Məhkəmə qərarları › İş №2(070)-56/2024

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-56/2024

08.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-56/2024 08.05.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Kərimov Namiq Saleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8523 manat məbləğində pulun və dövlət rüsumi kimi banka ödədiyi 105.23 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən özünə məxsus olan çörək sexini 2022-ci ilin oktyabr ayının əvvəllərində müvəqqəti işlətmək üçün cavabdehə vermişdir. Cavabdeh çörək sexindən 18 oktyabr 2023-cü ilədək istifadə etmiş, həmin müddətdə ondan borc pul və un götürmüş, hazırda ona 8523 manat məbləğində borcu yaranmışdır. Cavabdehdən ona borclu olduğu 8523 manat məbləğində pulu dəfələrlə tələb etsə də heç bir nəticəsi olmamışdır. Onun pula ehtiyacı vardır. Ona görə də cavabdehdən 8523 manat məbləğində pulun alınmasına dair iddia ərizəsi ilə cavabdehin qeydiyyatda olduğu ərazi aidiyyəti üzrə Xocalı Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, o, iddiaçı ilə aralarında olan şifahi razılığa (şifahi müqaviləyə) əsasən iddiaçıya məxsus olan Yevlax rayonu, Aran qəsəbəsində yerləşən çörək sexini icarəyə götürərək 27 avqust 2022-ci il tarixdən 17 noyabr 2023-cü il tarixədək işlədib çörək bişirməklə məşğul olmuş və bu yolla ailəsini dolandırmışdır. Hələ çörək sexini icarəyə götürməmişdən əvvəl iddiaçı onu inandırıb demişdir ki, bir avtomaşın alınıb ona verilməsində köməklik edəcək və hər ay avtomaşının pulunu hissə-hissə ödəməklə paralel olaraq çörək sexinin icarə pulunu da ödəyər. Bundan sonra iddiaçı Teymur adlı şəxsdən “Opel Astra” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomaşını hissə-hissə 8400 manat ödəməklə almağa razılaşmış və avtomaşın alınarkən notariat qaydada baş etibarnamə ilə onun adına rəsmiləşdirilmişdir. Bir müddət keçəndən sonra iddiaçı ona demişdir ki, “gəl avtomaşını mənim adıma keçirək, onsuz da avtomaşın sənindi, pulu tam ödəyəndən sonra yenə sənə verəcəm”. O da iddiaçını tanıdığından inanmış və avtomaşının iddiaçının adına keçməsinə etiraz etməmişdir. Avtomaşına dair ona idarəetmə etibarnaməsi verilmişdir. O isə 27 avqust 2022-ci il tarixdən başlayaraq iddiaçı ilə arasında olan şifahi razılığa (şifahi müqaviləyə) əsasən hər gün 60 manat, yəni 35 manat çörək sexinin pulu və 25 manat isə “Opel Astra” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomaşının hissə-hissə pulunu ödəməyə başlamışdır. O, hər ay iddiaçıya ümumilikdə 1800 manat pul ödəmişdir. O, iddiaçıya ödədiyi pulu ya nağd şəkildə əlbəəl və ya oğlu X1 Kapital Banka aid **********182114 nömrəli plastik kartına ödəmişdir (o, qəbzləri təqdim edə bilər). O, iddiaçıya bugünədək ümumilikdə 25200 manat pul ödəmişdir. Həmin pulun 8400 manatı “Opel Astra” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomaşına görə tərəfindən hissə-hissə ödənilmişdir. Bu gün iddiaçı ona qarşı çox ədalətsizlik edir. Belə ki, o, “Opel Astra” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomaşına görə ödədiyi 8400 manat pulu ondan əsassız olaraq təkrar tələb etməklə yanaşı eyni zamanda qeyd olunan avtomaşını da əlindən almışdır. İddiaçı bu cür iddia qaldırmaqla istəyir ki, onu məhkəməyə verməklə qorxudub “Opel Astra” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomaşından onu imtina etdirsin və əlavə qazanc əldə etsin. O da “Opel Astra” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomaşının ona verilməsi və yaxud həmin maşına görə hissə-hissə ödədiyi pulun iddiaçıdan alınıb ona ödənilməsi barədə qarşılıqlı iddia qaldıracaqdır. Həmçinin qeyd edir ki, iddiaçının ona qarşı iddiasını əsassız və ona qarşı bir təzyiq vasitəsi kimi qiymətləndirərək iddia ərizəsinə etiraz edir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, onların mağazası olmuş, cavabdeh həmin mağazaya çörək paylamışdır. Cavabdeh ona çörək sexi açarsa gündəlik 200-300 manat qazanc olacağını bildirmişdir. O, çörək sexi açmış, un günə 5 taya qalxanadək pul alınmayacağı barədə danışıqları olmuşdur. Cavabdehin istəyi ilə çörək paylaması üçün Sumqayıt bazarından 8400 manata “Opel” markalı avtomobil almışdır. Baş etibarnamə onun olduqda həmin etibarnamə ilə sonra öz adına keçirmək mümkün olmadığından cavabdehə baş etibarnamə verilmişdir. Bir müddət işləyib un 5 tay olduqdan sonra cavabdeh gündəlik 60 manat ödəmişdir. Özünün un mağazasından cavabdehə unu da o vermiş, 50-60 tay un tökdürmüşdür. Cavabdeh günə 5 tay un istifadə etmiş, 60 manat və gündəlik istifadə etdiyi 5 tay unun pulunu vermişdir. Cavabdeh müxtəlif şəxslərə nisyə verdiyini bildirərək unun pulları yığılıb qalmış, lakin, icarə haqqını gündəlik ödəmişdir. O, bir gün gecə maşına un yığıldığını görmüş, bunun səbəbini soruşduqda cavabdeh dostunun çörək sexinə borc verdiyini demişdir. O, unu maşından düşürmüş, bundan sonra 50-60 tay deyil, gündəlik 5 tay un vermişdir. Cavabdeh unun pulunu bir gün vermiş, əksər hallarda isə verməmişdir. Həmçinin, cavabdeh 2-3 mağazaya un verdiyini, pulunu 2000 manat olanda cəm götürəcəyini bildirmiş, lakin, ele bir mağaza ümumiyyətlə olmamışdır. Beləliklə, unun pulu ilə bağlı aralarında belə borc yaranmışdır. Xəmir qarışdıran 1 tay un tutduğundan işıq olmadıqda 1 tay un, yəni 30 manat ziyanlıq ola bilər. Ay ərzində 5 dəfə işıq olmasa belə cavabdehin dediyi qədər ziyanlıq ola bilməz. Cavabdeh borcdan heç nə qaytarmamışdır. Cavabdehin atası da pensiyasından 50-100 manat qaytaracağını desə də qaytarmamışdır. 8523 manat borcun hamısı unun pulu deyil, belə ki, o, cavabdehə borc pul da vermişdir. 300 dollar və xırda-xırda əlavə olmaqla 1700-1800 manat əlbəəl borcdur, qalanı unun puludur. Pulu şəxsən vermiş, unu da özü təhvil vermişdir. Cavabdeh gələn dəfə verəcəyini demiş, alacağı olduğunu, unu mağazalara verəcəyini, 2000 manat olanda götürəcəyini bildirmişdir. Beləliklə, cavabdehin ona borcu qalmışdır. Borc nisyə dəftərində tarixlə yazılmış, cavabdeh özü hesablamış, sonra hesablayıcıda səhvliklə artıq yazdığını demişdir. O, düz olan məbləğlə də razılaşır. Borcu olduğu üçün maşını cavabdehdən almış, həmçinin cavabdeh sexdən də çıxmışdır. Bir gün cavabdehin anası gəlmiş, atasının göndərdiyini, borcu hesablayıb deməyini, borcu ödəyəcəyini, maşını onlara verməyi, pensiya kartını verib az-az kartdan maşının pulunu çıxmağı demişdir. Yekunda məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, çörək sexi məsələsi zamanı o, iddiaçının qardaşıgilin mağazasına çörək verirdi. Danışıq belə olmuşdur ki, çörək sexində ziyanda da, xeyirdə də 100-ün 35-ə işləyəcəklər. Köhnə işlədiyi yerdə anasının yanında 4-5 ay onlara dəyilməyəcəyi, sonra icarə haqqı veriləcəyi barədə söhbət olmuşdur. İddiaçı həmin müddətdən 1 ay keçdikdən sonra sentyabr ayının axırlarından unun 5 taya qalxdığını bildirərək icarə haqqı istəmişdir. O, həmin vaxtdan 60 manatdan icarə haqqı verməyə başlamışdır. Bir müddət özündə un olmamış, Mingəçevirdə Seymur adlı şəxsin çörək sexindən borca un götürmüş, gətirib işlətmiş, sonra da həmin adamın ununu qaytarıb aparmışdır. Həmin adam özü də bunu təsdiqləyə bilər. İddiaçının gecə vaxtı sexdən un aparıldığını dediyi budur. Neçə dəfə ziyanlıq olmuş, işıq sönmüş, sex işləməmişdir. İddiaçı hər dəfə icarə haqqını çıxmış, lakin, 4-5 tay unun pulu qalmışdır. Hal-hazırda çörək sexi işləyir, iddiaçının xeyri var, amma, o, işsizdir. Maddi cəhətdən çörək sexini qurub yaradan iddiaçı olsa da, çörəyin sexi fiziki mənəvi cəhətdən ərsəyə gətirən o olmuşdur. O, iddiaçıdan 1668 manat əlbəəl borc almışdır. Qəbzi yazanda videoçəkiliş də olmuşdur. O, həmin vaxt demişdir ki, bəli borc var, məsələni atası aydınlaşdırar. Atası neçə dəfə iddiaçının yanına getmişdir. O, əlyazmanı özü yazmışdır. Amma, cavabdehə verəcəyi 1668 manat puldur, digər məbləğ isə sexdə qalan puldur. Qəbzi yazarkən 7432 manat nəzərdə tutmuş, hesablayıcıda səhvlik olaraq elə yazılmışdır. Yekunda məhkəmədən iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 bildirdi ki, oğlu ilə arvadı Mingəçevirdə çörək sexində işləmişdir. Evi ilə sexin arası 100 metr olmuşdur. Oğlu çörək paylamış, arvadı bişirmiş, onlar gündəlik 50-60 manat pul gətirmişlər. İddiaçı onları ordan aparmışdır. Gündəlik iddiaçının pulu verilmişdir. Bu qədər borc ola bilməz. İddiaçı cavabdehə demişdir ki, qəbzi yazsın onsuz da maşın onundur. Cavabdeh 8000 manat maşının pulunu vermiş, öz adına keçirmək istəyəndə iddiaçı ona borcu olduğunu bildirmişdir. İddiaçıya dəfələrlə aydınlaşdırmağı təklif etsə də iddiaçı görüşməmişdir. Yekunda məhkəmədən iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh tərəfindən yazılmış 15 noyabr 2023-cü il tarixli qəbzdən görünür ki, onun həmin tarixə İddiaçı 6341 manat və 1091 manat, cəmi 8523 manat borcu var. Bu puldan əlbəəl aldığı borc pul 1668 manat təşkil edir, qalanı unun puludur. Məhkəmə qeyd edir ki, işin hallarına görə tərəflər arasında yaranmış mübahisə aşağıdakı maddi hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna, yaxud iddiaçı öz tələbini təsdiq edən müəyyən halları sübut etdiyi və ya bunlar işin mübahisələndirilməyən halları olduqda iddiaya etirazın əsasları kimi istinad olunan halları sübut etmə yükü cavabdehin üzərinə qoyula bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Prosessual qanunvericiliyə əsasən heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Əgər məhkəmə iş üzrə hər hansı sübutu (məsələn şahid ifadəsini) statusuna və ya alınma mənbəyinə görə daha üstün olan digər sübutdan (məsələn səlahiyyətli dövlət orqanı tərəfindən lazımi qaydada tərtib olunmuş rəsmi sənəddən) daha mötəbər hesab edirsə, yaxud eyni qüvvəli, lakin məzmunca biri-biri ilə ziddiyyət təşkil edən sübutlardan birini qəbul, digərini qəbul etmirsə bununla bağlı mövqeyini işdə olan digər sübutlarla müqayisəli şəkildə inandırıcı və ağlabatan qaydada əsaslandırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. İşin obyektiv həli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №li qərarının birinci bəndində qeyd edilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Məhkəmə qeyd edir ki, iddia tələbi borc pulun qaytarılması barədədir. Borcu təsdiq edən sübut kimi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbz mövcuddur. Cavabdehin iddiaçıya pul borcu barədə cavabdeh tərəfindən yazılı formada qəbz tərtib edilmiş, cavabdeh qəbzdə iddiaçıya borclu olduğunu etiraf etmişdir. İddiaçı tələbinin əsası kimi cavabdeh tərəfindən yazılaraq imzalanmış qəbzə, həmin qəbz üzrə 8523 manat pulun qaytarılmamasına istinad edir. Mövcud olan qəbz artıq iddiaçını borcu sübut etmə vəzifəsindən azad edir. Qeyd olunmalıdır ki, iddia tələbində ümumi borc olaraq 8523 manat qeyd edilsə də həmin məbləğ alınmış borc pul və unun pulu olmaqla 2 hissədən ibarətdir. Qəbzdə cavabdeh iddiaçıya 6341 manat və 1091 manat, cəmi 8523 manat borcu olduğunu qeyd etmişdir. Lakin, həmin rəqəmlərin cəmi 8523 manat deyil, 7432 manatdır. Bununla bağlı tərəflər məhkəmə iclasında texniki səhvlik olduğunu, məbləğin 7432 manat olduğunu bildirmişlər. Beləliklə, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut etdiyi halda cavabdeh bunu təkzib edən tutarlı sübut məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, cavabdeh iddiaçıdan 1668 manat borc pul götürdüyünü və əlavə borcu olmadığını bildirir. Nəzərə alınsa ki, qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur, belə olan halda, cavabdeh 1668 manatdan əlavə borcunun olmamasını sübut etməli idi. Lakin, cavabdeh borc məbləğinin 1668 manat olduğunu və əlavə borcunun olmadığını bildirsə də, etirazının əsası kimi istinad etdiyi bu halı sübut edə bilməmişdir. Göründüyü kimi cavabdehin iddiaçıya 7432 manat borclu olması öz təsdiqini tapmış, iddiaçı 7432 manat borc məbləğini və onun qaytarılmadığını sübut etmiş, əlavə borcun olmamasını təsdiq edən sübutlar və cavabdehin borc öhdəliklərini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə, Cavabdeh izahatında göstərdiyi xüsusata, yəni onun 1668 manatdan əlavə borcu olmamasına dair qeyd edir ki, həmin sənəddə (qəbzdə) cavabdeh borcunun olduğunu qəbul etmişdir. Sözügedən sənəd isə qəti sübut kimi qəbul edilir. Cavabdeh 1668 manatdan əlavə borcu olmadığını bildirsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 77.1-ci maddəsi). Nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Məhkəmə iddia tələbinin ödənilmiş 105.23 manat məbləğində dövlət rüsumunun alınması hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, hazırkı iddia tələbi üzrə cavabdehdən tutulmalı olan məbləğ 7432 manat olduğundan cavabdehdən iddiaçının xeyrinə 94.32 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7432 (yeddi min dörd yüz otuz iki) manat pul və 94.32 (doxsan dörd manat otuz iki qəpik) manat dövlət rüsumunun əvəzi (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7432 (yeddi min dörd yüz otuz iki) manat pul və 94.32 (doxsan dörd manat otuz iki qəpik) manat dövlət rüsumunun əvəzi (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar