Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-85/2023 06.06.2023 XIZI RAYON MƏHKƏMƏSİ X2 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 8000 manat borc, 100 manat hüquqi xidmətə görə, 101 manat ödənilmiş dövlət rüsumu və 3 manat notariat hərəkətinə görə çəkilmiş xərc, cəmi 8204 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh əvvəllər tanımış və münasibətləri yaxşı olmuşdur. Belə ki, cavabdeh hərbiçi olmuş və Qaradağ rayonunun Pirəkeşkül qəsəbəsində yerləşən hərbi hissədə xidmət etmişdir. N may 2020-ci il tarixdə cavabdeh onu «Azəriqaza» işə düzəltmək üçün 8000 manat pul almış və 20 gün ərzində işə başlayacağını bildirmişdir. Cavabdeh bu barədə öz xətti ilə hərbiçi vəsiqəsinin surətinə qəbz yazıb ona vermişdir. Lakin vaxt keçməsinə baxmayaraq onu işə düzəltməmiş və pulunu qaytarmamışdır. Bundan sonra cavabdehdən polisə şikayət etmişdir. Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən araşdırma aparılmış və 15 iyul 2021-ci il tarixli qərarla cavabdeh barəsində toplanmış materiallar üzrə cinayət işi başlanması rədd edilmişdir. Hazırda cavabdeh ondan gizlənir, telefon zənglərinə cavab vermir və pulu qaytarmaqdan boyun qaçırır. Buna görə də, cavabdehdən borcu məhkəmə qaydasında geri qaytarmaq zərurəti yaranmışdır. Həmçinin, hüquqi xidmət məqsədi ilə ünvan 1 ünvanında yerləşən “X3” MMC-yə müraciət etmiş və 100 manat hüquqi xidmət haqqı ödəmişdir. Bundan başqa, məhkəmədə iddia qaldırmaq üçün 101 manat, notariusda şəxsiyyət vəsiqəsinin surətini təsdiq etdirmək üçün 3 manat dövlət rüsumu ödəmişdir. İddiaçı hesab edir ki, həmin məbləğlər də cavabdehlərdən tutulub ona ödənilməlidir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş edilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddianı tam müdaifə etdiyini, mülki işə təqdim etdiyi sənədlər əsasında onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, uzun müddət hərbiçi kimi müxtəlif hərbi hissələrdə xidmətdə olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçı ilə əvvəllər hər hansı tanışlığı və yaxın münasibəti olmamışdır. Onunla xidmət yoldaşları vasitəsi ilə tanış olmuşdur. Təxminən 2020-ci ilin may ayında təcili pula ehtiyacı olduğu üçün iddiaçıdan 600 manat məbləğində faizə borc pul götürmüş, lakin işdən çıxarıldığından borcunu qaytara bilməmişdir. Hazırda o, müharibə veteranı kimi 80 manat təqaüd alır və başqa qazancı yoxdur. Buna görə də qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə, cavabdehi dinləyib, iddia ərizəsini, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı işlə təmin etməyə görə 8000 (səkkiz min) manat məbləğində pul almış və iddiaçını “Azəriqaza” fəhlə vəzifəsinə işə düzəltməyi üzərinə öhdəlik götürmüş, eləcə də işə düzəltmək alınmasa aldığı 8000 manat pulu tam şəkildə qaytaracaq və öhtəliyi 20 gün ərzində həll edəcəkdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi X1 15 iyul 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və tərəflərə vurulmuş maddi ziyanla bağlı məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla məhkəmə belə nəticəyə gəlir ki, aralarında pul münasibəti yarananadək cavabdehlə şəxsi münasibəti olmadığı halda, iddiaçının cavabdehə onu işə düzəltmək üçün 8000 manat məbləğində pul verməsi ağlabatan deyil. Belə ki, Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-də iddiaçının cavabdehə qarşı şikayəti üzrə toplanmış materialın araşdırılması zamanı hazırkı iş üzrə İddiaçı və cavabdeh qismində çıxış edən Cavabdeh izahatları alınmış və müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıdan onu işə düzəltmək üçün deyil, pula ehtiyacı olduğundan 600 manat faizə pul almışdır. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemində olan digər məhkəmə və icra işləri barədə məlumatlardan, eləcə də hazırkı iş üzrə İddiaçı qismində çıxış etdiyi digər rayon məhkəmələrinin qətnamələrindən görünür ki, iddiaçı faizlə müxtəlif şəxslərə, əsasən də hərbçilərə borca pul verir və məbləğləri şişirdilmiş formada göstərir. Belə ki, digər şəxslər də İddiaçı böyük olmayan məbləğdə pulu borc götürsələr də, aldıqlarından dəfələrlə artıq məbləğ göstərilmiş qəbzlərə qol çəkməyə məcbur edildiklərini bildirmişlər. Digər tərəfdən, iddiaçı tələbinin əsası kimi istinad etdiyi və yalnız cavabdeh tərəfindən imzalanmış həmin sənəd əslində qəbzdir. Çünki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-389.2-ci maddələrinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 740.1-740.2-ci maddələrinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi, tərəflər arasında İddiaçı tərəfindən Cavabdeh 8000 manat məbləğində pulun verilməsinə dair yazılı borc müqaviləsi bağlanmamışdır. Əgər iddiaçı həmin pulu şifahi müqavilə əsasında cavabdehə vermiş olsa belə (halbuki, iddiaçı şifahi deyil, yazılı qaydada bağlanmış sözügedən qəbzə istinad edir), həmin müqavilə əhəmiyyətsizdir və iddiaçı ona əsaslanaraq qeyd olunan məbləğdə pulu tələb edə bilməz. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə həm iddiaçının, həm də cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddiası cavabdehin etiraf etdiyi 600 manat hissəsində təmin edilməli, qalan hissədə isə rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bununla yanaşı, iddiaçı ona göstərilmiş hüquqi xidmətə görə ödədiyi 100 manat pulun cavabdehdən xeyrinə tutulmasını xahiş etsə də, işdə olan seriya ƏİA/4 219790 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə “X3” MMC-yə 100 manat məbləğində pul ödənilmişdir, lakin qəbzdən hüquqi xidmətin məhz Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası üzrə göstərildiyini müəyyən etmək mümkün deyil. Eyni zamanda, iddiaçı tərəfindən məhkəməyə hazırkı tələblə məhkəməyə müraciət etmək üçün iddia ərizəsi və sənədlərin xx.xx.2023-cü il tarixdə poçt qurumuna təqdim edildiyini, sözügedən qəbzin 1 gün əvvəl, yəni xx.xx.2023-cü il tarixə aid olması halı da məhkəmə tərəfindən nəzərə alınır. Odur ki, tələb göstərilən hissədə əsaslı deyil və rədd edilməlidir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 101 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 101 manat məbləğində dövlət rüsumunun 30 manat hissəsi cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulur. Eyni zamanda sənədlərin təsdiqi üçün 3 manat notariat haqqı da cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1, 234, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat məbləğində borc, 3 (üç) manat notariat hərəkətlərinə görə pul və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manatı tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(068)-85/2023
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-85/2023
06.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver