Məhkəmə qərarları › İş №2(070)-238/2024

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-238/2024

02.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-238/2024 02.10.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mebelə görə 300 manat pulun, hüquqi xidmət haqqına görə ödədiyi 100 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 430 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Goranboy şəhəri, R.Mustafayev küçəsi, ev 3-də qeydiyyatda olmaqla Goranboy şəhəri, 58-ci kvartalda yaşayır. Ona məxsus olan fərdi yaşayış evində mətbəxə mebel hazırlanması üçün 2023-cü ildə cavabdeh, mebel ustası Cavabdeh müraciət etmişdir. Cavabdeh onun istədiyi kimi mətbəx mebeli hazırlayacağına söz vermiş və öhdəlik götürmüşdür. Bununla bağlı cavabdeh ondan 1600 manat pul almışdır. Cavabdeh o istədiyi kimi mebeli hazırlamamışdır. O, cavabdehə mebeli yararsız vəziyyətdə düzəltməsinə dair iradını bildirəndə cavabdeh mebelin onun istəyinə uyğun hazırlanması üçün əlavə 100 manat pul verməli olduğunu demişdir. O, cavabdehə əlavə 100 manat pul da vermişdir. Bundan başqa o, evdə olan oturacaq stulların üzərinin parçasını dəyişmək üçün cavabdehə əlavə 200 manat pul da vermişdir. Lakin, cavabdeh bu günədək nə mətbəx mebelini yenidən düzəltmiş, nə də oturacaq stullarının üzərinin parçasını dəyişmişdir. Dəfələrlə tələb etsə də cavabdeh nə pulu qaytarır, nə də üzərinə götürdüyü işləri başa çatdırır. Cavabdeh aralarında olan şifahi müqavilənin tələblərini pozaraq öhdəsinə götürdüyü işləri tam yerinə yetirmir, onun 300 manat pulunu özündə saxlayaraq qaytarmaq istəmir. Tərəf kimi o, cavabdehlə aralarında olan müqavilənin şərtlərinə əməl etsə də cavabdeh ondan almış olduğu 300 manat pulun müqabilində stulların üzərinin parçasını dəyişməmiş, mətbəx mebelini o istədiyi kimi düzətməmiş, ondan aldığı 300 manat pulu da qaytarmamışdır. O, xx.xx.2024-cü il tarixdə Goranboy rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək Cavabdeh barəsində tədbir görülməsini və ödədiyi pulun geri qaytarılmasını xahiş etmişdir. Lakin, Goranboy rayon Polis şöbəsində xx.xx.2024-cü il tarixli, 3-13-75/2-C-6660/İİ/2024 nömrəli məktubla bu məsələnin mülki xarakterli olması ona bildirilmişdir. Odur ki, mülki qaydada məhkəməyə müraciət etmişdir. O, məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu, hüquqi xidmətə görə 100 manat xidmət haqqı ödəməklə əlavə xərclər çəkmişdir. Odur ki, Cavabdeh mebelə görə verdiyi 300 manat pulu, dövlət rüsumuna ödədiyi 30 manat pulu, hüquqi xidmət haqqına ödədiyi 100 manat pulu, cəmi 430 manat pulu tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, 2023-cü ildə mətbəx mebeli düzəltmək üçün Cavabdeh müraciət etmiş və onlar həmin mebelin düzəldilməsi üçün 1500 manat müqabilində razılaşmışlar. O, 1500 manat pulu Raminə vermişdir. Daha sonra Ramin mebelin hazırlanması üçün ondan 100 manat əlavə pul istəmiş, o da həmin məbləği əlavə olaraq Raminə vermişdir. Lakin, Ramin mebelin düzəldilməsini bir qədər gecikdirmişdir. Daha sonra Ramin mebeli düzəldərək onun evinə gətirmişdir. Ramin əvvəlcə mebelin alt hissəsini, daha sonra isə mebelin üst hissəsini quraşdırmışdır. Ramin mebeli quraşdırdıqdan sonra o, mebelin bir hissəsinin qapağında 1 ədəd şüşənin olduğunu görmüş və onu dəyişməyi, yəni mebelin 2 qapağının da şüşədən hazırlanmasını Ramindən xahiş etmişdir. O, Raminə əvvəlcədən mebelin həmin hissəsinin qapağında 2 şüşə olmasına dair razılaşdıqlarını, buna dair müvafiq sxem də tərtib olunduğunu bildirmişdir. Ramin həmin rəng mebelin materialının onda olmadığını demiş və sonradan onu dəyişə biləcəyini demişdir. Həmin vaxt o, evində olan stulların örtüyünün dəyişdirilməsini də Ramindən xahiş etmiş və Ramin bununla razılaşmışdır. O, stulların örtüyünün dəyişdirilməsi üçün Raminə 200 manat pul və istədiyi parçanın nümunəsini vermişdir. Həmin müddətdən bir qədər sonra Ramin parçanı alıb gətirmişdir. Ramin ona işlətdiyi alətin xarab olduğunu demiş və bir neçə gündən sonra gəlib stulların örtüyünü dəyişəcəyini bildirmişdir. Ramin hər stulun təmiri üçün ondan 35 manat pul istəmişdir. O, buna etiraz etmiş və həmin parçanı istəmədiyini Raminə bildirmişdir. Ramin parçanı artıq aldığını, buna 170 manat pul xərclədiyini ona demişdir. O isə Ramindən verdiyi 200 manat pulu tələb etmişdir. Ramin parçanı qaytara bilməyəcəyini və başqa adama satacağı halda parçanın pulunu ona qaytaracağını demişdir. Lakin, üzərindən uzun müddət keçməsinə baxmayaraq Ramin ondan aldığı 200 manat pulu qaytarmamışdır. Verilmiş suallara iddiaçı cavab olaraq bildirdi ki, onun Ramindən tələb etdiyi 300 manat pulun 100 manat hissəsi mebelə əlavə şüşə qoyulması üçün, 200 manat hissəsi isə stulların örtüyünün dəyişdirilməsi üçün verdiyi puldur. Ramin mebelə əlavə şüşə quraşdırması üçün ona sonradan söz vermiş və o, uzun müddət Ramini gözləmişdir. Ramin həmin rəng mebel materialının olmadığını ona demiş, nə vaxtsa onu düzəldəcəyini bildirmişdir. Hətta, Ramin ona mebel örtüyünün başqa rənglə dəyişdirilməsini də təklif etmişdir. Stulların örtüyünün dəyişdirilməsi üçün parça nümunəsini Raminə o, özü demişdir. Ramin də parçanın eynisini alıb gətirmişdir. Lakin, o, daha sonra stulların təmiri baha olduğu üçün parçanı istəməmişdir. Ramindən 200 manatı tələb etdikdə Ramin parçanı satacağı təqdirdə verə biləcəyini demişdir. Lakin, bugünə qədər Ramin parçanın pulunu ona qaytarmamışdır. Raminin atası onun ərinə 100 manat pul vermişdir. O, elə hesab etmişdir ki, həmin 100 manat Raminin anasının qəbrinin kənarına çəkilmiş hasar üçün verilmişdir. Belə ki, onun əri Raminin anasının qəbrinin kənarına dəmirdən hasar çəkmişdir. Ramin dəfələrlə aldığı parçanı ona qaytarmağı təklif etmiş, lakin, o, buna razı olmamışdır. İddia ərizəsində əvvəl Raminə 1600 manat, sonradan isə 100 manat verməsinin qeyd olunması texniki səhvdir. Belə ki, o, Raminə əvvəl mebel üçün 1500 manat, daha sonra isə 100 manat olmaqla, cəmi 1600 manat pul vermişdir. Mətbəxinə quraşdırılmış mebelin əvvəlcədən tərtib olunmuş sxemi onda yoxdur. Yekunda İddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, o, iddia tələbini qəbul etmir. 2023-cü ildə Rəna ondan mətbəx üçün mebel düzəltməsini xahiş etmişdir. Həmin vaxt mebelin 1 metrinin dəyəri 350 manat olduğu halda o, güzəşt edərək Rənadan 1 metr mebel üçün 245 manat pul istəmişdir. Mebelin ümumi dəyərinin 1500 olması barədə İddiaçı ilə razılaşmışdır. Sonradan mebeli hazırlayan zaman mebelin maya dəyərinin 1470 manat olduğunu bilmiş və bu barədə Rənaya bildirmişdir. O, Rənadan əlavə 100 manat pul istəmiş, Rəna bununla razılaşmış və mebel üçün əlavə 100 manatı ona vermişdir. Mebel quraşdırılan zaman Rəna ona mebelin üst qapağında 1 yox, 2 şüşə olmasını ondan istəmişdir. Belə ki, buna dair onların arasında əvvəlcədən razılaşma olmamışdır. Lakin, o, həmin rəng mebel materialının onda olmadığını demiş və olacağı təqdirdə dəyişəcəyini bildirmişdir. Həmin vaxt Rəna ondan stulların örtüyünün də dəyişdirilməsini xahiş etmiş və bu məqsədlə ona 200 manat pul vermişdir. Rəna ona stulların örtüyü üçün nümunə də vermişdir. O, Gəncə şəhərindən parçanı almış və bunun üçün o, ümumilikdə 170 manat pul xərcləmişdir. O, parçanı Rənaya göstərmiş, lakin, Rəna artıq parçanı istəmədiyini ona demişdir. O isə parçanı qaytara bilməyəcəyini, parçanı başqa şəxsə satacağı halda onun pulunu qaytara biləcəyini demiş, Rəna da bununla razılaşmışdır. O, sonradan atası vasitəsilə Rənaya 100 manat pul göndərmişdir. Rənanın əri də həmin pulu Rənaya vermişdir. Rəna özü-özlüyündə o pulu anasının qəbrinin ətrafında çəkilmiş hasara görə verildiyini hesab edir. Halbuki, bu münasibətdə o, iştirak etməmişdir. Əgər həmin hasarın pulu ilə bağlı Rənanın ərinin tələbi varsa bununla bağlı atasını məhkəməyə verib pulu tələb edə bilər. Verilmiş suallara cavab olaraq cavabdeh bildirdi ki, Rəna mebeldə sifarişi, yəni üzərində 1 yox, 2 şüşənin olmasını sonradan ona bildirmişdir. Bununla bağlı onların arasında əvvəlcədən razılaşma olmamışdır. Yəni, o, Rənanın istəyinə uyğun olaraq mebeli yığıb təhvil vermişdir. Stulların örtüyünün dəyişdirilməsi ilə bağlı da imtinanı Rəna özü etmişdir. O, Rənanın göstərdiyi parçanı və parçanın kənarı üçün rezini alıb gətirmişdir. Hazırda həmin parçanı və rezini başqa şəxsə sata bilmir və onları Rənaya verməyə hazırdır. Yekunda Cavabdeh iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin xx.xx.2024-cü il tarixli, 3-13-75/2-C-66xx/xx/2024 nömrəli məktubundan görünür ki, İddiaçı müraciəti mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir; xx.xx.2024-cü il tarixli, 4701 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən vəkilin sorğusuna görə 50 manat xidmət haqqı ödənilmişdir; xx.xx.2024-cü il tarixli, 12836 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin tərtib edilməsinə görə 50 manat vəsait ödənilmişdir; xx.xx.2024-cü il tarixli, 10094 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırkı tələb üzrə 30 manat dövlət rüsumu ödənilmişdir. Mübahisənin mahiyyəti üzrə həlli üçün məhkəmə tərəfindən müəyyən olunmuş işin faktiki halları ondan ibarətdir ki, iddiaçı mətbəx mebeli düzəldilməsi üçün cavabdehə müraciət etmiş və iddiaçı tərəfindən bu məqsədlə cavabdehə cəmi 1600 manat məbləğində vəsait ödənilmişdir. İddiaçı sonradan mətbəx mebelinin üzərində 2 şüşə qoyulmasını tələb etmişdir. Həmçinin, iddiaçı stul örtüyünün dəyişdirilməsi üçün cavabdehlə razılaşmış və bunun müqabilində cavabdehə 200 manat ödəniş etmişdir. Cavabdeh iddiaçının sifarişinə uyğun parçanı almış, lakin, sonradan iddiaçı stulların təmirindən imtina etmişdir. Hazırda iddiaçı mətbəx mebeli üçün əlavə ödədiyi 100 manatı və parçanın alınması üçün verdiyi 200 manat pulu cavabdehdən tələb edir. Cavabdeh hər iki halda onun təqsirinin olmadığını əsas gətirir və iddia təbini qəbul etmir. Məhkəmə qeyd edir ki, işin hallarına görə tərəflər arasında yaranmış mübahisə aşağıdakı maddi hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır; 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır; 753.2-ci maddəsinə əsasən əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır; 753.3-cü maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir; 756.1-ci maddəsinə əsasən əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur; 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir; 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna, yaxud iddiaçı öz tələbini təsdiq edən müəyyən halları sübut etdiyi və ya bunlar işin mübahisələndirilməyən halları olduqda iddiaya etirazın əsasları kimi istinad olunan halları sübut etmə yükü cavabdehin üzərinə qoyula bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Prosessual qanunvericiliyə əsasən heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Əgər məhkəmə iş üzrə hər hansı sübutu (məsələn şahid ifadəsini) statusuna və ya alınma mənbəyinə görə daha üstün olan digər sübutdan (məsələn səlahiyyətli dövlət orqanı tərəfindən lazımi qaydada tərtib olunmuş rəsmi sənəddən) daha mötəbər hesab edirsə, yaxud eyni qüvvəli, lakin məzmunca biri-biri ilə ziddiyyət təşkil edən sübutlardan birini qəbul, digərini qəbul etmirsə bununla bağlı mövqeyini işdə olan digər sübutlarla müqayisəli şəkildə inandırıcı və ağlabatan qaydada əsaslandırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №li qərarının birinci bəndində qeyd edilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39-cu fəsli (Podrat) təşkil edir. Bu halda podratçı müqavilədə nəzərdə tutulan işi icra etməli, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürkəlidir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi 3 hissədən ibarətdir:

1. sifarişçi kimi podratçıya (cavabdehə) mətbəx mebelinin hazırlanması üçün ödədiyi 100 manat pulun qaytarılması;

2. sifarişçi kimi podratçıya (cavabdehə) stulların təmiri üçün ödədiyi 200 manat pulun qaytarılması;

3. məhkəmə xərclərinin (dövlət rüsumu və işə baxılması ilə əlaqədar olan məsrəflər) cavabdehdən tutulması. İddiaçının ilkin tələbi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında podrat müqaviləsi bağlanmış, cavabdeh müqavilədə nəzərdə tutulan işi icra etməyi, iddiaçı isə cavabdehə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı işi icra etmiş və bunun müqabilində şərtləşdirilmiş muzd almışdır. Bundan sonra iddiaçı tərəfindən iş həcmi dəyişdirilmiş, əlavə işlərin görülməsi tələb edilmiş, yəni mətbəx üçün hazırlanmış mebelin üzərinə əlavə 1 şüşənin qoyulması sifariş edilmişdir. Belə ki, iş həcmi müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamı əsasında artmışdır ki, bu halda muzdun əsası da dəyişməlidir. Yəni, əlavə işlərin görülməsinin ilkin razılaşma müddətində olmaması cavabdehi həmin işlərin görülməsi vəzifəsindən azad edir. Belə ki, əgər iddiaçı müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, cavabdehin həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Məhkəmə, iddiaçının izahatında göstərdiyi xüsusata, yəni mətbəxə quraşdırılmış mebelin qapağında 1 deyil, 2 şüşənin olması ilə bağlı aralarında razılaşma olmasına dair qeyd edir ki, iddiaçı bununla bağlı hər hansı sübutu (eskiz layihə və s.) məhkəməyə təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 77.1-ci maddəsi). Məhkəmə iddiaçının digər tələbi, yəni stulların təmiri üçün cavabdehə ödədiyi 200 manat pulun qaytarılması ilə bağlı qeyd edir ki, cavabdeh iddiaçının sifarişi əsasında onun istədiyi əşyanı (parçanı) almış, lakin, sonradan iddiaçı həmin əşyanı istəmədiyini bildirmişdir. Bu halda iddiaçının işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina etməsi istisna olunmasa da, bu hal onu cavabdehə yerinə yetirilmiş işin haqqını vermək və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəmək vəzifəsindən azad etmir. Yəni, iddiaçı müqaviləyə zidd hərəkət etmişdir ki, bu isə öz növbəsində onun hüquq əldə etməsini, başqa sözlə ödədiyi pulu cavabdehdən geri istəməsi hüququnu istisna edir. İddiaçının məhkəmə xərclərinin (dövlət rüsumu və işə baxılması ilə əlaqədar olan məsrəflər) cavabdehdən tutulması tələbinə dair məhkəmə qeyd edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməli, iş üzrə dövlət rüsumu iddiaçı aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar