Məhkəmə qərarları › İş №2(070)-320/2024

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-320/2024

03.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-320/2024 03.12.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6500 (altı min beş yüz) manat əsas borc və iddia qaldırmaq üçün ödədiyi 85 (səksən beş) manat pul vəsaitinin alınaraq onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə Cavabdeh əvvəllər tanımış və onunla normal münasibətləri olmuşdur. 2023-cü ilin avqust ayında cavabdeh ondan 2 aya qaytarmaq şərtilə 7000 manat borc pul istəmiş və həmin tarixdə cavabdehə 7000 manat borc pul vermişdir. Cavabdehin ondan pul almasını təsdiq edən, öz xətti ilə yazdığı “qəbz”in surətini ərizəsinə əlavə etmişdir. Ancaq ötən müddət ərzində cavabdeh ondan aldığı 7000 manat puldan cəmi 500 manat qaytarmışdır. Dəfələrlə qalan 6500 manat pulunu qaytarmasını tələb etsə də, Cavabdeh hər dəfə müxtəlif bəhanələrlə pulunu verməkdən yayınmışdır. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehi uzun zamandır tanıyır, qardaşları dostdur. Cavabdehlə ailəvi münasibətləri olmuşdur. Cavabdeh qızına cehiz verəcəyini bildirərək ondan borca pul istəmişdir. Daha sonra pulunu istəyən zaman isə cavabdeh ona yalanlar danışaraq xəstə olduğunu bildirmiş və onu bir ildən çox yubatmışdır. Cavabdeh borcundan cəmi 500 manat qaytarmışdır. Sonra cavabdehi bir ay da gözləmiş, cavabdehdən xəbər çıxmadığını görmüş və ərizə ilə məhkəməyə müraciət etmişdir. Verilmiş suallara cavab olaraq İddiaçı bildirdi ki, cavabdehə borc məqsədilə 7000 manat pul vermişdir. 20 ildən çox müddətdir ki, cavabdehi tanıyır. Əvvəllər aralarında borca pul vermək kimi bir münasibət olmamışdır. Özü gözəllik salonu işlədir. Cavabdehin qızı və gəlini onun müştərisi olmuş, onların xoş münasibətləri olmuşdur. Cavabdehi də uzun müddət tanıdığı üçün inanıb, etibar edib 7000 manat pulu cavabdehə borca vermişdir. Sonradan ona məlum olmuşdur ki, təxminən 2 il əvvəl cavabdeh onun bacısından da borc pul almışdır. O, faizə pul verməmişdir. O, heç kimi məcbur edib qəbz yazdırmamışdır. Hesab edir ki, cavabdeh qəbz yazıbsa pulu da ödəməlidir. Cavabdeh ona pensiya kartını və girov olaraq qızıl verməmişdir. Yekunda İddiaçı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, o, iddia tələbini qismən qəbul edir. Belə ki, təxminən 4 il əvvəl iddiaçıdan 400 manat, 450 manat, 700 manat və 1000 manat olmaqla, cəmi 2550 manat pulu faizə götürmüşdür. Faizlərin ödənilməsi üçün pensiya kartını iddiaçıya vermişdir. Həmin pensiya kartından iddiaçı bir müddət pul çıxartmışdır. Borcundan isə 500 manat ödəmişdir. Həmçinin girov olaraq iddiaçıya 10 qram qızıl vermişdir. Onun hazırda iddiaçıya 2050 manat borcu vardır. Ona məxsus 10 qram qızıl iddiaçıda olduğundan 2050 manat borcundan 1000 manat çıxılmalıdır. Qızılı iddiaçıda qalacağı təqdirdə onun İddiaçı 1050 manat borcu olacaqdır. Həmin borcu da hissə-hissə ödəməyə razıdır. Verilmiş suallara cavab olaraq Cavabdeh bildirdi ki, iddiaçı faizə pul verir. Ehtiyacı olduğu üçün iddiaçıdan 15 faizlə pul götürmüşdür. İş materiallarında olan qəbz ona aiddir, həmin qəbzi o yazmış və imzalamışdır. Lakin qəbzdə qeyd edildiyi kimi cavabdehdən 7000 manat yox, 2550 manat pul götürmüşdür. Pulu götürən zaman xəstə olmadığından borcu qaytara biləcəyini fikirləşmişdir. Ona görə də 7000 manatlıq qəbz yazıb iddiaçıya vermişdir. İddiaçı da borcu ödəyəcəyi təqdirdə yazdığı qəbzi cıracağına dair söz vermişdir. Aralarında etibar olduğundan qızılı girov qoyarkən və özünə məxsus kartı iddiaçıya verərkən buna dair hər hansı qəbz almamışdır. Yekunda Cavabdeh iddianın qismən təmin edilməsinə, yəni ondan iddiaçının xeyrinə 1050 manat məbləğin tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən yazılmış və imzalanmış qəbzdən görünür ki, o, İddiaçı aralarında olan etibardan istifadə edərək 7000 (yeddi min) manat borc almış, aldığı borcu 2 (iki) ay ərzində qaytarmağa dair söz vermişdir; xx.xx.2024-cü il tarixli, 11337 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırkı tələb üzrə 85 (səksən beş) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Mübahisənin mahiyyəti üzrə həlli üçün məhkəmə tərəfindən müəyyən olunmuş işin faktiki halları ondan ibarətdir ki, cavabdeh 20 avqust 2023-cü il tarixdə iddiaçıdan 7000 manat məbləğində borc pul almış, bu barədə cavabdeh tərəfindən yazılı formada qəbz tərtib edilmiş və imzalanmışdır. Cavabdeh qəbzdə iddiaçıdan 7000 manat məbləğində pul aldığını etiraf etmiş, borc məbləğini 2 ay ərzində qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, həmin vaxtdan keçməsinə baxmayaraq cavabdeh borcunu tam qaytarmamış, yəni iddiaçıya olan borcundan cəmi 500 manat qaytarmışdır. Cavabdeh isə iddiaçıdan 7000 manat deyil, faizə 2550 manat pul aldığını, bunun müqabilində iddiaçıya bank kartını və qızıl verdiyini, hazırda cavabdehə 1050 manat borcunun olduğunu bildirir. Cavabdehin borc öhdəliklərini istisna edən, habelə borcun tam olaraq iddiaçıya qaytarılmasını təsdiq edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna, yaxud iddiaçı öz tələbini təsdiq edən müəyyən halları sübut etdiyi və ya bunlar işin mübahisələndirilməyən halları olduqda iddiaya etirazın əsasları kimi istinad olunan halları sübut etmə yükü cavabdehin üzərinə qoyula bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Prosessual qanunvericiliyə əsasən heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Əgər məhkəmə iş üzrə hər hansı sübutu (məsələn şahid ifadəsini) statusuna və ya alınma mənbəyinə görə daha üstün olan digər sübutdan (məsələn səlahiyyətli dövlət orqanı tərəfindən lazımi qaydada tərtib olunmuş rəsmi sənəddən) daha mötəbər hesab edirsə, yaxud eyni qüvvəli, lakin məzmunca biri-biri ilə ziddiyyət təşkil edən sübutlardan birini qəbul, digərini qəbul etmirsə bununla bağlı mövqeyini işdə olan digər sübutlarla müqayisəli şəkildə inandırıcı və ağlabatan qaydada əsaslandırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №li qərarının birinci bəndində qeyd edilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Məhkəmə qeyd edir ki, işin hallarına görə tərəflər arasında yaranmış mübahisə aşağıdakı maddi hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc müqaviləsi bağlanmış olmalıdır və bu cür tələblər üzrə pulun verildiyini sübut etmək yükü iddiaçının üzərində olsa da, o bu yükdən o zaman azad edilir ki, cavabdeh bu pulun ona verilmədiyini təkzib edən sübutlarla təsdiq etsin. Məhkəmə qeyd edir ki, iddia tələbi borc alınmış pulun qaytarılması barədədir. Müqavilə üzrə borcun verilməsini təsdiq edən sübut kimi qəbz mövcuddur. Bu qəbz iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, borcun tam ödənilməsini təsdiq edən sübutlar və cavabdehin müqavilə üzrə öhdəliyini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçı tələbinin əsası kimi cavabdeh tərəfindən yazılaraq imzalanmış qəbzə, həmin qəbz üzrə verdiyi 7000 manat puldan 6500 manat hissəsinin qaytarılmamasına istinad edir. Cavabdeh iddiaçıdan 7000 manat borc pul almış və bu barədə özü qəbz yazıb imzalamışdır. Mövcud olan qəbz artıq iddiaçını 7000 manat pul borc verməsini sübut etmə vəzifəsindən azad edir. Cavabdeh isə iddiaçıdan 7000 manat deyil, 2550 manat faizə borc pul götürdüyünü və hazırda iddiaçıya 1050 manat borcunun qaldığını bildirir. Lakin cavabdeh borc məbləğinin iddiaçının tələb etdiyi kimi 6500 manat deyil, 1050 manat olduğunu bildirsə də, etirazının əsası kimi istinad etdiyi bu halları sübut edə bilməmişdir. Göründüyü kimi iddiaçı borc məbləğini və onun tam qaytarılmadığını sübut etmiş, cavabdeh isə iddiaçıya 6500 manat deyil, 1050 manat borcunun olduğunu bildirsə də bunu sübut edə bilməmişdir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etdiyi halda cavabdeh bunu təkzib edən tutarlı sübut məhkəməyə təqdim edə bilməmişdir. Nəzərə alınsa ki, qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur, belə olan halda, cavabdeh borcunun 1050 manat olmasını sübut etməli idi. Qeyd edildiyi kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halı qəbz ilə sübut edə bilsə də, cavabdeh etirazının əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Məhkəmə, Cavabdeh izahatında göstərdiyi xüsusata, yəni iddiaçıya borcunun 6500 manat deyil, 1050 manat olmasına, pulu götürən zaman bank kartını və özünə məxsus qızılı iddiaçıya verməsinə dair qeyd edir ki, cavabdeh tərəfindən yazılmış və imzalanmış qəbzdə cavabdeh 7000 manat borcunun olduğunu qəbul etmiş və borcunu qaytaracağına dair öhdəlik götürmüşdür. Sözügedən sənəd isə qəti sübut kimi qəbul edilir. Həmçinin cavabdeh bank kartının və özünə məxsus qızılın iddiaçıda olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 77.1-ci maddəsi). “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6500 (altı min beş yüz) manat vəsait, həmçinin ödənilmiş 85 (səksən beş) manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6500 (altı min beş yüz) manat vəsait, həmçinin ödənilmiş 85 (səksən beş) manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar