Məhkəmə qərarları › İş №2(070)-2/2024

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-2/2024

17.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-2/2024 17.01.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Kərimov Namiq Saleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1430 manat borc pulun, ona dəymiş ziyanın, ödədiyi 30 manat dövlət rüsumunun və vəkilə ödədiyi 50 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun tanışıdır, həmişə yaxşı münasibətləri olmuşdur. 2022-ci ildə zəng vurub pula ehtiyacı olduğunu bildirərək çox qısa bir müddətdə qaytaracağına söz verməklə cavabdehdən borca pul istəmişdir. Cavabdeh özündə pul olmadığını bildirmiş, o, cavabdehdən ona kömək etməyini xahiş etmişdir. Aradan bir qədər müddət keçdikdən sonra yenə zəng edərək kömək etməyini xahiş etmişdir. Cavabdeh də ona demişdir ki, Goranboy rayon filialı olan Molbulak Bank Miokreditdə kreditə zaminliyi var, o pul ödənilsə ona kreditə pul götürüb verə bilər. O, pulun məbləğini öyrənəndə 1400 manat olsa zaminliyin bağlansa kredit götürüb verə bilərsən? Bu sözünün qarşılığında bəli götürüb verə bilərəm demişdir. O da qonşusu X2 evinə gedərək 1400 manat pul istəmişdir. Minarə demişdir ki, nə üçün lazımdır? O da kreditdə zaminlik var onu ödəyib bir günə kredit götürüb, götürən kimi pulunu qaytaracağını demişdir. Minarə razılaşıb ona 1400 manat pul vermişdir. O, pulu Minarədən alandan sonra cavabdehə zəng vurub 1400 manat tapdığını və zaminliyini ödəməyə getmək istədiyini bildirmişdir. Cavabdeh ona Molbulak Bank Miokreditə yaxınlaşıb cavabdehin adını, soyadını, ata adını və zamin olduğu Daşqının adını deyib zaminlikdə olan krediti ödəməyi bildirmişdir. O, 2022-ci il mart ayının 30-da Goranboy rayon filialı olan Molbulak Bank Miokreditə yaxınlaşaraq cavabdehin Daşqına olduğu zaminliyini ödəyəcəyini bildirmişdir. O, bankda işləyən kassir xanıma yaxınlaşaraq cavabdehin adına zaminlik krediti olan 1400 manatı xanıma verəndə ödəniş üçün ona pulun 1400 manat yox 1430 manat olduğunu bildirmişdir. O, bankda cavabdehə zəng vurub pulun 1400 manat yox 1430 manat olduğunu bidirmiş, cavabdeh də onunla razılaşmışdır. O, xanıma 1430 manat verib cavabdehin Daşqına olan zaminlik kreditini ödəmişdir. O, təkrar cavabdehə zəng vurub pulu ödədiyini və sənədləri götürdüyünü bildirmişdir. Sonra cavabdehə kredit verməmişlər. Kredit verilməyəndə o, cavabdehdən ödədiyi pulu istəyəndə ona Daşqından alıb qaytaracağını bildirmişdir. Cavabdehi yaxşı tanıdığı üçün cavabdehlə nə notariat qaydada müqavilə bağlamış, nə də ki, qəbz almışdır. Cavabdehin zaminlik krediti ödənildikdən sonra pulu qaytarmaq istəmir. O, bu günə qədər cavabdehə verdiyi borc pulu dəfələrlə istəsə də cavabdeh könüllü olaraq aldığı borcu qaytarmaq istəmir, hər dəfə Daşqından alıb verəcəyini bildirmişdir. O, pulunu almaq üçün dəfələrlə cavabdehin yaşadığı Goranboy rayonu, X8 getmişdir. Bir gün qonşusu Minarə pulunu almaq üçün onlara gəlmiş, pulunu bir günlük aldığını, bugünkü günə kimi qaytarmadığını demişdir. O da Minarənin bu sözlərinin qarşısında başına gələnləri danışmışdır. Minarə ona inanmamış və inamsızlığın qarşısında cavabdehin evinə getmişlər. Qapını onlara cavabdehin həyat yoldaşı açmış və cavabdehin evdə olmadığını demişdir. Onlar da yoldaşına zəng vurmağını bildirmişlər. Xanım zəng vuraraq cavabdehi axtardıqlarını bildirmişdir. Onlar həyətdə cavabdehi gözləməyə başlamışlar. Bir müddətdən sonra cavabdeh gəlmiş, onlara nə üçün evinə gəldiklərini deyəndə o da pulu Minarədən aldığını, pulunu istədiyini, onun üçün gəldiklərini demişdir. Cavabdeh ona Daşqının evini göstərərək get ondan al deyən zaman o, Daşqını yox cavabdehi tanıdığını bildirmişdir. Cavabdeh pulu Daşqının verəcəyini demiş və telefonla polisə zəng vurub iki nəfər xanımın gəlib onu və ailəsini narahat etdiyini deyərək maşınına minib getmişdir. Bir müddətdən sonra polis işçiləri gəlmişdir. O, məsələni danışdıqda polis işçiləri də cavabdehi günahkar bilib maşınlarına minib getmişlər. O, bir müddətdən sonra 102 xidmətinə zəng vuraraq cavabdeh haqqında məlumat vermişdir. Məlumatdan sonra Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları gələrək ondan və Minarədən izahat almışlar. Üstündən bir müddət keçdikdən sonra polis şöbəsinin əməkdaşları mülki iş olduğu üçün məhkəməyə müraciət etməyini bildirərək ona məktub vermişlər. İndi istəyir ki, cavabdeh zaminliyini ödəmək üçün ondan borc aldığı 1430 manat pulu məhkəmə qaydasında qaytarsın. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, cavabdehə zəng vurub pula ehtiyacı olduğunu bildirərək borc istəmiş, kredit götürüb ona verməsini xahiş etmişdir. Cavabdeh isə kredit götürə bilməyəcəyini, zaminliyi və gecikməsi olduğunu bildirmişdir. Zaminliyi bağlanarsa kredit götürüb ona verə bilərmi deyə soruşduqda cavabdeh bank bilər demişdir. O, kreditin hansı bankda və kimin adına olduğunu bilməmiş, cavabdehdən soruşduqda isə "xxxx" BOKT MMC-də X5nun adına olduğunu və banka olan borcunun 1400 manat olduğunu bildirmişdir. Onlar öz aralarında pulun onun tərəfindən ödənilməsi və sonra cavabdehin bankdan kredit götürüb ona verməsi barədə razılaşmışlar. Onlar razılaşdıqdan sonra pulun ödənilməsi üçün banka getmiş, bankda isə borcun 1400 deyil, 1430 manat olduğu bildirilmişdir. O, bankda olarkən cavabdehə zəng vuraraq pulu ödəməyə gəldiyini, borcun 1400 manat deyil, 1430 manat olduğunu, cavabdeh isə borcu ödəməsini və təmizlik kağızı da almasını ona demişdir. Onun bankda cavabdehlə əlaqə saxlamasına bank işçiləri də şahid olmuşdur. O, bundan sonra dayısı oğluna zəng vurub 30 manat pul istəmiş, dayısı oğlu 30 manat göndərdikdən sonra o, cəmi 1430 manat banka pul ödəmişdir. Kredit borcu 1420.77 manat olmuş, ödəniş zamanı 77 qəpik çatmamış, bank işçisi 77 qəpik ödəməməsinə etiraz etməmişdir. O, 1420 manat kredit borcuna, 10 manat da təmizlik kağızına ödəniş etmişdir. Lakin, kredit borcu ödənildikdən sonra cavabdeh razılaşdıqları kimi bankdan öz adına kredit götürüb ona verməmişdir. Bundan sonra aralarında narazılıq başlamışdır. O, 1400 manat pulu da qonşusu X1 borc almışdır. Borcu vaxtında qaytara bilmədiyindən Minarə ondan borcunu istəmişdir. O da Minarəyə olanları danışmış, birlikdə borcun qaytarılması üçün cavabdehin evinə də getmişlər. İlk dəfə cavabdehin evinə getdikdə onu polisə vermiş, daha sonra gedəndə cavabdeh borcun ondan deyil, Daşqından tələb edilməsini və onu Daşqıngilə aparmağı təklif etmiş, lakin, o, Daşqını tanımadığını bildirmişdir. Buna baxmayaraq cavabdeh onları Daşqıngilə apardıqda Daşqın evdə olmamış, görüntülü danışdıqda Daşqın onu tanımadığını bildirmişdir. Evlərində olarkən Daşqının anası nəvəsinin əməliyyat olunacağını, kredit ödədiyini, pensiyasından qalan 50 manatı aybaay ödəyə biləcəyini, əslinə qaldıqda isə onu tanımadığını və hər hansı bir ödəniş etmək məcburiyyətində olmadığını bildirmişdir. Lakin, aylıq 50 manatın onun üçün yetərli olmaması və Daşqını tanımaması səbəbindən anasının bu təklifi ilə razılaşmamışdır. Çünki, o, ödədiyi pulu Daşqınla deyil, cavabdehlə aralarındakı razılaşmaya əsasən ödəmişdir. Yekunda iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, ona 3000 manata qədər pul lazım olduğunu cavabdehə bildirmişdir. Təmizlik kağızı almasını da telefonla danışan zaman cavabdeh ona demiş, bankın kassiri də onun yanında olmuşdur. Ödədiyi 30 manat rüsumu tələb edir. Vəkilə ödənilmiş 50 manatla bağlı sübutu yoxdur. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddianı qəbul etmir. Belə ki, iddiaçı 2022-ci ilin mart ayında pula ehtiyacı olduğunu, öz adına kredit götürüb iddiaçıya verməyi ondan xahiş etmişdir. O da "xxxx" BOKT MMC-də zaminliyi və 1420 manat borcu olduğunu, ona kredit verilməyəcəyini bildirmişdir. İddiaçı həmin pulu ödəyəcəyini, pulun ona aidiyyəti olmayacağını bildirmişdir. Lakin, o, iddiaçıya pulu ödəməməsini, iddiaçı isə ödədiyi pulu ondan tələb etməyəcəyini bildirmişdir. İddiaçı pulu ödəsə kredit verilərmi deyə bankla danışmış və bankdan verilə biləcəyi bildirilmişdir. Onun həmin danışıqlardan xəbəri olmamış, bu barədə sonradan iddiaçı ona demişdir. İddiaçı ondan xəbərsiz bankla danışıb pulu ödəmişdir. Həmin kredit X5nun adına olmuşdur. O, sonra banka müraciət etmiş, əmək müqaviləsinin müddəti bitdiyindən bank ona kredit verməmişdir. Hazırda iddiaçı ondan pulunu istəyir, lakin, onun iddiaçıya borcu yoxdur. Çünki, iddiaçı onun icazəsi və xəbəri olmadan həmin pulu ödəmişdir. Onun pulun ödənilməsindən iddiaçı pulu ödədikdən sonra məlumatı olmuşdur. İddiaçının ödədiyi pul onun deyil, Daşqının borcu olmuşdur. İddiaçı Minarə ilə gəlib səs-küy saldıqdan sonra onları Daşqının evinə aparmışdır. Daşqın pulu ödəməyəcəyini bildirmiş, lakin, Daşqının anası isə krediti olduğunu, kartından kreditə görə pul çıxıldığını, yerdə qalan 100 manatdan artıq məbləği aybaay iddiaçıya verə biləcəyini bildirmişdir. Onlar isə razılaşmamış, pulun nağd şəkildə tam qaytarılmasını tələb etmişlər. İddiaçı oğlunun avtoxuliqan kimi videosu çəkilərək tutulduğunu, təcili pul lazım olduğunu bildirmiş, sonra məlum olmuşdur ki, əslində belə bir məsələ olmamış, iddiaçının başqa şəxslərə borcu olmuş, onun adına kredit götürüb həmin şəxslərin pulunu qaytarmaq və onu pis vəziyyətə salmaq istəmişdir. Çünki, iddiaçının dediyi məsələ üçün 400-500 manat lazım ola bilərdi. Yekunda iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, iddiaçı ona konkret məbləğ deməmiş, bank ona nə qədər kredit versə o qədər istəmişdir. O, öz adına kredit götürüb iddiaçıya verməyə razılıq vermişdir. Kredit götürülməsi məqsədilə əvvəl “Kapital Bank”a getmişlər, həmin bankdan əmək haqqı almadığı üçün ona kredit verilməmişdir. “Beynəlxalq Bank”a getdikdə isə ona gecikməsi olduğundan kredit verilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən zaminliyin pulu ödənildikdən sonra növbəti dəfə də onun adına kredit götürülüb iddiaçıya verilməsi niyyətilə təkrar banka getmişlər. Əmək müqaviləsi qüvvədə olmadığından kredit götürüb iddiaçıya verə bilməmişdir. Əmək müqaviləsi qüvvədə olsa kredit götürüb iddiaçıya verəcəkdi. Zaminliyin əvəzinə ödədiyi pulu qaytarmayacaqdı, çünki, iddiaçı həmin pulu ondan tələb etməyəcəyini bildirmişdir. O, iddiaçıya təmizlik kağızı alması barədə deməmişdir. 2000 manat kredit götürüb iddiaçıya verməyə razı olardı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, iddiaçı ilə qonşudur. İddiaçı gəlib ondan 1500 manat borc pul istəmişdir. Nə ilə bağlı olduğunu soruşduqda çox pula ehtiyacı olduğunu, Ceyhun adlı tanışının zaminliyi olduğunu, ona lazım olan məbləğdə pulun götürülməsi üçün Ceyhunun zaminliyinin bağlanması barədə razılaşdıqlarını bildirmişdir. O, pulu vermiş, lakin, iddiaçı dediyi vaxtda borcunu qaytarmamışdır. O, borcunun qaytarılmasını istədikdə iddiaçı aldadıldığını, cavabdehin əvəzinə ödədiyi pulu da qaytarmadığını bildirmişdir. O, iddiaçıya inanmayıb "xxxx" BOKT MMC-yə getdikdə iddiaçının bir oğlanla danışaraq 1420 kredit borcu və 10 manat da təmizlik kağızı üçün pul ödədiyini bildirmişlər. Onlar sonra cavabdehin evinə getmiş, cavabdeh iddiaçıya pul ödə demədiyini, ödədiyi pulun da Daşqının borcu olduğunu bildirmişdir. Sonra cavabdeh polis çağırmış və özü də getmişdir. Daha sonra cavabdeh onları Daşqıngilə aparmışdır. Daşqın evdə olmamış, anası isə bu söhbətdən xəbəri olmadığını bildirmişdir. Telefonla danışdıqda Daşqın onları tanımadığını, cavabdeh bilər siz bilərsiniz demişdir. Lakin, Daşqının anası aylıq 50 manat verə biləcəyini demiş, 1400 manat pulun aylıq 50 manatla qaytarılması onlara sərf etməmiş, pulu tam şəkildə tələb etmişlər. Daha sonra anası nəvəsinin xəstə olduğunu, ümumiyyətlə pul verməyəcəyini bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, iddiaçı pulu ondan alıb cavabdehin zaminlik borcunu ödədiyindən o da iddiaçı ilə birlikdə cavabdehin və Daşqının evinə gedib pul istəmişdir. İddiaçı ondan aldığı pulu qaytarmamışdır. Məhkəmə, tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 30 mart 2022-ci il tarixli, 4 nömrəli qəbzdən görünür ki, 18 mart 2015-ci il tarixli, 0405- 030864-01 nömrəli kredit müqaviləsi üzrə "xxxx" BOKT MMC-nin Goranboy filialının hesabına kredit ödənişi üçün 1420.77 manat köçürülmüşdür; 30 mart 2022-ci il tarixli, 5 nömrəli qəbzdən görünür ki, 18 mart 2015-ci il tarixli, 0405- 030864-01 nömrəli kredit müqaviləsi üzrə "xxxx" BOKT MMC-nin Goranboy filialının hesabına borc haqqında arayışın verilməsi üçün 10 manat köçürülmüşdür; "xxxx" BOKT MMC tərəfindən verilmiş 30 mart 2022-ci il tarixli, 9446 nömrəli zaminin kredit öhdəliyi haqqında arayışdan görünür ki, 18 mart 2015-ci il tarixli, 0405-030864-01 nömrəli kredit müqaviləsi üzrə zamin Cavabdeh kreditor qarşısında öhdəliyini tam həcmdə yerinə yetirmişdir; Goranboy Rayon Polis Şöbəsində Cavabdeh tərəfindən verilmiş 06 iyul 2022-ci il tarixli izahatdan görünür ki, iddiaçı 2022-ci ilin mart ayında pula ehtiyacı olduğunu, adına kredit götürmək imkanı varsa götür ver demiş, o da zaminliyi və 1420 manat borcu olduğunu demişdir. İddiaçı pulu ödəyəcəyini, həmin pulun ona aidiyyəti olmadığını demişdir. İddiaçı ondan xəbərsiz gedib həmin pulu ödəmiş, kredit X5nun adına olmuşdur. O, banka müraciət etmiş, bank ona kredit veməmişdir. İddiaçı da ondan pulu istəyir. O da icazəsiz, xəbəri olmadan ödəyib deyə cavablamışdır. 03 iyul 2022-ci il tarixdə iddiaçı və Minarə adlı qadın onun yaşadığı binaya gəlmişdir. Minarə uca səslə səs-küy salmış, o da polisə müraciət etmişdir. Onun iddiaçıya 1430 manat borcu yoxdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2023-cü il tarixli, 4/1757 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 37-38ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli 04 və 05 nömrəli “qəbz”lərin aşağı sol hissələrində “ödəyənin imzası” qarfalarında olan imzalar - İddiaçı tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 124 manatdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasındakı hüquq münasibətinin həqiqi xarakteri lazımı şəkildə araşdırılmalı, bu tələbin mümkün qanuni əsası, yəni cavabdehin iddiaçı qarşısında hansı növ öhdəlik daşıması dəqiq şəkildə müəyyən edilməlidir. Mübahisənin mahiyyəti üzrə həlli üçün məhkəmə tərəfindən müəyyən olunmuş işin faktiki halları ondan ibarətdir ki, iddiaçı kredit götürüb borc pul verməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh isə bankda zaminliyi olduğunu bildirmişdir. Onlar cavabdehin zaminlik borcunun iddiaçı tərəfindən ödənilməsi və cavabdeh tərəfindən kredit götürülüb iddiaçıya verilməsi barədə razılaşmışlar. Cavabdehin zaminlik borcu iddiaçı tərəfindən ödənilmiş, lakin, cavabdeh kredit götürüb iddiaçıya verməmiş, həmçinin, 1420 manat zaminlik borcu üçün ödədiyi məbləği də qaytarmamışdır. Məhkəmə hesab edir ki, qanunvericilikdə öhdəliyin üçüncü şəxs tərəfindən icrası nəzərdə tutulmuşdur və öhdəliyin üçüncü şəxs tərəfindən icra edilməsi zamanı borclunun razılığının olması tələb edilmir. Eyni zamanda kreditor üçüncü şəxs tərəfindən təmin edildikdə tələb hüququ həmin şəxsə keçir. Odur ki, mübahisəyə öhdəliyin üçüncü şəxs tərəfindən icrasına dair maddi hüquq normaları tətbiq edilməlidir. Belə ki, iddiaçının tələbi onun həmin tələb üzrə cavabdehin banka olan öhdəliyinin icrasından irəli gəlir. Belə olan halda iddiaçı tərəfindən cavabdehin kredit borcunun ödənilməsi müəyyən edildiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1 və 431.3-cü maddələrinə əsasən onun həmin pulu reqres qaydasında tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur; 431.2-ci maddəsinə əsasən kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər; 431.3-cü maddəsinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir; 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Qeyd olunan normalardan göründüyü kimi qanunvericilikdə öhdəliyin borclunun əvəzinə üçüncü şəxs tərəfindən icra edilə bilməsi və buna borclunun razılığının tələb edilməməsi, bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsinin tələb olunmaması, üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququnun həmin şəxsə keçməsi nəzərdə tutulmuşdur. Həmçinin, hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.3-cü maddəsi də tətbiq edilməlidir. Belə ki, həmin normanın 2-ci cümləsi yalnız normanın 1-ci cümləsində göstərilən hallara deyil, 431.1-ci maddəsinə də tətbiq olunmalıdır. Əks yanaşma öhdəliyi könüllü icra etmiş üçüncü şəxsin hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına, öhdəliyi icra etməmiş borclunun isə hüquqlarından sui-istifadəsinə gətirib çıxaracaqdır. Qeyd olunmalıdır ki, iddiaçı tələbində cavabdehdən 1430 manat borc pulun, ödədiyi 30 manat dövlət rüsumunun və vəkilə ödədiyi 50 manatın alınıb ona verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbinin 1430 manat borc pul hissəsini ümumi şəkildə qeyd etsə də iddia ərizəsinin məzmunundan müəyyən edilir ki, həmin məbləğ 1420 manat kredit borcuna ödənilmiş məbləğ və 10 manat kredit borcu haqqında arayışın verilməsinə ödənilmiş məbləğ olmaqla 2 hissədən ibarətdir. Məhkəmə iddia tələbinin 1420 manat kredit borcuna ödənilmiş məbləğ hissəsi ilə bağlı qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi cavabdehlə "xxxx" BOKT MMC arasında zaminlik müqaviləsinin bağlanması, götürülmüş pulun ödənilməməsinə görə borcun yaranması, iddiaçının cavabdehin əvəzinə bu borcu ödəməsi işin mübahisə edilməyən hallarıdır. Cavabdeh tərəfindən zaminlik müqaviləsinin etibarlılığı mübahisələndirilməmişdir. Öhdəlik hüquq münasibətləri zaminlik müqaviləsinə əsasən "xxxx" BOKT MMC ilə cavabdeh arasında yaranmış, həmin öhdəlik isə iddiaçı tərəfindən təmin edilmişdir. Belə ki, borclunun, yəni cavabdehin kreditor "xxxx" BOKT MMC qarşısındakı kredit öhdəliyini üçüncü şəxs, yəni iddiaçı icra etmiş və tələb hüququ ona keçdiyindən haqlı olaraq kreditora ödədiyi pulu cavabdehdən tələb etmişdir. Hazırda cavabdehin adından kredit borcunu ödəyən şəxsin kimliyində mübahisə yoxdur. Həqiqətən də borc iddiaçı tərəfindən ödənilmiş və imzalı ödəniş qəbzini məhkəməyə təqdim etmişdir. Əvvəlki məhkəmə iclaslarında cavabdeh qəbzdəki imzanı mübahisələndirdiyindən müvafiq ekspertiza təyin edilmiş və ekspert rəyi ilə həmin imzanın iddiaçıya məxsus olduğu müəyyən edilmişdir. Həmçinin, ödənilmiş pulun məbləği işdə olan sənədlərlə təsdiq olunur. Belə ki, 30 mart 2022ci il tarixli, 4 nömrəli qəbzdən göründüyü kimi iddiaçı tərəfindən cavabdehin adından "xxxx" BOKT MMC-yə 1420.77 manat ödənilmişdir. Lakin, iddiaçı özü bildirmişdir ki, onun tərəfindən kredit borcu kimi 1420 manat ödənilmişdir. Odur ki, iddiaçı cavabdehin əvəzinə ödəmiş olduğu pulu tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin 10 manat kredit borcu haqqında arayışın verilməsinə ödənilmiş məbləğ hissəsi ilə bağlı qeyd edir ki, tələbin bu hissəsi kredit borcu deyil, borc haqqında arayışın alınması üçün ödənilmiş məbləğdir. Qanunvericiliyin tələbinə əsasən kredit borcunun ödənilməsi, yəni öhdəliyin üçüncü şəxs tərəfindən icra olunması üçün cavabdehin razılığı tələb olunmasa da iddia tələbinin bu hissəsi həmin normaların təsir dairəsinə düşmür. Çünki, arayış alınması borclunun öhdəliyi deyildir. Belə olduqda tələbin bu hissəsinə sübutetmə yükünə uyğun olaraq qiymət verilməlidir. İddiaçı cavabdehin təkidi ilə arayış aldığını bildirdiyindən sübutetmə yükünün bölüşdürülməsi baxımından həmin halı sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, iddiaçı bu hissədə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə iddia tələbinin 30 manat dövlət rüsumuna ödənilmiş məbləğ hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan 02 may 2023-cü il tarixli, 17471 nömrəli qəbzdən göründüyü kimi iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd olunmalıdır ki, 17 yanvar 2024-cü il tarixli, 5416 nömrəli qəbzdən göründüyü kimi iddiaçı tərəfindən əlavə olaraq 5 manat məbləğində dövlət rüsumu ödənilsə də həmin məbləğ cavabdehdən tələb edilməmişdir. Məhkəmə iddia tələbinin 50 manat vəkilə ödənilmiş məbləğ hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tələbinin bu hissəsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə cavabdehin izahatında göstərdiyi dəlillərə münasibətdə qeyd edir ki, cavabdeh iddiaçının onun əvəzinə borcu ödəməsinə razı olmadığını bildirmişdir. Lakin, qanunun yuxarıda qeyd olunan normasından göründüyü kimi öhdəliyin üçüncü şəxs tərəfindən icra edilməsi zamanı borclunun razılığının olması tələb edilmir. Həmçinin, qeyd olunmalıdır ki, iddiaçı tərəfindən zaminlik borcu ödənildikdən əvvəl və sonra kredit götürüb iddiaçıya vermək məqsədilə cavabdeh müxtəlif banklara müraciət etmişdir. Lakin, ondan asılı olmayan səbəblərə görə kredit götürülməsi baş tutmamışdır. Belə olduqda isə onlar arasında zaminlik borcunun ödənilməsinə dair razılıq əldə edilməsi ağlabatan görünür. Odur ki, məhkəmə cavabdehin izahatına tənqidi yanaşır. Nəzərə alınmalıdır ki, cavabdeh iddiaçı tərəfindən ödənilmiş zaminlik borcunun əvəzinin ondan tələb edilməyəcəyi barədə aralarında razılaşdıqlarını bildirsə də bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə iclasında cavabdeh iddiaçıya 2000 manat kredit götürüb verə biləcəyini bildirmişdir ki, 2000 manat müqabilində 1420 manat ödənilməsinə razılıq real görünmür. Həmçinin, kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Lakin, kreditor icranı qəbul etmiş və üçüncü şəxs tərəfindən öhdəlik artıq icra olunmuşdur. Bu hal belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh öhdəliyin icrasının əleyhinə olmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddiaçı tərəfindən ödənilmiş pulun X5nun kredit borcu üzrə ödənilmiş olduğunu və iddiaçının tələbini X3 qarşı yönəltməli olmasını bildirmişdir. Lakin, nəzərə alınmalıdır ki, kredit müqaviləsi "xxxx" BOKT MMC ilə borclu arasında bağlansa da zaminlik müqaviləsi cavabdehlə bağlanmış və cavabdeh zaminlik müqaviləsi üzrə kreditor qarşısında X5nun öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Yəni, cavabdeh əsas borclu ilə birgə öz üzərinə məsuliyyət götürmüşdür. Hazırkı işlə əlaqədar öhdəlik münasibətləri isə iddiaçı ilə X5 arasında deyil, iddiaçı ilə cavabdeh arasında yaranmışdır. Cavabdehin zaminlik müqaviləsi üzrə yaranmış borcunu iddiaçı ödədiyindən tələb hüququ ona keçmişdir. Ona görə də iddiaçı tələbini cavabdehə yönəltməkdə haqlı olmuşdur. Cavabdehin də həmin pulu əsas borcludan tələb etmək hüququ vardır ki, bu hal hazırkı məhkəmə baxışının predmetini təşkil etmir. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1420 (min dörd yüz iyirmi) manat vəsait və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməli, ekspertiza tədqiqatının dəyəri 124 (yüz iyirmi dörd) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1420 (min dörd yüz iyirmi) manat vəsait və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri 124 (yüz iyirmi dörd) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar