Məhkəmə qərarları › İş №2(069)-207/2023

Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №2(069)-207/2023

11.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № 2(069)-207/2023 11.12.2023 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcla əlaqədar pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldıraraq, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 3.423,13 manat borc və ödənilmiş 54,64 manat məbləğində dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********00433 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 3.423,13 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 3.423,13 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşları hər ay Cavabdeh ünvanına gedərək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini, tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.14-cü bəndinə əsasən, İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Göründüyü kimi "xxxx" ASC mülki hüquq subyektidir və digər şəxslər tərəfindən pozulmuş hüquqları qanunvericiliyə uyğun olaraq bərpa edilməlidir. Ona görə də, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 3.423,13 manat borc və ödənilmiş 54,64 manat məbləğində dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 24 noyabr 2023-cü il tarixdə məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə göndərərək, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə ödənilməmiş 1.523,13 manat borcun və ödənilmiş 54,64 manat məbləğində dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 11 dekabr 2023-cü il tarixdə məhkəməyə teleqram göndərərək göstərmişdir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı Xocavənd Rayon Məhkəməsində qaldırdığı iddiasını müdafiə edir. Ona görə də, işə onun iştirakı olmadan baxıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edib izahatında göstərmişdir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ona qarşı “borcla əlaqədar pul” tələbinə dair iddiasını qəbul edir. Belə ki, elektrik enerjisindən istifadəyə görə yaranmış 3.432,13 manat borcundan iddia ərizəsinin məhkəmənin icraatında olan müddət ərzində 1.900 manat ödəniş etmişdir. Gələcəkdə 1.523,13 manat borc məbləğini 2-3 dəfəyə ödəyəcəkdir. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin abunə haqqında bildirişindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" ASC-yə 3.423,13 manat borcu vardır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 15 may 2023-cü il tarixli, 16 nömrəli pretenziyasından görünür ki, abunə kodu **********00433 olan abonent Cavabdeh elektrik enerjisindən istifadəyə görə 15 may 2023-cü il tarixə "xxxx" ASC-yə olan borcu 3.423,13 manat təşkil edir. İş materiallarında olan Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli 01 may 2023-cü il tarixli, 652009 nömrəli müqavilədən görünür ki, bu müqavilə "xxxx" ASC-nin enerjitəchizatı müəssisəsi ilə Ağcabədi rayonu, Aran kənd sakini **********00433 kodlu abonent adı ilə qeydiyyata alınmış Cavabdeh arasında elektrik enerjisinin alqı-satqı ilə əlaqədar bağlanmışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 17 noyabr 2023-cü il tarixli Abunə Haqqında çıxarışından görünür ki, Ağcabədi rayonu, Aran kənd sakini **********00433 kodlu abonent adı ilə qeydiyyata alınmış Cavabdeh elektrik enerjisindən istifadəyə görə "xxxx" ASC-yə olan borcu 1.523,13 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh qarşı məhkəmədə iddia qaldırılması üçün 54,64 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ağcabədi rayonu, Aran kəndində yaşayan, abonent kodu **********00433 olan, Cavabdeh elektrik enerjisindən istifadəyə görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 3.423,13 manat borcu yaranmış, iddia ərizəsinin məhkəmənin icraatında olan zaman borcundan 1.900 manatını ödəmişdir. Lakin 1.523,13 manat borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlərlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh 1.523,13 manat borcu ödəməkdən yayınmıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə uyğun olaraq, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə uyğun olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin hüquq bərabərliyi, həqiqətə nail olmaqdan ötrü işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, Cavabdeh elektrik enerjisindən istifadəyə görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 3.423,13 manat borcunun yaranması, borcundan 1.900 manatını ödəməsi, hazırda 1.523,13 manat borclu qalması sübuta yetirildiyindən, həmçinin Cavabdeh tərəfindən iddia etiraf edildiyindən iddia əsaslıdır təmin edilməli, Cavabdeh elektrik enerjisinin istehlakına görə 1.523,13 manat borc və ödənilmiş 54,64 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh elektrik enerjisinin istehlakına görə 1.523,13 manat borc və ödənilmiş 54,64 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tululsun. Qətnamədən qəbul edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar