55111” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh təqsirli hərəkətləri nəticəsində X1 məxsus “Mercedes Benz E 220” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə ekspert rəyinə görə 1080 manat məbləğində zərər dəymiş, həmin məbləğdən dəymiş zərərin əvəzi kimi cavabdehin özü tərəfindən ödənilmiş cəmi 420 manat çıxılmalıdır. Bununla da, sığorta məbləği sığorta şirkəti tərəfindən zərərçəkmişə ödənildiyindən və eyni zamanda, yol nəqliyyat hadisəsi zamanı sürücü Cavabdeh hadisə yerindən yayınmış olduğundan şirkətin cavabdehə qarşı subroqasiya qaydasında iddia irəli sürmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 660 manat məbləğində verilmiş sığorta ödənişi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 75 %-i, yəni 22,50 manatı olmaqla, cəmi 682,50 manat alınaraq “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti ASCnin xeyrinə ödənilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, aparılmış məhkəmə iqtisad ekspertizası tədqiqatının dəyəri 120 manatın 25 %-i, yəni 30 manatı “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti ASC-dən, 75 %-i, yəni 90 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1, 234, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 660 manat məbləğində verilmiş sığorta ödənişi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 75 %-i, yəni 22,50 manatı olmaqla, cəmi 682,50 (altı yüz səksən iki manat əlli qəpik) manat alınaraq “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış məhkəmə iqtisad ekspertizası tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manatın 25 %-i, yəni 30 (otuz) manatı “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti ASC-dən, 75 %-i, yəni 90 (doxsan) manatı Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(068)-73/2020
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-73/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver