Məhkəmə qərarları › İş №2(070)-309/2025

Xocalı Rayon Məhkəməsi Qərardad — İş №2(070)-309/2025

29.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 2(070)-309/2025 29.10.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “vurulmuş ziyanın əvəzi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən təbiətə dəymiş 84 (səksən dörd) manat məbləğində ziyanın X1 üzrə Dövlət Fonduna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçının hazırki iddianın qaldırılmasında hüquqi marağı pul məbləğinin ödənilməsinə yönəlmişdir. Odur ki, hazırki vəziyyətdə iddiaçı pul tələbinin ödənilməsi ilə bağlı inzibati orqan kimi özü inzibati akt qəbul edərək tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməlidir. Belə olan halda isə tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Göründüyü kimi iddiaçı inzibati orqan kimi cavabdehin “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla yerin təkindən qanunsuz istifadəsi ilə bağlı inzibati icraat qaydasında fəaliyyət həyata keçirməli (inzibati icraat aparmalı) və nəticəsindən asılı olaraq inzibati akt qəbul etməlidir. Aparılmış icraatın yekununda təbiətə dəymiş ziyanın ödənilməsi barədə inzibati akt qəbul ediləcəyi halda, tələbin icraya yönəldilməsi barədə qərar (inzibati orqanın özü tərəfindən) qəbul edilməlidir. Lakin inzibati orqan tərəfindən yuxarıda qeyd olunan hallarla bağlı hər hansı addım atılmamış, inzibati akt qəbul edilməmişdir. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun: 47-ci maddəsinə əsasən yerin təkindən istifadə ilə əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir; 48-ci maddəsinə əsasən yer təkinin təbii xassələrini pozmaqda təqsiri olan, yaxud yerin təkindən istifadə imkanlarını qismən və ya tamamilə istisna edən şəraiti yaradan müəssisələrin, təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların fəaliyyəti nəticəsində yer təki istifadəsinə vurulmuş ziyan onların vəsaiti hesabına ödənilir. Faydalı qazıntı yataqlarının zəngin sahələrinin seçmə üsulla hasilatını aparan, eləcə də yerin təkindən istifadə imkanlarını qismən və ya tamamilə istisna edən şəraiti yaradan, yaxud yatağın korlanmasına səbəb olan hərəkətlərdə təqsiri olan yer təki istifadəçisinin fəaliyyəti nəticəsində dövlətə vurulmuş ziyan istifadəçinin vəsaiti hesabına ödənilir. Vurulmuş ziyanın miqdarını və ödənilməsi qaydasını məhkəmə müəyyənləşdirir. Ziyanın ödənilməsi tərəflərin razılığı ilə yer təkinin pozulmuş təbii xassələrinin bərpası üzrə işlərin görülməsi ilə əvəz edilə bilər. Özbaşına yerin təkindən istifadə və faydalı qazıntı yataqları yerləşən sahələrdə aparılmış tikinti işləri çəkilmiş məsrəflər ödənilmədən dayandırılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir; 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Azərbaycan Respublikası Nazirlər Kabnetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 17.2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional ekologiya və təbii sərvətlər idarələri inzibati orqandır. MPM-in: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə, hesab edirəm ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 153, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddianın yolverilməzliyinə görə iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “vurulmuş ziyanın əvəzi” barədə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xocalı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar