Məhkəmə qərarları › İş №2(070)-288/2024

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-288/2024

03.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-288/2024 03.12.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 11500 (on bir min beş yüz) manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Ağdam rayonu, Seyidli kəndindən məcburi köçkün düşmüşdür və hazırda Ağdam rayonu, Quzanlı qəsəbəsində yaşayır. Cavabdeh tanıyır, onlar iş yoldaşı olmuş və münasibətləri yaxşı olmuşdur. Cavabdeh 2020-ci ildə "xxxx" ASC-dən kredit götürmək istəmişdir. Cavabdeh ondan xahiş etmişdir ki, ona zamin olsun. O da münasibətləri yaxşı olduğu və iş yoldaşı olduqları üçün cavabdehlə razılaşmışdır. xx.xx.2020-ci ildə Cavabdeh "xxxx" ASC-dən 12220 manat kredit götürmüş və onunla bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Sonra o, zaminlikdən çıxmaq istəmişdir. Fəridlə aralarında razılıq olmuşdur. Bunun üçün Cavabdeh 7500 manat borc pul vermişdir ki, üstün düzəldərək banka ödəyib krediti bağlasın və zaminliyinə xitam verilsin. Fərid o verdiyi 7500 manatı banka ödəyib krediti bağlamışdır. Zaminliyə görə kartından 250 manat pul da çıxmışdır. Razılaşmalarına əsasən Fərid öz adına bankdan kredit götürüb ona olan borcunu qaytarmalı idi. 2023-cü ilin dekabr ayında Fərid ondan 1100 manat borc almışdır ki, iş yoldaşının kreditini bağlayıb yenidən kredit götürüb onun borcunu qaytaracaq. Sonra, yəni 2024-cü ilin aprel ayında Cavabdeh ondan 2500 manat borc almışdır. Cavabdeh 1000 manat alması barədə ona yazılı qəbz də vermişdir. Həmin pulun 2500 manatını Cavabdeh Şahid iştirakı ilə almışdır. Bundan əlavə Cavabdeh “Azpulmat” vasitəsi ilə onun adına 150 manat pul götürmüş və həmin pulu ödəmədiyinə görə borc 300 manat olmuşdur. Ümumilikdə, Cavabdeh hazırda ona 11500 manat borcu vardır. O, bu barədə Ağdam RPŞ-yə müraciət etmişdir. Cavabdeh polis şöbəsində borcunu qismən, yəni 2500 manat həcmində etiraf etmişdir. Ancaq tələbi mülki xarakterli olduğundan polis tərəfindən ona məhkəmədə iddia qaldırmaq hüququ izah olunmuşdur. Cavabdeh hazırda onun telefon zənglərinə cavab vermir və pulunu qaytarmır. O da məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də hesab edir ki, Cavabdeh 11500 (on bir min beş yüz) manat pul qanunla müəyyən edilmiş qaydada alınıb ona verilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Şahid məhkəmə bildirişi rəsmi qaydada təqdim olunsa da xidmətdə olduğu üçün məhkəmə iclasında iştirak edə bilmir. Həmçinin cavabdeh məhkəmə iclasına gəlməməsi üçün şahidə təsir etmişdir. Cavabdeh kredit götürərkən 2 dəfə zamin durmuşdur. Birinci dəfə Fərid onu zaminlikdən çıxarmışdır. Bir müddət sonra cavabdehə yenidən zamin durmuşdur. Lakin sonra özünün xeyir işi olacağı üçün özünə pul lazım olmuşdur. O, Fəridə onu zaminlikdən çıxarmağı bildirmişdir. Fərid də öz növbəsində pulu olmadığını demişdir. O, Fəridə başqa yerdən 7500 manat pul tapıb vermiş və Fərid onu zaminlikdən çıxarmışdır. Fəridə zamin olduğu müddətdə zaminlik müqaviləsinə əsasən onun pensiya kartından tutulmalar aparılmışdır. Həmçinin cavabdehə öz şəxsiyyət vəsiqəsilə “Azpulmat”dan 150 manat pul götürüb vermiş və cavabdeh həmin pulu da ödəməmişdir. Məcbur qalıb həmin pulu da faizləri ilə birlikdə özü ödəməli olmuşdur. Verilmiş suallara cavab olaraq İddiaçı bildirdi ki, Cavabdeh birinci dəfə zamin olduğu müqavilə üzrə mübahisə olmadığından ona dair sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdehə cəmi 11500 manat pul vermişdir. Belə ki, 7500 manat pulu cavabdehə nağd qaydada onu zaminlikdən çıxarması üçün vermişdir. 2023-cü ilin dekabr ayında cavabdehə 1100 manat vermişdir ki, cavabdeh iş yoldaşının adına kredit götürüb onun borcunu qaytarsın. Lakin cavabdeh onun borcunu qaytarmamışdır. Sonra isə cavabdehə 1000 manat və 1500 manat olmaqla pul vermişdir. O, yalnız 1000 manat pul verməsinə dair cavabdehdən qəbz almışdır. O, Ağdam rayon Yanğından mühafizə idarəsinin rəisi olmuş və cavabdehi də işlədiyi dövrdən tanımışdır. Belə ki, o, cavabdehin rəisi olmuşdur. Cavabdehə zamin durarkən artıq təqaüddə olmuşdur. Özü də "xxxx" ASC-dən kredit götürmüşdür. Təsdiq edir ki, onunla "xxxx" ASC arasında bağlanmış GTGK1680709A186 nömrəli müqavilənin cavabdehə heç bir aidiyyatı yoxdur və həmin müqavilə üzrə onun kartından da silinmələr aparılmışdır. Cavabdehə GTKR3317870A153 nömrəli müqavilə üzrə zamin durmuşdur. "xxxx" ASC-dən əldə etdiyi çıxarışdan da göründüyü kimi ona aid bank kartından hər iki müqavilə üzrə, yəni həm GTGK1680709A186 nömrəli, həm də GTKR3317870A153 nömrəli müqavilə üzrə silinmələr aparılmışdır. Qəbul edir ki, cavabdehə zamin durduğu GTKR3317870A153 nömrəli müqavilə üzrə ona aid bank kartından ümumilikdə 255,64 manat məbləğində pul çıxılmışdır. Cavabdehə verdiyi digər məbləğlərə dair onda hər hansı sübut yoxdur. “Azpulmat”dan pulu öz adına götürmüş və onu cavabdehə vermişdir. Daha sonra “Azpulmat”a olan borc faizi ilə birlikdə onun tərəfindən ödənilmişdir. Həmin qəbzi də məhkəməyə təqdim etmişdir. Lakin “Azpulmat”dan götürdüyü vəsaiti cavabdehə verməsinə dair də onda hər hansı sübut yoxdur. Yekunda İddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, o, iddia tələbini qismən qəbul edir. İddiaçı 1000 manat və 1500 manat olmaqla, cəmi 2500 manat pul götürmüşdür. İş materiallarında olan qəbzdəki əl yazısı ona məxsusdur. Həmin qəbzi qeyd etdiyi 1000 manata görə yazıb iddiaçıya vermişdir. 2500 manat puldan əlavə o, iddiaçıdan pul almamışdır. Hətta iddiaçıdan sonradan aldığı 1500 manata dair qəbz yazmadığı halda bunu özü etiraf edir. İddiaçı ona 2 dəfə deyil, 1 dəfə zamin durmuşdur. O, "xxxx" ASC-dən götürdüyü krediti özü ödəmişdir. Yəni bu kreditin bağlanması üçün iddiaçı ona 7500 manat pul verməmişdir. Ona zamin durmasına görə iddiaçının bank kartından 255,64 manat vəsaitin silinməsindən məlumatsız olmuşdur. Belə ki, iddiaçı bu barədə ona məlumat verməmişdir. Onun tərəfindən Şahid hər hansı təsir olunmamışdır. Əksinə, məhkəmədə onun xeyrinə ifadə veməsi üçün iddiaçı həmin şahidə 1000 manat pul təklif etmişdir. Verilmiş suallara cavab olaraq Cavabdeh bildirdi ki, “Azpulmat” vasitəsi ilə iddiaçının adına pul götürməmişdir. İddiaçının kartından zaminlik müqaviləsi üzrə tutulmuş 255,64 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarmağa razıdır. Yekunda Cavabdeh iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əlavə razılaşmadan görünür ki, tərəflər xx.xx.2020-ci il tarixli, BRED2097433A153 saylı kredit kartına dair müqavilə üzrə kredit xəttinin yenilənməsinə dair əlavə razılaşma bağlamışlar; xx.xx.2020-ci il tarixli, GTKR3317870A153 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC Cavabdeh 48 ay müddətinə, illik 24,71 faiz dərəcəsi ilə 12220 manat məbləğində kredit vermiş, həmçinin İddiaçı zamin kimi Cavabdeh həmin müqavilə üzrə öhdəliklərinin icrasına tam məsuliyyəti üzərinə götürmüşdür; "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “Ödəniş kartı üzrə çıxarış”dan görünür ki, İddiaçı məxsus bank kartından GTKR3317870A153 nömrəli müqavilə üzrə xx.xx.2020-ci il tarixdə 0,47 manat, xx.xx.2021-ci il tarixdə 0,19 manat, xx.xx.2021-ci il tarixdə 178,63 manat, xx.xx.2021-ci il tarixdə 42,73 manat, xx.xx.2021-ci il tarixdə 33,13 manat, xx.xx.2022-ci il tarixdə 0,47 manat, xx.xx.2022-ci il tarixdə 0,02 manat olmaqla, cəmi 255,64 manat vəsait çıxılmışdır; Şahid Ağdam RPŞ-yə verdiyi izahatdan görünür ki, Cavabdeh İddiaçı 2500 manat pul aldığının şahidi olmuşdur; Cavabdeh tərəfindən yazılmış və imzalanmış xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, o, İddiaçı qaytarmaq şərti ilə 1000 manat pul götürmüşdür; xx.xx.2024-cü il tarixli, 9311 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən “Azpulmat”a 315 manat vəsait ödənilmişdir; Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA seriyalı, 272370 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür; Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, İddiaçı iddiasını qismən qəbul edir. İddiaçıdan bir dəfə 1000 manat, bir dəfə 1500 manat olmaqla, cəmi 2500 manat pul götürmüşdür. İş materiallarında olan qəbzdəki əl yazısı ona məxsusdur. Həmin qəbzi qeyd etdiyi 1000 manata görə vermişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna, yaxud iddiaçı öz tələbini təsdiq edən müəyyən halları sübut etdiyi və ya bunlar işin mübahisələndirilməyən halları olduqda iddiaya etirazın əsasları kimi istinad olunan halları sübut etmə yükü cavabdehin üzərinə qoyula bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Prosessual qanunvericiliyə əsasən heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Əgər məhkəmə iş üzrə hər hansı sübutu (məsələn şahid ifadəsini) statusuna və ya alınma mənbəyinə görə daha üstün olan digər sübutdan (məsələn səlahiyyətli dövlət orqanı tərəfindən lazımi qaydada tərtib olunmuş rəsmi sənəddən) daha mötəbər hesab edirsə, yaxud eyni qüvvəli, lakin məzmunca biri-biri ilə ziddiyyət təşkil edən sübutlardan birini qəbul, digərini qəbul etmirsə bununla bağlı mövqeyini işdə olan digər sübutlarla müqayisəli şəkildə inandırıcı və ağlabatan qaydada əsaslandırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Məhkəmə qeyd edir ki, işin hallarına görə tərəflər arasında yaranmış mübahisə aşağıdakı maddi hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər; 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını (iddiaçı tərəfindən cavabdehə nağd qaydada verilmiş pul məbləğinə münasibətdə) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc müqaviləsi bağlanmış olmalıdır və bu cür tələblər üzrə pulun verildiyini sübut etmək yükü iddiaçının üzərində olsa da, o bu yükdən o zaman azad edilir ki, cavabdeh bu pulun ona verilmədiyini təkzib edən sübutlarla təsdiq etsin. Məhkəmə qeyd edir ki, iddia tələbinin bir hissəsi borc alınmış pulun qaytarılması barədədir. Müqavilə üzrə 1000 manat borcun iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edən sübut kimi qəbz mövcuddur. Bu qəbz iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, borcun tam ödənilməsini təsdiq edən sübutlar və cavabdehin müqavilə üzrə öhdəliyini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Mövcud olan qəbz artıq iddiaçını 1000 manat pul borc verməsini sübut etmə vəzifəsindən azad edir. Həmçinin cavabdeh iddiaçıdan əlavə olaraq 1500 manat pul almasını etiraf etmiş və buna dair məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iddia tələbinin cavabdehə əlavə borc pul verilməsi (7500 manat və 1100 manat olmaqla) hissəsinə dair qeyd edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları həmin hissədə sübut edə bilməmişdir. Nəzərə alınsa ki, qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur, belə olan halda, iddiaçı məhz həmin məbləğdə pulu iddiaçıya verməsini sübut etməli idi (MPM-in 77.1-ci maddəsi). Halbuki bunun əksinə olaraq iddiaçı yalnız cavabdehə borc verdiyi 1000 manat məbləğə dair sübutu (müvafiq qəbzi) məhkəməyə təqdim etmiş, həmçinin cavabdeh iddiaçıdan əlavə olaraq 1500 manat borc aldığını etiraf etmişdir. İddiaçının şahid qismində dindirilməsini xahiş etdiyi Şahid məhkəmə iclaslarında iştirak etməsə də onun tərəfindən Ağdam RPŞ-yə verilmiş izahatdan da göründüyü kimi o, Cavabdeh İddiaçı 2500 manat pul almasının şahidi olmuşdur. Məhkəmə iddiaçının izahatında göstərdiyi digər xüsusata, yəni cavabdehin onun adına “Azpulmat”dan 150 manat götürməsi və həmin pulu qaytarmaması, həmin pulu cavabdeh ödəmədiyi üçün “Azpulmata” 315 manat ödəməsinə dair qeyd edir ki, ilk növbədə iddiaçı bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 9311 nömrəli qəbzdən göründüyü kimi İddiaçı tərəfindən “Azpulmat”a 315 manat vəsait ödənilmişdir. Yəni həmin qəbzdə cavabdehin öhdəliyinə dair hər hansı məlumat mövcud deyildir. Qeyd olunmalıdır ki, vəsait iddiaçının öz adına götürülmüşdür və həmin qəbz də öhdəliyin məhz iddiaçı tərəfindən icra edildiyini təsdiq edir. Məhkəmə qeyd edir ki, "xxxx" ASC ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli əlavə razılaşma imzalanmış və tərəflər xx.xx.2020-ci il tarixli, BRED2097433A153 saylı kredit kartına dair müqavilə üzrə kredit xəttinin yenilənməsinə dair razılıq əldə etmişlər. Bundan sonra həmin tarixdə tərəflər ("xxxx" ASC ilə Cavabdeh) arasında GTKR3317870A153 nömrəli kredit müqaviləsi bağlanmış, İddiaçı zamin kimi Cavabdeh həmin müqavilə üzrə öhdəliklərinin icrasına tam məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarında olan, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “Ödəniş kartı üzrə çıxarış”dan göründüyü kimi həmin müqavilələr üzrə İddiaçı məxsus bank kartından xx.xx.2020-ci il tarixdə 0,47 manat, xx.xx.2021-ci il tarixdə 0,19 manat, xx.xx.2021-ci il tarixdə 178,63 manat, xx.xx.2021-ci il tarixdə 42,73 manat, xx.xx.2021-ci il tarixdə 33,13 manat, xx.xx.2022-ci il tarixdə 0,47 manat, xx.xx.2022-ci il tarixdə 0,02 manat olmaqla, cəmi 255,64 manat vəsait çıxılmışdır. Yəni tərəflərin "xxxx" ASC qarşısında öhdəliyinin yalnız 255,64 manat hissəsinin iddiaçı tərəfindən icra edilməsi təsdiq olunur. Bu halda məhkəmə nəzərə alır ki, kreditorun ("xxxx" ASC-nin) tələbini ödədiyi həcmdə kreditorun həmin öhdəlik üzrə hüquqları öhdəliyi icra etmiş zamin İddiaçı keçmişdir. Belə ki, həmin müqavilə üzrə ümumilikdə 255,64 manat iddiaçı tərəfindən zamin kimi ödənildiyindən sözügedən məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.20-ci maddələrinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə, MPM-in 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.20-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli və 47,56 (qırx yeddi manat əlli altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2755,64 (iki min yeddi yüz əlli beş manat altmış dörd qəpik) manat vəsait İddiaçı xeyrinə tutulmalı, 47,56 (qırx yeddi manat əlli altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2755,64 (iki min yeddi yüz əlli beş manat altmış dörd qəpik) manat vəsait İddiaçı xeyrinə tutulsun. 47,56 (qırx yeddi manat əlli altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar