Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-9/2022 08.06.2022 XIZI RAYON MƏHKƏMƏSİ X3 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, iddiaçının nümayəndəsi, atası X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsində cavabdeh tərəfindən çəkilmiş hasarın sökülməsi və digər tələblərinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması, iddiaçıya məxsus Xızı rayonu, Xələnc kəndində yerləşən 0,13 ha torpaq sahəsində cavabdeh tərəfindən çəkilmiş hasarın sökülməsi və torpaq sahəsinin giriş-çıxış hissəsinə qoyulmuş dəmir darvazanın çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xızı rayonu, Xələnc kəndində yerləşən ümumi sahəsi 0,13 ha olan həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Həmin torpaq sahəsi əvvəl 0,25 ha olmuş, sonradan torpaq sahəsinin 0,12 ha hissəsini xx.xx.2013-cü il tarixli, AN-1 ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdehə satmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsinin 0,13 ha hissəsi iddiaçının, 0,12 ha hissəsi isə cavabdehin mülkiyyətində qalmışdır. Hazırda cavabdeh qanunsuz hərəkətlər edərək, iddiaçıya aid torpaq sahəsinə girərək, torpaq sahəsinin bir hissəsini dəmir setka ilə hasara almış və iddiaçıya məxsus torpaq sahəsinin giriş hissəsində qanunsuz olaraq dəmir darvaza qoymuşdur. Cavabdeh bu qanunsuz hərəkətlərə başlayarkən iddiaçı bununla bağlı Xızı rayon Polis Şöbəsinə müraciət etmiş, həmin ərizə polis şöbəsi tərəfindən araşdırılmış, torpaq sahəsinə baxış keçirilmiş, müvafiq şəkillər çəkilərək iş materiallarına əlavə olunmuşdur. Lakin, cavabdehin izahatı alınmadığından həmin iş üzrə qanuni nəticə əldə etmək mümkün olmamışdır. İddiaçı dəfələrlə cavabdehə və ailə üzvlərinə müraciət etsə də, heç bir nəticəsi olmamış, əksinə şikayətlərinə məhəl qoymadan cavabdeh qanunsuz hərəkətlərini davam etdirmişdir. Cavabdehin qanuna zidd hərəkətləri iddiaçının hüquqlarını birmənalı şəkildə pozur. Belə ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsindən azad və rahat şəkildə istifadə edə bilmir. Xızı Rayon Məhkəməsinin 2(068)-139/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə icraat dayandırılmışdır. 14 aprel 2022-ci il tarixində ekspertin rəyi mülki işlə birlikdə məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi. İddiaçının nümayəndəsi həmçinin bildirdi ki, cavabdehlə dəfələrlə məsələni öz aralarında razılıq əsasında həll etmək istəmişdir ki, buna müvəffəq olmamışdır. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1985-ci ildə Abşeron rayonunun Xələnc kəndində anadan olmuşdur. Hazırda Xızı rayonu, Qarabulaq kəndində qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın və AA 002023 nömrəli torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Xızı rayonu, Xələnc kəndində yerləşən 0,13 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Xızı rayon Polis Şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş 18 iyun 2022-ci il tarixli qərarla iddiaçının şikayəti əsasında toplanmış material əsasında cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/853 saylı ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********26 saylı məktuba əsasən, İddiaçı məxsus **********32 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə olan 0,1004 ha hissəsinin, artıq torpaq sahəsinin (0.0029 ha) isə bütövlükdə vətəndaş Cavabdeh tərəfindən metal tor və daş hasarla hasarlandığı, eyni zamanda İddiaçı yol kimi nəzərdə tutulmuş hissəni öz hasarı daxilinə saldığı və darvaza quraşdırdığı müəyyən edilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir (238.1.). Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir (239.2.). Azərbaycan Respublikası Torpaq Məcəlləsinə (bundan sonra – Torpaq Məcəlləsi) əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır (49.1-2). İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflərə məxsus olan torpaq sahələri qonşu torpaq sahələridir. Hazırda iddiaçı onun mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilərək torpaq sahəsinin bir hissəsinin hasara alınmasını və həmin torpaq sahəsinin giriş hissəsində qanunsuz olaraq dəmir darvaza qoyulmasını bildirərək, torpaq sahəsində olan hasarın sökülməsini və dəmir darvazanın çıxarılmasını tələb edir. Mülki Məcəllədə göstərilir ki, Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (180.1.). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (180.4.). Göründüyü kimi iş üzrə ekspert rəyində iddiaçıya məxsus **********32 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə olan 0,1004 ha hissəsinin, artıq torpaq sahəsinin (0.0029 ha) isə bütövlükdə cavabdeh tərəfindən metal tor və daş hasarla hasarlandığı, eyni zamanda iddiaçıya yol kimi nəzərdə tutulmuş hissəninin öz hasarı daxilinə saldığı və darvaza quraşdırdığı müəyyən edilmişdir. Mülki Məcəlləyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). MPM-də həmçinin nəzərdə tutulmuşdur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (76.1.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1.). Göründüyü kimi iddiçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyi və burada özbaşına tikinti işləri aparıldığı iş üzrə ekspert rəyi ilə təsdiq edilir. Qeyd edilən halı inkar edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və həmin faktı inkar edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddia təmin edilməli, iddiaçıya məxsus torpaq sahəsində cavabdeh tərəfindən çəkilmiş hasar sökülməli və həmin torpaq sahəsinin giriş-çıxış hissəsinə qoyulmuş dəmir darvaza çıxarılmalıdır. İddia təmin edildiyi üçün 100 manat ekspertiza xərci də cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus Xızı rayonu, Xələnc kəndində yerləşən 0,13 ha torpaq sahəsində Cavabdeh tərəfindən çəkilmiş hasar sökülsün və həmin torpaq sahəsinin giriş-çıxış hissəsinə qoyulmuş dəmir darvaza çıxarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(068)-9/2022
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-9/2022
08.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver