Məhkəmə qərarları › İş №2(070)-192/2024

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-192/2024

11.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-192/2024 11.09.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2594 (iki min beş yüz doxsan dörd) manat pulun və ödədiyi dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh iş yoldaşıdır, onunla yaxşı münasibətləri olmuşdur. 2022-ci ilin may ayında cavabdeh ona bildirmişdir ki, yaxın tanışları var, onların vasitəsi ilə ona təqaüd düzəltirə bilər. Bunun üçün cavabdeh ondan 5000 (beş min) manat pul istəmişdir. O da cavabdehə bildirmişdir ki, o qədər pulu yoxdur, lakin, işi alınarsa kredit götürüb verər. Cavabdeh də onu əmin etmişdir ki, bu iş yüz faiz düzələcəkdir. Ona görə də "xxxx" ASC-nin Goranboy filialından 5500 (beş min beş yüz) manat kredit götürmüşdür. Həmin pulun 5000 (beş min) manatını cavabdehə vermişdir. Cavabdeh də söz vermişdir ki, ən qısa vaxtda ona təqaüd düzəltdirəcəkdir. Lakin, uzun müddət keçsə də cavabdeh verdiyi sözə əməl etməmişdir. O, başa düşmüşdür ki, cavabdeh onu aldadır. Ona görə də cavabdehdən verdiyi pulu istəmişdir. Lakin, pulunu könüllü qaytarmadığı üçün cavabdehin hərəkətlərindən ərazi üzrə Xocalı RPŞ-yə şikayət etmişdir. Bundan sonra cavabdeh onun pulunu qaytarmışdır. Lakin, cavabdehin hərəkətlərinin nəticəsidir ki, o, əlavə ziyana düşmüşdür. Çünki, qeyd etdiyi kimi o, pulu bankdan kredit götürmüşdür. Bunun üçün əlavə olaraq banka 2144 (iki min yüz qırx dörd) manat faiz ödəmişdir. Bundan başqa pulunu istəməkdən ötrü dəfələrlə cavabdehin yaşadığı evə maşın tutub gedibgəlmiş, bu zaman 450 manat pul xərcləmişdir. Cavabdehin hərəkətlərinin nəticəsidir ki, ona əlavə zərər dəymişdir. İndi tələbi ondan ibarətdir ki, cavbdeh ona həmin zərəri, yəni 2594 (iki min beş yüz doxsan dörd) manat pulu ödəsin. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, bankdan krediti tanışı X1 adına götürmüşdür. Həmin krediti və faizləri də özü ödəmişdir. Bankdan götürdüyü 5500 (beş min beş yüz) manat kreditin 5000 (beş min) manatını cavabdehə vermişdir. O, Xocalı RPŞ-yə şikayət etdikdən dərhal sonra cavabdeh ondan aldığı 5000 (beş min) manat pulu qaytarmışdır. Lakin, bundan sonra o, əlavə olaraq banka 2144 (iki min yüz qırx dörd) manat faiz ödəmişdir. Digər tələbi isə yola çəkdiyi xərclə bağlıdır. Belə ki, o, həm pensiya məsələsinin düzəlməsi üçün Bakı şəhərinə getmiş, həm də 5000 (beş min) manat pulu cavabdehdən almaq üçün sonuncunun evinə getmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, cavabdeh onun bankdan kredit götürdüyünü bilmişdir. Yekunda iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, o, iddia tələbini qəbul etmir. İddiaçı ona pensiya düzəltmək üçün 5000 (beş min) manat pul vermiş və o, bunun üçün sənədləri toplayıb hazırlamışdır. Daha sonra iddiaçının pensiyası düzəlmiş, hətta, iddiaçı 2 ay pensiya da almışdır. Daha sonra iddiaçının pensiyası dayandırılmış və iddiaçı ondan verdiyi pulu, yəni 5000 (beş min) manatı tələb etmişdir. Bununla bağlı iddiaçı Xocalı RPŞ-yə də müraciət etmişdir. İddiaçı polisə müraciət edən kimi dərhal o, iddiaçının ona verdiyi 5000 (beş min) manatı qaytarmışdır. Əgər söhbət faizlərin ödənilməsindən gedirsə, onda o, pulu iddiaçıya qaytaran kimi iddiaçı banka olan borcunu bağlaya bilərdi və bununla da iddiaçı banka faiz ödəməkdən azad olardı. Lakin, iddiaçı bunun əksinə olaraq həmin pulla özünə maşın almışdır. İddiaçı ilə onun arasında pulun kredit olaraq bankdan götürülüb ona verilməsi, faizlərin onun tərəfindən ödənilməsinə dair heç bir razılaşma olmamışdır. Onun maddi durumu çox aşağıdır. Belə ki, iddiaçıya qaytardığı 5000 (beş min) manatı o, borc olaraq başqa şəxsdən götürüb vermişdir. Ümumiyyətlə, o, iddiaçının bankdan X1 adına kredit götürməsindən məlumatsız olmuşdur. X5 ilə də onun arasında bu barədə hər hansı danışıq, razılaşma olmamışdır. İddiaçının ondan tələb etdiyi 450 (dörd yüz əlli) manat yol xərci də əsassızdır. Belə ki, o, bir dəfə iddiaçını Bakı şəhərinə öz tanışının maşını ilə göndərmiş, həmçinin bir dəfə də əlavə olaraq iddiaçıya 40 (qırx) manat yol pulu vermişdir. Ümumiyyətlə, iddiaçı 450 (dörd yüz əlli) manatı nəyə xərclədiyinə dair sübut təqdim edə bilmir. Göstərilənləri nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, İddiaçı ona pul lazım olduğunu bildirmiş və onun adına bankdan kredit götürməyi ondan xahiş etmişdir. O, buna razılıq vermiş və bankdan kredit götürərək İddiaçı vermişdir. Krediti və faizləri İddiaçı ödəmiş və banka olan borc tam bağlanmışdır. Verilmiş suala cavab olaraq bildirdi ki, İddiaçı ona nə məqsədlə pul lazım olduğunu deməmişdir. Həmçinin, İddiaçı həmin pulu kimə verəcəyindən məlumatı yoxdur. Belə ki, bu barədə onların arasında hər hansı danışıq olmamışdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC (bank) ilə X5 (borcalan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GTKR5377705A150 nömrəli kredit müqaviləsinə Əlavədən (ödəniş qrafikindən) görünür ki, bank borcalana 35 ay müddətinə, illik 26,5 faiz dərəcəsi ilə 5500 (beş min beş yüz) manat məbləğində kredit vermişdir. Həmin ödəniş cədvəlindən aydın olur ki, borcalan xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək hər ay 227,26 (sonuncu ay 231,54 manat) manat məbləğində vəsaiti banka ödəməlidir; Xocalı RPŞ-nin xx.xx.2024-cü il tarixli, 3-13-81/2-4094/2024 nömrəli məktubundan görünür ki, İddiaçı Xocalı RPŞ-yə daxil olmuş xx.xx.2023-cü il tarixli müraciəti əsasında X4 müvafiq araşdırma aparılaraq xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir; Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Naftalan şəhər və Goranboy rayonu üzrə Bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 217 nömrəli arayışdan görünür ki, İddiaçı Xocalı rayonundan məcburi köçkündür. Mübahisənin mahiyyəti üzrə həlli üçün məhkəmə tərəfindən müəyyən olunmuş işin faktiki halları ondan ibarətdir ki, iddiaçı pensiya düzəltmək üçün cavabdehə 5000 (beş min) manat pul vermiş və daha sonra, yəni xx.xx.2023-cü il tarixdə bununla bağlı Xocalı RPŞ-yə müraciət etmişdir. Xocalı RPŞ-də müvafiq araşdırma aparılmış, araşdırma zamanı cavabdeh iddiaçıdan aldığı 5000 (beş min) manatı qaytarmış və buna uyğun olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı cavabdehə verdiyi pulu tanışı X1 adına olmaqla bankdan kredit olaraq götürdüyünü bildirir. Cavabdeh iddiaçıdan aldığı 5000 (beş min) manatı qaytarsa da iddiaçı cavabdehdən banka ödənilmiş faizləri və çəkdiyi əlavə xərcləri tələb edir. Məhkəmə qeyd edir ki, işin hallarına görə tərəflər arasında yaranmış mübahisə aşağıdakı maddi hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə ilk növbədə şəxs zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olmalıdır. Həmçinin, həmin şəxs zərərə məruz qaldığını sübut etməlidir. Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna, yaxud iddiaçı öz tələbini təsdiq edən müəyyən halları sübut etdiyi və ya bunlar işin mübahisələndirilməyən halları olduqda iddiaya etirazın əsasları kimi istinad olunan halları sübut etmə yükü cavabdehin üzərinə qoyula bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Prosessual qanunvericiliyə əsasən heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Əgər məhkəmə iş üzrə hər hansı sübutu (məsələn şahid ifadəsini) statusuna və ya alınma mənbəyinə görə daha üstün olan digər sübutdan (məsələn səlahiyyətli dövlət orqanı tərəfindən lazımi qaydada tərtib olunmuş rəsmi sənəddən) daha mötəbər hesab edirsə, yaxud eyni qüvvəli, lakin məzmunca biri-biri ilə ziddiyyət təşkil edən sübutlardan birini qəbul, digərini qəbul etmirsə bununla bağlı mövqeyini işdə olan digər sübutlarla müqayisəli şəkildə inandırıcı və ağlabatan qaydada əsaslandırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №li qərarının birinci bəndində qeyd edilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi 2 hissədən ibarətdir:

1. iddiaçının cavabdehə verdiyi 5000 (beş min) manat pula görə banka ödənilmiş faiz məbləğləri;

2. cavabdehə verilmiş 5000 (beş min) manat pulun alınması ilə bağlı yol xərcləri. İddiaçının ilkin tələbi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı özü qeyriqanuni əmələ görə cavabdehə 5000 (beş min) manat pul vermişdir. Həmin pulun cavabdeh tərəfindən iddiaçıya qaytarılması işin mübahisəsiz halıdır. Belə ki, iddiaçı Xocalı RPŞ-yə müraciət etdikdə həmin məbləğ cavabdeh tərəfindən iddiaçıya qaytarılmış və buna müvafiq olaraq xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Hazırkı halda isə iddiaçının cavabdehdən tələb etdiyi banka ödənilmiş faizlərlə bağlı iddiaçı zərərə məruz qaldığını sübut edə bilmir. Belə ki, iş üzrə müəyyən olunduğu kimi kredit müqaviləsi bankla X5 arasında bağlanmışdır və həmin kreditin qaytarılma müddəti 35 ay olmuşdur. Həmçinin, bankdan 5000 (beş min) manat deyil, 5500 (beş min beş yüz) manat kredit götürülmüşdür ki, həmin məbləğ üzrə də banka ödəniləcək faiz məbləği 2458,38 (iki min dörd yüz əlli səkkiz manat otuz səkkiz qəpik) manat olaraq hesablanmışdır. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən Xocalı RPŞ-yə müraciət olunandan dərhal sonra cavabdeh iddiaçıdan aldığı pulu, yəni 5000 (beş min) manatı qaytarmışdır. xx.xx.2023-cü il tarixdə araşdırma üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən cinayət işinin başlanmasının rədd olunması da bu halı sübut edir. Lakin, bank tərəfindən hesablanmış 2458,38 (iki min dörd yüz əlli səkkiz manat otuz səkkiz qəpik) manat faiz məbləği isə kreditin son ödəniş tarixinə, yəni xx.xx.2025-ci il tarixə hesablanmışdır. Yəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə uyğun olaraq hazırkı iş üzrə iddiaçının davranışı da nəzərə alınmalıdır. Belə ki, cavabdeh 5000 (beş min) manatı iddiaçıya qaytardığı vaxt banka olan borcun ödənilməməsi də faizlərin artmasına səbəb olmuşdur. Ümumiyyətlə, iddiaçının hansı zərərə məruz qalması məsələsinə də aydınlıq gətiməyi məhkəmə zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində zərərə anlayış verilmişdir. Həmin normadan göründüyü kimi bu ya real zərər, ya da əldən çıxmış fayda formasında olmalıdır. Lakin, hazırkı halda iddiaçının zərərə məruz qalması halı müəyyən olunmur. Belə ki, iddiaçının qeyri-qanuni əmələ görə cavabdehə pul verməsi özlüyündə onun hər hansı əmlak və ya qeyri-əmlak hüquqlarının olmasını istisna edir. Həmçinin, iddiaçı ilə cavabdeh arasında 5000 (beş min) manat pulun bankdan kredit kimi götürülməsinə, faizlərin cavabdeh tərəfindən ödənilməsinə dair hər hansı razılaşmanın olması da sübut olunmur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 da ifadəsində İddiaçı ona nə məqsədlə pul lazım olduğunu demədiyini, İddiaçı həmin pulu kimə verəcəyindən məlumatı olmadığını qeyd etmişdir. Məhkəmə iddia tələbinin cavabdehə verilmiş pulun alınması ilə bağlı iddiaçının çəkdiyi 450 (dörd yüz əlli) manat xərcin cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı 5000 (beş min) manat pulu almaq üçün dəfələrlə cavabdehin yaşadığı evə maşınla gedib-gəlməsini və bu zaman 450 (dörd yüz əlli) manat pul xərcləməsini iddia etsə də bu halı məhkəmə iclasında sübut edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 77.1-ci maddəsi). Həmçinin məhkəmə nəzərə alır ki, iddiaçının Xocalı RPŞ-yə müraciətindən sonra 5000 (beş min) manat cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar