Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-61/2025 18.03.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Savalanlı Aysel Əbdül qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh uşağın saxlanılması üçün xərclədiyi 85000 (səksən beş min) manatın alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizələrində tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1973-cü ildə Xocalı rayonunun Aranzəmin kəndinə anadan olmuşdur. Onlar ailədə 10 uşaq olmuşlar. Cavabdeh onun doğma qardaşıdır. 1995-ci ildə Xocalı şəhər sakini X10 ilə qeyri-rəsmi ailə həyatı qurmuşdur. Nikahları 2000-ci ildə Naftalan şəhər Qeydiyyat şöbəsində rəsmi olaraq qeydiyyata alınmışdır. Birgə yaşadıqları dövrdə övladları olmamışdır. Lakin ayrılmaq istəmədikləri üçün atası X21 və ağsaqqallar qardaşı Cavabdeh 1997-ci il təvəllüdlü oğlu Samir Məmmədovu övladlığa götürməyi təklif etdilər. Cavabdeh və onun həyat yoldaşı Nümayəndə1 bu fikirlə razılaşmışlar. Odur ki, 1999-cu ilin təxminən mart ayında qayınatası X15, böyük bacısı X5, həyat yoldaşı X10, əmisi X11 və həyat yoldaşı X22, qonşusu X9 iştirakı ilə uşağı cavabdehin və onun ailəsinin Ağcabədi rayonunun Qiyaməddinli kəndində yaşadığı ünvandan götürərək Ağdam rayonunun Ergi kəndində yerləşən evlərinə gətirmişlər. 2000-ci ildə atası yaşadığı ünvana gələrək ondan və həyat yoldaşından sənədlərini istəmiş və bildirmişdir ki, qardaşı ilə də danışmışdır, artıq uşağı övladlığa götürdükləri üçün sənədləri rəsmiləşdirmək lazımdır. Bir neçə müddət sonra atası Xasay qardaşı Əbilfəzlə birlikdə onlara gələrək uşağın yeni “Doğum şəhadətnaməsi”ni ona vermişlər. Onun sənədləşmənin necə aparılması haqqında heç bir məlumatı olmamışdır. 2005-ci il tarixdə atası Xasay Məmmədov, 2011-ci ildə isə həyat yoldaşı X10 vəfat etmişlər. 2012-ci ildə o, Nümayəndə2 ilə evlənmişdir. O və həyat yoldaşı Samiri hər zaman öz övladları kimi sevmiş və saxlamışlar. O, şəxsən azyaşlı Samirin qeydinə qalmış, valideyn kimi üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə çalışmışdır. Samirlə həmişə münasibətləri yaxşı olmuşdur. İkinci dəfə ailə qursa da, Samir daimi olaraq onunla birlikdə yaşamışdır. 2002-ci ildə tərəfindən Samirə kiçik toy məclisi, 2017-ci ildə Samirin orta məktəbi bitirməyi münasibətilə qapısında qohum-qonşularının iştirakı ilə birgə “Son zəng” şənliyi etmiş, 2018-ci ildə hərbi xidmətə yola salmış və 2020-ci ilin yanvar ayında hərbi xidməti başa vurmağı münasibətilə şənlik təşkil etmiş, 2021-ci ildə isə Samir üçün Goranboy rayonunda fəaliyyət göstərən “Leyla” şadlıq sarayında böyük toy məclisi təşkil etmiş və gəlinə qızıl-zinət əşyaları hədiyyə etmişdir. Samir 2020-ci ilin martaprel ayında müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Goranboy rayonunun Qızılhacılı kəndində yerləşən N saylı hərbi hissədə mexanik-sürücü olaraq xidmət etmişdir. Samir İİ Qarabağ Müharibəsi iştirakçısıdır. Samir 2023-cü ilin 19 sentyabr ayında keçirilən antiterror əməliyyatında şəhid olmuş, Ali Baş komandan tərəfindən orden və medallarla təltif edilmişdir (ölümündən sonra). Samirin dəfn və yas məsarimlərini adət-ənənəyə uyğun olaraq o keçirtmişdir. Belə ki, uşağın körpə yaşlarından böyüməsini, sağlamlığının qorunmasını, məktəb və gündəlik tələbat və xərclərini, şənlik, toy, dəfn və yas mərasim xərclərini o həyata keçirərək ödəmişdir. Uşağın saxlanılması üçün xərclədiyi 85000 (səksən beş min) manatı belə izah edir: uşağın gündəlik yeməyi bir ay ərzində orta hesabla günü 6 manatdan olmaqla (180x12) ayda 2000 (iki min) manat təşkil etmişdir. Bu məbləği isə 18 ilə vuranda (2000x18) hərbi xidmətə gedənə kimi 36000 (otuz altı min) manat təşkil etmişdir; uşağın körpə yaşlarından 18 yaşına çatana kimi geyim (paltar, ayaqqabı və s.) xərcləri 14000 (on dörd min) manat təşkil etmişdir; uşağın sağlamlığının qorunması (həkim, dərman preparatları və s.) xərcləri 18 yaşınadək 4000 (dörd min) manat təşkil etmişdir; 2002-ci ildə övladına tərəfindən kiçik toy məclisi keçirilmiş və xərc 8000 (səkkiz min) manat təşkil etmişdir; 2017-ci ildə Samirin orta məktəbi bitirməyi münasibətilə qapısında qohum-qonşularının iştirakı ilə birgə “Son zəng” şənliyinin xərci 1000 (bir min) manat, 2018-ci ildə hərbi xidmətə yola salmağı və 2020-ci ilin yanvar ayında hərbi başa vurmağı münasibətilə şənliyin xərci 3000 (üç min) manat təşkil etmişdir; 2021ci ildə isə Samir üçün Goranboy rayonunda fəaliyyət göstərən şadlıq sarayında böyük toy məclisi təşkil etmiş və 12000 (on iki min) manat xərcləmişdir, gəlinə 4000 (dörd min) manatlıq qızıl-zinət əşyaları almış, gəlinə geyim, ayaqqabı və gündəlik tələbat üçün əşyalara 3000 (üç min) manat xərcləmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş və ərizəsində göstərmişdir ki, İddiaçı Xocalı Rayon Məhkəməsinə müraciət edərək uşağın saxlanması üçün çəkdiyi xərcin yəni 70000 (yetmiş min) manat pulun tutularaq ona qaytarılmasına dair tələb irəli sürmüşdür. Həmin tələb tamamilə əsassız olduğu üçün qəbul etmir. Hesab edir ki, həmin iddia tələbinin heç bir hüquqi əhəmiyyəti yoxdur və absurd iddia tələbidir. Belə ki, İddiaçı onun İİ Qarabağ Müharibəsinin iştirakçısı və 19 sentyabr 2023-cü ildə keçirilən antiterror əməliyyatı zamanı şəhid olmuş doğma oğlu Samir Məmmədovun adına saxta sənəd əldə etməklə saxta şəhid ailəsi statusu əldə etmiş, hazırda guya onun saxlanması üçün çəkdiyi 70000 manat pulu tələb edir. İddiaçının həmin iddia tələbi ilə çıxış etməsi vətən uğrunda canını fəda etmiş şəxsin (şəhidin) şəxsiyyətini pul ilə dəyərləndirərək onun xatirəsinə hörmətsizlik etməsi kimi qiymətləndirilməlidir. Qeyd edir ki, o, 12 aprel 1991-ci ildə həyat yoldaşı Nümayəndə1 qizi ailə qurmuşdur. Onların birgə nikahlarından 4 övladları, o cümlədən 18 may 1997-ci ildə Ağcabədi rayonunun Qiyaməddinli kəndində X12 adlı adında şəhid oğulları anadan olmuşdur. X1 barəsində Ağcabədi rayonunun Arasbar kand icra nümayəndəliyində 17 iyul 1997-ci il tarixdə 72 nömrəli doğum akt qeydi tərtib edilmiş və оnа ХХ-ЖГ 377150 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Qeyd edir ki, qardaşı İddiaçı və onun birinci həyat yoldaşı mərhum X7 övladı olmadığından oğulları Samiri kiçik yaşlarında onlara verməyə razılaşsalar da onun övladlığa verilməsi qanunla müəyən olunmuş qaydada rəsmiləşdirilməmiş və uşaq onlara uşağın sənədində öz adları, soyadları qalması şərti ilə verilmişdir. Çünki onlar oğullarını daimi olaraq övladlığa vermək niyyətində olmamışlar. Sadəcə qardaşıgil tək qalmasın deyə müvəqqəti uşağın onlarda qalmasına imkan yaratmışlar. Eyni zamanda onlar Samiri Aqilin birinci həyat yoldaşı X7 xahişi ilə hayan olmaq üçün müvəqqəti vermişlər. Oğlu Samir vəfat edənədək onlarla birlikdə yaşamış, Reyhanın vəfatından sonra isə Aqil ikinci dəfə Nümayəndə2 adlı qadınla ailə qurmuş və həmin qadın Samiri istəmədiyindən onunla yola getməmiş və Samir demek olar ki, daima onlarla birlikdə yaşamışdır. X2 MAXHHQ kimi hərbi qulluqçu olmuş, 2023-cü ilin sentyabr ayında Azərbaycan Respublikası ərazisində aparılan antiterror əməliyyatları zamanı şəhid olmuş və onun xx.xx.2023-cü ildə vəfat etməsinə dair Bərdə “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2023-cü ildə 123 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Qeyd edir ki, oğulları şəhid olan zaman onun kimliyini müəyyən etmək məqsədilə valideyn kimi onların hər ikisindən “DNT” analizi üçün nümunələr götürülmüş və onların Samirin bioloji valideynləri olması müəyyən edilmişdir. Oğulları Samir şəhid olduqdan sonra bioloji valideyn olmaqları müəyyən edilən zaman onlara məlum olmuşdur ki, İddiaçı onların məlumatı və razılığı olmadan Samirin adına Naftalan şəhər VVAQ şöbəsində qanunsuz olaraq guya onun xx.xx.2000-ci ildə Əsgəran rayonun Aranzəmin kəndində anadan olmasına dair xx.xx.2000-ci il tarixli, XİX-JQ 396783 nömrəli saxta doğum akt qeydi tərtib etdirmişdir. Onlar həmin saxta doğum akt qeydi ilə bağlı hüquq mühafizə orqanlarına şikayətlər etmiş, şikayətləri üzrə Naftalan ŞPŞ-də, həmçinin Goranboy rayon prokurorluğunda araşdırma aparılmışdır. Toplanmış material üzrə aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, onun mərhum atası X16 tərəfindən oğlu Samir Məmmədovun 3 yaşı olmasına və onun adına Ağcabədi rayon Arasbar kənd icra nümayəndəliyində tərtib edilmiş 17 iyul 1997-ci il tarixli, 72 nömrəli doğum akt qeydi olmasına baxmayaraq Samirin guya xx.xx.2000-ci ildə Əsgəran rayonunun Aranzəmin kəndində anadan olmasına dair Xocalı rayon Mərkəzi Poliklinikasından saxta doğum arayışı əldə etmiş və həmin arayış əsasında xx.xx.2000-ci ildə Naftalan şəhər Qeydiyyat şöbəsində 17 avqust 2000-ci il tarixdə 14 nömrəli saxta doğum haqqında akt qeydi tərtib etdirmişdir. Lakin həmin saxta doğum arayışını vermiş və saxta doğum akt qeydi tərtib etdirmiş şəxslərin vəfat etməsi səbəbindən Naftalan ŞPŞ-nin 18 dekabr 2023-cü il tarixli, Goranboy rayon prokurorluğunun 17 yanvar 2024-cü il tarixli və 25 oktyabr 2024-cü il tarixli qərarlarına əsasən cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı bütün məhkəmə iclaslarında, polis şöbəsində və prokurorluqda saxta tərtib edilmiş doğum akt qeydinin mərhum atası X21 tərəfindən alınmasını, lakin həmin sənədin necə alması barədə bilmədiyini qeyd etsə də, yazdığı bütün əsassız şikayətlərdə guya onun həmin sənədin hazırlanmasından məlumatı olduğu kimi yalan uydurmuşdur. Onun yalanına baxmayaraq aparılmış bütün araşdırmalar zamanı oğlu Samir Məmmədovun adına, X4 verilmiş doğum haqqında tibbi arayış, həmçinin oğlunun xx.xx.2000-ci il tarixdə anadan olmasına dair Naftalan şəhər VVAQ şöbəsində tərtib edilmiş xx.xx.2000-ci il tarixli, 14 nömrəli doğum akt qeydi saxta sənəd hesab edilmişdir. Beləliklə o, oğlunun adına tərtib edilmiş saxta doğum haqqında akt qeydinin ləğv edilməsi ilə bağlı Gəncə İnzibati Məhkəməsində iddia qaldırmış, Gəncə İnzibati Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2-1(114)-2438/2024 nömrəli qərarına əsasən iddia tələbi təmin edilmiş və xx.xx.2000-ci il təvəllüdlü X23 barəsində Naftalan şəhər Qeydiyyat şöbəsində 17 avqust 2000-ci il tarixdə 14 nömrəli saxta doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi cavabdeh Naftalan şəhər Qeydiyyat şöbəsinin üzərinə qoyulmuşdur. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(104)-2438/2024 nömrəli qərarı ilə Gəncə İnzibati Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2-1(114)- 2438/2024 nömrəli qərarı qüvvədə saxlanılmışdır. Həmin qərarları etiraz ərizəsinə əlavə etmişdir. Qeyd edir ki, iddiaçının iddia tələbində oğlu Samirin saxlanılması üçün guya 70000 manat xərc çəkməsi tamamilə yalandır. Çünki iddiaçının mərhum arvadı Reyhan vəfat etdikdən sonra o və yoldaşı Samiri Aqilin yanından aparmaq istədikdə Aqil yenidən xahiş etmişdir ki, tək qalmasın deyə uşağın bir müddət onunla yaşamasına icazə versinlər. Aqil Nümayəndə2 ilə ailə qurduqdan sonra isə sonuncu Samirlə yola getməmiş, Samir də onunla qalmaq istəməmişdir. İddiaçı Nümayəndə2 2 övladı vardır, həmin uşaqlardan sonra isə ümumiyyətlə nə Aqil Samirə oğul demiş, nə Samir Aqilə ata demişdir. Onlar əksinə onun oğlunun qazancını yemiş, onu həmişə pulsuz qoymuşlar. Hazırda da o və yoldaşı Samirin qəbrini hər həftə ziyarət etsə də özünü hamıya şəhid ailəsi kimi təqdim edən Aqil və arvadı İntizar Samirin qəbrini ziyarət belə etmirlər. Bu onların Samiri övlad kimi qəbul etmədiyinin bariz nümunəsidir. Aqilin 2002-ci ildə Samirə kiçik toy məclisi keçirməsinə dair bildirir ki, həmin məclisi mərhum atası X21 özü etmiş və bütün xərci də mərhum atası çəkmişdir. X36 kiçik toy məclisi keçirməsi tamamilə yalandır. Eyni zamanda qeyd edir ki, oğlu Samir Məmmədov təxminən 2020-ci ildən MAHHQH kimi işə başlamış və şəhid olana kimi hərbi qulluqçu olmaqla əmək haqqı almışdır. Samir toy məclisini öz qazancı hesabına etmişdir. Hətta İddiaçı Samirin hərbçi olduğu illər ərzində əldə etdiyi qazancın hesabına yığdığı pulu da guya ona ayrı ev almaq adı ilə özündə saxlamışdır. Samir şəhid olduqdan sonra da həmin pulu Aqil özündə saxlamışdır. Aqil Samirin bütün maaşını ev almaq adı ilə özündə saxladığından Samirin bütün xərclərini o ödəmişdir. Yəni iddia tələbində qeyd edilənlərin heç biri həqiqəti əks etdirmir. Onun iddia tələbinin təmin edilməsi üçün heç bir qanuni əsas da mövcud deyildir. Əksinə iddiaçı Samirə onun razılığı, məlumatı olmadan saxta sənəd düzəltməklə əsl valideynləri kənarlaşdırıb özünü və oğluna daima əzab verən arvadı İntizarı şəhid ailəsi kimi təqdim etməklə, oğlunun qazancını guya ev almaq adı ilə özündə saxlamaqla ona və şəhid anası olan yoldaşına saysız hesabsız zərər vurmuşdur. O, Aqildən həmin zərərin əvəzini tələb edəcəkdir. Samir bir ata və bir ana kimi həmişə onlara bağlı olmuşdur. Aqilin ikinci həyat yoldaşı da Samiri qəbul etməmiş, hətta Samir şəhid olarkən də İntizarla küsülü olmuşdur. Çünki onların öz uşaqları olduğundan Samiri övlad gözündə görməmişlər. Yekunda iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin və iddia tələbinin həcminin artırılması barədə ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onun birinci ailəsindən övladı olmadığından 1999-cu ildə Cavabdeh razılığı ilə onun övladı Samir Məmmədovu övladlığa götürmüşdür. İkinci ailəsindən 2013 və 2015-ci təvəllüdlü iki uşağı doğulmuşdur. Samir 1999-cu ildən şəhid olan günədək onunla birgə yaşamış, Samirin bütün maddi və mənəvi ehtiyaclarını özü çəkmişdir. 2002-ci ildə Ağdam rayonunun Ergi qəsəbəsində Samirə kiçik toy etmişdir. Samir 2006-cı ildə Ağdam rayonunun Ergi qəsəbəsində orta məktəbə getmişdir. 2009-cu ildə onlar Goranboy rayonuna köçdüklərindən Samir təhsilini Goranboyda yerləşən məktəbdə davam etdirmişdir. Samir 2017-ci ildə orta məktəbi bitirmiş və o, Samirə son zəng qonaqlığı keçirtmişdir. Bu barədə video çəkilişlər də vardır. Samir əsgərliyə gedəndə də qonaqlıq etmişdir. Bu qonaqlıqlarda Samirin doğma atası Əbilfəz də əmi kimi iştirak etmişdir. O, 2021-ci ildə Leyla şadlıq sarayında Samirə böyük toy etmişdir. Qarşı tərəfin etirazında bir həqiqət var ki, cavabdeh X13 bioloji atasıdır. O, bunu inkar etmir. Cavabdeh onun həyat yoldaşının uşağa yaxşı baxmadığını əsas gətirərək uşağın çox vaxt onlarda qaldığını bildirir. O zaman belə bir sual ortaya çıxır: Əgər uşağa yaxşı baxmırdısa, o zaman onun əsgərlik yığıncağını, toy və yas mərasimlərini niyə təşkil edirdi? Onun paltarları və əşyaları niyə hələ də onlardadır? Əbilfəz deyir ki, övladları olmadığı üçün rəhmətə getmiş əvvəlki həyat yoldaşı Reyhan Məmmədova cavabdehin arvadından Samiri onlara verməyi xahiş etmişdir. Əgər cavabdeh X20 vermişdisə, sonuncu rəhmətə getdikdən sonra niyə gəlib uşağı özü ilə aparmamışdır? Cavabdeh həmçinin deyir ki, Reyhan Məmmədova rəhmətə getdikdən sonra o tək qalmasın deyə uşağın bir az da onun yanında qalmasına təkid etmişdir. Bilmək istəyir ki, cavabdeh “bir az da” deyərkən nəyi nəzərdə tutmuşdur? X13 şəhid olduğu günə kimi olan vaxtımı? O, 2012-ci ildə yenidən ailə qurmuş, 2013-cü ildə birinci qızı, 2015-ci ildə ikinci qızı dünyaya gəlmişdir. Yəni o, tək qalmamışdır. Bəs iddiaçı bu vaxt ərzində niyə gəlib uşağı aparmamışdır. Hesab edir ki, etiraz tamamilə əsassızdır. 2010-cu ildə rəhmətə getmiş həyat yoldaşı onkoloji xəstə olmuşdur. Keçmiş həyat yoldaşı rəhmətə getdikdən 1 il 4 ay sonra, yəni 2012-ci ildə uşağın xətrinə, uşaq tək qalmasın, qayğısız böyüməsin deyə yenidən ailə qurmuşdur. O, uşağa həm ata, həm də analıq etmişdir. Cavabdeh onun atalıq qürurunu alçaldır. 24-25 il əmanət olarmı? Cavabdehin əgər etirazı vardısa, məclislərdə mikrofonu götürərək hamıya deyərdi ki, “mən əmi deyiləm, mən atayam”. Cavabdehin adı Əbilfəz olsa da, hamı cavabdehi Habil kimi tanımışdır. X13 yas mərasimində də cavabdeh Məmmədov Habil adı ilə 20 manat pul yazılmışdır. Bütün sənədlərdə Samirin atası kimi onun adı qeyd edilmişdir. Bu sənədləri məhkəməyə təqdim etmişdir. Verilmiş suallara cavab olaraq İddiaçı bildirdi ki, keçmiş gəlini yenidən ailə qurmuşdur. Həyat yoldaşı icazə vermədiyi üçün məhkəmə iclasında şahid qismində iştirak edə bilmir. Digər şahidlərin məhkəmə iclasında iştirakını təmin edə bilmir. O, X17 övladlığa götürərkən heç bir başqa məqsəd, yəni gəlir məqsədi güdməmiş, onu öz övladı kimi böyütmüşdür. Samirin böyüdülməsi ilə bağlı xərcləri təmənnasız olaraq çəkmiş, Samir üçün etdiklərini hədiyyə olaraq düşünmüşdür. Ümid edirdi ki, uşaq böyüyəndə ona arxa-dayaq olacaq, öləndə onun çiynində gedəcəkdir. Ancaq qismət belə oldu ki, oğlu şəhid oldu. Bu seçimi də hərbçi olmaq istəyərək Samir özü etmişdir. X23 ona hər zaman ata demişdir. Cavabdeh dövlət tərəfindən verilmiş şəhid statusundan onu məhrum etməyə çalışdığı üçün qüruru ilə oynamışdır. O, başqası üçün övlad böyütməmişdir. X3 üzərində onun övladı olmadığını, Samirə aid iki ədəd doğum haqqında şəhadətnamənin olmasının qanunsuz olduğunu bilmiş, lakin qanuni tərəfdən nə etmək lazım olduğunu bilməmişdir. Məclislərdən yığılan pullar ona çatmışdır. Amma həmin pulların siyahısı hazırda onda yoxdur. Həmin siyahıların oğurlandığından şübhələnmiş, ancaq dəqiq əmin olmadığından bununla bağlı polisə müraciət etməmişdir. Söhbət tək puldan getmir. Cavabdeh həm də onun atalıq qürurunu incitmişdir.Cavabdeh 24 il ərzində uşağın böyüdülməsi ilə bağlı xərcləri özü çəkməli olduğu halda bu xərclərdən azad olmuş, onun hesabına varlanmış və hesab edir ki, cavabdeh 85000 manat pul qənaət etmişdir. X23 şəhid olduğu üçün birdəfəlik ödənilən 11000 manatdan 5500 manatı ona, 5500 manatı şəhidin həyat yoldaşına verilmişdir. O, hər ay 600 manat şəhid pulu alır. Əvvəllər bu məbləğin yarısı, yəni 300 manatı Samirin arvadına çatmışdır. Daha sonra yeni ailə qurduğu üçün 600 manat tam olaraq ona verilmişdir. Cavabdehdən tələb etdiyi məbləğin bir hissəsini Samirin arvadına toyda aldığı qızıl-zinət əşyalarına və digər hədiyyələrə görə hesablamışdır. Samiri öz uşağı bildiyi üçün o, bu hədiyyələri onun arvadına vermişdir. Əks halda o, bunu etməzdi. Samiri qanuni olaraq övladlığa götürməmişdir. Çünki o, bunun qanuni tərəfini bilməmişdir. Samirin adına sonradan alınmış doğum haqqında şəhadətnamənin ləğv edilməsinə dair Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş qərar Gəncə Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. O, bu qərardan Ali Məhkəməyə şikayət vermişdir. Ali Məhkəmədə baxılacaq işin nəticəsindən asılı olmayaraq o, hazırkı məbləği cavabdehdən tələb edir. Yəni hazırkı işin icraatının dayandırılmasını istəmir. Yekunda İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, Əbilfəz öz etirazında Samirin onunla qaldığını qeyd etmişdir. Amma Samirin bütün əşyaları onlardadır. O, Samirin bütün qayğısını çəkmiş, ona qulluq etmişdir. Samir də ona ana demişdir. Samiri 2012-ci ildən, yəni Samirin 15 yaşı olandan tanımışdır. Əgər o, Samirə pis baxsaydı uşaq ona ana deməzdi. Samir rəhmətə gedəndə 26 yaşı vardı və Samir evli idi. Əgər o, pis baxırdısa Samir niyə onlarla yaşayırdı? Hər evdə söz-söhbət olur, amma onlar Samiri öz övladları kimi sevmişlər. Samirin andiçmə mərasimində də cavabdeh və ailəsi yox, onlar iştirak etmişlər. Əbilfəzin 4 uşağı var, onlardan ikisini övladlığa vermişdir. Əbilfəz kiməsə uşaq böyütdürməklə xərclərdən azad olmaq istəmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddia tələbini qəbul etmir. Aqil bütün bu hərəkətləri pula görə edir. Şəhidə ödənilən birdəfəlik müavinətin yarısı Aqilə, yarısı da Samirin keçmiş arvadına verilmişdir. Hazırda da 600 manat şəhid pulunu Aqil alır. Amma o, buna etiraz etmir, çünki pul ona maraqlı deyil. Aqil ərizəsində göstərdiyi pulları Samirə xərcləməmişdir. Belə ki, Samirin sünnət toyunu rəhmətə getmiş atası etmişdir. Atası Samirin sünnət toyu üçün iki qoyun vermişdir. Hətta o, yeznəsi Kərəmlə birlikdə qoyunları özü kəsib soymuşdur. Aqil isə toydan yığılmış pulla özünə “VAZ 2106” markalı maşın almışdır. Böyük toyunu isə Samir özü etmiş, qızıllarını özü almışdır. Samir Məmmədov hərbidə işləməmişdən əvvəl təndirxanada işləmişdir. O zamanlar belə Samir onlarda qalmış, yol pulunu, siqaret pulunu ondan almışdır. 2009-cu ilə kimi Samir iddiaçı ilə qalmış, 2009-cu ildən, yəni Aqil Goranboy rayonuna köçdükdən sonra isə Samir onlarla qalmışdır. Samir 3 il hərbçi olaraq işləmişdir. Samirin maaş kartı isə hər zaman iddiaçıda olmuşdur. Maaş köçərkən iddiaçıya mesaj gəlmişdir. Hətta iddiaçı Samirə yol pulu belə verməmişdir. İddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Verilmiş suallara cavab olaraq Cavabdeh bildirdi ki, səhv etmirsə atası 2005-ci ildə vəfat etmişdir. Samir üçün təşkil olunmuş bütün məclislərin pullarını Aqil yığmışdır. Həmin məclislərin əksəriyyəti ailə üzvlərindən ibarət olmuşdur. Belə ki, Samirin son zəngi üçün təşkil edilən yığıncaqda bacı-qardaşdan ibarət cəmi 10-15 nəfər iştirak etmişdir. Bu yığıncaq üçün iddiaçı heç 1000 manat xərc çəkməmişdir. İddiaçı Samirin əsgərlik qonaqlığı üçün 3000 manat pul xərcləməmişdir. Çünki 3000 manata toy məclisi təşkil etmək olardı. Toyun isə bütün xərclərini Samir özü çəkmişdir. O, Samirə toy hədiyyəsi olaraq heç nə almamış, lakin toya 100 manat pul yazılmışdır. O, Samiri Aqilə övladlığa verməmişdir. Əgər onun belə fikri olsaydı o, bunu rəsmi qaydada edərdi. Atasının məsləhəti ilə, yəni qardaşının ailəsi dağılmasın deyə oğlu Samirin Aqilgildə qalmasına etiraz etməmişdir. Samirin barəsində qanunsuz olaraq 2-ci doğum haqqında şəhadətnamənin alınmasından məlumatı olmamışdır. Bundan xəbər tutan kimi onun ləğvi ilə bağlı iddia qaldırmış və iddiası təmin olunmuşdur. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə1 izahatında göstərdi ki, Samir Məmmədov onun doğma oğludur. Uşaqları olmadığı üçün Samirin Aqil və Reyhanla qalmasına razılıq vermişdir. Lakin bununla bağlı sənədləşdirmə aparılmamışdır. Çünki onlar buna razı olmazdı. Aqilin ikinci ailəsindən 2 qızı olmuşdur. Samir çox vaxt onlarla yaşamışdır, çünki onlar Samirin bioloji valideynləridir. İddiaçı uşağa heç bir əlavə xərc çəkməmişdir. Aqil Samirə etdiklərini isə bir əmi kimi eləmişdir. Əslində o, rəhmətə getmiş Reyhanın xətrinə Samirin Aqilgildə qalmasına razılıq vermişdir. İddiaçının pul tələbini əsassız hesab edir və iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid X25 ifadəsində göstərdi ki, hər iki tərəf onun qardaşıdır. Cavabdehin razılığı ilə iddiaçı uşağı övladlığa götürmüşdür. Ancaq sənəd düzgün olmamışdır. Uşağı iddiaçı böyütmüş, əsgərliyə yola salmış, toy etmişdir. Verilmiş suallara cavab olaraq şahid X25 bildirdi ki, Samiri böyütmək üçün iddiaçının nə qədər xərc çəkdiyini bilmir. Samir üçün təşkil edilən məclislərin xərcini Aqil çəkmiş, yığılan pulları da Aqil götürmüşdür. Məclislərdən nə qədər pul yığılmasından məlumatsızdır. Samirin iki doğum haqqında şəhadətnaməsinin olmasından onların məlumatı olmuşdur. Cavabdeh hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmişdir. xx.xx.2025-ci il tarixdə cavabdeh məhkəməyə teleqram ünvanlayaraq iddia tələbini əsassız hesab etdiyini, iddia tələbinə dair etirazını məhkəməyə təqdim etdiyini, həmin etirazı müdafiə etdiyini, məhkəmə iclasına gəlmək istəmədiyini bildirmiş və onun iştirakı olmadan işə baxılıb iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdhin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli törətdikdən sonra ölməsi müəyyən edildiyindən toplanmış material üzrə cinayət işinin başlanması, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179 və 320-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri olmadığından İddiaçı və Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir; Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İİ seriyalı, 387804 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X23 xx.xx.2023-cü il tarixdə hərbi əməliyyatlar nəticəsində digər növ partlayıcı qəlpələrdən törəyən zədə nəticəsində vəfat etmişdir; Naftalan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli, XİX-ЖГ seriyalı, 396783 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X23 xx.xx.2000-ci il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası X8r; Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2438/2024 nömrəli qərarından görünür ki, xx.xx.2000-ci il təvəllüdlü X23 barədə Naftalan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2000-ci il tarixdə tərtib edilmiş 14 nömrəli doğum akt qeydinin ləğv edilməsi öhdəliyi cavabdeh Naftalan şəhər Qeydiyyat şöbəsinin üzərinə qoyulmuşdur; Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(104)-608/2024 nömrəli qərarından görünür ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 2438/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır; xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 30 Azərbaycan Respublikasının vətəndaşı həmin aktı tərtib edərək imzalamış və təsdiq etmişlər ki, həqiqətən şəhid X23 1999-cu il tarixdən xx.xx.2023-cü il tarixədək atası İddiaçı yanında yaşamışdır. Onun kiçik toyunu 2002-ci il tarixdə, hərbiyə getdiyi üçün tədbiri 2018-ci il tarixdə və böyük toyunu 2021-ci il tarixdə ata kimi İddiaçı etmişdir. Şəhid olduqdan sonra onun yas mərasimini və qəbir daşını İddiaçı etmişdir; Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA seriyalı, 299923 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı Xocalı rayonundan məcburi köçkündür. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh xx.xx.1997-ci il təvəllüdlü Samir Məmmədovun bioloji atasıdır. 1999-cu ildən Samir Məmmədov iddiaçının yanında qalmışdır. Yəni bunla bağlı hər hansı sənədləşdirmə aparılmamış, qanunla müəyyən olunmuş qaydada övladlığa götürülmə həyata keçirilməmişdir. 2000-ci il tarixdə Samir Məmmədovun adına verilmiş yeni doğum haqqında şəhadətnamədə iddiaçı Samir Məmmədovun atası kimi göstərilsə də, həmin şəhadətnamənin verilməsinə səbəb olmuş akt qeydinin ləğv edilməsi vəzifəsi məhkəmə qərarı ilə müvafiq qeydiyyat orqanının üzərinə qoyulmuşdur. İddiaçı Samir Məmmədovun saxlanılmasına çəkdiyi ümumi 85000 manat xərci cavabdehdən tələb edir. İddiaçı bu məbləği vəfat etmiş Samir Məmmədova hədiyyə etdiyini bildirir. Həmçinin iddiaçı hesab edir ki, cavabdeh uşağın böyüməsinə pul xərcləməməklə bu vəsaiti qənaət etmişdir. Cavabdeh iddianı qəbul etmir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə aşağıdakı maddi hüquq normaları əsasında həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 668.1 və 668.1.3-cü maddələrinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlama etibarlıdır. Məhkəmə qeyd edir ki, bağışlama institutu mənəvi və əxlaqi dəyərlər zəminində formalaşan münasibətlər əsasında hər hansı bir şəxsin öz maddi əmlak nemətlərini könüllü olaraq başqa şəxsə verməsində ifadə olunur. Qeyd edilməlidir ki, bağışlama müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün mülki qanunvericilikdə nəzərdə tutulan şərtlərə əməl edilməlidir. Bağışlama müqaviləsinin etibarlılıq şərtlərindən biri kimi hədiyyə verənin iradə ifadəsinin və hüquqi niyyətinin vahidliyi və həqiqiliyi çıxış edir. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb müqavilə azadlığı prinsipindən irəli gəlir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir, hədiyyə alanın əmlakı artır, hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir, hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur, hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 19 dekabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminatəldə edilməsi ilə bağlı olmamalıdır. Qeyd olunmalıdır ki, hər bir mülki-hüquq müqaviləsinin özünə məxsus şərtləri (müqavilənin standart şərtləri və s. şərtlər) vardır və müqavilələr bu şərtlərə riayət olunmaqla bağlanılmalıdır. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi bir qayda olaraq hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməsinə baxmayaraq qanunverici bağışlama müqaviləsinin öhdəliklə şərtləndirilməsini, yəni bağışlamanı müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsini istisna etməmişdir. Mülki Məcəllənin 670.1-ci maddəsinə görə bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Yəni bu növ müqavilələr müəyyən öhdəliklə şərtləndirildiyi halda belə, hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığının mövcud olması müqavilənin bağlanmış hesab olunması üçün vacibdir. Bağışlama müqaviləsi üzrə öhdəlik hədiyyə verəndə yaranır və hədiyyə predmetinin hədiyyə alana verilməsində ifadə olunur. Məhkəmə qeyd edir ki, iddiaçı mənəvi və əxlaqi dəyərlər zəminində formalaşan münasibətlər əsasında öz maddi əmlak nemətlərini könüllü olaraq qardaşı oğlu Samir Məmmədova vermişdir. İddiaçı bunu Samir Məmmədovu öz oğlu bildiyi üçün etdiyini, gələcəkdə Samir Məmmədovun ona arxa-dayaq olacağını düşündüyünü qeyd etmişdir. Bununla bağlı məhkəmə bildirir ki, bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməyən əvəzsiz müqavilə kimi müəyyən edilmişdir. Bağışlama müqaviləsinin əvəzsiz olması onda ifadə olunur ki, hədiyyə alan hədiyyənin müqabilində hədiyyə verənin bəhrələnməsinə və ya hər hansı maddi təminat əldə etməsinə yönələn öhdəliklər daşımır və belə öhdəliyin nəzərdə tutulması istisna edilir. Həmçinin iddiaçı izahatında və məhkəməyə təqdim etdiyi ərizələrində öz əmlakının bir hissəsini Samir Məmmədova deyil, onun arvadına hədiyyə etdiyini qeyd etmişdir (qızıl-zinət və digər əşyaları). Məhkəmə iddiaçının izahatında göstərdiyi digər xüsusata, yəni cavabdehin Samir Məmmədovu saxlamamaqla müəyyən xərclərdən azad olmasına, cavabdehin bununla varlanmasına dair qeyd edir ki, iddiaçı tələb etdiyi əmlakları (bir hissəsini Samir Məmmədovun arvadına verməsi nəzərə alınmaqla) cavabdehə deyil, cavabdehin oğlu Samir Məmmədova hədiyyə olaraq vermişdir və bunun nəticəsində cavabdehin əsassız varlanması məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmur. Məhkəmə məsələyə baxarkən hədiyyə alanın (Samir Məmmədovun) vəfat etməsini, həmçinin “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 26 aprel 2024-cü il tarixli Qərarındakı mövqeyi də nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 673.1-ci maddəsinə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər; 673.3-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Mülki Məcəllənin 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyə alan bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 26 aprel 2024-cü il tarixli Qərarında qeyd etmişdir ki, ailə hüquq münasibətləri dedikdə, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində müəyyən edilən hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətləri başa düşülür. Göstərilənlər baxımından nəzərə alınmalıdır ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 673.3-cü maddəsinin dispozisiyasında qanunvericinin müəyyən etdiyi bir illik müddətin ötürülməsi ilə bağışlamaqdan imtina hüququnun xitamına səbəb olan müddət kəsici müddət kimi qiymətləndirilməlidir. Həmçinin bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, hədiyyə verən məhz imtinaya əsas verən hallar ona məlum olduğu gündən yalnız bir il ərzində imtina haqqında bildirişi hədiyyə alana göndərə bilər. Bu müddətin bitməsi isə hədiyyə verənin hədiyyə predmetini geri tələb edə bilməməsi ilə nəticələnir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(070)-61/2025
Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-61/2025
18.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver